Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1438/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10006/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək sosial vəziyyəti, sağlamlığı, yaşı, İİ qrup müddətsiz Çernobıl əlili kimi imtiyazlı şəxs olmağı nəzərə alınaraq yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılımışdır: “...xx xxxxxx 1959-cu ildə Bərdə rayonunda anadan olmuşdur. 1986-cı ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən, X2 stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün hərbi toplanışa çağırılmış və faciə zonasına ezam olunmuşdur. Qəzanın nəticələrinin aradan qaldırılması zamanı aldığı şüalanma normadan artıq olduğuna görə 1991-ci ildən müddətsiz olaraq, AR ƏƏSMN-nin 18 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya 2-ci qrup əlillik təyin edilmişdir. Şüalanmanın sağlamlığına vurduğu ziyanın nəticəsi olaraq, 2015-ci il tarixində Akademik Topçubaşov adına X1 ürəyindən açıq əməliyyat olmuşdur. Diaqnoz: Toksiki ensefalopatiya, tez-tez veqetativ damar krizləri, Astenonevrotik sindirom, Toksiki zob İV dərəcə”Ürəyin işemik xəstəliyi, Gərginlik steno-kardiyası İİİ-İV, Aortokoronar şuntlama əməliyyatından sonrakı vəziyyət (xx.xx.2015) Qan dövranı çatışmazlığı İİ FS” Bu müddət ərzində imtiyazlı şəxs kimi evlə təmin olunması barədə dəfələrlə Bərdə rayon İcra Hakimiyyətinə müraciət etsə müraciətinə müsbət cavab verilməmişdir. Eyni zamanda, "xxxx" KB ASC ilə aralarında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin şərtlərini yerinə yetirə bilmədiyinə görə, Bərdə şəhər Məhkəməsinin 2(021)- 664/2012 saylı, 10 may 2012-ci il tarixli qətnaməsi ilə, ünvan 1 ünvanında yerləşən mülkiyyəti açıq hərrac yolu ilə satılaraq, kredit borcunun ödənilməsinə yönəldilmişdir. Əmlakı əlindən alınandan sonra 10 il 6 ay həmin ünvanda qeydiyyatda olmuş və sonda həmin ünvandan qeydiyyatdan çıxarıldıqdan sonra 29 noyabr 2022-ci il tarixində Bakı şəhər, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 16, mənzil 20-yə qeydiyyata düşmüş və 16 yanvar 2023-cü il tarixdə Cavabdehnə müraciət edərək 2 dərəcəli Çernobıl əlili kimi yaşayış yeri üzrə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir…” Cavabdeh iddia ərizəsi ilə bağlı məhkəməyə ünvanlanmış yazılı münasbətində bildirmişdir ki, İddiaçı son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından Çernobıl əlili kimi güzəştli mənzil uçotuna götürülməmiş və uçota götürülmədiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamış, ona görə də Çernobıl əlili kimi güzəştli mənzil uçotuna götürülməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10006/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə işi tam araşdırmamış, iddiaçının təqdim etdiyi sübutlara qiymət verməmişdir. Məhkəmə ona münasibətdə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsini tətbiq etməkdə ciddi qanun pozuntusuna yol vermişdir. Həmin maddə vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsini nəzərdə tutur. O, mənzil şəraitini qəsdən pisləşdirməmişdir. İş materialına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, 1991-ci ildən müddətsiz olaraq, AR ƏƏSMN-nin 18 saylı Zona Tibbi Sosial Eksper Komisiyasınm qərarı ilə 2-ci qrup Çernobıl əlildir. Bərdə şəhər məhkəməsinin 2(021)664/2012 saylı 10 may 2012-ci il tarixli Qətnaməsi ilə, ünvan 1 ünvanında yerləşən mülkıyyəti açıq hərrac yolu ilə satılaraq, kredit borcunun ödənilməsinə yönəldilmiş, açıq hərrac yolu ilə satıldıqdan sonra pasport qeydiyyatından çıxaraq övladlarının fəhlə işlədiyi Bakı şəhərinə gəlib. Bərdə Rayon İcra Hakimiyyətinə evlə bağlı müraciət etməməsi ilə əlaqədar məhkəmənin mövqei məhkəmənin subyektiv fikridir. Baxmayaraq ki, iddia ərizəsində Bərdə rayon İcra Hakimiyyəti tərəfindən ərizələrinə cavab verilmədiyini qeyd etmişdir. Bu barədə dəfələrlə dövlət və hakimiyyət qurumlarının rəhbərlərinə müraciət etmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasının Prezidentinə etdiyi müraciəti Bərdə rayon icra Hakimiyyəti tərəfindən 27 sentyabr 2022-ci il tarixində cavablandırılsa da, artıq gec idi o Bakı şəhərində pasport qeydiyyatına durmaq üçün müraciət etmişdi. Onun artıq 64 yaşı var. Bəlkə də imtiyazından istifadə edə bilməyən yeganə Çernobıl əlilindən biridir. Artıq Çernobıl əlillərindən sayla sayılacaq qədər sağ qalanı var. Onun imtiyazlı şəxs kimi bu günə qədər mənzil almamasının əsas səbəbi, savadsız olması olub. Hara müraciət edəcəyini bilməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının dediklərindən aydın olmuşdur ki, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvəddə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə İİ qrup müddətsiz Çernobıl əlili kimi imtiyazlı şəxs olmağı nəzərə alınaraq yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının yaşadığı Bərdə rayonundan Bakı şəhərinə köçməsinin səbəbi, məqsədi və ya hansı zərurətdən irəli gəlməsinə dair hər hansı bir dəlil göstərilməmişdir. İddiaçı tərəfindən daimi yaşadığı ünvanı tərk edərək hal-hazırda özgəsinin (200 nəfər şəxs qeydiyyatda olduğu) evinə qeydiyyata düşməsi, lakin orada faktiki yaşamaması mənzil şəraitini süni şəkildə pisləşdirilməsi kimi qiymətləndirməlidir. İddiaçı ona əxsus olmuş ünvan 3 ünvanında yerləşən evi kredit borcun ödənilməsinə yönəldilməsindən sonra, 10 ildən artıq müddətdə Bərdə rayonunda yaşasa da yaşayış sahəsinə ehtiyacı olan Çernobıl əlili kimi mənzil uçota alınması üçün Bərdə rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. İşin hallarından göründüyü kimi, xx.xx.2022-ci ilə qədər Bərdə rayonunda qeydiyyatda olan iddiaçı sonradan Bakı şəhərinə gələrək - ünvan 4 ünvanına qeydiyyata düşməklə yaşamağa başlamış, xx.xx.2023-cü ildə isə cavabdehə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan qismində İİ qrup Çernobıl əlili kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Mənzil Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İddiaçı həm iddia ərizəsində, həm də apellyasia şikayətində, onun 2023-cü ilə qədər Bardə şəhərində yaşadığı zaman, imtiyazlı şəxs kimi evlə təmin olunması üçün dəfələrlə Bərdə rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirsə də, bununla bağlı hər hansı sənəd-sübut məhkəməyə təqdim etməmiş, əksinə, hazırkı mərhələdə dediklərindən belə başa düşülmüşdür ki, Bərdə şəhərində fərdi yaşayış evində yaşadıqları üçün buna ehtiyacı da olmamışdır. Onun apellyasiya şikayətinə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyətinə ünvanlanmış mənzillə bağlı müraciətinə gəldikdə, həmin müraciətinə sonuncu tərəfindən verilmiş 3/690 saylı 27 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı biləvasitə Bakıya gəlməmişdən əvvəl, 2022-ci ilin sonuna yaxın mənzil növbəsinə götürülməsi üçün Bərdə rayon İcra Hakimiyyətinə müraciət etmiş, hətta sonuncu tərəfindən cavab məktubunda isə ona müvafiq sənədləri hazırlayıb icra hakmiyyətinə təqdim etməsini bildirlsə də, həmin sənədləri hazırlayıb təqdim etmək əvəzinə, Bakı şəhərinə gəlmiş və xx.xx.2022-ci il tarixdə qeydiyyata düşərək mənzil növbəsinə götürülməsi üçün xx.xx.2023-cü il tarixdə Yasmal Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Ən azından, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, Bərdə Rayon Məhkəməsinin 10 may 2012-ci il tarixli qətnaməsi əsasında kredit borcuna görə tutma, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə yönəldilərək açıq hərracda satıldıqdan sonra xx.xx.2022-ci ilə qədər 10 il müddət ərzində Bərdə şəhərində qalıb yaşaması, həmin müddət ərzində isə mənzil növbəsinə durmaq üçün Bərdə Rayon İcra Hakimiyyətinə müraciət etməməsi, 2022-ci ilin sonunda isə Bakı şəhərinə gələrək xx.xx.2022-ci il tarixdə, 200 nəfərin (i.v.8-9) qeydiyyatda olduğu Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 16, mənzil 20 ünvanına qeydiyyata düşsə də faktiki olaraq həmin ünvanda yaşamaması və bütün bunların müqabilində xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək onun mənzil növbəsinə götürülməsini xahiş etməsi - onun Mənzil Məcəlləsinin qeyd olunan 52-ci maddəsində nəzərdə tutulan hərəkətlərə yol verdiyini ehtiva edir. Beləliklə də, İPM-in 14.3-cü maddəsinin tələbi qaydasında iddiaçı tərəfindən onun Bakı şəhəri Yasmal RİH tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə inzibati aktı qəbul olunmasını zəruri edən faktiki şərtlər yerinə yetirilmir. Odur ki, qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən onun mənzil növbəsinə götürülməsindən imtina olunaraq ona xx.xx.2022-ci il tarixdən etibarən beş ildən tez olmayaraq, yaşayış sahəsinə ehtiyacı olan şəxs qisməndə uçota götürülməsinin mümkün olduğunu izah edilməsi əsaslıdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə onun hüquqlarının pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir və bu baxımdan da iddiaçının apellyasiya şikayətinin, məhkəmə tərəfindən işin araşdırılmadan əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10006/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10006/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1438/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1438/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver