Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1440/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxılır. TƏSVİRİ HİSSƏ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən "xxxx" MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısının silinməsi və müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliklərinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılaraq, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.
3. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 nömrəli qərardadı ilə “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.
4. Məhkəmə hesab etmişdir ki, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına dair iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2- 1(103)-638/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2522/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2- 1(103)- 638/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, işin halları tam araşdırılmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 69.3-cü maddəsində deyilir ki, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)- 2522/2023 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən "xxxx" MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısının silinməsi - öhdəliyin icrası haqqında iddia növünə aid, 2) Müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək 10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi - inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı iddia növünə aiddir. İddia tələbinin birinci hissəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi isə qərarı qismən, “iddiaçı “Manar-Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv etmiş, həmin hissədə iddianın iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin etmiş, digər şəxslər tərəfindən “Manar-Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi iddianın birinci hissəsi iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilmişdir. Apellyasiya məhkəməsi iddianın ikinci hissəsini mümkün saymamışdır.Həmin nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, subsidiarlıq yalnız İPM-in 36.4-cü maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia növü üçün nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, iddianın birinci hissəsinin öhdəliyin icrası haqqında iddia növünə aid olması işin mübahisəsiz halıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Eyni zamanda həmin məcəllənin 37-ci maddəsində göstərilib ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, hazırkı halda iddiaçının tələbi bir-biri ilə əlaqəlidir və bir cavabdehə qarşı yönəlib. Həmçinin prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına görə, öhdəliyin icrası haqqında iddialarda iddiaçı əsas tələbi ilə yanaşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hər iki tələbin bir icraat çərçivəsində baxılmasında hər hansısa bir prosessual maneə yoxdur. Məhkəmə Kollegiyası hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2522/2023 nömrəli qərarında iddianın mümkünlüyü ilə bağlı hüquqi mövqeyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)- 254/2022 saylı qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmayıb.