Məhkəmə qərarları › İş №2-1(103)-144/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-144/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-144/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçınn nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3542/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Yasamal rayon İH) qarşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İH Başçısının (bundan sonra mətndə Yasamal rayon İHB) xx.xx.2020-ci il tarixli 224 saylı Sərəncamının “Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 133 saylı Sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu əsasında "Bakı-52" hərbi şəhərciyində baş plan üzrə N nömrəli 3 mərtəbəli binada yaşayış sahəsinə ehtiyacı olan 20 nəfər hərbi qulluqçuya mənzil ayrılmışdır. Protokol xx.xx.2019-cu il tarixdə Bakı Qarnizonu rəisi tərəfindən təsdiq edilmiş və İddiaçı ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli 133 saylı Sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, İddiaçı ilə daimi kirayə müqaviləsi bağlanmışdır, bundan sonra ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yaşayış sahəsinə onun adına daimi istifadə hüququ verən xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Bundan sonra İddiaçı əvvəllər xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş ünvan 4 ünvanındakı yaşayış sahəsi İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilmiş və həmin mənzilə dair Müdafiə Nazirliyinin adına mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış verilmişdir. Sonradan məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayon İHB xx.xx.2020-ci il tarixli 224 saylı Sərəncamı ilə özünün xx.xx.2019-cu il tarixli 133 saylı Sərəncamını ləğv etmiş, onun adına ünvan 1 ünvanına dair verilmiş istifadə hüququna dair reyestrdən çıxarışların ləğv edilməsi və mənzilin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli 224 saylı Sərəncamı hal-hazıradək rəsmi olaraq heç bir formada ona təqdim edilməmiş və elan edilməmişdir. Bakı şəhəri Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli 224 saylı Sərəncamının məhkəmə qaydasında ləğv edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 4.17.3-cü maddəsində göstərilir ki, şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətlərindən biridir. Əsasnaməyə görə Yasamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli 133 saylı Sərəncamının ləğv edilməsi səlahiyyəti Bakı şəhər İcra Hakimiyyəti Başçısına məxsusdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli 11/1877 saylı məktubuna əsasən "ünvan 5 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi qanunazidd hesab edilməmişdir. Həmçinin, Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 161 nömrəli əmrinə əsasən həmin ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin bina Abşeron rayon Mənzil-İstismar Hissəsinin 6 nömrəli Mənzil- İstismar sahəsinə təhvil verilmişdir. Bundan başqa, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 1786 nömrəli məktubuna əsasən vətəndaşların, eləcə də onun ünvan 6 ünvanında yerləşən yaşayış sahələrinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Daha sonra, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 1787 nömrəli məktubuna əsasən "Bakı-52" hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasının sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Bütün bunlardan sonra, Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 133 saylı Sərəncamı ilə ünvan 6 ünvanında yerləşən və digər mənzillər (cəmi 20 ədəd mənzil) xidməti mənzillər siyahısından çıxarılmış, həmin mənzillərə dair vətəndaşlarla daimi icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi xx.xx.2020-ci il tarixli 3055 nömrəli məktubla müraciət edərək, Yasamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamının ləğv edilməsini, ona və digər vətəndaşlara verilmiş 20 ədəd mənzilə dair verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsini xahiş etmişdir. Halbuki, Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu əsasında ona ünvan 6 ünvanında yaşayış sahəsi ayrılmış, bu protokol hal-hazıradək qüvvədədir. Həmçinin, Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 161 nömrəli əmrinə əsasən qeyd edilən mənzillər sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün sözügedən bina Abşeron rayon Mənzil-İstismar Hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə artıq təhvil verilmiş Nazirliyin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 1786 nömrəli və 1787 nömrəli məktubları ilə ona ayrılmış mənzilin gələcəkdə özəlləşdirilməsi üçün xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanması, binanın sosial təyinatlı mənzil fonduna keçirilməsi qərara alınmışdır. Yasamal rayon İHB heç bir əsaslandırma aparmadan, qeyd edilən hüquqi sənədlərin hələ də qüvvədə olmasını nəzərə almadan, onun səlahiyyətində olmadığı halda, özünün xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamını digər bir sərəncamla - xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamla ləğv etmişdir. Bakı şəhəri Yasamal rayon İHB-nın xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamı qanunsuz olduğundan ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3542/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 133 saylı Sərəncamının ləğv edilməsi səlahiyyəti Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamənin 4.17.3-cü maddəsinə görə Bakı Şəhər İcra Hakimiyyəti Başçısına məxsusdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli 11/1877 saylı məktubuna əsasən "ünvan 5 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi qanunazidd hesab edilməmişdir. Həmçinin, Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 161 nömrəli əmrinə əsasən həmin ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin bina Abşeron rayon Mənzil-İstismar Hissəsinin 6 nömrəli Mənzil- İstismar sahəsinə təhvil verilmişdir. Bundan başqa, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 1786 nömrəli məktubuna əsasən vətəndaşların, eləcə də onun ünvan 6 ünvanında yerləşən yaşayış sahələrinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Daha sonra, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 1787 nömrəli məktubuna əsasən "Bakı-52" hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasının sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Bütün bunlardan sonra, Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 133 saylı Sərəncamı ilə ünvan 6 ünvanında yerləşən və digər mənzillər (cəmi 20 ədəd mənzil) xidməti mənzillər siyahısından çıxarılmış, həmin mənzillərə dair vətəndaşlarla daimi icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. İşə baxan məhkəmə Yasamal RİH tərəfindən xx.xx.2020-ci il tarixli, 224 saylı Sərəncamın, “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə riayət edilməklə, “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamə ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Mənzil Məcəlləsinin tələblərinə uyğun şəkildə qəbul edildiyini qərarında göstərsə də, bunu əsaslandıran hər hansı dəlili, mötəbər sübutu qərarında göstərməmişdir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı tərəf izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin hallarından məlum olur ki, Yasamal rayon İHB-nın “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 133 №-li xx.xx.2019-cu il tarixli sərəncamı ilə , ünvan 19, mənzil 10 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması; ünvan 19, mənzil 10 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Yasamal rayon İHyə xx.xx.2020-ci il tarixli məktubla müraciət olunaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli mənzillərə dair tərəflərindən verilmiş 17 may 2019-cu il tarixli 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 saylı sərəncamların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Yasamal rayon İH tərəfindən işin yuxarıda qeyd olunan halları və qanunvericiliyin göstərilən tələbləri nəzərə alınmaqla Yasamal rayon İHBnın 133 №-li xx.xx.2019-cu il tarixli sərəncamının ləğv olunması barədə yeni sərəncam qəbul olunmuşdur. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə Yasamal rayon İHB) xx.xx.2020-ci il tarixli 224 saylı Sərəncamının “Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 133 saylı Sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilməsi tələbi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv. metr olan mənzil xx.xx.2013-cü ildə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 607 nömrəli reyestr kitabının 55802 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon İHB-nın xx.xx.2019-cu il tarixli 133 saylı sərəncamına əsasən ümumi sahəsi 247,1 kv. metr olan Bakı şəhəri Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14, mənzil 10 (Yeni qaydalarala; AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14B, M3, m1) xx.xx.2019cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daimi istifadə hüququ (hüququ yüklü edilən şəxs -Dövlət) ilə İddiaçı adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv. metr olan mənzil xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin adına Dövlət mülkiyyəti kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli 5589 №-li arayışının surətindən müəyyən olunur ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi əməkdaşlıq İdarəsinin hərbi qulluqçusu polkovnik İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən ünvan 9 ünvanında yaşayış sahəsi ilə təmin olunmuşdur (mənzilin yüklülüyü daimi istifadə üçün verilmişdir). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış **********11 №-li, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən üç mərtəbəli kazarma binasının təyinatının dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edildiyini nəzərə alaraq həmin binaya yeni ünvanın müəyyən edilməsinə göstəriş verilməsi barədə 13 fevral 2019-cu il tarixli 1/731 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 10 ünvan nömrələri təyin olunmuşdur. Adıçəkilən binaya dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reyestrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir. Bakı qarnizonu üzrə mənzil komissiyasının 18 №-li xx.xx.2019-cu il tarixli Protokolun surətindən müəyyən olunur ki, Yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılmışdır. Qarnizonun yaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənilmiş, fikir mübadiləsi aparılaraq komissiya cədvəldə göstərilən qaydada yaşayış sahələri (mənzillər) verilməsi və bu protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır (Protokola əlavə olunmuş siyahıda Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin polkovniki İddiaçı (sıra 5); arvadı: Məmmədova (Əhmədova) Sevinc Rasim qızı-1981-ci il: qızı-X2-2005-ci il; oğlu- X12007-ci il; qızı-X3 2013-cü il) ünvan 11 ünvanı qeyd olunmuşdur). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən Yasamal rayon İHB-ya ünvanlanmış 1787 №-li xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən (keçmiş N nömrəli hərbi hissəsinin ərazisi) N nömrəli 3 mərtəbəli kazarma binası yaşayış binası kimi yenidən qurulmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubu ilə həmin binaya “ünvan 13 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 161 nömrəli əmri ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən 3 mərtəbəli kazarma binası sosial təyinatlı yaşayış fonduna daxil edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.1 maddəsinə əsasən sözügedən binanın sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mənzil-İstismar İdarəsi tərəfindən Yasamal rayon İH-yə ünvanlanmış 1786 №-li xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı qarnizonu rəisinin 16 aprel 2019-cu ildə təsdiq etdiyi Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında hərbi qulluqçular və onların ailə üzvləri ilə daimi icarə müqaviləsinin bağlanmasına, gələcəkdə həmin mənzillərin özəlləşdirilməsinin həyata keçirilməsinə sərəncam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Bakı qarnizonun rəisinə ünvanlanmış 1617 saylı, xx.xx.2018-ci il tarixli raportun surətindən müəyyən olunur ki, Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə N nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Yenidənqurma işlərindən sonra 20 mənzil istifadəyə verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol xx.xx.2019-cu il tarixidə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənmişdir. Hal-hazırda Yasamal rayonu, Seyfəddin Dağlı-küçəsi, N nömrəli bina Abşeron rayon Mənzil-istismar hissəsinin 6 saylı Mənzil-istismar sahəsinin istismarında olan qapalı hərbi şəhərciyə aid olmayan ərazisində yerləşir. Hərbi qulluqçulara ayrılmış daimi mənzillərə daimi icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə sərəncam verilməsi üçün hüquqi rəy verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən Bakı qarnizonun rəisinə ünvanlanmış 11/1877 saylı, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, onların xx.xx.2019-cu il tarixli 3439 nömrəli dərkənarına əsasən “Bakı 52” hərbi şəhərciyinin baş planı üzrə N nömrəli 3 mərtəbəli binanın yaşayış binası kimi yenidən qurulması və Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq protokoluna əsasən yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara həmin binadan mənzillərin verilməsinə dair təqdim edilmiş sənədlərə Hüquq idarəsində baxılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar bildirilmişdir ki, sözügüdən bina Müdafiə Nazirliyinin sərəncamında (balansında) və istifadəsində olduğuna görə daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazənin verilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na uyğun həyata keçirilməsi qanunazidd deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirinin “Bakı-52” hərbi şəhərciyində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi haqqında 161 №-li xx.xx.2019-cu il tarixli əmrin surətindən müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi “Bakı-52” hərbi şəhərciyində, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzili yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi ilə bağlı irəli gələn məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll etməsi; Təhvil-qəbul işlərinin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 55 nömrəli qərarına əsasən aparılması; Əmrin icrasına nəzarət Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə tapşırılması əmr edilmişdir. Yasamal rayon İHB-nın “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 133 №-li xx.xx.2019-cu il tarixli sərəncamın surətindən müəyyən olunur ki, ünvan 19, mənzil 10 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması; ünvan 19, mənzil 10 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılması; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 19, mənzil 10 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınmasının xahiş edilməsi; sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna ad olan “ünvan 17 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 161 saylı əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil İstismar sahəsinə təvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaş İddiaçı ünvan 19, mənzil 10 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Yasamal rayon İH-yə ünvanlanmış 3055 №-li xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli mənzillərə dair tərəflərindən verilmiş 17 may 2019-cu il tarixli 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Eyni zamanda görülmüş tədbirlərin nəticəsi barədə Müdafiə Nazirliyinə rəsmi məlumat göndəsirlməsi xahiş olunmuşdur. Yasamal rayon İH tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1627/d saylı məktubun surətindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə Bakı şəhəri Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. Yasamal rayon İH tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1627/d saylı məktubda göstərilmişdir ki, Yasamal rayon İHB-nın 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Yasamal rayon İHB-nın 121,122,123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunmuşdur və rayon İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə həmin ünvanlara verilmiş istifadə hüququna dair çıxarışların ləğv edilməsi barədə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Yasamal rayon İH-yə ünvanlanmış xx.xx.2020ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 19 ünvanında yerləşən mənzillərin üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması barədə 04 sentyabr 2020-ci l tarixli 1627/d nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şhəri, X7 küçəsi 20) və ya “ASAN xidmət” mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixdə 3055 nömrəli məktubla Cavabdehnə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən ünvan 19, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 18 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətiilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli, Xidmət razılaşdıqdan sonra balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etməlidir. Yalnız bundan sonra şəxs yerli icra hakimiyyəti orqanına müraciət edə və onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edə bilər. İşin hallarından isə müəyyən olunur ki, ünvan 19 ünvanda yerləşən 10 saylı mənzil xidməti mənzil olmuş, onun xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etmək səlahiyyəti balanssaxlayıcı olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olduğu halda, müvafiq qərar Cavabdeh tərəfindən qəbul edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, ünvan 19 ünvanda yerləşən 10 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılması və iddiaçı ilə daimi icarə müqaviləsinin bağlanması barədə Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı qanunsuz inzibati akt olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-39-9/2- 5977/23 nömrəli məktubunda qeyd edilmişdir ki, İstintaq zamanı müəyyən edilmişdir ki, ünvan 23 ünvanında yerləşən, Müdafiə Nazirliyinin ləğv edilmiş N nömrəli hərbi hissəsinin kazarması məqsədli şəkildə dövlət büdcəsinin 3.287.391 manat məbləğində vəsaiti əsasında əsaslı təmir edilərək xidməti yaşayış sahəsinə aid edilməklə, təmir işləri başa çatdırılıb istismara verilmədən Azərbaycan Respublikası Mənzil Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu İl tarixli 118 saylı qərarı ilə təsdiq olunmuş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin tələbləri pozularaq Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 Nömrəli protokolu ilə mülkiyyətlərində daşınmaz əmlak olduğu halda mənzilsiz və yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kateqoriyasına salınaraq, növbəlilik prinsipi pozulmaqla Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin zabiti İddiaçı və Nazirliyin digər yüksək rütbəli, vəzifəli şəxslərinə qanunsuz olaraq ümumilikdə 20 ədəd mənzil verilmiş, eyni zamanda Nazirlər Kabinetinin göstərilən qərarının eyni zamanda Nazirlər Kabinetinin göstərilən qərarının tələbləri pozulmaqla keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı alınmadan Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 26 aprel 2019-cu il tarixli müraciəti əsasında Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli 121-140 saylı sərəncamları ilə həmin mənzillər qanunsuz olaraq xidməti mənzillər siyahısından çıxarılaraq gələcəkdə özəlləşdirilmənin asanladırılması məqsədilə sosial təyinatlı mənzil fonduna keçirilmiş və Nazirliyin 6 Ns-li Mənzil İstismar Sahəsi tərəfindən hərbi qulluqçular mülki şəxs statusunda göstərilməklə onlarla daimi (müddətsiz) sosial kirayə müqavilələri bağlanmışdır. Göründüyü kimi, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmiş və bu fakt əsasında ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkib əlamətləri mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İşdən görünür ki, cavabdeh Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 3055 nömrəli məktubu ilə müraciətini nəzərə alaraq “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən icraatı təzələmiş və əvvəl qəbul etdiyi qanunsuz inzibati aktı haqlı olaraq ləğv etmişdir. İddiaçının apelyasiya şikayətinin “Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 133 saylı Sərəncamının ləğv edilməsi səlahiyyəti Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamənin 4.17.3-cü maddəsinə görə Bakı Şəhər İcra Hakimiyyəti Başçısına məxsusdur” dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, “ İnzibati İcraat Haqqında Qanunun” 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunvericiliyin qeyd edilən normasından da aydın olur ki, qanunsuz inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktı ləğv etmək səlahiyyətinə malikdir. Odur ki, iddiaçının qeyd edilən dəlili əsassızdır. Apelyasiya şikayətinin digər dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, məhkəmə qərarının ləğv edilməsi üçün əsas hesab olunmur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddiaçının apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3542/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar