Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1441/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyanın təyin edilməsi iddia tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə təkrar apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia qaldıraraq xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək ərzində təhsil illərinin, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər hərbi xidmətdə olduğu illərin, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarında göstərilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, iddiaçıya əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli attestat, xx.xx.1973cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçaları, H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən 37 ilə yaxın stajı vardır. Əmək pensiyasının təyin edilməsi üçün iddiaçı sənədlərini Mərkəzi Filialına təqdim etsə də, sonuncu imtina edərək ona ünvanladığı 16 mart 2022-ci il tarixli məktubunda bildirmişdir ki, əmək kitabçasındakı, attestatdakı və hərbi biletdəki göstərilən illər üzrə 23 il, 08 ay 15 gün iş stajım vardır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il, 02 ay, 15 gün sığorta stajına uyğun olaraq 17685,67 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək -128,87 manat olmaqla, ümumilikdə 18114,54 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2006- cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqin nəticəsinə əsasən xx.xx.1996-cı il tarixdən işdən azad olunan (xx.xx.1997-ci il tarixinədək) tarixədək öz hesabına məzuniyyətdə olduğundan həmin dövrlər sığorta stajına əlavə edilməyib. Cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. Belə ki, imtina məktubunda istinad olunan iş stajının 25 ildən az olması və buna müvafiq olaraq fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı əsaslar onun iradəsindən asılı deyildir. xx.xx.1996-cı il tarixdən işdən xx.xx.1997-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğuna görə həmin dövrlərin sığorta stajına əlavə edilməməsi hissəsi ilə razı deyil. Belə ki, sözügedən dövr üzrə əmək funksiyalarını yerinə yetirməsə belə, həmin dövr sosial sığorta stajına əlavə edilməlidir...» Cavaabdeh məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazında (tarixi:xx.xx.2022) imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin təyinatı üzrə xx.xx.2022-ci il tarixli 11318 nömrəli qərarına əsasən ona yaşa görə müavinət xx.xx.2021- ci ildən xx.xx.2021-ci ilədək 130 manat məbləğində, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 180 manat məbləğində təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2020- 2021-ci illərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödədiyi məcburi dövlət sığorta haqqı 532.10 manat təşkil edir. Lakin məhkəmə tərəfindən həmin ödənişlər nəzərə alınmamış və ona 2006-cı il tarixə kimi 25 il sığorta stajı hesablanmamışdır…» Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-223/2022 nömrəli 21 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı “xx.xx.1971-ci il tarixdən xx.xx.1972ci il tarixədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illər, xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2313/2023 saylı xx.xx.2023 -cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün qaytarılmışdır. Ali Məhkəmə qərarında mübahisələndirilən məsələ ilə bağlı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: «…iş materiallarından müəyyən olunur ki, iddiaçının 25 il iş stajı xx.xx.2006- cı il tarixində tamamlanmışdır. Belə ki, iddiaçının xx.xx.1971 - xx.xx.1972-ci il tarixlərdə 10 ay 28 gün təhsil illəri, xx.xx.1975 - xx.xx.1977-ci illərdə 2 il hərbi xidmət illəri, əmək kitabçasına əsasən xx.xx.1973 - xx.xx.1973 = 9 gün, xx.xx.1973 - xx.xx.1975 = 1 il 4 ay 21 gün, xx.xx.1977 xx.xx.1997 = 19 il 11 ay, o cümlədən iddiaçının öz hesabına məzuniyyətdə olan müddəti də nəzərə alınmaqla cəmi 24 il 6 ay 28 gün sığorta stajı var. Apellyasiya məhkəməsi isə işin göstərilən hallarına düzgün qiymət verməmişdir. Bununla da hazırkı qərarın “27 (a)” bəndində qeyd olunan prosessual hüquq normasının tələblərinə zidd qərar qəbul etmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı sığorta stajına uyğun olaraq 17685.67 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 428.87 manat olmaqla, ümumilikdə 18114.54 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Odur ki, məhkəmə kollegiyası kassatorun dəlilləri ilə razılaşaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı ziddiyyətli hallar araşdırılmalı və aradan qaldırılmalı, son nəticədə iddiaçının Qanunla tələb olunan 25 il sığorta stajı təsdiqləndiyi halda iddia tələbi təmin edilməlidir…» (b.b.37-41) İşə təkrar apellyasiya qaydasında baxılması üzrə məhkəmə iclaslarında iştirak edən İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı iş stajı nəzərə alınmaqla, onun tələb olunan staja malik olduğunu iddia edərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi S.Qaraşova iddiaçının sahbkarılıq stajı və onun öz hesabına məzuniyyət müddətinin 6 ayı nəzərə alındıqda belə, onun sığorta stajının 25 ildən az təşkil etdiyini bildirərək birinci instanysia məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası İPM-in 96.7-ci maddəsinin tələbləri qaydasında Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri nəzərə almaqla iş materiallarını təkrar apellyasiya qaydasında araşıdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.2. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. İddiaçının iş materiallarına əlavə olunmuş, təhsil sənədinin, hərbi biletinin, əmək kitabçalarının surətlərinə və fərdi hesabından çıxarışlara əsasən 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə kimi aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1971-xx.xx.1972: 12 №-li Bakı Texniki Peşə məktəbində təhsil -10 ay 27 gün; xx.xx.1973-xx.xx.1973: 18 mart 1973-ci il tarixli əmək kitabçasına əsasən «Xəzərbalıq» zavodunda balıqçı – 8 gün; 07 dekabr 1973-cü il tarixli əmək kitabçasına əsasən: xx.xx.1973-xx.xx.1975: Suraxanı maşınqayırma zavodunda xarrat köməkçisi, xarrat. – 1 il 4 ay 21 gün ; -xx.xx.1975-xx.xx.1977: müddətli həqiqi hərbi xidmət - 2 il; -xx.xx.1977-xx.xx.1997: “Suraxanı maşınqayırma zavodunda» xarrat. Suraxanı maşınqayırma zavodunda» ASC-nin işə əlavə olunmuş 02 avqust 2022-ci il tarixli və 01.avqust 2022-ci il tarixli arayşlarıına və iddiaçı barəsində əmrlərin surətlərinə (i.v.63) əsasən xx.xx.1996-xx.xx.1997-il tarixdək - ümumilikdə 12 ay öz hesabına məzuniyyətdə olmuşdur ki, belə olan halda da formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin məzuniyyətin 6 ay nəzərə alınmaqla, hesablama aparıldıqda iddiaçının sözügedən dövr üzrə cəmi, nəzərə alınan stajı - 19 il 6 ay 29 gün; -xx.xx.2020 - xx.xx.2021- bakı şəhəri X4 üzrə İjdaərisinin xx.xx.2023-cü il tarixli m məktuban və ona əlavə olunmuş MDSS ödənişlrinə əsasən sahibkarlıq fəaliyyəti üzrə (MDSS haqları ödənişləri nəzərə aınmaqla) stajı – 1 il 1 ay. İddiaçının qeyd olunan əmək faliyyəti müddəti ümumiləşdirildikdə, onun cəmi, 24 il 10 ay 25 gün (10 ay 27 gün + 8 gün+1 il 4 ay 21 gün+ 2 il+ 19 il 6 ay 29 gün+ 1 il 1 gün) sığorta stajı toplanır. Başqa sözlə, “Əmək rpensiyaları haqqında” Qanunun 7-ci maddəsinndə nəzərədə tutulan 25 il sığorta stajı alınmır. Digər tərəfdən, onun fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən, qeydə alınmış pensiya kapitalının mövcudluğu da müəyyən olunmur. Belə ki, iddiaçının 65 yaşının tamam olduğu 2021-ci ildə “Əmək pensiyaları haqqında, Qanunun 6-1-ci maddəsi ilə müəyyən olunan minimum pensiya məbləği 200 manat təşkil etmişdir ki, Qanunun 45-ci maddəsinə müvafiq olaraq pensiya ödəniş müddəti nəzərə alınmaqla hesablama aparıldıqda, ona 28.800,0 (144 ay x 200) minimum pensiya kapitalı toplaması lazım gəldiyi halda, fərdi hesabının sığorta hissəsində cəmi, 18.114.54 manat məbləğində (xx.xx.2006-cı il tarixədək 17685.67 manat, xx.xx.2020--xx.xx.2021-ci il tarixədək 428.87 manat) yığılmış olur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə və bundan sonra da, onun - istər 25 il sığorta stajı, istərsə də fərdi hesabının sığorta hissəsində minimum pensiya məbləğində pensiya öədnişinə imkan verən pensiya kapitalına malik olduğu sübuta yetirilmir. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda, cavabdeh pensiya təyinedicisi tərəfindən ona yaşa görə pensiya təyin olunmasından imtina olunması əsaslıdır. Əsaslı imtina isə onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə qeyd olunan əsalara görə iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin onun sığorta stajının düzgün hesablanmadığını, o cümlədən sahibkarlıq fəaliyyəti üzrə ödənişlərinin nəzərə alınmadan əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1441/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1441/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver