Məhkəmə qərarları › İş №2-1(103)-1440/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1440/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1440/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6716/2020saylı 17.11.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC ilə aralarında 11.04.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6716/2020 saylı 17.11.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadıın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərardad əsassızdır. Belə ki, onunla “xxxx” MMC arasında əmək müqaviləsi bağlanmış və 11.04.2019-cu il tarixindən həmin MMC-də qulluqçu kimi işə götürülmüşdür.2020-ci ilin mart ayından etibarən şirkət bağlanmış və rəhbərliyi xaricə getmişdir. Şirkətə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etsə də nəticəsiz qalmışdır. Belə ki, şirkətin rəhbərini tapa bilmədiyindən əmək müqaviləsinə xitam verilməsi mümkün olmamış və yeni işə düzəlmək istəsə də qeyri-mümkün olmuşdur. Məcburiyət qarşısında cavabdehə müraciət etməli olmuş və sonuncu tərəfindən ona 15.09.2020-ci il tarixdə **********3 №-li məktub göndərilmişdir. Həmin məktubda isə qeyd edilir ki, AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanması, ona dəyişiklik editlməsi və ya xitam verilməsi, bununla bağlı elektron inforimasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürən əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 6 iyun 2014-cü ildə Nazirlər Kabinetinin 183 №-li qərarı ilə təsdiq edilmiş «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları , əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişiin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı «Qaydalar» ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökumət» portalının gücləndirilmiş elektron imza daxil olmağa imkan verən audetifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə iqşəgötürən tərəfindən və ya «Elektron hökumət» portalında yerləşdirilmiş «səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət edilməlidir…» Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Rəhimli şikayətin əsassız olduğunu, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məsələsi cavabdehin səlahiyyətinə aid olan məsələ olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, mənası baxımından belə təfsirə malikdir ki, istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar daxilində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, apellysiya şikayətinin qeyd olunan dəlilərindən göründüyü kimi, iddiaçı onunla, işəgötürən “xxxx” MMC arasında 11.04.2019-cu il tarixində bağlanmış əmək müqaviləsi ləğv edilmədiyi və əmək münasibətlərinə xitam verilmədiyi halda, həmin əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürən əsas vəzifələrindən biridir. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə həmin sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra qüvvəyə minir. Birincisi, cavabdeh inzibati orqan əmək müqaviləsinin tərəf deyil. Həmin müqavilə İddiaçı (işçi) ilə “xxxx” MMC(işəgötürən) arasında bağlanmış və həmin müqavilə ləğv olunmamış, bu barədə elektron informasyia sistemində məlumat yerləşdirilməmişdir. Belə olan halda, iddiaçının istinad etdiyi əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması ilə bağlı cavabdehin qanunla üzərinə düşən öhdəliyi ola bilməz. Ümumiyyətlə, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəm mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.1-ci maddəsi isə nəzərdə tutur ki, tələbinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Prosessual hüquq normasının qeyd olunan tələbindən göründüyü kimi, əgər qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, bu qəbildən olan mübahisələr inzibati məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Birinci instansiya məhkəməsi qərardadında haqlı olaraq hesab etmişdir ki, «...hazırda iddiaçı ilə “xxxx” MMC arasında olan 11.04.2019-cu il tarixli əmək müqaviləsi qüvvədə olduğundan, həmin əmək müqaviləsinə işəgötürənlə işçi arasında müvafiq qaydada xitam verilmədiyi, məhkəmə qaydasında (mülki məhkəmə icraatı qaydasında) etibarsız hesab olunmasına dair sübut olmadığı, bununla da, cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə və ya qanunla qorunan hüquqlarını və azadlıqlarının pozulması və tərəflər arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmədiyindən, hazırki iddia tələbi İPM-in 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Bu səbəbdən iddia tələbi mümkün sayılmamlıdır...» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin nəticə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6716/2020 saylı 17.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6716/2020 saylı 17.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar