Məhkəmə qərarları › İş №2-1(103)-1439/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1439/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1439/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-yə qarşı “cavabdehlərin hərəkətlərinin (hərəkətsizliklərinin) qanun pozuntusu kimi tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-yə qarşı “cavabdehlərin hərəkətlərinin (hərəkətsizliklərinin) qanun pozuntusu kimi tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1875/2021 saylı 22 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ”xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlərin hərəkətlərinin (hərəkətsizliklərinin) qanun pozuntusu kimi tanınması”nı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin mədaxil qəbzindən və poçt xəbərnaməsindən göründüyü kimi, 17.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sifarişli xəbərnaməli məktub göndərmişdir. Poçt xəbərnaməsinin arxa tərəfindən alanın soyadı göstərilməli olduğu halda “şəxsən poçt qutusu verildi” yazılmışdır. Dövlət orqanları vətəndaşların müraciətlərini müvafiq qaydada qəbul etmirlər. Bununla bağlı cavabdehlərin hərəkətlərinin (hərəkətsizliklərinin) qanun pozuntusu kimi tanınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1875/2021 saylı 22 fevral 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1875/2021 saylı 22 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 25.09.2020-ci il tarixli müşaiyət məktubu ilə 2-1(112)-1875/2020 saylı 25.09.2020-ci il tarixli Sərəncamı ona göndərmişdir. Məhkəmə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq vəzifə borcunu yerinə yetirməmiş, sərəncamı məlumat üçün ona göndərməklə iddiada aydın olmayan hec nəyin olmadığını, dəqiqləşmə üçün zərurət olmadığını artıq bildirmişdir. Həmçinin həmin sərəncamın birinci bəndində cavabdehin adı səhv göstərilmişdir. Cavabdehlərin onun iddia ərizəsinə münasibətləri ona təqdim edilməmişdir. Məhkəmə qərardadında iddia tələbinin dəqiqləşdirilməməsi səbəbindən iddianın mümkün sayılmaması qənaətinə gəldiyini qeyd etmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-yə qarşı tələbi “onun 17.09.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı müraciətinə cavabın verilməməsi və bununla bağlı cavabdehlərin hərəkətlərinin (hərəkətsizliklərinin) qanun pozuntusu kimi tanınması” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazırki iş üzrə iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iş üzrə iddiaçının hüquqi marağı cavabdehlərin hərəkətlərinin (hərəkətsizliklərinin) qanun pozuntusu kimi tanınmasından ibarət olmuşdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağını müəyyən etmədən verilmiş tələbi ilə bağlı iddianı qeyri-mümkün saymış və nəticədə zəruri araşdırmanı sonadək aparmamışdır. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında iddiaçının iştirakını və onun dinlənilmə hüququnu təmin etmədən, ona hüquqi marağının nədən ibarət olması aydınlaşdırıldıqdan sonra iddia tələbinin dəqiqləşdirilməsinə zərurətin olub-olmadığını müəyyən etmədən, belə dəqiqləşməyə ehtiyac olduğu təqdirdə iddiaçının bu hüququnu təmin etmədən, iki cavabdehə qarşı yönəlmiş tələbin hansının daha uğurlu olacağı ehtimalını yoxlamadan hər iki cavabdehə qarşı iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər (16.1, 16.2, 16.3). Göründüyü kimi, qanunvericilikdə şifahi məhkəmə baxışının tərəflərin dinlənilmək hüququnun təmin edilməsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə birinci instansiya məhkəməsi şifahi məhkəmə baxışını iddiaçının iştirakının və dinlənilmə hüququnun təmin edilməməsi ilə həyata keçirmişdir. Dinlənilmə hüququnun təmin edilməsi tələbi mühüm əhəmiyyət daşıyır. Məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz mövqelərini ifadə etmək üçün imkan yaradılmalıdır. Bunun üçün məhkəmə proses iştirakçılarını icraatın mərhələsi, işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə elə şəkildə məlumatlandırmalıdır ki, onlar bununla bağlı məzmun baxımdan münasibət bildirə bilsinlər. Bəhs olunanlara əsasən məhkəmə kollegiyasının mövqeyinə görə hazırkı vəziyyətdə məhkəmə tərəfindən şifahi məhkəmə baxışının təmin edilməməsi nəticəsinə iddiaçının dinlənilmə hüququ pozulmuş, nəticədə o, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlığının məhkəmədə müdafiəsinə təminat verilməsi hüququndan istifadə edə bilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli qərarının 16.5-ci bəndinə əsasən ...dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. Həmin qərarın 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Belə olan halda birinci instansiya məhkəməsi şifahi məhkəmə baxışının keçirilməsinin mümkünlüyünü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən mövqeyinə uyğun olaraq, İPM-nin 16.2-ci maddəsinin tələbləri baxımından da yoxlamalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Buna görə də məhkəmə kollegiyası hazırki iddia ilə bağlı iddiaçının şifahi məhkəmə baxışında iştirakı, onun dinlənilmə hüququ təmin edilmədən, hüquqi marağının nədən ibarət olması müəyyən edildikdən sonra ona müvafiq hüquqi yardım göstərilmədən, iddia tələbinin hansı cavabdehə qarşı uğurlu olma ehtimalını müəyyən etmədən hər iki cavabdehə qarşı iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 22.02.2021-ci il tarixli qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1875/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar