Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1443/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin arayışına əsasən 1981-ci il təvəllüdlü iddiaçı xx.xx.1998- xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, xx.xx.2002- xx.xx.2021-ci illərdə Silahlı qüvvələrdə zabit kimi xidmət etmiş, xx.xx.2020xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 01140 saylı əmrinə əsasən Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «J» bəndinə əsasən öz arzusu ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə (m.164) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək məhkəmədən onun və ailə üzvləri -arvadı və 2 övladının nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi və kirayə xərclərinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, xx.xx.1998-xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, xx.xx.2002-xx.xx.2021-ci illərdə Silahlı qüvvələrdə zabit kimi xidmət etmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək 2-ci Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Müdafiə nazirin xx.xx.2021-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Onun 4 nəfər (özü, arvadı, iki övladı) ailə tərkibi var. Ona məxsus torpaq sahəsi, ev və qeyri-yaşayış sahəsi yoxdur. Hal-hazırda qohum evində yaşayır. Qeyd olunanlar nəzərə alınmaqla, o, cavabdehə müraciət edərək onun mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin sonuncu 04 may 2022-ci il tarixli məktubu ilə həyat yoldaşının adına rayonda torpaq sahəsinin olması səbəbi ilə imtina verilmişdir. İddiaçı «Hərbi qulluqçuların statusu haqqında» qanunvericiliyə istinadən hesab edir ki, imtina qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim O.Həsənov) iddia qismən təmin edilmiş, İddiaçı ailə üzvləriarvadı X5, övladları X1 və X4 nəzərə alınmaqla, mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarının əsaslandırıcı hissəsində tamamilə səhv qənaətə gələrək mənim hüquqlarımı kobud şəkildə pozan qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini özü üçün düzgün aydınlaşdıra bilməmişdir. İlk növbədə mənzillə təmin olunmalarına diqqət yetirməmiş və bu zaman digər əsaslarla ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların növbəlilik qaydasında uçota götürülərək mənzillə təmin olunmaq hüquqlarını görmək istəməmişdir. Ona görə də məhkəmənin diqqəti başqa istiqamətə yönəldərək yanlış arqument əsasında qərar qəbul etməsi absurd olmaqla qanunsuz və əsassızdır. Bir daha qeyd edir ki, 15 ildən artıq xidmət etmiş hərbi qulluqçu olaraq ehtiyata buraxılmışdır. Məhkəmə isə qərarında yanlış qənaətə gələrək qeyd edir ki, həmin qanunvericilikdə öz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçuların guya mənzililə təmin olunma hüquqları göstərilməmişdir. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi, Ali Məhkəmənin oxşar hüquqi münasibətləri tənzimləyən xx.xx.2021-ci il tarixli 2-1(102)242/2021 saylı Qərarının 3.4-cü bəndinə əsasən Nazirlər Kabinetinin göstərilmiş qaydalarına münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan, tətbiq edildiyi subyektlərin dairəsi fərqləndirilmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Göründüyü kimi, məhkəmənin gəldiyi qənaət səhv, qəbul etdiyi qərar isə qanunsuz və ədalətsizdir. Beləliklə, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsində təsbit olunmuş mənzil uçotuna götürülmə, mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayəsi haqqı almaq hüququ təmin edilməmiş, məhkəmənin qanunsuz qərarı həmin hüquqdan onu məhrum edir və nəticədə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququ (maddə 25), sosial təminat hüququ (maddə 38), hüqüq və azadlıqların məhkəmə təminatı hüququ (maddə 60), insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı hüququ (maddə 71) kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər yoxdur.” Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələbinə uyğun olmadığından müraciətinin rayon icra hakimiyyəti tərəfindən həll olunması mümkün olmamışdır. Belə ki, iddiaçının həyat yoldaşı X2 adına Şəki şəhəri, 26-cı yeni Şəki küçəsi, 6 saylı fərdi yaşayış evi və onun yeri üzrə 0.06 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş, lakin notarial qaydada təsdiqlənmiş xx.xx.2021 -ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bu səbəbdən də, vətəndaşın müraciətinin olunmasından imtina olunmuşdur. Bununla bağlı məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respiblikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmür. Mənzil Məcəlləsinin 53.1.3-cii maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaşı uçota almaqdan imtinaya yol verilir. İddiaçının həyat yoldaşı tərəfindən torpaq sahəsi özgəninkiləşdirildiyi gündən 5 ildən sonra mənzil növbəsinə götürülə bilərdi. Məhkəmənin nəzərinə çatdırılır ki, imtina verilməsinə əsas, əmlak birgə nikah dövründə əldə olunmuşdur ki, bu da həmçinin, birbaşa adına həmin əmlaka iddiaçının da hüquqlarının olmasına dəlalət edir. Belə olan halda iddiaçının ailə üzvlərinin onun mənzil növbəsinin ailə tərkibinə daxil olunmaları qanunsuzdur. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1479/2023 nömrəli 13 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2771/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1479/2023 nömrəli 13 iyul 2023cü il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından hər iki tərəf apellyasiya şikayəti versə də, həmin qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmdən saxlanıldıqdan sonra, sonuncu qərardan kassasiya şikayətini yalnız cavabdeh tərəf vermişdir. İddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin qərarını iddiasının təmin olunmadığı hissədə mübahisələndirmədiyindən həmin hissədə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. Odur ki, hazırda birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı cavabdehin kassasiya şikayəti verdiyi nəzərə alınaraq yalnız iddiaçının iddiasının təmin olunduğu hissədə yoxlanılır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin sonuncu imtina məktubu xx.xx.2022-ci il tarixlidir və iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş müddət çərçivəsində iddia qaldırdığı üçün iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı tələbi (iddianın baxıldığı hissədə) “onun və ailə üzvləri- arvadı və 2 övladının nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həmin hissədə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi “iddianın təmin edildiyi” hissədə gəldiyi qənaəti kassasiya instansiyası məhkəməsinin qərarlarında olan məhkəmə təcrübəsinə dair verilən izahatla əsaslandıraraq qeyd etmişdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-242/2021 saylı xx.xx.2021-ci il tarixli və 2-1(102)-57/2022 saylı xx.xx.2022-ci il tarixli qərarlarında kassasiya instansiyası məhkəməsinin mövqeyi o istiqamətdə olmuşdu ki, öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu 15 təqvim ili və daha çox xidmət edərsə, o zaman hərbi qulluqçunun yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ yaranır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin edildiyi” hissədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 3-cü abzasına görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndində üçüncü abazasında müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Lakin məhkəmə kollegiyası hazırda iddiaçının mənzil növbəsinə götürülməsi üçün yalnız yuxarıda qeyd olunan normaya istinad olunmasını yetərli saymır və aşağıda sadalanan maddi hüquq normalarının məzmununu da diqqətə çəkir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-ci maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5- ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-ci maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mənzil Məcəlləsinin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1.3 -ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. İş materiallarından görünür ki, iddiaçının həyat yoldaşı X5 İddiaçı razılığını almaqla 17 noyabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın bağışlanması müqaviləsi əsasında onun mülkiyyətində olmuş Şəki şəhəri, 121-ci kvartal ünvanında yerləşən, ümumi sahəsi 123,8 kv.m. olan fərdi yaşayış evini atası olan Sahib Abdullayevə bağışlamış, iddiaçı da buna razılıq ərizəsi vermiş, lakin 5 aydan sonra İddiaçı hazırkı iddiada olan tələbi əks etdirən xahişlə cavabdehə, 7 ay 10 gündən sonra isə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələbləri baxımından apellyasiya instansiyasında araşdırma aparılarkən iddiaçı tərəf həyat yoldaşı tərəfindən fərdi evin atasına bağışlanmasının niyyətini və məqsədini açıqlaya bilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının “ailə üzvlərinin Bakı şəhərində yaşamaları, işləmələri və oxumaları” kimi dəlilləri yuxarıda qeyd olunan əsasa görə onun Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi Bakı şəhərində qeydiyyata alınması üçün xüsusən də Mənzil Məcəlləsinin 52-ci maddəsinin müddəaları baxımından yetərli hesab edilə bilməz. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Mənzil Məcəlləsinin tələblərini nəzərə almadan iddia tələbini həmin hissədə təmin etmişdir. Halbuki iddiaçı qeyd olunan iddia tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2022 saylı 21 noyabr 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarı qismən–iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1443/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1443/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver