Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1443/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü il tarixində Naxçıvan MR-in Şahbuz rayonunun Qarababa kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) “hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(112)-598/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X1 30.01.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin “ona əlilliyin təyin olunması barədə qərarın etibarsız hesab edilməsinə dair qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 22.01.2018-ci il tarixdən 1-ci qrup əlil olaraq pensiya təyin edilmişdir. İyul ayına kimi pensiyanın təyin edilməsində heç bir problem mövcud olmamışdır. 2018-ci ilin iyul ayının axırlarında təyin edilmiş pensiyanın alınması üçün kartı bankomata saldıqda bankomat qəbul etmiş kartı heç bir əməliyyat aparmadan geri qaytarmışdır. O, dializ xəstəsidir və tez-tez müalicə olma səbəbindən kartın aqibəti ilə maraqlanmağa imkanı olmamışdır. Buna baxmayaraq bir neçə yerlə bununla bağlı telefonla əlaqə saxlamağa çalışmış, lakin nəticə əldə etməmişdir. O, 1-ci qrup əlil olduğuna və pensiyanın təyin edilməsinə baxmayaraq pensiyanın alınmasında çətinlik çəkdiyinə görə bir müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-ya rəsmi müraciət etmişdir. ƏƏSMN yanında DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən ona 02.10.2018-ci il tarixli bildiriş göndərilmiş və pensiyanın təyinatı üçün təqdim edilmiş “Forma 88”-in etibarsız hesab edildiyini və bu səbəbdən pensiyanın dayandırıldığını bildirmişdir. Bu səbəbdən o, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı inzibati orqanın qanunsuz hərəkətlərinə son qoyulması, pensiyanın dayandırılması barədə inzibati aktın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2-1(82)- 412/2019 saylı qərarı ilə iddia təmin edilmədiyindən həmin qərardan apellyasiya şikayəti verilmiş və Apellyasiya Məhkəməsində məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən məhkəməyə təqdim olunan məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 21.02.2018-ci il tarixli ******* AADCR saylı göndərişi əsasında 22.02.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmiş, lakin göndərişi rəsmiləşdirən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AADCR saylı göndərişin əsassız rəsmiləşdirildiyinə görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məktub ünvanlayaraq onun haqqında əlilliyin etibarsız hesab edilməsi barədə qəbul edilmiş qərarın surətinin ona təqdim edilməsini xahiş etmiş, lakin əlillik altsistemində onun haqqında əlilliyin etibarsız hesab edilməsi barədə qəbul edilən qərar ona təqdim edilməmişdir. 04.11.2020-ci il tarixli məhkəmə iclasında “İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsi qanunsuz hesab edilməsi və həmin alt sistemdə İddiaçı aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(112)-598/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilmiş, İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsi qanunsuz hesab edilməsi və həmin alt sistemdə İddiaçı aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(112)-598/2021 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 21.02.2018-ci il tarixli, 4110003AADCR saylı göndərişi əsasında 22.02.2018-ci tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirmənin aparılmasına əsas verən iddiaçının adının da olduğu siyahı üzrə göndərişlər Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən etibarsız hesab edildiyindən, inzibati orqan tərəfindən tədbir görülərək adları siyahıda olan, dövlət büdcəsindən qanunsuz olaraq vəsait ödənməsinə nail olmuş şəxslərin, o cümlədən İddiaçı “Əlillik altsistemi”ndə qiymətləndirmələri etibarsız edilmişdir. Göründüyü kimi iddiaçı faktiki olaraq inzibati orqan tərəfindən qiymətləndirmənin etibarsız edilməsi ilə bağlı görülmüş tədbir olan inzibati aktı mübahisələndirir və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Qeyd olunan tələblər mübahisələndirmə və məcburetmə iddialarıdır. İddiaçıya aid qiymətləndirmə 2018-ci il tarixdə etibarsız edildiyindən iddianın mümkünlük şərtinə əməl edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş yazılı münasibətində aşağıdakılar bildirilmişdir: - İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.02.2018-ci il tarixli, 4110003AADCR nömrəli göndərişinə əsasən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 27.07.2018-ci il tarixli, 029-2360-1218/5 nömrəli məktubu ilə 226 nəfərin, o cümlədən İddiaçı əlilliyinin təyini üçün əsas olmuş göndərişinin etibarsız edilməsi barədə məlumat daxil olmuşdur. Qeyd olunan əsasla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyi etibarsız edilmişdir. İş materiallarından və cavabdeh inzibati orqanın yazılı münasibətindən göründüyü kimi, iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə əsasən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 27.07.2018-ci il tarixli, 029-2360-1218/5 nömrəli məktubu olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qaldırmış olduğu ona əlilliyin təyin olunması barədə qərarın etibarsız hesab edilməsinə dair qərarın etibarsız hesab edilməsi tələbi mümkün sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk öncə, cavabdehin əlilliyinin etibarsız hesab edilməsi hərəkətinin əsası kimi çıxış etmiş “Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 27.07.2018-ci il tarixli, 029-2360-1218/5 nömrəli göndərişinin hansı səbəbdən əsassız rəsmiləşdirilmə aparmasını mübahisələndirməlidir. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(112)-598/2021 nömrəli qərarı əsassız olduğundan ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(112)-598/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İddiaçı əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsi qanunsuz hesab edilməsi və həmin alt sistemdə İddiaçı aid qiymətləndirmənin bərpa edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1443/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1443/2021
13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver