Məhkəmə qərarları › İş №2-1(103)-1444/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1444/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1444/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3022/2021 saylı, 21 dekabr 2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20-29 sentyabr 2022ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 169 saylı sərəncamı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədi ilə Cavabdeh istifadəsinə verilmişdir. ünvan 1 ünvanında yaşayan İddiaçı ona torpaq sahəsi ayrılması ilə bağlı müraciət etmişdir. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 410 saylı sərəncamı ilə yaradılmış mənzil məsələləri üzrə komissiyanın xx.xx.2018-ci il tarixli iclasında İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq Cavabdeh başçısı tərəfindən İddiaçı Suraxanı rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0,06 ha torpaq sahəsi ayrılması ilə bağlı 306 saylı xx.xx.2018-ci il tarixli sərəncam verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********19 qeydiyyat nömrəli Çıxarış verilmişdir. Sonradan o, sözügedən torpaq sahəsinə istifadə hüququnu özgəninkiləşdirmək istədikdə DƏDRX tərəfindən verilən məlumat əsasında ona məlum olmuşdur ki, Cavabdeh başçısı xx.xx.2020-ci il tarixli 148 saylı sərəncam ilə İddiaçı 0,06 ha torpaq sahəsi ayrılması ilə bağlı özünün xx.xx.2018-ci il tarixli sərəncamını ləğv etmişdir. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehnə müraciət edərək məsələ barəsində məlumat verilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2020-ci il tarixli 148 saylı sərəncamın surətini xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim etmişdir. İddiaçı hesab edir ki, Cavabdeh başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 148 saylı sərəncam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, mübahisələndirilən sərəncamdan görünür ki, xx.xx.2018-ci il tarixli 306 saylı sərəncamın ləğv edilməsinə əsas kimi guya İddiaçı düzgün olmayan məlumat və sənədlər təqdim edərək həmin ərazidə X5 verdiyi order əsasında ona məxsus 0,06 ha torpaq sahəsinin olduğunu bildirərək ona əlavə torpaq sahəsinin ayrılmasını xahiş etməsi və bunun əsasında torpağın ayrılması, lakin sonradan həmin torpağın başqa şəxsə məxsus olmasının aşkar edilməsi göstərilmişdir. Əvvəla, İddiaçı tərəfindən cavabdeh orqana belə bir məlumat və sənəd təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 306 saylı sərəncamının məzmunundan da göründüyü kimi, İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq ona Suraxanı rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində 0,06 ha torpaq sahəsi ayrılmışdır. Yəni, xx.xx.2020-ci il tarixli sərəncamda qeyd olunanlar həqiqəti əks etdirmir... Göründüyü kimi, xx.xx.2020-ci il tarixli 148 saylı sərəncam əsassız olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 306 saylı sərəncamın ləğv edilərkən “İnzibati icraat haqqında” Qanununun tələbləri gözlənilməmiş və inzibati icraat barədə iddiaçıya heç bir məlumat verilmədən torpaq sahəsinin ayrılması barədə sərəncamın ləğv edilməsi barədə yeni sərəncam verilmişdir. Həmin sərəncamın surəti də iddiaçıya təqdim olunmamış, bu hal iddiaçıya yalnız onun özünün dövlət orqanlarına müraciətində sonra məlum olmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər Cavabdeh başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamının İddiaçı münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3022/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: F.Mədətli) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birincisi işdən göründüyü kimi, cavabdeh iddiaçının torpaq sahəsi üzərində hüquqlarına xitam verməmişdir. O, xx.xx.2020ci il tarixli sərəncamı ilə xx.xx.2018-ci il tarixli sərəncamı ləğv etmişdir. "Torpağın ayrılması barədə sərəncamın ləğvi” ilə "torpaq sahəsi üzərində hüquqlara xitam verilməsi” fərqli anlayışlar olmaqla fərqli hüquqi nəticələr yaradır. Məhkəmə bu iki anlayışı eyniləşdirməklə çox kobud səhvə yol vermişdir. Bununla yanaşı ümumiyyətlə torpaq sahəsinin təyinatı üzrə istifadə edilməməsi əsası ilə iddiaçının hüquqlarına xitam verilmiş olması barədə məhkəmənin qənaətinin özü düzgün hesab edilə bilməz. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-d bəndinin 8-ci abzasında göstərilmişdir ki, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. 16 avqust 2018-ci il tarixli sərəncamda fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Bişir oğluna torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsinin sxeminin tərtib edilməsi və ayrılmış torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakı Dövlət reyestrində qeydə alınması qərara alınmışdır. İşdən də görünür ki, torpaq sahəsinin ayrılması və sxemin tərtib edilməsi gecikdiyi üçün ayrılmiş torpaq sahəsi üzərində iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam cavabdehin xx.xx.2020-ci il tarixli sərəncamı ilə ləğv edilmişdir. Yeni, torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsindən 1 il keçməmiş cavabdeh tərəfindən torpağın ayrılması barədə əvvəlki sərəncamı ləğv edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, qeyri-kənd təsərrüfatı torpağından 1 il üzrlü səbəbdən istifadə etmədikdə hüquqlara xitam verilə bilər. Cavabdeh başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sərəncamdan görünür ki, həmin sərəncamın verilməsinə, yəni xx.xx.2018-ci İl tarixli sərəncamın ləğv edilməsinə əsas kimi, İddiaçı təqdim etdiyi sənədlərin ona deyil, başqa fiziki şəxsə məxsus olması göstərilmişdir. Məhkəmə isə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararaq cavabdehin mövqeyinin düzgün olub-olmamasını müəyyən etmək əvəzinə cavabdehin istinad etmədiyi tamamilə başqa əsasdan çıxış edərək, yəni torpaq sahəsinin iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilməməsini əsas göstərərək iddianı rədd etmişdir. Halbuki, məhkəmənin vəzifəsi mübahisələndirilən inzibati aktda həmin aktın qəbul edilməsinə əsas olan halların mövcud olub-olmamasını yoxlamaq və cavabdehin həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu ilə bağlı təqdim etdiyi sübutlara qiymət verməkdir. Lakin, məhkəmə iddianı rədd etməklə cavabdehin hüquq və vəzifələrini öz üzərinə götürərək iddiaçının torpaq sahəsi üzərindəki hüquqlarına başqa əsasla xitam vermişdir. Bu isə inzibati məhkəmə icraatının prinsip və vəzifələrinə uyğun olmamışdır. Qeyd olunanlardan əlavə, açıq-aydın görünür ki, hakim cavabdehin istinad etmədiyi hallara əsaslanaraq iddianı rədd etmiş və işin, bütün hallarını cavabdehlə müqayisədə daha əlverişsiz vəziyyətdə olan iddiaçının ziyanına şərh etmişdir. İnzibati məhkəmə icraatının prinsip və vəzifələrinə zidd olaraq hakimin belə kobud səhvə yol verməsi və qanunvericiliyi əlaqəsiz şərti etməsi onlar üçün başadüşülən deyil və hesab edir ki, onun bu hərəkətinə də apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməli və xüsusi qərardadın çıxarılması məsələsi müzakirə edilməlidir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhər Cavabdeh başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamının İddiaçı münasibətdə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Cavabdeh Başçısının 16 avqust 2018-ci il tarixli 306 saylı Sərəncamı əsasında İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsi ayrılmış, Bakı şəhəri Cavabdeh Başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamı əsasında 16 avqust 2018-ci il tarixli sərəncamlarının ləğv edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbi baxımından ilkin sərəncam üzrə iddiaçıya ayrılan torpaq sahəsindən təyinatı üzrə istifadı edib-etmədiyini müəyyən etmək məqsədilə müvafiq sorğular əsasında araşdırılma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evinin tikintisi üçün ona ayrılan torpaq sahəsindən uzun müddət istifadə etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Göründüyü kimi mübahisə olunan 06 iyul 2020-ci il tarixli sərəncam verilənə qədər iddiaçı ona ayrılan torpaq sahəsindən istifadə etməyərək hərəkətsizlik nümayiş etdirmiş, qeyd olunan sərəncamın göstərişlərindən irəli gələn öhdəlikləri yerinə yetirməmiş, yalnız xx.xx.2020-ci ildən etibarən həmin sərəncamın göstərişləri istiqamətində bir sıra addımlar atmağa başlamışdır. İddiaçının ona 16 avqust 2018-ci ildə ayrılmış torpaq sahəsindən 2020-ci ilə qədər cavabdehin təqsiri üzündən faktiki olaraq istifadə etməməsi işdə olan sübutlarla təsdiq olunmamışdır. O cümlədən iddiaçının torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən hər hansı müdaxilə olunması da iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçının 16 avqust 2018ci il tarixli sərəncam əsasında ona torpaq sahəsi ayrıldıqdan sonra 06 iyul 2020-ci il tarixli mübahisələndirilən sərəncam qəbul edilənə kimi, ilkin sərəncamdan irəli gələn göstərişlərin yerinə yetirilməsi istiqamətində real hərəkət edilməmiş, torpaq sahəsini istifadəsiz saxlamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə cavabdeh inzibati orqanın qəbul etdiyi qərarın ləğvinə dair qərarını mübahisələndirir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının 16 avqust 2018-ci il tarixli 306 saylı “fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında» Sərəncamdan görünür ki, İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Elektron Çıxarışdan görünür ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Yaşayış sahəsi, sahə 110 ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının “İddiaçı və X1 Kürdəxanı qəsəbəsində torpaq sahəsi verilməsinə dair Cavabdeh başçısının 306 və 303 saylı, 16 avqust 2018-ci il tarixli sərəncamlarının ləğv edilməsi barədə” 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamda aşağıdakılar qeyd edilmişdir: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 169 saylı sərəncamı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən 12 ha tor sahəsi fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi məqsədilə Cavabdeh istifadəsinə verilmişdir. ünvan 1 ünvanında yaşayan İddiaçı həmin ərazidə X3 verdiyi order əsasında ona məxsus 0,12 ha torpaq sahəsinin olduğunu bildirərək ona torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Vətəndaşın müraciəti nəzərə alınaraq Cavabdeh başçısının 303, 306 saylı 16 avqust 2018-ci il tarixli sərəncamlar ilə Kürdəxanı qəsəbəsinin şimal hissəsində İddiaçı 0,06 ha yaxın qohumu X2 isə 0,06 ha torpaq sahələri ayrılmışdır. Sonradan məlum olmuşdur ki, İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlər ona aid deyil və qeyd olunan torpaq sahəsi digər fiziki şəxsə məxsus torpaq sahəsidir. Komissiya İddiaçı qeyd etdiyi torpaq sahəsinin digər vətəndaş məxsus olduğunu nəzərə alaraq Sabunçu RİH başçısının 306 saylı 16 avqust 2018-ci tarixli və 16 avqust 2018-ci il tarixli 303 saylı sərəncamlarının ləğv edilməsini məqsəd uyğun hesab etmişdir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı və X2 Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının 306 saylı 16 avqust 2018-ci il tarixli və 303 saylı 16 avqust 2018-ci il tarixli sərəncamları ləğv edilməsi, sərəncam əsasında verilmiş torpaq sahələrinin yerləşmə sxemlərinin etibarsız hesab edilməsi, torpaq sahəsinin geri alınması, torpaq sahəsinə aid plan və ölçüsünün tərtib edilməsi, istifadə hüquqların geri alınması və daşınmaz əmlaka ünvan verilməsinin dayandırılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması, Sərəncamın icrasına nəzarətin Rayon İcra Hakimiyyəti başçısının Təsərrüfatı şöbəsinə tapşırılması qərara alınmışdır. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamından göründüyü kimi İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının 306 saylı 16 avqust 2018-ci il tarixli və 303 saylı 16 avqust 2018-ci il tarixli sərəncamların ləğv edilməsinə əsas kimi İddiaçı həmin ərazidə X3 verdiyi order əsasında ona məxsus 0,12 ha torpaq sahəsinin olduğunu bildirərək ona torpaq sahəsi ayrılmasını xahiş etməsi və sonradan məlum olmuşdur ki, İddiaçı Cavabdehnə təqdim etdiyi sənədlərin ona aid olmadığı və qeyd olunan torpaq sahəsinin digər fiziki şəxsə məxsus torpaq sahəsi olması göstərilmişdir. Halbuki, Bakı şəhəri Cavabdeh Başçısının 16 avqust 2018-ci il tarixli 306 saylı “fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində torpaq sahəsinin ayrılması haqqında» Sərəncamdan görünür ki, İddiaçı Cavabdeh başçısına ərizə ilə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Kürdəxanı qəsəbəsinin şimal hissəsində ona torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Cavabdeh başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2018-cı il tarixli 12 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və Cavabdeh başçısının 30 noyabr 2016-cı il tarixli 410 saylı sərəncamı ilə yaradılmış mənzil məsələləri üzrə komissiyanın xx.xx.2018-ci il tarixli iclasında İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu nəzərə alınaraq ona 0,06 ha torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncamda göstərilən əsaslar iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamda öz əksini tapmamış və həmin sərəncamın ləğv edilməsinə əsas olmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən sərəncamın qəbulu zamanı “İnzibati icraat haqqında” Qanunun tələbinə riayət edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Həmin Qanunun 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən inzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Cavabdeh iddiaçının müraciəti ilə bağlı inzibati icraat aparması, icraatla bağlı iddiaçını məlumatlandırması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırma aparmasına dair məhkəməyə sübut təqdim etməmiş, nəticədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3022/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Bakı şəhər Cavabdeh başçısının 06 iyul 2020-ci il tarixli 148 saylı Sərəncamı İddiaçı münasibətdə ləğv edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar