Məhkəmə qərarları › İş №2-1(103)-1439/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1439/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1439/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1, üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X3, X5 və X8) “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8866/2021 saylı 28.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 və onunla birlikdə qeydiyyatda olan uşaqları 23.03.2007-ci il təvəllüdlü X5 və 23.11.2008-ci il təvəllüdlü X4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi, 7-ci mkr., ev 3C, mənzil 18 (yeni qaydalarla: AZ1115, Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi, 263, M4, m6) ünvanından qeydiyyatdan çıxarılmaları haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi, 7-ci mkr., ev 3C, mənzil 18 daşınmaz əmlakın dövlət reyestrindən 12 yanvar 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının gəlini X3 mülkiyyətində olan həmin mənzilə qeydiyyata alınmışdır. Onun gəlini X3 ilə birlikdə nəvələri - 23.03.2007-ci il təvəllüdlü X5 və 23.11.2008-ci il təvəllüdlü X8 da həmin ünvanda qeydiyyatdadırlar. Gəlinin xüsusi mülkiyyətində öz mənzili vardır, əri və uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Onlar iddiaçının mülkiyyətində olan mənzildə heç vaxt yaşamayıb. X12 könüllü olaraq iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxmadığına görə iddiaçı mülkiyyətində olan mənzilə dair hüquqlarını maneəsiz həyata keçirə bilmir. İddiaçı onların mənzildən qeydiyyatdan çıxarılması üçün 2021-ci ilin mart ayında ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış 059-236692 saylı, 08 iyul 2021-ci il tarixli cavab məktubunda imtina cavabı veriərək, qanunsuz olaraq məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8866/2021 saylı 28.12.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şakayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmənin qərardadı qeyri-qanuni və əsassızdır. Qərardadda göstərilənlər birbaşa mülkiyyətçinin konstitusion hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, üçüncü şəxs X1 ərizəsində guya iddiaçının həmin mənzilin mülkiyyətçisi deyil ifadəsi, məhkəmə tərəfindən əsas kimi götürülərək üçüncü şəxsin mənzilə əmlak hüququnun mövcud olub-olmadığının müzakirə olunması qənaətinə gəlmişdir. Lakin, həmin mənzilin mübahisələndirilməsini təsdiq edən hər hansı sənədi tələb etməmiş və həmin məsələni aydınlaşdırmadan qərardad qəbul etmişdir. Məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. İddia tələbində ailə münasibətlərinin mövcud olub-olmaması, onların həmin mənzilə əmlak hüuqlarının olub-olmaması məsələsinə baxılması tələb olunmamış, iddiaçı mülkiyyətçi kimi özünə məxsus olan mənzildən üçüncü şəxsin və uşaqlarının qeydiyyatdan çıxarılma məsələsini qoymuş və həmin məsələ də inzibati icraat qaydasında həll edilən məsələ olmuşdur. İddiaçı inzibati orqanın inzibati icraat çərçivəsində öz imtinası ilə onun qanunla qorunan hüquq və maraqlarının pozulduğunu əsaslandırmışdır. Məhkəmə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19.08.2021-ci il tarixli məktubunda göstərilənləri nəzərə almamışdır. Belə ki, həmin məktubda göstərilir ki, X1, X2 və X4 Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi 7-ci mkr. ev 3C mənzil 18 ünvanına dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırıram ki, üçüncü şəxs X3 ilə X6 arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(001)-735/2022 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar anasının himayəsində qalmışdır. Hal-hazırda“ Qrand Həyat ” yaşayış kompleksində özlərinə məxsus mənzildə yaşayırlar. Üçüncü şəxs, uşaqları və keçmiş əri heç vaxt iddiaçıya məxsus olan evdə yaşamayıblar. Qeydiyyatda olmaqları isə mülkiyyətçinin öz mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ” 24 sentyabr 2020ci il tarixli Qərarına istinad etsə də həmin qərardan irəli gələn tələbləri düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə ailə münasibətləri xeyli əvvəl pozulmuş üçüncü şəxslə bağlı münasibətlərin rəsmi şəkildə pozulacağı barədə məlumatı olduğu halda məhkəmə iclasını təxirə salmamışdır. Konstitusiya Məhkəməsi həmin qərarında belə nəticəyə gəlmişdir ki,“ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə iddia ərizəsində göstərilən dəlilləri nəzərə almamış və iddia ərizəsini mümkünsüz hesab etməklə səhv nəticəyə gəlmiş, qərardad qəbul edilərkən istinad olunan qanun normaları düzgün tətbiq edilməmiş və həmin qanun normalarının tələbləri pozulmuşdur...” Üçüncü şəxs Fidan Əsgərova məhkəməyə təqdim etdiyi, iddia ərizəsinə etirazında mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə qeydiyyata alındığını və əslində, iddiaçının mübahisəli mənzilin əsl mülkiyyətçisi olmadığını onun valideynlərinin pulu ilə alındığını və həmin mənzilə dair məhkəmədə iddia qaldırılacağını, ona və uşaqlarına mübahisəli mənzildə ən azı yaşamaq və qeydiyyatda olmaq hüququ verilmişdirsə, onların həmin mənzildən çıxarılmasının polis idarəsinə həvalə edilməsinin tamamilə əsassız olduğunu bildirərək, iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Vəkil1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin ediliməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Fidan Əsgərovanın nümayəndəsi vəkil Vəkil2 iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış iddia ərizəsinə yazılı etirazında qeyd olunanlara uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə, məhkəmə iclasına gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh 05.05.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında iddianın inzibati məhkəmə icraatını mümkünsüz hesab edərəkən hesab etmişdir ki, “hazırkı tələb inzibati orqan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onları mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Ən azından ona görə ki, məhkəmənin özünün də qeyd etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ” 24 sentyabr 2020-ci il tarixli Qərarında Plenum belə qərara gəlmişdir ki, “...yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər (3-cü bəndi). Lakin işə baxan birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan şərhi baxımından, üçüncü şəxslərin, 12.01.2021-ci il tarixində xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi, 7-ci mkr., ev 3C, mənzil 18 ünanında yerləşən yaşayış sahəsinə əmlak hüquqlarının olub-olmamasını hərtərəfli yoxlayıb onlara hüququ qiymət verməmiş, hətta bununla bağlı məhkəmənin özü tərəfindən Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuya sonuncu tərəfindən verilmiş 19.08.2021-ci il tarixli cavab məktubuna münasibət bildirilməmişdir. Həmin İdarənin isə 29-cu vərəqində olan sözügedən cavab məktubunda məhkəməyə bildirilmişdir ki, üçüncü şəxslərin mübahisəli ünvana dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumataşkar edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, işin hazırkı mərhələsində, həmçinin, müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsnin 2(001)-735/2-22 saylı 12.01.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının gəlini İddiaçı ilə oğlu X7 arasında bağlanmış nikah qeydi də ləğv edilmiş və birgə nikahdan olan uşaqların (üçüncü şəxslər X5 və X4) ananın yanında saxlanılması qət olunmuş və Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin qətnamə icra olunaraq 01 mart 2022-ci il tarixində “Nikahın pozulması haqqında” şəhadətnamə də verilmişdir. Bütün yuxarıda qeyd olunanlar hazırkı iddia ərizəsinin inzibati məhkəmə icraatının mümkünlüyünü zəruri edən eleməntləri olmaqla, işə mahiyyəti üzrə baxılması zamanı məhkəmə tədqiqatının araşdırılıb hüquqi qiymət verilməli olan obyektlərini təşkil edir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının öhdəliyin icrası haqqında, formal baxımdan əsaslandırılmış iddia ərizəsinin inzibati məhkəmə icraatının mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün faktiki şərtlər (prosessual əsaslar) mövcuddur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirmir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşaraq yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8866/2021 saylı 28.12.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və İPM-in 12, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8866/2021 saylı 28.12.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar