Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1444/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcu barəsində hesabatın qəbul edilməsi və əsassız hesablanmış faizlərin silinməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-374/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MTK cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın mansard mərtəbəsinin tikintisi üçün Vergi Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan, 2019-cu il iyun ayında yaranan 49.914,22 manat məbləğındə vergi borcu barəsində hesabatın cavabdeh tərəfindən qəbul edilməsi və 49.914,22 manat vergi öhdəliyinə görə əsassız hesablanmış 37.689,60 manat faizin silinməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...İlkin olaraq MTK-ya hər rüb üzrə 95.623,00 manat olmaqla, ümumilikdə, 956.230,00 manat vergi hesablansa da, daha sonra binanın tikintisi zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin göstəriş və tələblərinə əsasən, binanın 2 mərtəbəsi sökülmüşdür. Bununla bağlı olaraq, dəqiqləşmiş bəyannamə təqdim edilmiş və ödəniləcək vergi məbləği 106.835,62 manat (o cümlədən, hər rüb üzrə 10.683,10 manat) azaldılmışdır və bu fakt şirkətin şəxsi hesab vərəqəsində öz əksini tapmış, həmçinin, qalan 849.394,38 manat məbləğində hesablanmış vergi məbləği vaxtlı - vaxtında iddiaçı tərəfindən vergi orqanına tam məbləğdə ödənilmişdir. 2019-cu ilin iyun ayında isə Xüsusi Dövlət Mühafizə Xidməti ilə aparılan intensiv danışıqlar nəticəsində, yalnız səmaya baxmaq şərti ilə binanın dam örtüyünə pəncərələr quraşdırılmasına icazə verilmiş, bu səbəbdən, yeni icazə verilmiş sahəyə görə 49.914,22 manat vergi hesablanıb ödənilməli idi. Bununla bağlı, iddiaçının mühasibi yeni sahə üzrə ayrıca dövr üzrə hesabat təqdim etməli olduğu halda, vergi əməkdaşlarının təkidi ilə texniki səhvi edərək xx.xx.2019-cu il tarixdən əvvəlki bəyannaməyə dəqiqləşmə vermişdir. Bu texniki səhv nəticəsində yeni yaranan borc şəxsi vərəqədə 3 il əvvəldən yaranmış borc kimi nəzərə alınaraq MTK-a xeyli miqdarda faiz hesablanmışdır. Həmin səhvin aradan qaldırılması üçün yenidən dəqiqləşdirilmiş bəyannamə verilməsinə cəhd olunsa da, texniki cəhətdən bunu həyata keçirmək mümkün olmamışdır (3 illik müddət ötdüyündən). Təqdim olunmuş dəqiqləşdirilmiş bəyannmədə texniki səhvin düzəldilməsi məqsədilə köməklik göstərilməsi üçün cavabdehə müraciət olunsa da, sonuncu formal olaraq imtina etmişdir. Nəzərə alınmalıdır ki, binanın layihəsi faktiki 18 mərtəbə olsa da, tikintisi dəfələrlə XDMX tərəfindən dayandırılmış və tikilmiş iki mərtəbə tamamilə sökülmüşdür. Bu fakt vergi əməkdaşlarına məlumdur. Çünki, müvafiq vergi əməkdaşları monitorinq apararkən dəfələrlə bu halın şahidi olmuşlar...” Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə iddiaçıya ünvan 1 ünvanında 18 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinə icazə verilmişdir. Əvvəlcə 17 mərtəbə və əlavə mansard sahəsindən ibarət olması nəzərdə tutulan binanın ümumi 13.664,92 kv.m. sahəsi üzrə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən ona 956.229,98 manat vergi hesablanmışdır. Daha sonra, vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim edilərək, bəyan edilmiş vergi məbləği 49.914,3 manat artırılmışdır. İddiaçı tərəfindən artırılmış sahə üzrə bəyannamə 2016-cı ilin İİ rübü üzrə təqdim olunmuş bəyannaməyə dəqiqləşmə şəklində təqdim olunduğundan gecikmə üçün faiz ümumi məbləğə münasibətdə hesablanmışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən faiz məbləğinin yaranmasının əsası vergi ödəyicisinin özünün təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamədir. Digər tərəfdən, iddiaçı yenidən dəqiqləşmiş bəyannamə təqdim etmək istədiyini, lakin sistemin dəqiqləşmiş bəyannaməni qəbul etmədiyini və qeyd edilən halın aradan qaldırılması ilə bağlı vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən verilmiş cavab məktubunda da qeyd edildiyi kimi, dəqiqləşmiş vergi bəyannaməsinin təqdim olunması müddəti Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən ötmüşdür. Belə ki, 2016-cı ilin İİ rübü üzrə hesabat dövrü 2016-cı ilin iyul ayının 20-dən gec olmayaraq müəyyən edildiyindən və 2019-cu ilin iyul ayının 20-dən sonra həmin müddətdən 3 il keçdiyindən iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilməsinə qanunvericiliklə yol verilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-374/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı tərəfindəndən iddiada göstərilən faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutların mövcudluğu cavabdeh tərəfindın də təsdiq edilərək inkar edilmir. Məhkəmə qərarda qeyd edilən sübutları göstərmiş olmasına baxmayaraq, həmin sübutlara qiymət vermədən qərar qəbul etmişdir. Məhz bu səbəbə görə də qərarın əsaslandırıcı və nəticə hissələri arasında ziddiyyət vardır. Qərarın 5-ci səhifəsində Vergilər Nazirliyinin İddiaçı MTK-nın müraciətinə cavabı verilən xx.xx.2029-cu il tarixli məktubuna istinad edilir. Həmin məktubda göstərilir ki, qeyd edilən bəyənnamə və hesablanmış vergi məbləğindən 3 il müddət keçdiyinə görə dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi qanuna müvafiq hesab edilmir. Həmçinin bildirilir ki, binanın layihəsinə edilmiş dəyişiklilər, eləcə də təsdiqlənmiş yeni layihə forması araşdırmaya təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər. Vergilər Nazirliyinin bu məktubunun məzmunundan belə başa düşülür ki, tikilmiş binanın 17 və 18-ci mərtəbələrinin sökülməsi onlara məlum deyildir. Onlara məlum olsa idi məsələyə yenidən baxa bilinərdi. Həmin səhifənin 4-cü abzasında göstərilr ki, İddiaçı MTK Vergilər Nazirliyinə xx.xx.2017-ci il tarixdə rəsmi müraciət edərək, tikilmiş binanın son iki mərtəbəsinin XDMX və Bakı şəhər İcra Hakimiyyətinin tələbinə uyğun olaraq söküldüyü barəsində məlumat verilir və bu səbəbə görə də verginin müvafiq olaraq azaldılması xahiş edilir. Vergilər Nazirliyi həmin müraciətə və eləcə də tikintiyə baxış keçirdikdən sonra, tikilən binanın 2 mərtəbəsinin söküldüyü müəyyən etmiş və MTK-ya rüblük 95 623 manat və ümumilikdə 956 230 manat hesablanmış verginin məbləğini müvafiq olaraq, rüb üzrə 10 683,10 manat olmaqla bütövlükdə 106 835,62 manat hesablamaqla vergi öhdəliyini azaltmışdır. MTK-nın şəxsi hesab vərəqəsində qeyd edilənlər öz əksini tapmışdır. Şəxsi hüsab vərəqəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh də həmin halları təsdiq edir. Cavabdeh, Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********09900 saylı İddiaçı MTK-ya ünvanladığı məktubunda göstərilir ki, MTK-nın tikdiyi A bloku ilə əlaqədar hesablanmış və vaxtı çatmış öhdəliklər üzrə sadələşdirilmiş verginin büdcəyə ödənilməsi təmin edilmişdir. Bundan başqa, təkrarən, Vergilər Nazirlyinin xx.xx.2019-cu il **********983800 saylı İddiaçı MTK-ya ünvanladığı məktubunda göstərilir ki, MTK-nın a bloku üzrə hesablanmış sadələşdirilmiş verginin büdcəyə ödənişi təmin edilmişdir, (qərarın 5-ci səhifəsi).Cavabdeh qeyd edilən sübutları təsdiq edir. Göründüyü kimi, İddiaçı MTK tərəfindən tikilmiş 18 mərtəbəli binaya görə Vergilər Nazirliyi tərəfindən vergi hesablanmış və MTK-nin müraciəti əsasında 2017-ci ildə sökülmüş 2 mərtəbə nəzərə alınmaqla vergi öhdəliyi azaldılmışdır. Azaldılma şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Beləliklə sübut olunur ki, MTK-nın 2019-cu ilin əvvəlində vergi öhdəliyi tam olaraq ödənilmişdir. Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunda binanın layihəsinə edilmiş dəyişiklik təqdim edildiyi halda, məsələyə yenidən baxılacağı barəsindəki mövqeyi ilə, binada edilmiş dəyişiklik və buna görə də vergi öhdəliyinin azaldılması barəsində cavabdehin qəbul etdiyi hallar arasında ziddiyyət vardır. Cavadehə tikilmiş binada edilmiş dəyişiklik 2017-ci ildən məlum idi. Cavabdeh həmin halı nərə alaraq, sonradan mansarda görə yaranmış 49 914,22 mant təşkil edən vergi öhdəliyini əvvəlki dövrə aid etmədən yeni yaranmış vergi öhdəliyi kimi qəbul etməli idi. Cavabdehə qeyd edilən hallar məlum olsa da, daha doğrusu özünün iştirakı ilə sənədləşdirilmiş halları nəzərə almalı olduğu halda bunu etməmklə, iddiaçıya əsassız olaraq faiz hesablamışdır. Cavabdeh yeni yaranmış vergini tam olaraq ödəmiş, lakin əsassız hesablanmış faizlərin silinməsi barəsində iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə cavavdehin elektron vergi sistemi ilə hesablandığına görə ona toxunmaq olmaz, və eləcə də dəqiqləşdirilmiş bəyannamə müddətindən 3 il vaxt keçdiyinə görə dəqiqləşdirilmə qəbul edilə bilməzdi. Müddətin keçməsi barəsində də cavabdehin mülahizəsi və məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Beləki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, 49 914,22 manat vergi öhdəliyi 2019-cu ildə, binanın mansardına görə əmələ gəlmişdir. Belə olan halda öhdəliyin 3 il əvvəl əmələ gəlindiyi mülahizə tamamilə əsassızdır. Həmçinin, hesablanmış fazilər də düzgün hüsablanmayıb. Vergi Məcəlləsinin 59.2 maddəsində açıq aşkar göstərilir ki, bu məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir." Cavabdeh isə göstərir ki, faizlər 4 il müddətinə hesablanıbdır. Hətta, faizlər əsassız olaraq hesablansa belə vergi məcəlləsinə görə 1 ildən cox olmamaq şərti ilə hesablana bilərdi, cavabdeh isə bütün illər üzrə əsassız faiz hesablamaqla MTK-ya cərimə tətbiq etmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-30/2023 saylı xx.xx.2023cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1258/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə öhdəliyin icrası haqqında iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın mansard mərtəbəsinin tikintisi üçün Vergi Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan, 2019-cu il iyununda yaranan 49.914,22 manat məbləğındə vergi borcu barəsində hesabatın cavabdeh tərəfindən qəbul edilməsi, 49.914,22 manat vergi öhdəliyinə görə əsassız hesablanmış 37.689,60 manat məbləğində faiz borcunun siliniəsini tələb etmiş birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin olunmamış, həmin qərar apellyasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, Ali Məhkəmənin qərarı iləhəmin qərar ləğv ediələrək yeni baxışa qaytarılmışdır. Ali məhkəmə qərarın apellyasiya məhkəməsinin qərarnı ləğv edərkən aşağıdakıları qeyd etmişdir: “...2019-cu ildə binanın yeni mərtəbəsinin inşasına icazə verilmişsə, başqa sözlə, binanın vergitutma obyekti olan sahəsində dəyişiklik baş vermişsə, bu halda, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən 2016-cı ilin bəyannaməsinə dəqiqləşmə əvəzinə, yeni bəyannamə təqdim etməli idi.iddiaçı ilk dəfə ilkin layihədə nəzərdə tutulmuş tikinti sahəsinin ümumi ölçüsündəki dəyişikliliyə (azalma) müvafiq olaraq xx.xx.2017-ci il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 2016-cı ilin bəyannaməsinə dəqiqləşmə vermiş və bu hal vergi orqanı tərəfindən qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, ilk dəfə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci ildəki dəqiqləşdirilmiş bəyannamə vergi orqanı tərəfindən qəbul edildiyindən, vergi ödəyicisinin ikinci dəfə, yəni 2019-cu il tarixdə eyni qaydada yenidən davranması üçün ilkin praktikaya etimadı yaranmışdır. Lakin hazırkı iş üzrə iddiaçı ikinci dəfə (2019-cu il tarixdə) bəyannamə təqdim edərkən yenidən 2017-ci il tarixdə davrandığı kimi davransa da, bu zaman cavabdeh Vergi Məcəlləsinin 72.5 və 59.1-ci maddəsinə müvafiq olaraq faizlər hesablamışdır. Halbuki, cavabdeh orqan həm iddiaçının etimad hüququnun qorunması ilə bağlı qanunvericiliyin normalarını nəzərə almamış, həm də, iddiaçının irəli sürdüyü dəlillər üzrə araşdırma aparmadan, formal olaraq 2016-cı il üzrə dəqiqləşmiş bəyannamə təqdim edilməsinə istinadən faizlər hesablamışdır. Halbuki, cavabdeh orqan iddiaçı əgər səhvə yol veribsə, ən azından Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral yoxlama apararaq bu halı düzəltmək imkanına malik olmuş, lakin bunu etməmiş, iddiaçının özü tərəfindən səhvin aradan qaldırılması üçün müraciət olunduqda isə Vergi Məcəlləsinin 85.5-ci maddəsindəki 3 illik müddətə istinadən iddiaçının xeyrinə hərəkət etməkdən formal olaraq imtina etmişdir... İddiaçı iddia ərizəsində yeni mərtəbənin tikintisinə icazə verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, hər rüb üzrə xx.xx.2016-cı il tarixdə bəyan edilmiş vergi məbləğlərini 49.914,3 manat artırdığını qeyd etmişdir. İddiaçının bu dəlillərinin həqiqiliyi, o cümlədən, cari dəyişikliyin nə vaxt baş verməsi məsələsi aşağı instansiya məhkəmələrinin araşdırma predmeti olmamışdır. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi vergitutma obyekti olan binanın ümumi sahəsindəki cari dəyişikliyin nə vaxt baş verməsi istiqamətində araşdırma aparmalı, həmin dəyişikliyin (mərtəbənin tikintisinə icazə verilməsi) baş verməsindən sonra nə qədər müddətdə iddiaçı tərəfindən bəyannamə təqdim edilməsi məsələsi araşdırılmaqla faizlərin tam və ya qismən əsaslı hesablanıbhesablanmaması məsələsinə hüquqi qiymət verilməlidir...” İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali məhkəmənin qeyd olunan hüquqi mövqeyi çərçivəsində təkrar apellyasiya qaydasında aparılan araşdırma zamanı aşağıdakılarr nəzərə alınır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0.1 faizi məbləğində faiz tutulur. 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən bu maddə (“Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi”) aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: 163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; 163.1.2. əməliyyatın xarakteri dəyişdikdə; 163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud 163.1.4. vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda. 163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində: 163.2.1. ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddələrinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. İşin materiallarına əsasən işin aşağıda qeyd olunan mübahisələndirilməyən halları müəyyən olunur. Bakı şəhəri İcra Hakimiyyətinin 24 oktyabr 2014-cü il tarixli 505 saylı və 22 dekabr 2015-ci il tarixli 550 saylı sərəncamına əsasən İddiaçı MTK tərəfindən ünvan 2 ünvanda çoxmənzilli yaşayış binası tikilmiş, Bina Tikintisi Fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi MTK-ya hər rüb üzrə 95.623 manat olmaqla, ümumilikdə, 956.230 manat sadələşdirilmiş vergi hesablanmışdır. Daha sonra, binanın tikintisinin başa çatması ərəfəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin göstəriş və tələblərinə əsasən binanın iki mərtəbəsi sökülmüş və bununla əlaqədar iddiaçı tərəfindən hesabata dəqiqləşmə təqdim edilmiş və nəticədə ödəniləcək vergi məbləği 106.835,62 manat (o cümlədən hər rüb üzrə 10.683,10 manat) azaldılmış və bu fakt şirkətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Qalan 849.394,38 manat məbləğində hesablanmış vergi məbləği vaxtlı - vaxtında İddiaçı MTK tərəfindən vergiyə tam ödənilmişdir. Binanın son iki mərtəbəsi söküldükdən sonra, 2019-cu ilin iyun ayında Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onunla aparılan intensiv danışıqlar nəticəsində, binanın dam örtüyünə pəncərələr quraşdırılmasına Xüsusi Dövlət Mühafizə Xidməti icazə verilmiş, lakin bu zaman , iddiaçı tərəfindən yeni tikinti sahəsinə dair ayrıca, yeni hesabat kimi verilməmişdir. Belə ki, iddiçının şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, ilkin hesabat qismində həmin tikinti sahəsinə görə iddiaçı tərəfindən xx.xx.2019-cü il tarixdə 2016-cı ilin 2-ci rübü üzrə BTFSV üzrə 49.914,22 manat vergi hesablanması barədə dəqiqləşmə bəyannaməsi verilməsi nəticəsində, əvvəlki hesabatın təqdim edildiyi tarixdən artıq iddiaçı tərəfindən vergi öhdəliyini yerinə yetirdiyi keçmiş dövrə görə ona faizlər hesablanaraq, şəxsi hesab vərəqəsində təsbit olunmuşdur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir Lakin, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, mübahisəli çoxmərtəbəli yaşayış binasının, son iki mərtəbinin sökülməsindən sonra, binanın dam örtüyünün (mansard) tikintisi həyata keçirilməsi nəticəsində tikinti tamamlanmışdır. Başqa sözlə,binanın ilkin layihəsinə münasibətdə mansard sahəsi artıq yaranmış yeni tikili sahəsidir ki, belə olan halda da həmin sahəyə görə iddiaçının ilkin hesabat təqdim etmək kimi vergi vergi öhdəliyi yaranır. İddiaçı qabaqcadan son iki mərtəbənin sökülə biləcəyini görə bilməsi mümkünsüz olduğu halda, onun vergi orqanına xx.xx.2019-cü il tarixdə 2016-cı il in 2-ci rübünə verdiyi dəqiqləşmə, əslində, faktiki olaraq binanın son iki mərtəbəsinin söküntüsından sonra, yeni yaranmış tikili sahəsinə (manarda) dair hesablanmış 49.914,22 manat məbləğində BTFSV olduğu halda, hesablanmış həmin verginin ödənilməsinin gecikdirilməsinə görə ona Vergi Məcəlləsinin 59.1-ci maddsinə əsasən faizlər hesablanması əsassızdır. Çünki, ən azından, Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinin tələbtinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 53.3-cü maddəsinin 4-cü hissəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Qeyd olunmalıdır ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2889 saylı 13 iyul 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də ekspert tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvan 3 ünvanında tikilmiş çoxmənzilli yaşayış binasının mansard mərtəbəsinin tikintisi üçün hesablanmış faiz borcunun düzgün hesablanmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilən BTFSV üzrə 49.914,22 manat məbləğində verginin hesablanmasına dair hesabat Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbi nəzərə alınmadan, yeni tikili sahəsinin hesabatı kimi qəbul edilməli və həmin tikiliyə görə BTFSV üzrə hesablanmış 49.914,22 manat məbləğində verginin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizlər silinməlidir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmənin iddianın rədd olunması barədə gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarına uyğun olmamışdır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilmədiyini və əsassız qərar qəbul etdiyini mübahisələnlirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-374/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı, iddiaçının xx.xx.2019-cu il tarixdə təqdim etdiyi BTFSV üzrə hesabat yeni tikili sahəsinin (dam örtüyü (“mansard”)) dair hesabat kimi qəbul edilməsi və həmin tikili sahəsinə görə BTFSV üzrə 49.914,22 manat məbləğində verginin ödənilməsinin gecikdirilməsinə görə ona hesablanmış faizlərin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-374/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı MTK-nın xx.xx.2019-cu il tarixdə təqdim etdiyi BTFSV hesabatının, yeni tikili sahəsinin hesabatı kimi qəbul edilməsi və həmin tikili sahəsinə görə hesablanmış BTFSV üzrə 49.914,22 manat məbləğində verginin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizlərin MTK-nın şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1444/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1444/2024
11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver