Məhkəmə qərarları › İş №2-1(103)-1445/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1445/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1445/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 1981-1988-ci illərdə Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 1981-1988-ci illərdə Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6931/2021 saylı 17 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyun 2022ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İddiaçıya məxsus Q-İ seriyalı 034527 saylı 60.07.1978-ci il tarixli diplomdan görünür ki, o, 1974-cü ildə Lenin adına X10 Ordenli Azərbaycan Dövlət Pedoqojı İnstitutuna daxil olmuş, 1978-ci ildə institutu tarix ixtisası üzrə bitirmişdir. BO seriyalı 078827 saylı 08.08.1980-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 03.12.1978-ci il tarixdən 06.06.1980-cı il tarixədək hərbi xdmətdə olmuşdur. İddiaçıya məxsus 948235 saylı pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 25.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırki pensiya məbləği 551 manat 67 qəpik təşkil edir. İddiaçıya məxsus 03.07.1973-cü il tarixli əmək kitabçasından görünür ki, o, 12.08.1972-ci il tarixdə Masis rayonu, Zəngilər sovxozuna işçi fəhlə qismində işə qəbul edilmiş, 28.08.1974-cü ildə instituta daxil olma səbəbindən işdən azad edilmiş, 15.08.1978-ci il tarixdə Zərdab rayon 124 saylı orta məktəbinə tarix müəllimi təyin edilmiş, 01.07.1981-ci il tarixdə işdən azad edilmiş, 19.01.1989-cu ildə maşınqayırma zovoduna dispetçer təyin edilmiş, 28.08.1992-ci ildə işdən azad edilmiş, 01.09.1992-ci ildə 55 saylı orta məktəbə tarix müəllimi təyin edilmiş, 15.09.1998-ci il tarixdə 55 saylı məktəbdən işdən azad edilərək ixtisası üzrə işləmək üçün 249 saylı məktəbə köçürülmüş, 25.03.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 26.03.2020-ci il tarixdən 16.06.2020-ci il tarixədək müddətli əmək müqaviləsi ilə həmin məktəbdə tarix müəllimi işləmiş, müqavilənin müdəti 14.08.2020-ci il tarixdə bitdiyindən ləğv edilmişdir. Bundan başqa iddiaçının təqdim etdiyi sənədlərdən, o cümlədən onun 1981-1988-ci illərdə Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbində işləməsinə dair arayışlardan görünür ki, iddiaçı həmin dövrdə məktəbdə müəllim işləmişdir. İddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, iddiaçıya 25.03.2019cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunarkən onun 1981-1988-ci illərdə işlədiyi müddət nəzərə alınmamışdır. İddiaçı onun 1981-1988-ci illərdə işlədiyi müddətin stajına daxil edilərək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 07 may 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunanları nəzərə alaraq təqdim etilmiş 03.07.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçasına, hərbi biletə və əyani təhsil haqqında diplomun surətlərinə əsasən ona 01.01.2006-cı il tarixinədək 25 il 9 ay sığorta stajı və 01.01.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 39333,60 manat pensiya kapitalı əsasında 25.03.2019-cu il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği 01.01.2021-ci il tarixindən 551,67 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında X1 X6 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Onun 1981-1988-ci illər ərzində Masis rayon Zəngilər kənd orta məktəbindəki əmək fəaliyyəti dövrü əmək kitabçasında öz əksini tapmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 1981-1988-ci illərdə Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-1989-cu illərdə milli münaqişə zəminində Ermənistandan deportasiya olunmuş, bu səbəbə görə də 1981-1988-ci illərdə işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmamışdır. Amma 1981-1988-ci illəri əks etdirən ştamplı, möhürlü, notarius tərəfindən təsdiq olunmuş arayışlar özündədir. Həmin arayışlara əsasən onun işlədiyi həmin müddət cavabdeh tərəfindən pensiya təyin olunarkən onun stajına daxil edilməmişdir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılaraq 1981-1988-ci illər ərzində Masis rayon Zəngilər kənd orta məktəbindəki əmək fəaliyyəti dövrü əmək kitabçasında öz əksini tapmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab olunmamışdır. Buna görə də qeyd olunan dövrün sığorta stajına daxil edilərək 25.03.2019cu ildə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina olunmuşdur. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilən imtina qanunidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1 əmək kitabçası; 3.2.2 əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3 mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4 Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5 1-ci qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6 sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənədlərə iş yerindən arayışlar aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni 2006-cı il 1 yanvar tarixədək sığortaolunanın arayış (dövlət arxivinin arayışı, iş yerindən arayış yox) üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İş üzrə icraat materiallarından göründüyü kimi, iddiaçının adına 03.07.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasında iddia edilən 1981-1988-ci illər qeyd olunmamışdır. Lakin qanunvericilik aktlarının əlaqəli təhlilindən də məlum olduğu kimi, iş yerindən arayış sığorta stajını təsdiq edən sənəd hesab oluna bilməz. Buna görə də iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6931/2021 saylı 17 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını qanunsuz və əsassız hesab edir. Onun qeyd olunan dövrlərdə işləməsini təsdiq edən arayışlar vardır. Onun həmin məktəbdə 1981-1988-ci illərdə müəllim vəzifəsində çalışmağını sübut edən məktəb direktorunun imzası və möhürü ilə təsdiq edilmiş bir neçə arayışın təqdim edilməsinə baxmayaraq, bu hal məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 07.05.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 26.05.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun 1981-1988-ci illərdə Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun 1981-1988-ci illərdə Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövrün əmək kitabçasında qeyd edilməməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 1981-1988-ci illərdə iş stajını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsinə, Masis rayon Zəngilər kənd orta məktəbinin arayışlarında qeyd olunan iş stajının arxiv sənədləri ilə təsdiq olumadığı üçün onların sübut kimi qəbul oluna bilinməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (işəgötürənin) arayışları nəzərə alına bilər. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə iş yerindən aldığı arayışların tərcümə təsdiq olunmuş nüsxələrini təqdim etmişdir. Masis rayon X8 298 saylı 21.10.1981-ci il tarixli əmrdən çıxarışından görünür ki, İddiaçı Masis rayon Zəngilər kənd orta məktəbinə günüuzadılmış qrupa müəllim təyin edilmişdir. Təqdim edilmiş Ermənistan, Masis rayon Zəngilər kənd orta məktəbinin direktoru tərəfindən verilmiş 20.08.1982-ci, 20.08.1983-cü, 27.08.1984-cü, 26.08.1985-ci, 25.08.1986-cı, 25.08.1987-ci, 04.05.1988-ci il tarixli arayışların tərcümə təsdiq olunmuş surətlərinə əsasən İddiaçı 1981/1982-ci, 1982/1983-cü, 1983/1984-cü, 1984/1985-ci, 1985/1986-cı, 1986/1987-ci, 1987/1988-ci tədris illərində Masis rayon Zəngilər kənd orta məktəbində müəllim işləmişdir. Beləliklə, İddiaçı mübahisələndirilən dövrlərdə işlədiyi müddətin onun stajına daxil edilməsi üçün qanunla hər hansı məhdudiyyət iş üzrə müəyyən olunmur. Lakin iddiaçıya məxsus pensiya işinin materiallarından görünür ki, iddiaçının 1981- 1988-ci illərdə işlədiyi müddət cavabdeh inzibati orqan tərəfindən onun stajına daxil edilməmiş və buna görə də iddiaçıya yaşa görə əmək pensiyası təyin olunarkən həmin müddət nəzərə alınmamışdır. İş üzrə birinci instansiya məhkəməsi isə iddiaçının həmin dövrdə işləməsi ilə bağlı arxiv arayışlarının mövcud olmamasına istinad edərək iddianın təmin olunmasından imtina etmişdir. Halbuki yuxarıda adı çəkilən qanunvericilik normalarının tələblərinə görə işçinin əmək stajı təkcə onun əmək kitabçası ilə deyil, həm də işəgötürənin verdiyi sənədlərarayışlar, əmək haqqı cədvəlləri, məlumat vərəqələri və s. sənədlər, daha sonra isə arxiv arayışları ilə də təsdiq olunur. Hazırki vəziyyətdə isə iddiaçının 1981-1988-ci illərdə işləməsini təsdiq edən sübut kimi işəgötürənin həmin dövrdə verdiyi arayışların tərcümə təsdiq olunmuş surətləri olduğu halda, iddiaçıdan bu barədə həm də arxiv arayışlarının tələb olunması düzgün deyil. Yaxud da işəgötürənin arayışları olduğu halda iddiaçının həmin dövrdə işləməsi faktının mülki məhkəmə icraatı qadasında müəyyən edilməsinə ehtiyac qalmır. Belə ki, qanunvericilikdə bu sənədlərin (işəgötürənin arayışı, əmək haqqı cədvəlləri, məlumat vərəqələri və s.) heç birinin olmadığı halda şahid ifadələri əsasında şəxsin hansısa müəssisədə işləməsi faktının məhkəmə qaydasında tanınmasından söhbət gedir ki, hazırki işdə də iddiaçının işləməsini təsdiq edən sənəd kimi işəgötürənin arayışı mövcud olduğundan belə fakt təsdiqinə zərurət qalmır. Belə olan halda iddiaçı qanunun tələbinə görə 1981-1988-ci illərdə işlədiyi müddətin onun iş stajına daxil edilməsi ilə bağlı hüquqlarının (hazırkı halda sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının iş yerindən arayışlar nəzərə alınmaqla 1981-1988-ci illər üzrə işlədiyi müddət onun stajına daxil edilməlidir. Cavabdeh tərəf mübahisələndirdiyi 1981-ci il tarixdən 1988-ci il tarixədək Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi müddətin şübhəli olması ilə bağlı halları əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Belə olan halda iddiaçının 1981-1988-ci illərdə işlədiyi dövr onun stajına daxil edilmədiyi üçün pensiya təyin olunarkən həmin müddət cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadığından həmin müddət onun stajına daxil edilməli və pensiyası həmin müddət də nəzərə alınmaqla yenidən hesablanmalıdır. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6931/2021 saylı 17 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının 1981-1988-ci illərdə Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona 25.03.2019-cu il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6931/2021 saylı 17 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 1981-1988-ci illərdə Ermənistan SSR Masis rayon Zəngilər kənd orta məktəbində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, onun əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar