Məhkəmə qərarları › İş №2-1(103)-1443/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1443/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1443/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (fərdi vəkil) iştirakı ilə, İddiaçı (16.04.1955-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına qarşı “görüşlərə və telefon danışıqlarına icazə verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2- 1(112)-108/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 02.11.2018-ci il tarixində cavabdehlər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Bakı İstintaq Təcridxanasına qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, qardaşı X4 ilə görüşməsinə icazə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2018-ci il tarixdən başlayaraq iddiaçı X3 Bakı İstintaq Təcridxanasında saxlanan qardaşı məhbus X4 ilə qanunla müəyyən edilmiş qaydada qısa müddətli görüşlərinə və telefon danışıqlarına Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən heç bir əsas olmadan icazə verilməmişdir. Görüşlərə və telefon danışıqlarına qoyulan məhdudiyyətlərin aradan qaldırlması üçün iddiaçı dəfələrlə Penitensiar Xidmətə, Bakı İstintaq Təcridxanasına müraciət etmiş, lakin müraciətlərinə cavab verilməmişdir. İddiaçının şikayətlərindən sonra görüşlər barədəki məhdudiyyətlər, sonra isə telefon danışıqlarına məhdudiyyətlər aradan qaldırılmışdır. Hazırda məhbus X1 Xidmətin 13 saylı cəzakəçmə müəssisəsində saxlanılır və iddiaçının qardaşı ilə qısa müddətli görüşlərinə və telefon danışıqlarına məhdudiyyətlər mövcud deyil. Lakin hesab edir ki, iddiaçı bir ildən çox müddətdə qardaşı məhbus C.Hacıyevlə görüşmək və telefon danışıqlarından məhrum edildiyi üçün bu qanunsuzluğa məhkəmə tərəfindən hüquqi qiymət verilməli və bununla əlaqədar olaraq Avropa Konvensiyasının 8ci maddəsinin pozuntusu tanınmalıdır. Göstərilənlərə əsasən cavabdehlər tərəfindən iddiaçının qardaşı məhbus X4 ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilməməsinin Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 12.11.2018-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilmişdir. Daha sonra 11.12.2018-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində yalnız Bakı İstintaq Təcridxanasının saxlanılmasını xahiş etmişdir. 11.12.2018-ci il tarixli qərardad ilə ərizə icraata qəbul edilmişdir. 07.01.2019-cu il tarixli qərardad ilə (hakim M.Hacıbəyova) inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)1246/2019 saylı iş üzrə qəbul etdiyi 18 fevral 2019-cu il tarixli qərardadı ilə (hakim R.Daşdəmirov) iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-981/2021 saylı, 03.04.2019-cu il tarixli qərardadı ilə (hakimlər M.Tağızadə, K.Abiyeva, Ü.Mayılov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2- 1(82)-1246/2019 saylı iş üzrə qəbul etdiyi 18 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(112)-2094/2019 nömrəli, 19.06.2019-cu il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, Z.Quliyev, İ.Hüseynov). iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 03.04.2019- ci il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1931/2019 saylı, 14.08.2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2-1(82)- 1246/2019 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və işin baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 01.11.2019-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilmişdir. 01.11.2019-cu il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X4 ilə qanunla müəyyən edilmiş qaydada telefon danışıqlarına şərait yaradılması öhdəliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəhbərliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra 20.12.2019-cu il tarixində iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı qardaşı məhkum X4 ilə qanunla müəyyən edilmiş qaydada telefon danışıqları hüququnun təmin edilməsi vəzifəsinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının üzərinə qoyulması barədə, eləcə də uzun müddətli qanun pozuntusu ilə əlaqədar Avropa Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 20.10.2021-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının qardaşı məhbus X4 ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilməməsinin Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 20.10.2021-ci il tarixli qərardad ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2- 1(112)-108/2021 nömrəli qərardadı ilə (hakim P.Hüseynov) iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2- 1(112)-108/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, məhkəmə nəzərə almamışdır ki, iddiaçının, məhkəməyə müraciətdən bir ay on gün əvvəl cavabdeh tərəfindən iddiaçının qardaşı məhbus C.Hacıyevlə görüşlərinə və telefon danışıqlarına qadağan qoyulmuşdur və iddiaçı qanunsuz hərəkətlərin aradan qaldırılması üçün cavabdehlərə şifahi olaraq çoxsaylı müraciətlər etmişdir. Lakin müraciətlərə cavab belə verilməmişdir, ikincisi, bu barədə iddia ərizəsinə baxılarkən cavabdeh məhkəmənin heç bir iclaslına belə gəlməmişdir. Hesab edir ki, məhkəmənin işin formal tərəfini əsas götürməsi cavabdehin gələcəkədə də analoji qanunsuzluqlarına şərait yaradır, bu isə məhkəmənin ədalətli mühakimə funksiyasına uyğun deyil. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi.Əlavə olaraq, iddiaçının məhkəmə iclası barədə məlumatının olduğunu bildirdi. Cavabdehlər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının ilkin tələbi qardaşı X4 ilə görüşməsinə icazə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması olmuş, daha sonra o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, yekun olaraq, cavabdehlər tərəfindən iddiaçının qardaşı məhbus X4 ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilməməsinin Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının çoxsaylı müraciətlərindən sonra onun məhkum qardaşı X4 ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müvafiq görüşlərə icazə verildiyindən tərəflər arasında hər hansı mübahisə qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkum qardaşı X4 ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verildiyindən, iddiaçının tələbi ilə çatmaq istədiyi məqsədə nail olduğundan, tərəflər arasında hər hansı mübahisə qalmadığından iddiaçının hazırkı tələbinin mümkünlüyü istisna olunur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan cavabdehlərin məhkəmənin heç bir iclasına belə gəlməmələri ilə bağlı qeyd edir ki, işin birinci instansiya icraatı materiallarından göründüyü kimi cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışlar, eyni zamanda 20.10.2021-ci il tarixli və 01.12.2021-ci il tarixli məhkəmə iclas protokollarına əsasən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehlərin nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlili əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2- 1(112)-108/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar