Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1443/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X16 Asəf qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, orderin və çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4359/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1522 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri X18 İcraiyyə Komitəsinin 6/265 №-li xx.xx.1990-cı il tarixli qərarı əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 200 saylı BTK-nin tərkibində olan 0,12 hektar ölçülü 1552 saylı bağ sahəsi Ərizəçiyə ayrılıb. Bu barədə ona 17 saylı order təqdim olunub. Ərizəçi həmin sahə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. Cavabdeh inzibati orqan həmin ərizəyə xx.xx.2023-cü il tarixli, **********99 №-li bildirişlə cavab verib. Məktubda göstərilib: “…Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən eyni Bağ Tikinti Kooperativi nəzdində eyni nömrəli bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, təqdim etdiyiniz X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Cavabdeh inzibati orqan ümumi şəkildə 15-ci maddəyə istinad etsə də, həmin əsaslardan heç birini göstərə bilməyib, çünki Ərizəçinin hüquqlarını qeydiyyatından imtina üçün heç bir hüquqi əsas yoxdur. Cavabdeh inzibati orqan həmçinin Ərizəçinin İnsan Hüquqları və X12 haqqında Konvensiyada (Avropa Konvensiyasında) nəzərdə tutulmuş bir sıra hüquqlarını, o cümlədən Konvensiyanın 8-ci, həmin Konvensiyaya Dair 1 saylı Protokolun 1-ci maddələrinə ciddi şəkildə pozmaqdadır. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən iddia tələbi “cavabdeh Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Dasınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 1 sayl Baki Ərazi İdarasinin üzərinə iddiaçi İddiaçı Baki şəhəri, Sabunçu rayonu, Ləhiş bag massivində yerləşən 1552 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifə qoyulması, Azərbaycan Respublikası Baki şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkisafı va istismarı birliyinin 200 №-li kooperativinin X4 Ləhiş bağlar sahəsindəki 1552 №-li bağın ayrılmasına dair verdiyi 47 nömrəli orderin qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışların qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdehin təqdim etdiyi və üçüncü şəxsin atasına, sonra da özünə sözügedən bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməsinə əsas kimi göstərilib ki, guya Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X8 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 200 №-li kooperativin X5 1552 №-li bağın ayrılmasına dair 47 nömrəli order verilib. Həmin orderdə sahənin Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli qərarı əsasında verilməsinə istinad edilib. İşin məhkəmənin icraatında olduğu 7 ay ərzində bir parça kağız olan 47 №-li orderdən başqa cavabdeh inzibati orqan və üçüncü şəxs məhkəməyə heçnə təqdim edə bilməyiblər. Orderi təqdim edən cavabdeh inzibati orqan, 47 №-li order üçün guya əsas götürdüyü qərarı - Bakı şəhər XDS İcraiyyə Komitəsinin qərarını təqdim edə bilməyib. Buradan iki nəticə çıxa bilər: Ya elə bir qərar mövcud olmayıb, ya da ki, olub, amma onun R.Məmmədəliyevə heç bir aidiyyəti olmayıb. Ərizəçinin bağ sahəsinin üçüncü şəxsə aid olmaması bir də onunla təsdiq edilir ki, X1 adından xx.xx.2020-ci il tarixində ərizə verilib ki, o, bağ sahəsinin 1200 kv.m-dən azaldılaraq 992 kv.m olmasına etiraz etmir. Yəni “təmənnasız” olaraq 2 sotdan artıq sahədən imtina edib. Bundan sonra onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0992 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilib. Halbuki, həmin vaxt o artıq 42 gün idi ki, həyatda yox idi. Bundan cəmi 16 gün sonra, xx.xx.2020-ci il tarixində üçüncü şəxsə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilib. Şəhadətnamədən görünür ki, Rövzət Məmmədəliyev xx.xx.2020-ci il tarixində vəfat edib və üçüncü şəxsin miras əmlak olan bağ sahəsindən tam pay almaq hüququ var. Burada təəccüb doğuran daha bir fakt ondadır ki, notariuslar miras qoyan vəfat etdikdən sonra azı altı ay gözləyib, sonra vərəsəyə şəhadətnamə verirlər. Burada isə heç iki ay keçməyib. Göstərilən qəribəliklərə baxmayaraq, üçüncü şəxsə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0992 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilib. Yəni rekord müddətdə - vərəsəlik haqqında şəhadətnamə alındıqdan cəmi 4 gün (bir iş günü) sonra. Daha sonra üçüncü şəxs bag sahəsinin iki hissəyə ayrılması və hər bir sahəyə dair ona ayrıca çıxarış verilməsi barədə ərizə verir. Ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0572 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 0,042 ha torpaq sahəsinə dair **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021ci il tarixli iki çıxarış verilib. 2023-cü ildə üçüncü şəxs bir daha cavabdeh orqana müraciət edərək bu dəfə sahələrin birləşdirilməsi və ona vahid çıxarış verilməsini istəyir. Bundan sonra ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0992 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış verilib. Məhkəmənin qərardadı ilə iş üzrə X9 üçüncü şəxs qismində cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin 27 iyun 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışların qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3356/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4359/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4359/2024 saylı qərarı ilə iddia tələbinin “cavabdeh Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Dasınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 1 sayl Baki Ərazi İdarasinin üzərinə iddiaçi İddiaçı Baki şəhəri, Sabunçu rayonu, Ləhiş bag massivində yerləşən 1552 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifə qoyulması, Azərbaycan Respublikası Baki şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkisafı va istismarı birliyinin 200 №-li kooperativinin X4 Ləhiş bağlar sahəsindəki 1552 №-li bağın ayrılmasına dair verdiyi 47 nömrəli orderin qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi” hissəsində rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, “ birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırılmışdır ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində iddiaçıya bağ sahəsinin ayrılmasına dair orderin nüsxəsi yoxdur. Beləliklə, iş materiallarında olan orderdə bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilsə də, torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər təqdim edilmədiyindən və ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından həmin order özlüyündə iddiaçının torpaq sahəsinə hüququnun qeydə alınması üçün mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz.” Bu “əsaslandırmadan” aşkar görünür ki, birinci instansiya məhkəməsi, bir tərəfdən, ərizəçinin mülkiyyət hüququnun qeydiyyatını qanunda nəzərdə tutulmayan əlavə tələblərlə məhdudlaşdırmağa cəhd edir, başqa tərəfdən, üçüncü şəxsə bağ sahəsinin verilməsi üçün ən zəruri sənədin – Bakı şəhəri XDSİK-nin qərarının olmamasına, həmin sənədi nə cavabdehin, nə üçüncü şəxsin, nə də ki, sorğu əsasında özünün əldə edə bilməməsinə göz yumur. Aşkardır ki, müəmmalı səbəblərdən cavabdeh üçüncü şəxsin atasının adına onun hüququ Bakı şəhəri XDS İKnin qərarı ilə təsdiqlənmədiyi halda,tamamilə qanunsuz çıxarış verib. Digər tərəfdən ərizəçinin orderinin cavabdehin arxivində “tapılmamasına”, cavabdeh bunda maraqlıdır, əks təqdirdə iki orderdən əvvəl verilənə deyil, sonradan “verilən”ə, özü də Bakı şəhəri XDSİK-nin qərarı ilə təsdiq edilməyənə verilməsi ilə bağlı izahat verməsi çətinləşərdi.” Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Dövlət Arxivinin Bakı Filialının məktubuna əlavə edilmiş qərarından görünür ki, Bakı şəhər XDS İK- nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 6/265 saylı qərarında qeyd edilmişdir ki, iddiaçıya Bakı şəhərı Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 200 saylı BTKnin tərkibində olan 0,12 ha ölçülü 1552 saylı bağ sahəsi ayrılmışdır. - Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-21492/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin arxivində İddiaçı adına 1552 saylı bağ sahəsinin ayrılmasına dair order aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla şərti göstərilən ərazi **********24 reyestr nömrəsi ilə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhər İcraiyyə Komitəsinin X8 və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 200 nömrəli kooperativi tərəfindən verilmiş 47 nömrəli orderdən görünür ki, Ləhiş bağlar sahəsindəki 12 ha torpaq sahəsinə malik olan 1552 nömrəli bağın X5 ayrılmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 0.0992 hektar torpaq sahəsi olan 1552 saylı bağ sahəsi xüsusi mülkiyyət əsasında X1 adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 0.0992 hektar torpaq sahəsi olan 1552 saylı bağ sahəsi xüsusi mülkiyyət əsasında X3 adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-F/2- 09113/2023 saylı cavab məktubu ilə keçmiş Bakı şəhər XDS İnzibati Kollegiyası-nin arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarının 51,56,57,67-ci vərəqələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir (iş mat. 23-cü səh.) Məktuba əlavə edilmiş müvafiq qərarın 2.4.İ7. bəndində X6 adı qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli, 3-48-F/2- 753/2024 saylı cavab məktubu ilə Bakı şəhər İH-nin arxiv fondu üzrə 1992-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 120 saylı qərarın Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. - iddiaçının müraciətinin təmin edilməməsi barədə cavabdehin imtina məktubunda qeyd etmişdir ki, “elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən eyni Bağ Tikinti Kooperativi nəzdində eyni nömrəli bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, təqdim etdiyiniz X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır.” İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli sorğu ünvanlanaraq Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 200 nömrəli bağ sahəsinə dair qovluğun məhkəməyə təqdim olunması xahiş olunmuş, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən 200 saylı BTK-nın və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1552 saylı bağ sahəsinə dair arxiv qovluğunun surətləri məhkəməyə təqdim edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iş materiallarında olan orderdə bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilsə də, torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər təqdim edilmədiyindən və ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından (mübahisəsiz haldır ki, torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində deyil) həmin order özlüyündə iddiaçının torpaq sahəsinə hüququnun qeydə alınması üçün mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz.... Məhkəmə iddiaçının tələbinin ikinci hissəsi - Azərbaycan Respublikası Baki şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkisafı va istismarı birliyinin 200 №-li kooperativinin X4 Ləhiş bağlar sahasindəki 1552 №-li bağın ayrılmasına dair verdiyi 47 nömrəli orderin qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi ilə bağlı qeyd edir ki, sözügedən hüquqlar, yəni iddiaçının hüquqlarının qeydə alınması və X2 adına verilmiş orderin ləğv edilməsi qarşılıqlı sürətdə aslıdırlar. Məhkəmə hesab edir ki, torpaq sahəsinə hüquqların qeydiyyatının təmini, eyni zamanda orderin ləğvi ilə nəticələnəkdir. Bu səbəbdən də iddia bu hissədə də rədd edilməlidir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: -55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı X10 Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarı ilə ona ayrıldığı iddia edilən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 200 saylı BTK-nin tərkibində olan 0.12 ha sahəsi olan 1552 saylı bağ sahəsi üzrə hüquqlarının dövlət qeydiyyatına alınması, həmçinin həmin sahəyə dair üçüncü şəxsin (X7 və vərəsəsi Turan Məmmədəliyev) adına verilmiş çıxarışların və 47 saylı orderin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Tələbin əsası kimi göstərilmişdir ki, mübahisəli bağ sahəsi ona 17 saylı order əsasında ayrılmış, lakin cavabdeh qurum (DƏDRX) bu sahənin artıq üçüncü şəxsin adına qeydiyyata alındığını əsas gətirərək hüquqların qeydiyyatından imtina etmişdir. İddiaçı bu imtinanın hüquqi əsası olmadığını, üçüncü şəxsə verilmiş çıxarışların və əsas orderin əsassız olduğunu, hətta bəzi çıxarışların mərhum şəxs adına ölümündən sonra verildiyini və bunun hüquqi etibarsızlıq yaratdığını iddia etmişdir. Cavabdeh inzibati orqanın mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən torpaq sahəsi DƏDRX-də üçüncü şəxsin adına elektron reyestrdə qeydiyyatdan keçmiş, həmin sahəyə dair iddiaçıya aid hər hansı orderin arxivdə tapılmadığını və torpaq sahəsinin sərhədləri, ayrıc aktı, plan-ölçüsü və digər hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən iddiaçının hüququnun tanınması və reyestrə daxil edilməsi üçün əsas olmadığını vurğulamışdır. Birinci instansiya məhkəməsi də cavabdehin bu mövqeyini əsas götürərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş X8 və İstismarı Birliyinin 17 saylı orderin nüsxəsinin İdarənin arxivində aşkar olunmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının orderi faktiki olaraq mövcuddur və iş materiallarına təqdim edilmişdir. Bundan əlavə, orderin verildiyi tarix, nömrəsi və aid olduğu torpaq sahəsinin ölçüsü 6/265 saylı qərarda təsbit olunmuşdur ki, bu da sənədlər arasında ardıcıllıq və uyğunluq olduğunu sübut edir. Əlavə olaraq edilməlidir ki, orderin nüsxəsinin İdarənin arxivində olmaması iddiaçının təqsiri deyildir və onun ziyanına təfsir edilə bilməz. Həmçinin iddiaçı tərəfindən müvafiq orderin Arxivdən çıxarışı da məhkəməyə təqdim edilmişdir. Order ləğv edilməmiş və ya etibarsızlığını təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi orderin Arxivdən təsdiq edilmiş surəti iddiaçıda olduğu təqdirdə, onun həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi müddətcə, cavabdeh İdarənin arxivində olmaması əsası mübahisənin iddiaçının ziyanına təfsir edilməsi ilə nəticələnə bilməz. Belə ki, cavabdehin bu yanaşması mötəbərlik prezumpsiyasına (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi) zidd olardı. Eyni zamanda qeyd edilməlidir ki, işin birinci instansiya icraatı məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli cavab məktubu ilə keçmiş Bakı şəhər XDS İnzibati Kollegiyası-nin arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarının 51,56,57,67-ci vərəqələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş və müvafiq qərarın 2.4.İ7. bəndində X6 adı olması faktı öz əksini tapmışdır. Lakin, hazırkı iş üzrə üçüncü şəxs X3 mərhum atası X1 adına çıxarışın verilməsinə əsas olmuş xx.xx.1992-ci il tarixli, 120 saylı qərarın Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən hallar işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış və məhkəmə yalnız cavabdeh inzibati orqanın dəlillərini və üçüncü şəxsə verilmiş çıxarışları əsas gətirərək, iddia tələbini rədd etmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Digər tərəfdən qeyd edilməlidir ki, üçüncü şəxsin atası mərhum X1 adına təqdim olunmuş 47 saylı orderin hüquqi əsası ciddi şübhə altındadır və əsassızdır. Belə ki, orderin verilməsinə əsas olmuş Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 120 saylı qərarı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən 200 saylı BTK-nın və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1552 saylı bağ sahəsinə dair arxiv qovluğunun surəti məhkəməyə təqdim edilmişdir ki, üçüncü şəxsin mərhum atasının adına və onun adına verilmiş hər hansı sənədə rastlanmamışdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanuniliyi iş materialları ilə öz təsdiqini tapmış İddiaçı adına 1552 saylı bağ sahəsinin ayrılmasına dair Bakı şəhəri X18 İcraiyyə Komitəsinin 6/265 №-li xx.xx.1990-cı il tarixli qərarı və onun əsasında verilmiş 17 saylı order üçüncü şəxslərin istinad etdiyi hüquqmüəyyənedici sənədlərdən daha əvvəlki tarixlərə aiddir. Bu əsaslarla, hazırkı iş üzrə üçüncü şəxsin istinad etdiyi hüquqmüəyyənedici sənədlərin əsassız və qanunsuz olması iş materialları ilə öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmiş torpaq sahəsinin bölgü sxeminin, plan-ölçüsünün və digər sənədlərin təqdim edilməməsi və ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməməsi ilə bağlı isə bildirir ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Göründüyü kimi bölgü sxeminin, plan-ölçüsünün və digər sənədlərin təqdim edilməməsi iddiaçının təqsiri deyil və qeyd edilən hal torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Yuxarıda qeyd edilən qanunvericiliyə əsasən torpaq sahəsinin yerləşməsi ilə bağlı dəqiq istinad və məsəfalərin göstərilməsə belə, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4359/2024 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4359/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Baki şəhəri, Sabunçu rayonu, Ləhiş bag massivində yerləşən 1552 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası Baki şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkisafı va istismarı birliyinin 200 №-li kooperativinin X4 Ləhiş bağlar sahəsindəki 1552 №-li bağın ayrılmasına dair verdiyi 47 nömrəli orderi ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1443/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1443/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver