Məhkəmə qərarları › İş №2-1(103)-1442/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1442/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1442/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Bakı şəhəri Sabunçu rayon xidmət nümayəndəliyinin nümayəndəsi X9 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il tarixdə 6 nömrəli peşə məktəbinə qəbul edilərək, xx.xx.1971-ci il tarixədək oxuduğu müddətin, xx.xx.2013-cü ildən İ qrup əlil yoldaşına baxdığı dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı kimi qəbul edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının arvadı X10 İ qrup əlilliyə görə xx.xx.2013-cü il tarixdən 225,90 manat pensiya alır. İddiaçı arvadı ilə Bakı şəhəri Pirşağı qəsəbəsi bağ massivində qeydiyyatsız yaşayırlar, həmçinin, xx.xx.2013-cü ildən İ qrup əlil arvadına qulluq edir. Qeyd edilənlərə əsasən əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, azı 25 il sığorta stajı olmadığı əsas gətirilərək müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazının dəlillərinə görə, iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixinədək peşə məktəbində təhsil almışdır. İddiaçı göstərilən illərdə təhsil müəssisəsini bitirdiyini qeyd etsə də, bu barədə hər hansı yekun sənədi (diplom və ya attestat) təqdim etməmişdir. İddiaçının İ qrup əlilə baxmış olduğu dövr “Qaydalar”a əsasən müvafiq akt ilə təsdiq edilməlidir. Buna baxmayaraq iddiaçı bu barədə hər hansı bir sənəd təqdim etməmişdir. Göstərilən sənədlər olmadan yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında ona 19 il 10 ay sığorta stajı hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Qaydaların 3-cü maddəsində sığorta stajını təsdiq edən sənədlərin siyahısı verilmişdir. Sözügedən qaydaların 3.2.5-ci maddəsinə əsasən: İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən AKT (10 nömrəli Əlavə) ilə onun sığorta stajı təsdiq edilir. İddiaçı tərəfindən İ qrup əlil yoldaşına qulluq etməsi faktının tanınması barədə Pirşağı Bələdiyyəsinin sədri tərəfindən imza və möhürlə təsdiqlənmiş xx.xx.2020-ci il tarixli akt təqdim edilmiş və məhkəmə tərəfindən bu akt sübut kimi qəbul edilmişdir. Bələdiyyə tərəfindən verilmiş sözügedən akt iddiaçının sığorta stajını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Ona görə ki, Bələdiyyə orqanının belə bir akt qəbul etmək barədə səlahiyyəti mövcud deyildir. Çünki, sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 25ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Yəni, sözügedən akt bələdiyyə orqanı tərəfindən deyil, icra hakimiyyəti orqanı tərəfindən qəbul edlməli idi. İddiaçının yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə təqdim etdiyi sənədlər əsasında ona 19 il 10 ay staj hesablanmışdır. Sonradan iddiaçı məhkəməyə müraciət edərkən attestatı və sözügedən aktı məhkəməyə təqdim etmiş və məhkəmə tərəfindən bu sənədlər qəbul edilmişdir. İddiaçının təqdim etmiş olduğu Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş akt yuxarıda göstərilən səbəblərə əsasən stajı təsdiq edən sənəd kimi qiymətləndirilə bilməyəcəyindən aktın özündə göstərilmiş xx.xx.2012-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövrlər də sığorta stajına daxil edilməməlidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat təsdiqli surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. xx.xx.1971-ci il tarixdə doldurulmağa başlanan iddiaçıya məxsus əmək kitabçasının notariat təsdiqli surətinə əsasən, o, xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək 24 nömrəli Tikinti İdarəsində 2-ci dərəcəli rəngsaz; xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək (xx.xx.1973-cü ildə 1 saylı sexə isti döymələr üzrə 2-ci dərəcəli rəngsaz kimi qəbul edilməklə) Bakı Tikinti Maşınları Təmiri Zavodunda 2-ci dərəcəli rəngsaz; xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (xx.xx.1976-cı ildə 2-ci dərəcəli dülgər təyin edilməklə) həmin zavodda 1-ci dərəcəli dülgər; “Omsktselinostroy”da xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək 5--ci dərəcəli təlimatçı; xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək malyükləyən; xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək 5-ci dərəcəli rəngsaz; xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək 5-ci dərəcəli suvaqçı; xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilədək 5-ci dərəcəli suvaqçı-rəngsaz; xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək 5-ci dərəcəli suvaqçırəngsaz; xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 5-ci dərəcəli naxışçı; X1 - xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək ümumi fəhlə; xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək 2-ci dərəcəli suvaqçı; xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək tikinti briqadasında 2-ci dərəcəli fəhlə; Baştorpaqsutikinti “Muğan” istirahət evi - xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək mühafizəçi; Bakı Məişət Tullantılarının Eksperimental Zavodu - xx.xx.1987-ci ildən xx.xx.1990-ci ilədək biometrik sexə yükboşaldan fəhlə, məişət tullantılarının zərərsizləşdirilməsi və atılması üzrə fəhlə və fəhlə-nəzarətçi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №li Ruhi Xəstəxanası - xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək fəhlə; Asfalt-Beton Zavodu - xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü ilədək Balaxanı sahəsində mühafizəçi vəzifələrində işləmişdir. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli EÇ 027127 nömrəli arayışın notarial qaydada təsdiq və tərcümə olunmuş surətinə görə, qeyd olunan arayış xx.xx.1994-cü ildə Tovuz Rayon Məhkəməsi tərəfindən AR Cinayət Məcəlləsinin 15, 143 İV hissə, 40-cı maddələri ilə əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrumemə cəzasına məhkum edilmiş İddiaçı verilmişdir ondan ötrü ki, həqiqətən o, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək azadlıqdan məhrumetmə cəzasını çəkmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə cəzadan 2 il 5 ay 23 gün məcburi əməyə cəlb olunmaqla şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.1997-ci ildə verilmiş Xüsusi komendaturanın uçotundan çıxarılması barədə arayışın notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarına əsasən xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək xalq təsərrüfatına aid olan müəssisənin tikintisinə göndərilmiş və xx.xx.1997-ci il tarixdə xüsusi komendaturanın uçotundan çıxarılmışdır. xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Sabunçu VVADQ şöbəsi tərəfindən verilmiş İİ- AZ 047935 nömrəli nikah haqqında şəhadətnamənin notariat təsdiqli surətinə görə, İddiaçı ilə X6 2003-cü ilin fevral ayının 25-ci günündə nikaha daxil olmuşlar və nikahdan sonra arvada İmanova soyadı verilmişdir. DSMF Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********1 nömrəli arayışdan müəyyən olunur ki, X10 DSMF-nin Xaçmaz rayon şöbəsindən İ qrup əlilliyə görə xx.xx.2012-ci ildən həy ay 253 manat 67 qəpik məbləğdə ömürlük pensiya alır. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1968 nömrəli arayışdan və X2 (AZE № 02043558) və X3 (AZE № 17480618) iştirakı ilə tərtib olunan və Pirşağı Bələdiyyəsinin sədri tərəfindən imza və möhürlə təsdiqlənmiş xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, İmanov X4 qəsəbəsində bağ massivində qeydiyyatsız yaşayır, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək arvadı X5 qulluq edir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubunda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. Təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığı üçün əmək pensiyası hüququ yaranmır. xx.xx.1971-cı ildə verilmiş 1730 nömrəli attestatın notariat təsdiqli surətinə görə, iddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1971-cı il tarixədək Bakı şəhər 6 saylı texniki peşə məktəbində rəngsaz ixtisası üzrə təhsil almışdır. NZ ******* nömrəli hərbi biletin notariat təsdiqli surətinə əsasən, iddiaçı xx.xx.1973cü il tarixdən xx.xx.1975-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9-cu bəndinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti, v) yarımbəndinə görə isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti ümumi iş stajına daxil edilir. Eyni Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, iddiaçının xx.xx.2017-ci il tarixdə 63 yaş 6 ayı tamam olmuşdur, bu da pensiya qanunvericiliyinin xx.xx.2017xx.xx.2018 tarixləri arasında kişilərə münasibətdə 63 yaş 6 ay tələbinə cavab verir. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunla tələb olunan 25 illik sığorta stajına gəldikdə isə, onun təhsil müddəti (10 ay), hərbi xidmət dövrü (2 il), məhkum olunduğu müddətdə əməyə cəlb edildiyi dövr (1 il 2 ay) və İ qrup əlil arvadına qulluq etmə müddəti (xx.xx.2013-cü il tarixdən cavabdehin imtina tarixinədək hesablanmaqla 6 il 8 ay) də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə təsdiqini tapır. Cavabdeh də təhsil və İ qrup əlilə qulluq müddətləri olmadan iddiaçının iş stajının 19 il 10 ay olmasını mübahisə etmir. Bütün qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası məhz bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.5ci bəndində təsbit olunan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən aktın forması kimi Qaydalara 10 nömrəli Əlavədə, sözügedən aktın pensiya təyin edən inzibati orqanlar tərəfindən tərtib olunması göstərilmişdir. Adıçəkilən Qaydaların 3.9-cu bəndində isə 10 nömrəli Əlavədə əks olunan akta əsas kimi çıxış edən (İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti barədə) aktın yalnız şəhər (rayon) icra hakimiyyəti orqanları tərəfindən tərtib olunması təsbit olunmamış, alternativlik “və ya” bağlayıcısı ilə ifadə edilmişdir. Odur ki, məsələ ilə bağlı cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 25-ci maddəsinə istinadı da qanunun səhv təfsirindən ibarətdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Bakı şəhəri Sabunçu rayon xidmət nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar