Məhkəmə qərarları › İş №2-1(103)-1440/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1440/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1440/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1434/2025 saylı, xx.xx.2025-ci il tarixıi qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun minik avtomobili ilə təmin edilməsi ilə bağlı qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edib. Döyüşlər zamanı ərizəçi partlayış və qəlpələr nəticəsində hər iki gözündən ağır yaralanmış, bir gözünü tam itirmiş, digər gözü son əməliyyatdan sonra, 2024-cü ilin aprel ayında keçirilən müayinələrə əsasən görməsi 0,03 (yüzdə üç)-dür. O, 2ci dərəcə müharibə əlilidir. 02 may 2024-cü ildə iddiaçı ərizə ilə müraciət edərək əlilliyi olan şəxs kimi minik avtomobili ilə təmin edilməsini xahiş etmişdir. Cavabdeh 14 may 2024-cü il tarixli məktubu ilə iddiaçıya minik avtomobili təyinatından imtina edərək, göstərmişdir ki, onda olan diaqnozlar ona minik avtomobili təyiatına əsas vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1434/2025 saylı, xx.xx.2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərdiyi dəlillərin araşdırılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Digər tərəfdən birinci instansiya məhkəməsi iddianın predmetindən kənara çıxaraq, hazırki mübahisənin mövzusunu təşkil etməyən məsələni müzakirə edərək və həmin məsələ ilə bağlı qərardad qəbul etmişdir. Hazırki mübahisənin predmetini iddiaçının 2024-cü ilin may ayında cavabdehə müraciət edərək Əlilliyi olan şəxs kimi minik avtomobili təmin edilməsini xahiş etdikdən aldığı imtina təşkil edir. Məhkəmə isə iddiaçının 2022-ci ilin avqust ayında etdiyi analoji müraciətə aldığı imtinanı bu predmeti kimi baxmışdır. İddiaçı yuxarı məhkəmə instansiyasının diqqətinə çatdırır ki, onun tərəfindən 2022-ci ilin avqust ayında və 2024-cü ilin may ayında edilən müraciətlər analoji və eyni məqsəd daşıyan müraciətlər olsalar da, 2024-cü ildə edilən müraciət əvvəlki müraciətdən əsaslarına görə fərqlənir. Beləki, son müraciət iddiaçının gözünün vəziyyətinin 2024-cü ilin aprelində müəyyən edilən yeni göstəricələrinə əsaslanır. Bu səbəbdən bu müraciətləri eyniləşdirmək və iddiaçının cavabdehdən 2024-cü ilin may ayında aldığı imtinaya 2022-ci ilin avqust ayında aldığı imtinanın sürəti kimi baxmaq yolverilməzdir. Düzü, məhkəmə qərardadında belə eyniləşdirməyə yol verdiyini bir başa qeyd etmir. Lakin iddiaçı 2024-cü ilin may ayında aldığı imtinanı qanunsuzluğu mübahisələndirdiyi halda, məhkəmə onun iddia tələbinə 2022-ci ilin avqust ayında aldığı imtinanın mübahisələndirilməsi kimi yanaşır. İddiaçı 02 may 2024-cü ildə etdiyi müraciətə, 14 may 2024-cü ildə aldığı imtinadan məhkəməyə 29 may 2024-cü ildə iddia verdiyi üçün məcburetmə haqqında iddialar üçün iddia müddəti 30 gün olduğundan iddia müddətini buraxmayıb. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1434/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun onun minik avtomobili ilə təmin edilməsinə nail olmaqdan ibarət olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan və yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən əlillik, yalnız TSEK-in bu barədə qəbul edilmiş qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Eyni zamanda məhkəmə iddianın növünə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir ki, mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Qanunvericiliyin tələbinə görə, iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İşdən görünür ki, iddiaçının "avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxılmış və “Əks göstəriş” səbəbi ilə imtina edilmişdir. Hazırki iddia ərizəsi ilə iddiaçı məhkəməyə 2 (iki) ildən sonra xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi hazırki iddia tələbinə münasibətdə iddia müddətini tətbiq edilərək iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mümkün saymamaqla düzgün olmayan nəticyə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 2022-ci ilin avqust ayında və 2024-cü ilin may ayında edilən müraciətlər analoji və eyni məqsəd daşıyan müraciətlər olsalar da, 2024-cü ildə edilən müraciət əvvəlki müraciətdən əsaslarına görə fərqlənir. Beləki, son müraciət iddiaçının gözünün funksional vəziyyətinin 2024-cü ilin aprelində müəyyən edilən yeni göstəricələrinə əsaslanır. Bu səbəbdən bu müraciətləri eyniləşdirmək və iddiaçının cavabdehdən 2024-cü ilin may ayında aldığı imtinaya 2022-ci ilin avqust ayında aldığı imtinanın sürəti kimi baxmaq doğru olmaz İş materiallarından göründüyü kimi iddiaçı 2024-cü ilin may ayında aldığı imtinanın qanunsuzluğunu mübahisələndirdiyi halda, məhkəmə onun iddia tələbinə 2022-ci ilin avqust ayında aldığı imtinanın mübahisələndirilməsi kimi qiymət vermişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının 02 may 2024-cü ildə cavabdehə etdiyi müraciətə, 14 may 2024-cü ildə aldığı imtinadan məhkəməyə 29 may 2024-cü ildə iddia verdiyinə baxmayaraq bu istiqamətdə araşdırma aparmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1434/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar