Məhkəmə qərarları › İş №2-1(103)-144/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-144/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-144/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 sot torpaq sahəsində inşa edilmiş və hal-hazırda sökülmüş vəziyyətdə olan 12 kv.m sahəsini təşkil edən təsərrüfat tikilinin dəyərini, yəni 18696 (on səkkiz min altı yüz doxsan altı) manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 18726 (on səkkiz min yeddi yüz iyirmi altı) manat məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı mənzilin yanında 2000-ci ildə Xətai rayon Bələdiyyəsi tərəfindən 2 sot torpaq sahəsinin sənədləşdirilməsinə Çernobıl əlilliyi əsasında icazə həyat yoldaşı X1 verilmişdir. Qeyd olunan torpaq sahəsində Xətai rayon İcra Hakimiyyəti Başçısı tərəfindən uzun müddət istifadəsində olan 12 kv.m təsərrüfat otağın onun adına sənədləşdirilməsinə dair 476 saylı xx.xx.2011-ci il tarixli sərəncam verilmişdir. O, texniki pasportu əldə edəndən sonra çıxarışı almaq məqsədilə uzun müddət ərzində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə dəfələrlə bu haqda müraciət etsə də, müxtəlif maneələr səbəbindən həmin təsərrüfat otağına dair çıxarış ala bilməmişdir. Sözügedən tikili xx.xx.2009-cu ildə "xxxx" MMC tərəfindən Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid tikililərin qiymətləndirilməsi və istifadəsində olan torpaq sahələrinin inventarizasiyası aparılmış və həmin obyektin dəyəri 18696 (on səkkiz min altı yüz doxsan altı) manat müəyyən olunmuşdur. Xətai MKTB-nin 75 saylı Mənzil İstismar Kontoru tərəfindən 2016-cı ildə isə onun faktiki sahibliyində olan həmin sahə dağıdılmağa başlanmışdır. Dəfələrlə onların bu özbaşınalığının qarşısını almaq üçün 75 saylı Mənzil İstismar Kontorunun məsul şəxslərinə, Xətai rayon İcra Hakimiyyətinə, eləcə də Xətai rayonunun həmin sahə üzrə polis bölmələrinə müraciət etməsinə baxmayaraq, bütün cəhdləri nəticəsiz qalmış və həmin sahədə dağıntı işləri hal-hazırda da aparılmaqda davam edir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 2016-ci ildə Q.Nəbi küçəsi 12 saylı yaşayış binasının həyətində abadlıq-quruculuq işləri aparılmış, sakinlər tərəfindən vaxtilə qanunsuz çəpərlənmiş baxımsız bağ sahələrində sanitar təmizlik işləri görülmüş və ərazidə səliqəsəhman yaradılmışdır və yaşayış binasının məhəllədaxili ərazisində iddiaçının istifadəsində olan və metal-torla çəpərlənmiş bağ sahəsində söküntü işləri aparılmamışdır. Dövlət qurumu tərəfindən göndərilən məlumatlar həqiqəti əks etdirmir. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətində qeyd edilir: Sizin, Xətai Rayon İcra Hakimiyyətinə daxil olmuş ərəzəyə baxılmışdır. Müraciətdə, ünvan 5 ünvanında binanın yaxınlığında istifadənizdə olan bağ sahəsinin, təsərrüfat otağının söküldüyünü və əmlakın yararsız vəziyyətə salındığını bildirərək tədbirlərin görülməsini xahiş edirsiniz. Bildiririk ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 2016-cı ildə Xətai rayonu 261 saylı orta məktəbin əsaslı təmirindən sonra və yeni tədris ilinin başlanılması ərəfəsində açılışı ilə əlaqədar rayonun Q.Nəbi küçəsi 12 saylı yaşayış binasının həyətində abadlıq-quruculuq işləri aparılmış, sakinlər tərəfindən vaxtilə qanunsuz çəpərlənmiş baxımsız bağ sahələrində sanitartəmizlik işləri görülmüş və ərazidə səliqə-səhman yaradılmışdır. Nəzərinizə çatdırırq ki, yaşayış binasının məhəllədaxili ərazisində istifadənizdə olan və metal-torla çəpərlənmiş bağ sahəsində söküntü işləri aparılmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli 476 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Qaçaq Nəbi küçəsində, 12 saylı binanın yaxınlığında cizgidə göstərilən ərazidə təqdim etdiyi layihə əsasında tikdiyi mövcud sahəsi 12 kv.m təsərrüfat otağının İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Brliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 226/d saylı məktubdan görünür ki, Qaçaq Nəbi küçəsi 12 saylı binanın yaxınlığında hər hansı təsərrüfat otağı (avadanlıq və ya əşya) mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin vurulduğunu bildirsə də və həmin zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 18696 manat məbləğində pulun tutulmasını tələb etsə də, cavabdehin hərəkətləri nəticəsində ona maddi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manatın da cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Lakin iddiaçı 30 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sübutu (qəbz, çek və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda hazırki iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin 12 dekabr 2018-ci il tarixli məktubunun surəti təqdim edilmişdir, həmin məktubda qeyd olunur ki, 261 saylı orta məktəbin əsaslı təmirindən sonra açılışı ilə əlaqədar Xətai rayonu, Q.Nəbi küçəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində vaxtilə sakinlər tərəfindən zəbt olunmuş bağ sahələri sökülmüş, ərazidə abadlıq işləri aparılmışdır. Sökülmüş olan təsərrüfat otağının yerləşdiyi torpaq sahəsi sakinlərin ümumi istifadəsində olan məhəllədaxili ərazidə yerləşdiyindən orada hər hansı tikinti-quraşdırma işlərinin aparılması məqsədəmüvafiq hesab edilmir. Qeyd olunan məktubdan (əsli təqdim edilməmişdir) söküntünün Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılması müəyyən edilmir. Bundan başqa, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən fotoşəkillər təqdim edilsə də, həmin şəkillərdən qeyd olunan ərazidə hər hansı tikilinin mövcud olması müəyyən olunmur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-1(112)-675/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar