Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1442/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əvvəlki üç il üçün ödənilməmiş müavinətin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11691/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1) ona xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavebdehə həvalə olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxsdir. Ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 19 aprel 2022-ci il tarixli, 01242 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. O, keçmiş dövr üçün sosial müavinət ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu tərəfindən 19 iyul 2022ci il tarixli, **********0 saylı məktubla cavab verilərək göstərilmişdir ki, ona müavinət təyin edilməsi üçün təqdim etməli olduğu zəruri sənəd 19 aprel 2022-ci il tarixində əldə etdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı əsasında müharibə veteranların 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq, nəzərdə tutulmuş güzəştlər “Veteran Vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Müharibə veteranları üçün nəzərdə tutulan təqaüd 19 aprel 2022-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. Veteran vəsiqəsi 19 aprel 2022-ci il tarixdən verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən ərizədə qeyd olunan dövrlər üzrə müavinətin təyin edilərək, ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən, yəni müharibə veteranı adı verildiyi tarixdən 3 il əvvəlki dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsini xahiş etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən imtina məktub ilə İddiaçı müharibə veteranı statusunu aldığı tarixdən təqaüd təyin edildiyini və əvvəlki 3 il üçün sosial müavinəti ödəməkdən imtina edildiyini bildirmişdir. İddiaçı 19 aprel 2022-ci il tarixində 01242 nömrəli veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, şərh olunan qanunvericilik aktları normasının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11691/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddiasının tam təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «..Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli,396 nömrəli Fərmanına əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar veteran vəsiqəsi təqdim edildiyi gündən həyata keçirilir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda torpaqların müdafiəsi üzrə gedən döyüş əməliyyatlarında ön cəbhələrdə erməni qəsbkarlarına qarşı şücaətlə döyüşməyimə, döyüş tapşırıqlarını layiqincə yerinə yetirməyimə, vətənə və xalqına layiqli əsgər olamığıma, həmçinin mühirəbə veteranı olduğum üçün dövlətimiz tərəfindən ödənilməsi nəzərdə tutulan müavinətlərimin ödənilməsi təmin olunmamışdır.” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Əzizli iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, veteran vəsiqəsi verildiyi 19 aprel 2022-ci il tarixindən ona prezident təqüdü təyin edilərək ödənildiyini və qanunvericiliyə görə artıq müharibə veteranlarına ödənilən sosial müavinətlər ləğv edildindən, əvvəlki üç il üçün iddiaçıya müavinət ödənilməsinin mümkünsüz olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş edilmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli 01242 saylı müharibə veteranı vəsiqəsi verilmiş, xx.xx.2022-ci il tarixdə müharibə vetranlarına ödənilən prezident təqaüdü təyin olunması üçün cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən ona müharibə vetaranı vəsiqəsinin verildiyi xx.xx.2022-ci il tarixindən prezident təqaüdü təyin edilmişdir (Həmin tarixdən ona təqaüdün ödənildiyi işin mübahisələndirilməyən halıdır). Konkret halda, iddiaçı tərəfindən apellyasiya şikayətində mübahisələndirilir ki, əvvəlki üç il üçün, yəni, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək olan müddət üçün ona müharibə veteranı kimi müavinət ödənilməlidir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, ”Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixindən prezident təqaüdü təsis edilənə qədər müharibə veteranlarına müavinətlərin ödənilməsi qanunvericiliklə aşağıdakı normalara uyğun ödənilirdi. “Sosial müavinətlər haqqında” Qanununun 4.0.1.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; Həmin Qanunun 7.0.6-jı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: …; - 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Qanunun 9.1; 9.15-ci maddələrinin qeyd olunan tələbləri baxımından, iddiaçıya əvvəlki üç illik keçmiş dövr üçün müharibə veteraları üçün nəzərdə tutulan müavinətin ödənilməsi istisna edilir. Belə ki, Qanunun qeyd olunan tələblərindən aydın görünür ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş hallarda hüququ itirilənədək ödənilə bilər, qanunvericiliklə onların bu hüququ itirildikdə belə müavinət ödənilə bilməz. Konkret halda da, məhz, iddiaçının qeyd olunan müavinəti almaq hüququ qanunvericiliklə itirilmişdir. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndi ilə xx.xx.2019-cu il tarixindən 80 manat aylıq məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir (Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir). Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını maddi hüquq normalarının qeyd olunan tələbləri baxımından uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə çıxarıldığını vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11691/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11691/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1442/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1442/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver