Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1442/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5064/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2012-ci ildən Qarabağ müharibəsinin 2-ci qrup əlili kimi dörd nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsi siyahısında Xətai rayon sakini kimi nəzərə alınaraq Hövsan qəsəbəsi, Yeni massivdə mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətində ikinci dərəcə müharibə əlili kimi mənzil növbəsi siyahasında 136-cı sırada olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2014-cü il tarixli məktubla Zəngilan Rayon İcra Hakimiyyətindən həmin siyahını tələb etmişdir. Zəngilan Rayon İcra Hakimiyyəti Zəngilan rayonunda olan Qarabağ müharibəsi əlillərinin siyahısını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdir. İddiaçı hər iki müharibənin iştirakçısı, ikinci qrup əlil kimi 2012-ci il tarixdən bugünə qədər mənzillə təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-5064/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci ildən Qarabağ müharibəsinin ikinci qrup əlili kimi beş nəfər ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsi siyahısında Xətai rayonu sakini kimi nəzərə alınaraq, Hövsan qəsəbəsi, Yeni massivdə mənzillə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən onun cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin olunma tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar ləğv olunmalıdır. İddiaçi 2012-ci ildə Zəngilan Rayon İcra Hakimiyyətində ikinci qrup müharibə əlili kimi mənzil növbəsi siyahısında 136cı sırada olmuşdur. Zəngilan Rayon icra Hakimiyyəti Qarabağ müharibəsi əlillərinin siyahısını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdir. Lakin bu günədək mənzillə təmin olunmamışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Bundan sonra məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə iddiası təmin olunmayaraq hüquqları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə əsasızdır. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə onun qazsız və qəzalı vəziyyətdə olan binada yaşadığını nəzərə almamışdır. Bununla bağlı kifayət qədər sübutlar təqdim etmişdir. 2012-ci il tarixdən Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən siyahıya almadan sonra onun ikinci qrup müharibə əlili kimi mənzil almaq hüququ yaranmış olur. Bu səbəbdən də onun mənzillə təmin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək, etirazın əsası kimi məcburi köçkün status olan və Qarabağ Əlili olan şəxslərin mənzillə təmin edilməsi ilə bağlı tədbirlərin görülməsinin onların deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olması halına istinad etmişdir. Ancaq cavabdeh təşkilatın nizamnaməsində də öz əksini tapmışdır. Bu məsələ birbaşa onların səlahiyyətindədir. Onun mənzillə təmin edilməsi cavabdehin müstəsna səlahiyyətindədir. Məhkəmə əsassız olaraq onun mənzillə təmin olumamağının hüquqi əsası kimi “Azərbaycan Respublikasinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağli bir sira tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamını əsas gətirir. İddiaçı 2012-ci il tarixdən mənzil növbəsinə götürülmüşdür. Onun Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsində qeydiyyata alınmadığını əsas gətirməklə məhkəmə əsassız nəticəyə gəlmişdir. Agentlik istənilən yerdə onu mənzillə təmin edə bilərdi. İstəsə Zəngilan rayonunun Ağalı kəndində təmin edə bilərdi və o, buna etiraz edə bilməzdi. Lakin məhkəmə, ümumiyyətlə, onun mənzillə təmin olunmasına qarşı çıxmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ona cavabdeh tərəfindən mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bunu bildirən məhkəmə əsassız nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ərizə ilə düzgün ünvana müraciət etmiş, faktiki şərtlərin mövcudluğunu sübut etmiş və mənzil növbəsində olduğuna dair sənədləri məhkəməyə təqdim etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ərazisində 5 nəfər ailə tərkibində mənzillə təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5064/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilmiş, İddiaçı 5 nəfər ailə tərkibində Bakı şəhəri ərazisində mənzillə təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2- 1(103)-1519/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyasında ikinci icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu və ya Xətai rayonu ərazisində 5 nəfər ailə tərkibində mənzillə təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilərək Bakı şəhəri Səbail rayonu və ya Xətai rayonu ərazisində 5 nəfər ailə tərkibində mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2014cü il tarixli 214 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na, Mənzil Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Zəngilan rayonu üzrə əlil olmuş şəxslərin və şəhid ailələrinin məskunlaşdığı rayonları üzrə siyahısı göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Zəngilan rayonunda olan Qarabağ müharibəsi əlillərinin siyahısında 136-cı sırada ikinci qrup əlil olan İddiaçı adı qeyd olunmuşdur. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Xətai rayon MKTB-nin 66 saylı MKİS-nin 953 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçı həqiqətən Xətai rayonunda Əhmədli şossesi 15c ünvanında beş nəfər ailə tərkibində (İddiaçı, L.M.Məmmədova, H.T.Məmmədli, Y.İddiaçı, N.Z.Hacıyeva) qeydiyyatsız yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışlarından görünür ki, İddiaçı, X6, X3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayışın surətindən görünür ki, İddiaçı səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmaqla xx.xx.2008-ci il tarixindən müddətsiz ikinci dərəcə əlildir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarda qeyd olunur: Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında adınız qeyd edilməmişdir. Vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni quldur dəstələri tərəfindən zəbt olunmuşdur. Ərazi işğal zonasına daxil olduğu üçün “mənzil fondu” olmamış, mənzilə ehtiyacı olan şəxslərin uçotları sərəncamlar əsasında deyil, adlı siyahılara əsasən aparılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 yanvar 2014-cü il tarixli 11/30-188 nömrəli məktubuna əsasən yaşayış sahələri ilə təmin olunmaları üçün qeyd olunan mərkəzi icra hakimiyyəti orqanına göndərilmişdir. O cümlədən siyahıda 354-cü şəxs kimi qeydiyyatdan keçən İddiaçı adı Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na, Mənzil Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Zəngilan rayonu üzrə əlil olmuş şəxslərin və şəhid ailələrinin siyahısına daxil edilərək 02 aprel 2014-cü il tarixdə 214, 31 oktyabr 2017-ci il tarixdə 814 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 4.0-cü maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» xx.xx.2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı şəxslərin (ailələrin) 2021-2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin” Nizamnaməsi: 1.1. Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.16. dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmaqla xx.xx.2008-ci il tarixindən müddətsiz ikinci dərəcə əlildir. Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş imtiyazlı şəxslərin siyahısında iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs kimi mənzilə ehtiyacı olan şəxs qismində uçota alınmış və müvafiq siyahı 02 aprel 2014-cü il tarixdə 214, 31 oktyabr 2017-ci il tarixdə 814 nömrəli məktublarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İddiaçı onun ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzillə təmin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2400/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunur: 24. Məhkəmə kollegiyası cavabdehin o mövqeyi ilə razılaşır ki, iddiaçının müharibə əlili kimi mənzillə təmin olunması üçün ilk növbədə, onun imtiyazlı əsaslarla mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi müvafiq icra hakimiyyəti tərəfindən mənzil uçotuna alınması barədə qəbul edilmiş inzibati akt - sərəncam olmalıdır. Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının imtiyazlı əsaslarla (müharibə əlili kimi) mənzil növbəsinə götürülməsi barədə belə bir inzibati akt - sərəncam qəbul edilməmişdir. … 25. Qeyd edilməlidir ki, müvafiq sərəncamın olmaması birmənalı olaraq iddiaçının mənzillə təmin edilməməli olmaması nəticəsinə gəlməyə də əsas vermir. 31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. 32. Başqa sözlə, icra hakimiyyətinin müvafiq siyahısında olan digər şəxslər müvafiq sərəncam olmadan mənzillə təmin edilibsə, bu halda, iddiaçı etimadın qorunması hüququna istinad etməyə, yəni inzibati orqandan ona münasibətdə eyni mühüm faktiki hallara malik olan digər şəxslərlə davrandığı kimi davranmağı tələb etməyə haqlıdır. 33. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən siyahıdakı digər şəxslərin mənzillə təmin edilib-edilmədiyi, müsbət halda, hansı hüquqi sənədlərə əsasən təmin edildiyi araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq yuxarıda qeyd olunan prinsipləri rəhbər tutmaqla iddia tələbinə hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə uyğun araşdırma aparılmış və məhkəmənin sorğusuna verilən cavab məktubu və sənədlərdən görünür ki, Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş imtiyazlı şəxslərin siyahısında adları qeyd olunan şəxslərdən X8 (şəhid ailəsi kimi) və X9 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi) məhkəmə qərarlarına əsasən mənzillə təmin olunmuşlar. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X1 rayonu, Yeni Yaşayış kompleksində, X9 isə Bakı şəhəri, Suraxanı rayonu, «Hövsan» yaşayış kompleksində mənzillə təmin olunmuşlar. Məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qeyd olunan siyahıya adları daxil edildiyindən həmin şəxslərin mənzilə ehtiyacı olan imtiyazlı şəxs kimi uçota alındığı və bu səbəbdən onların mənzillə təmin olunmaq hüququna malik olmaları müəyyən edilmişdir. İddiaçı X5 iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1917/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunur ki, Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən Zəngilan rayonu üzrə qeydiyyatda olan imtiyazlı şəxslərin siyahısında iddiaçı şəhid ailəsi kimi mənzilə ehtiyacı olan şəxs kimi uçota alınmışdır və iddiaçının həmin Sərəncamdan irəli gələn öhdəliyin icrası ilə bağlı hazırki məzmunda tələb hüququ vardır (21, 22-ci bəndlər). Göründüyü kimi, qeyd olunan siyahıda adları olan şəxslərdən imtiyazlı şəxs kimi mənzilə ehtiyacı olan qismində müvafiq sərəncam olmadan mənzillə təmin olunan şəxslər vardır və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin siyahı imtiyazlı şəxslərin mənzilə ehtiyacı olan şəxs qismində uçotu kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində qeyd olunmuş hamının inzibati orqan qarşısında bərabərliyi prinsipinin pozulmasına gətirib çıxarır. Eyni zamanda həmin Qanunun 13.2-ci maddəsinin tələblərindən göründüyü kimi, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Bundan başqa, Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Zəngilan rayonu işğal zonasına daxil olduğu üçün “mənzil fondu” olmamış, mənzilə ehtiyacı olan şəxslərin uçotları sərəncamlar əsasında deyil, adlı siyahılara əsasən aparılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın hansı formada tərtib edilməsi inzibati orqanların səlahiyyətlərinə aiddir, bu, iddiaçının məsuliyyət sahəsinə aid olan məsələ deyildir. Hazırki halda iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzilə ehtiyacı olan şəxs qismində uçota alınması məqsədi ilə inzibati orqana müraciət etmiş, inzibati orqan sərəncam qəbul etməmiş, bunun əvəzinə siyahı tərtib etməklə kifayətlənmiş və bunun səbəbini məhkəməyə ünvanladığı məktubda əsaslandırmışdır. Məhz iddiaçı X5 iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1917/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında məhkəmə kollegiyası onu sərəncam kimi qiymətləndirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin Bakı şəhəri Səbail rayonu və ya Xətai rayonu ərazisində mənzillə təmin olunma hissəsi ilə əlaqədar qeyd edir ki, mənzilin yerləşmə yerinin seçilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir. Nəzərə almaq lazımdır ki, dövlətin sosial dövlət prinsipindən irəli gələn müəyyən kateqoriyaya aid şəxsləri mənzillə təmin etmək öhdəliyinin icrası sosial ədalətin təmin edilməsi məqsədinə yönəlsə də, dövlətin maliyyə imkanları ilə sıx bağlı olan məsələdir. Bu zaman məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsinin qarşısı alınmalıdır. Odur ki, müvafiq sahədəki idarəçiliyi həyata keçirən orqanlar konkret şəraitdə mənzil təminatı məsələsini həll edərkən diskresion səlahiyyətlərə malik olurlar. İddiaçının mənzillə təmin edilməli olması ilə bağlı məhkəmə qərarının icrası zamanı mənzilin yerləşmə yerinin seçilməsi cavabdehin diskresion səlahiyyətləri çərçivəsində həllini tapacaqdır. İddiaçı mənzilin yerləşmə yerindən narazı olduğu halda, təkrar məhkəməyə müraciət etməklə, cavabdehin diskresion səlahiyyətlərindən düzgün istifadə edib-etməməsinin qiymətləndirilməsini tələb edə bilər. Ona görə də qeyd olunan hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı 5 nəfər ailə tərkibi ilə mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5064/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı 5 nəfər ailə tərkibi ilə mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.