Məhkəmə qərarları › İş №2-1(103)-1442/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1442/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1442/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1776/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 18.09.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə onun əmək pensiyasının yenidən hesablanması və pensiyanın səhv hesablanması nəticəsində yaranan kəsrin birdəfəlik ödənilməsinə dair öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1955-ci il tarixində anadan olmuşdur, 1972-ci ildə əmək fəaliyyətinə başlamışdır, 25 ildən artıq əmək stajı var, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və həmin maddədə qeydə uyğun olaraq 2020-ci ilin 1 fevral tarixindən yaşa görə əmək pensiyası almaq hüququ əldə etmişdir. Həmin aydan başlayaraq o, hər ay 200 manat məbləğində pensiya almışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21 və 22-ci maddələrinə görə əmək pensiyası sığorta stajına uyğun təyin olunur. Lakin ona pensiya təyin olunarkən ondan staj barəsində heç bir sənəd tələb edilməmişdir, sadəcə minimal pensiya təyin olunmuşdur. Əmək kitabçasına görə pensiya təyinatına kimi, yəni 2020-ci ilin fevralın 1-nə qədər onun iş stajı 36 ildir. Fərdi sahibkarlıqla məşğul olduğu 2006-2012-ci illərdə onun 69 ay ərzində fəaliyyəti olmuş və həmin aylar üçün sosial ödəmələr etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1776/2021 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı iddiası mümkün sayılmamışdır. 12.02.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1776/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesinə gələn DSMFnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adlanan qurumun nümayəndəsi məhkəməyə bildirmişdir ki, mübahisələndirilən məsələ üzrə cavabdeh qismində DSMF deyil, Fondun strukturuna daxil olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı çıxış etməlidir. Cavabdehin dəyişməsini hansı normativ-hüquqi akta istinadən aparılmasını Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmin qurumun nümayəndəsinin müraciətinə əsaslanaraq iddiaçıya cavabdehi dəyişməyi təklif etmişdir, iddiaçı bu təkliflə razılaşmayaraq məhkəmədən cavabdeh kimi DSMF-ni tanımağı və məhkəmə prosesini davam etdirməyi xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı 21.04.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, 21.04. tarixdə gecə ezamiyyətə getdiyindən iclasın başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq, birinci instansiya icraatında olan mövqeyi müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbini iddiaçıya əmək pensiyasının yenidən hesablanması və pensiyanın səhv hesablanması nəticəsində yaranan kəsrin birdəfəlik ödənilməsinin cavabdehə həvalə olunması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradıldığından, habelə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri üzrə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Sosial Ödənişlərin Mərkəzi Təyinati İdarəsi yerinə yetirir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində nəzərdə tutduğu tələbi hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş inzibati orqanın səlahiyyətləri çərçivəsində olmadığından birinci instansiya məhkəməsinin iddia tələbini mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçıya birinci instansiya məhkəməsində cavabdehin dəyişdirilməsi təklif edilmişdir, iddiaçı etiraz etmişdir, apellyasiya icraatı zamanı da eyni mövqedə olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2-1(112)-1776/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar