Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-144/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Şağan qəsəbəsi, bağ № 2881 “V” ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki yaşadığı ünvan-ünvan 2i Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin və istifadəsində olan torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2-1(82)-1499/2019 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 06.03.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 5-da yerləşən, alqı-satqı müqaviləsi ilə ona məxsus fərdi yaşayış evinin və istifadəsində olan torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması, bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 9-cu Dairəvi küçəsi, ev 36-da yerləşən, X2 məxsus olmuş, ümumi sahəsi 240,3 kv.m, yaşayış sahəsi 25.40 kv.m, köməkçi sahəsi olan, 100.0 kv.m torpaq üzərində yerləşən 2 otaqdan ibarət yaşayış evini, 06.11.2004-cü il tarixində, Bakı şəhəri, 6-cı Dövlət Notariat Kontorunun dövlət notariusu Ə.L.İmanovun təsdiq etdiyi AN-1 № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Hal-hazırda istifadəsində olan torpaq sahəsi 340.0 kv.metrdir. Həmçinin bildirir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 26.05.2000-ci il tarixli, 141 saylı sərəncamı ilə iddiaçı əvvəlki mülkiyyətçi X2 yaşayış evi, mətbəx və sanitariya qovşağı tikilməsi məqsədi ilə (20x5) ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısı fərdi yaşayış evinin tikintisi başa çatması ilə əlaqədar istismara qəbul edilərək hüquqi qeydiyyatdan keçirilməsi barədə 19.07.2004-cü il tarixli, M-451 saylı sərəncam vermişdir. Həmçinin Azərbaycan Respublikası Xətai Rayon Xətai Bələdiyyəsi ilə iddiaçıdan əvvəlki mülkiyyətçi X5 torpaq sahəsinin icarəyə verilməsi haqqında 13.08.2004-cü il tarixli, 08/120 saylı müqavilə bağlanmışdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli, 67 №-li Qərarına əsasən Xətai Rayon Bələdiyyəsinin 16 iyun 2000-ci il tarixli, 06 saylı qərarı əsasında ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 340 (üç yüz qırx) kv.m. torpaq sahəsi X2 icarəyə verilmişdir). 21.01.2019-cu il tarixdə iddiaçı ərizə ilə cavabdeh inzibati orqana- AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, 16 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsaslanaraq istifadəsində olan torpaq sahəsi üzərində yerləşən, alqı-satqı müqaviləsi ilə iddiaçıya məxsus fərdi yaşayış evinin və istifadəsində olan torpaq sahəsinə vahid əmlak kimi reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2-1(82)- 1499/2019 nömrəli qərarı ilə (hakim R.Daşdəmirov) iddia qismən təmin edilmiş, ünvan 5-da yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, qalan hissədə iddia rədd edilmişdir. 17.10.2019-cu il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2-1(82)-1499/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən sənədlərin əsilləri təqdim edilməmiş, iş üzrə ekspertizalar keçirilməmiş və həmçinin torpaq sahəsi sənəd üzrə 400 kv.m olsa da, faktiki olaraq 439 kv.m-dir. 11.12.2019-cu il tarixində iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2-1(82)- 1499/2019 nömrəli qərarının onlara təqdim edilməsini xahiş etmişdir. 12.12.2019-cu il tarixdə qərar iddiaçının nümayəndəsi və vəkili tərəfindən qəbul edilmiş və həmin tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2-1(82)-1499/2019 nömrəli qərarının qismən ləğv olunması, yəni təmin olunmuş hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını, iddianın təmin olunmamış hissəsində ləğv olunmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-115/2020 saylı, 04 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Əhmədov, S.Seyidova, V.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1499/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarı “ünvan 5-da yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış verilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1365/2020 saylı, 22 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, Z.Quliyev, R.Nəbizadə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-115/2020 saylı, 04 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdehin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclaslarında iştirak edən cavabdehin nümayəndələri X3, X9 oğlu və X1 ayrı ayrılıqda izahatlar verərək, tərəflərindən verilən apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Sonuncu məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1499/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “H.Aslanov qəsəbəsindəki 9-cu Dairəvi küçəsindəki 36 nömrəli evin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi haqqında” 19 iyul 2004-cü il tarixli m451 saylı sərəncamına əsasən H.Aslanov qəsəbəsi, 9-cu Dairəvi küçəsindəki 36 saylı evin X2 məxsus ümumi torpaq 100 kv.m olan yaşayış sahəsi 25.46 kv.m köməkçi sahəsi 222.05 kv.m-dən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. - İcarəyəverən Xətai rayon Xətai Bələdiyyəsi ilə icarəçi X5 arasında bağlanmış 13 avqust 2004- cü il tarixli, 08/120 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 340 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəçiyə icarəyə vermişdir. - AN-İ seriyalı, ******* saylı, 06 noyabr 2004-cü il tarixli evin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 9-cu dairəvi küçəsi, ev 36-da yerləşən ümumi sahəsi 240.3 kv.m yaşayış sahəsi, 25.40 kv.m, köməkçi sahəsi 214.90 kv.m olan, 100 kv.m torpaq üzərində yerləşən iki otaqdan ibarət yaşayış evini alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 033594 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 9-cu Dairəvi küçəsindəki, iki otaq, 25.4 kv.m yaşayış sahəsi, 240.3 kv.m ümumi sahəsi olan 36 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 250 saylı reyestr kitabında 16737 səhifəsində 80/212 nömrəsi ilə 06 fevral 2005-ci il tarixində qeydiyyat aparılmışdır. - İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin vahid əmlak kimi sənədləşdirilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq 20 fevral 2019- cu il tarixli məktubla bildirmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz obyektlər üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, yaşayış evinin yerləşdiyi torpaq sahəsi yaxınlıqdan keçən dəmir yolunun mühafizə zolağında yerləşdiyi və yaşayış evinə bitişik əlavə tikililərin inşa edildiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir : “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan AN-İ seriyalı ******* saylı 06 noyabr 2004-cü il tarixli evin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 9-cu dairəvi küçəsi, ev 36-da yerləşən ümumi sahəsi 240.3 kv.m yaşayış sahəsi 25.40 kv.m, köməkçi sahəsi 214.90 kv.m olan, 100 kv.m torpaq üzərində yerləşən iki otaqdan ibarət yaşayış evini alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, iddiaçının təqdim etdiyi fərdi yaşayış evinin satılması barədə ANİ seriyalı ******* saylı 06 noyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi yuxarıda qeyd edilən Qanunun 8.0.3-cü maddəsində göstərilən aktlardan biri hesab edildiyindən, cavabdeh inzibati orqanın fərdi yaşayış evi ilə bağlı əlavə hüquqmüəyyənedici sənədin tələb edilməsi ilə bağlı hərəkəti qanunsuzdur. Məhkəmə kollegiyası iddiaçının “istifadəsində olan torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı” tələbi ilə bağlı qeyd edir ki, iddiaçı istifadəsində olduğunu qeyd etdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər iş materiallarında mövcud deyildir. Belə ki, iş materiallarında olan 13 avqust 2004-cü il tarixli, 08/120 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi ilə iddiaçı arasında deyil, X5 arasında bağlanmışdır. Göründüyü kimi həmin sənədin iddiaçıya heç bir aiddiyyatı yoxdur və hüquqların qeydiyyata alınması üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2-1(82)-1499/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətləri təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2-1(82)- 1499/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-144/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-144/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver