Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1445/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4273/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Binəqədi rayonu Xocasən Bələdiyyəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocasən Bələdiyyəsinin 15/16 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 29 mart 2006-cı il tarixli, 07/34 nömrəli qərarı ilə Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin tam dəyəri müəyyən edilmiş və mən həmin torpaq sahəsinə görə Xocasən Bələdiyyəsinin bank hesabına 8000.00 (səkkiz min manat) ödəmiş və buna dair ona qəbz təqdim edilmişdir. Qərarın ləğv edilməsi barədə onun məlumatı olmamış, yalnız istifadəsində və sahibliyində olan torpaq sahəsini özəlləşdirmək məqsədilə ASAN Xidmətin Arxiv bölməsinə müraciət edərkən məlumat almışdır. Bundan sonra Xocasən Bələdiyyəsinə müraciət edərək həmin qərarın ləğv edilməsini və qərarın ləğv edilməsinə dair qərarın ona təqdim olunmasını tələb etmişdir. X1 bildirmişlər ki, sənədlər onlarda deyil, arxivə təhvil verilmişdir. xx.xx.2024 tarixində iddiaçı iddianın tələbini dəqiqləşdirərək,Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli,15\16 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4273/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə əlçatanlılığı hüququnu kobud şəkildə pozmaqla, heç bir əsas olmadan iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul etmişdir. Hüquqi müəyyənlik prinsipinin tələbinə görə məhkəmə iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının xx.xx.2007-ci il tarixli 15/16 saylı qərar ilə ləğv edilməsinə dair sübutları, həmin qərarın məhkəmə qaydasında ləğv edilməsinə etiraz edilməməsi barədə bələdiyyə nümayəndəsinin izahatını nəzərə alaraq, iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verməli idi. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, mövcud olan iş materiallarının ziddinə qərar qəbul etməklə ədalət mühakiməsi orqanının təyinatına uyğun olmayan davranışa yol vermişdir. Birinci instansiya məhkəməsi qanundan irəli gələn vəzifələrinin icrasından açıq-aşkar imtina edərək, nəinki öz xidməti vəzifələrinə görə araşdırma aparmaq, əksinə mövcud sübutlara belə maddi və prosessual hüquq normalarına müvafiq olaraq qiymət verməkdən yayınmışdır. Cavabdehin mübahisələndirilən 15/16 saylı, xx.xx.2007-ci il tarixli qərarı Məhkəməyə təqdim etməməsi belə bir qərarın olmaması anlamına gəlmir. Cavabdeh Bələdiyyə həm iddiaçıya ünvanlanmış məktubunda, həm də məhkəmənin sorğusuna cavabında İddiaçı adına 1 ha torpaq sahəsi ayrılmasına dair bələdiyyənin 07/34 saylı, xx.xx.2006-cı il tarixli qərarının bələdiyyənin 15/16 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə ləğv edildiyini bildirmişdir. Habelə, bu məlumatlar ASAN xidmət mərkəzlərinin məlumat bazasına yerləşdirilmişdir. İddiaçı torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınması üçün Mərkəzə müraciət etdikdə, ona torpaq sahəsinin ayrılması barədə qərarın ləğv edildiyi bildirilmişdir. Bundan başqa, cavabdeh sözügedən qərarın xx.xx.2018-ci il tarixində Milli Arxiv İdarəsinə təhvil verildiyini bildirməklə də, inzibati aktın mövcudluğunu və onun dəqiq tarixdə Arxivə təhvil verildiyini təsdiq etmişdir. Eləcə də, Azərbaycan RespublikasıDövlət Arxivinin Bakı flialının xx.xx.2024-cü il tarixli, 3-48- 2F/2-693/2024 nömrəli məktubu ilə Xocəsən Bələdiyyəsi tərəfindən Dövlət Arxivinin Bakı filialına təhvil verilmiş saxlanma vahidlərinin siyahısına qərarların ləğv edilməsi barədə əlavə edilmiş siyahıda bələdiyyənin İddiaçı 1 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli 07/34 saylı qərarının bələdiyyənin xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarı ilə ləğv edilməsi barədə məlumatın qeyd olunduğu bildirilmişdir. Deməli, iş materiallarında olan sübutlar iddiaçının mübahisələndirdiyi inzibati aktın həqiqətən mövcud olduğunu, cavabdeh tərəfindən hansısa subyektiv mülahizələr səbəbindən ortaya çıxarılmadığını və məhkəməyə təqdim edilmədiyini təsdiq edir. Məhkəmə iclasında iştirak edən bələdiyyənin nümayəndəsi də, qərarın ləğv edilməsinə etirazları olmadığını bildirmişdir. Əks halda yaranmış mübahisə həll edilməmiş, iddiaçının hüquqlarına və qanuni mənafeyinə toxunan hallar aradan qaldırılmamış qalacaqdır. Bələdiyyə mübahisələndirilən qərarın mövcudluğu barədə məlumatlarıArxiv İdarəsinə, iddiaçıya, habelə Məhkəməyə təqdim etmişdir. Məhkəmə isə inzibati aktın təqdim edilməməsi səbəbindən inzibati aktın mövcud olmadığı qənaətinə gəlməklə prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: -Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07/34 nömrəli qərarından görünür ki, Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. -Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02-P/55 nömrəli məktubundan görünür ki, İddiaçı adına 1 ha torpaq sahəsi ayrılmasına dair bələdyyənin 07/34 saylı, xx.xx.2006-cı il tarixli qərarı, bələdiyyənin 15/16 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə ləğv edilmişdir və həmin qərarın yenidən bərpa edilməsi bələdiyyənin səlahiyyətləri xaricindədir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xocəsən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07/34 nömrəli və xx.xx.2007-ci il tarixli 15/16 nömrəli qərarları Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. - Binəqədi rayonu Xocahəsən Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 03/131 nömrəli məktubundan görünür ki, sorğuda adı qeyd olunan vətəndaş İddiaçı adına xx.xx.2006-cı il tarixli, 07/34 saylı qərarla 1 ha torpaq sahəsi ayrılması və həmin qərarın bələdiyyənin xx.xx.2007-ci il tarixli, 15/16 saylı qərarı ilə ləğv edilməsi barədə məlumat aşkarlanmışdır. İcarəyə, istifadəyə, eləcə də mülkiyyətə verilməsinə dair bələdiyyə tərəfindən qəbul olunmuş qərarlar mühafizə olunması məqsədi ilə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2018-ci il tarixində Milli Arxiv İdarəsinə təhvil verilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı flialının xx.xx.2024-cü il tarixli, 3-48- 2F/2- 693/2024 nömrəli məktubundan görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. X3 tərəfindən Dövlət Arxivinin Bakı filialına təhvil verilmiş saxlanma vahidlərinin siyahısına qərarların ləğv edilməsi barədə siyahı əlavə edilmişdir. -Məktuba əlavə edilmiş Xocasən bələdiyyəsində ləğv edilmiş qərarlar barədə məlumatdan görünür ki, bələdiyyənin İddiaçı 1 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli 07/34 saylı qərarı bələdiyyənin xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarı ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, 29 mart 2006-ci ildə Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 1 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Daha sonra iddiaçıya həmin qərarın ləğv olunması məlum olmuşdur.İddiaçı qərarın ləğv edilməsi ilə bağlı,Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş materialları araşdıraraq ,iddia tələbini mümkün saymamışdır.İddiaçı bu qərardad ilə razı olmadığı üçün Bakı Apellyasiya Məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki ,apellyasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehin xx.xx.2007-ci il tarixli 15/16 saylı qərarı ilə ona torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli 07/34 saylı qərarın ləğv edildiyini bildirməklə, həmin əlverişsiz inzibati aktın ləğvini xahiş etsə də, adıçəkilən qərar mövcud deyil. Eyni zamanda göstərilən inzibati akt işin apellyasiya icraatı zamanı da məhkəməyə təqdim olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4273/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1445/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1445/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver