Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1447/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa ediməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6590/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əlilliyin 2021-ci ilin may ayından bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, diaqnozu bəhanə gətirərək mərkəzi VTEK-in komissiyası iddiaçının əlilliyini ləğv etmişdir. 18 nömrəli poliklinika elektron qaydada göndəriş verməsinə baxmayaraq, komissiya əlillik vaxtını uzatmamış, halbuki qanuna görə ömürlük əlillik təyin olunmalı idi, çünki 2008-ci ildən iddiaçının əlillik dərəcəsi var. Komissiyanın əlilliyin ləğv etməyə heç bir hüququ yoxdur. 10 ildən sonra avtomatik ömürlük əlillik təyin olunur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6590/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əlilliyin 2021-ci ilin may ayından bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti etiraza uyğun tərtib edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6590/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür. - 066232 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı müharibə veteranıdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 136 nömrəli xx.xx.2003-cü il tarixli qərarının surətinə əsasən Bakı şəhəri Nərimanov RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət keçərkən, aldığı xəstəliyin diaqnozu: “Ağ xəttin iri ölçülü residiv yırtığı” səbəbindən X2.02.1996-cı ildən xx.xx.1996-cı ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Xəstəlik hərbi xidmət dövrü ilə əlaqədardır. - 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlilliyi müəyən edilmişdir. TSEK-in diaqnozu: “Qarının ön divarının əməliyyatdan sonrakı yırtığı. Bitişmə xəstəliyi”. Növbəti müayinə tarixi xx.xx.2010-cu il tarixinə təyin edilmişdir. - 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2014-cü ildə qəbul edilmiş qərara əsasən, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlilliyi təkrar müəyən edilmişdir. TSEK-in diaqnozu: “Qarının ön divarının postoperasion düzələn yırtığı. Həzm funksiyasının pozulması ilə gedən bitişmə xəstəliyi. NSD qarışıq tip”. - 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2015-ci ildə qəbul edilmiş qərara əsasən, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlilliyi təkrar müəyən edilmişdir. TSEK-in diaqnozu: “Qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi”. - 8 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarına əsasən, təkrar müayinə zamanı iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlilliyi müəyyən edilərək, növbəti müayinə xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. TSEK-in diaqnozu: “Qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığı (1996-2008). Həzm funksiyasının pozulması ilə gedən bitişmə xyi”. -İddiaçı üçün ətraflı qiymətləndirmə məlumatına əsasən, iddiaçıya xx.xx.2021-ci ildə qiymətləndirmə əsasında əlilliyin müəyyən edilməsindən imtina edilmiş, səbəb isə “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” kimi göstərilmişdir. Diaqnozun mətni: “Qasıq yırtığı, Qarnın ön divarının c/ə sonrakı residiv ventral yırtığı. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Residiv göbək yırtığının ləğvi, Alloplastika c/ə son/vəz(2008)”. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti 18 nömrəli şəhər Poliklinikası 0074003AACGQ nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” barədə qərar qəbul edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı hal-hazırda mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmətibbi ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X3 T 339/2021 nömrəli ekspert rəyinə əsasən komissiya aşağıdakı nəticəyə gəlmişdir: “1-3. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş son göndərişdə qeyd edilən hazırda onun əziyyət çəkdiyi “qasıq yırtığı, qarnın ön divarının cərrahi əməliyyatdan sonrakı residiv ventral yırtığı, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, residiv göbək yırtığının ləğvi, Alloplastika cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid emək mümkün deyil. Qeyd edilən xəstəliyin iki forması olur: travmatik və qetri-travmatik. Qeyritravmatik mənşəli yırtıqlar qarın boşluğunun divarlarında olan anadangəlmə zəif yerlərdən qarındaxili təzyiqin artmasına səbəb olan xəstəliklər nəticəsində qarın boşluğu üzvlərinin, əsasən də bağırsaqların qarın boşluğundan xaric olunmasıdır. Travma mənşəli yırtıqlar isə travmatik qarın divarı defektlərindən orqanların qarın boşluğunda xaric olmasıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 24.1-24.3-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1996-cı ildən yırtıq xəstəliyindən əziyyət çəkir, 18 saylı şəhər poliklinikasının xx.xx.2009-cu tarixli göndərişi əsasında ona hərbi xidmət dövrü ilə əlaqədar alınmış xəstəliyə görə İİİ dərəcə əlillik müəyyən edilmiş, həmin xəstəlik “X1”nın Xİ Sinifə uyğundur (Həzm sisteminin xəstəlikləri => K40-K46 - Yırtıqlar => K43 - Qarının ön divarının yırtığı => K43.9 - Qarnın ön divarının yırtığı, keçməməzlik və ya qanqrena olmadan). 2014-cü ildən 2015-ci ilədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə yenidən təyin edilmiş, 2016-ci ildə iddiaçıya 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) İİİ dərəcə əlillik müəyyən edilmişdir. Belə olan halda 2021ci ildə həmin diaqnozun qoyulması iddiaçıda xəstəliyin mövcud olmasını sübut edir və iddiaçının tam reabilitasiya olunmasını istisna edir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mövcud inzibati praktikaya uyğun hərəkət etməməsi işin faktiki halları ilə təsdiqlənir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6590/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6590/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1447/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1447/2023
17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver