Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1441/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi haqqında» iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2021 saylı 03.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı məhkəməyə müraciət edərək, müharibə veteranı statusu və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə iddiaçı 1990-cı il tarixdən 09.10.1991-ci il tarixə qədər Şuşa rayonu Malıbəyli kənd özünümüdafiə könüllü dəstənin tərkibində kəndin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu fakt Şuşa rayon İcra Hakimiyyəti Başçısının 21.02.2006-cı il tarixli, 355 saylı arayışında öz təsdiqini tapır. Bu barədə cavabdehə müraciət etsə də, sonuncu 14.02.2020-ci il tarixli, 306 saylı məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə xahişindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtinası əsassız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2021 saylı 03.03.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual məcəlləsinin ((«İPM») 85-ci maddəsinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız və qanunsuzdur. Belə ki, 1990-cı il tarixdən 09.10.1991-ci il tarixə qədər Şuşa rayonu Malıbəyli kənd özünümüdafiə könüllü dəstəsinin tərkibində kəndin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu fakt Şuşa rayon İcra Hakimiyyəti Başçısının 21.02.2006-cı il tarixli, 355 saylı arayışında öz təsdiqini tapır. «Veteranlar haqqında» Qanuna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyytlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci bəndinin 8-ci yarımbəndindən isə görünür ki. yalınz hərbi hissə komandirinin müvafiq əmri ilə deyil, yerli icra hakimiyyəti tərəfindən verilmiş arayışlar belə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərli əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək iddiaçının 1990-1991-ci illərdə 13-14 yaşlarında olduğunu və onun döyüşlərdə iştirakını təsdiq edən sübutlar olmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı özünümüdafiə dəstələri və birləşmələrində döyüş əməliyyatlarında iştirak edən şəxslərə aşağıdakı iki şərtin yerinə yetirildiyi halda müharibə veteranı adı verilə bilər:
1. Döyüş əməliyyatları aşağıdakı Ermənistanla həmsərhəd inzibati ərazi vahidində: - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazisində aparılmalı;
2. Yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahıda adı olmalı və həmin siyahı döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edilməlidir . Hər iki şərtin mövcudluğu iddiaçıya münasibətdə öz təsdiqini tapmır. Belə ki, birinci halda, iddiaçının 1990-1991-ci illərdə özünümüdafiə könüllü dəstəsinin tərkibində döyüşlərdə iştirak etdiyini mübahisələndirdiyi Şuşa rayonu (Malıbəyli kəndi) ərazisi ermənistanla həmsərhəd rayonlar sırasına aid edilməmişdir. İkinci halda, iddiaçının 1990-1991-ci illərdə özünümüdafiə könüllü dəstəsinin tərkibində döyüşlərdə iştirak etməsinin təsdiqi olaraq istinad etdiyi, Şuşa rayon İcra Hakimiyyəti Başçısının 21.02.2006-cı il tarixli, 355 saylı arayışına gəldikdə isə, iş materiallarına əsasən müəyyən olunur ki, həmin arayışda təsbit olunan məlumatların həqiqətə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinin şuşa rayon İH-yə ünvaladığı 11 iyun 2020-ci il tarixli müvafiq sorğusuna sonuncu məhkəməyə ünvanlanmış 22.09.020-ci il tarixdi cavab məktubunda aşağıdakıları bildirmişdir: «İddiaçı… özünün verdiyi məlumata görə 1990-cı il tarixdən 09.10.1991-ci il tarixə kimi Şuşa rayonu Malıbəyli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rayonun arxiv sənədləri işğal nəticəsində Şuşa rayonunda qalmış və bu barədə heç bir məlumat yoxdur. …1977-ci il təvəllüdlü İddiaçı 1990-1991-ci illərdə 13-14 yaşı olmuşdur. Bu isə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin tələblərinə uyğun deyildir…» Göründüyü kimi, iddiaçının istinad etdiyi fakt, onun özünün sözlərinə əsasən Şuşa rayon İcra Hakimiyyəti Başçısının 21.02.2006-cı il tarixli, 355 saylı arayışında təsbit olunan məlumatlara söykəndiyindən sübut əhəmiyyətnnə malik mötəbər məlumatlar kimi qəbul edilə bilməz. Onu da qeyd etmək lazımdır ki, Şuşa rayon yerli icra hakimiyyəti orqanları tərəfindən 1990-1991-ci illərdə 13-14 yaşlarında olan iddiaçının özünümüdafiə könüllü dəstəsinə qəbul edilib onun Siyahıya daxil edilməsi də, 18 yaşı olmadığı halda, ağlabatan deyil. İşə əlavə olunmuş, notarial qaydada təsdiq olunmuş, X3, X4 və X1 - iddiaçının Şuşa rayonu, Malıbəyli kənd özünümüdafiə könüllü dəstəsinin 1990-cı il tarixdən 09.10.1991-ci il tarixə kimi Şuşa rayon Malıbəyli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsini təsdiq edən ərizələrinə gəldikdə isə həsmin ərizələr adıçəkilən Əsasnamədə veteran adı verilməsinə əsas olan sənədlər sırasına aid edilmədiyindən, onda göstərilən məlumatlar iddiaçının döyüşlərdə iştirakını təsdiqini ehtiva edə bilməz. Beləliklə də, iddiaçıya müharibə veteranı statusunun verilməsini zəruri edən faktiki şərtlər mövcud deyil. B elə olan halda, cavabdeh tərəfindən ona 14 fevral 2020-ci il tarixli 306 nömrəli məktubu ilə veteran adı və vəsiqəsinin verilməsindən imtina olunması qanuni və əsaslıdır. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pzmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2021 saylı 03.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2021 saylı 03.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Elmira Nağıyeva