Məhkəmə qərarları › İş №2-1(103)-1447/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1447/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1447/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X7 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinə qarşı “xidmətkeçmə haqqında arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7632/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6600 (altı min altı yüz manat) sığorta ödənişinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında yaralanmış və 2-ci qrup əlil olmuşdur. Əlilliyi Azərbaycan Respublikasının ərazi bütövüyü uğrunda yaranmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların və şəhidlərin ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən sığorta ödənişi verilir. Birinci Qarabağ müharibəsi əlili olan, lakin adını siyahıda tapmayan vətəndaşlar xəsarəti ilə bağlı məlumatın elektron sistemə daxil edilməsi üçün xidmət etdiyi qurumun hərbi həkim komissiyasına müraciət etməlidir. E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına müraciət etməlidirlər. O, hərbi həkim komissiyasına müraciət etməsinə baxmayaraq müraciəti təmin edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi ilə əvəz edilməsini, iddia tələbinin “X3 barəsində xidmətkeçmə haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7632/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinə qarşı “xidmətkeçmə haqqında arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, mərhum X3 şəxsi işində və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində hərbi xidmət keçməsi, tərxis olunması barədə heç bir məlumat olmadığı üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsi tərəfindən xidmətkeçmə haqqında arayışın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1958-ci il təvəllüdlü mərhum X5 (ehtiyatda olan leytenant) keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. “Zabit batalyonunda” hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə yaralanmışdır. Məktuba əlavə edilmiş, mərhum X4 aid olan Müdafiə Nazirliyinin Mərkəzi arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Zabit batalyonu” komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından X3 xidməti və yaralanması barədə araşdırma aparıla bilmir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “mərhum X2 Qaradağ rayon hərbi komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. “Zabit batalyonunda” hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə yaralanmışdır. Lakin “Zabit batalyonu” komandirinin 1992ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından X3 xidməti və yaralanması barədə araşdırma aparılması mümkün olmamışdır. Belə olan halda xidmətkeçmə haqqında arayışın verilməsindən imtina qanuni və işin hallarına uyğun olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu. 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə. 3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin predmetini hərbi xidmət keçməsinə dair müvafiq arayışın əldə edilməsi təşkil edir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivində iddiaçının xidməti barədə məlumat aşkar olunmaması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi vətəndaşların hərbi xidmət dövrü deyilərkən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları günədək olan dövr nəzərdə tutulur. İş materiallarında olan iddiaçıya məxsus ******* №-li “müvəqqəti vəsiqə”dən görünür ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Zabit batalyonunda” hərbi əməliyyatlarda iştirak etmişdir. Həmçinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin məktubunda göstərilmişdir ki, “1958-ci il təvəllüdlü mərhum X2 Qaradağ rayon hərbi komissarlığı tərəfindən “Səfərbərliklə çağrılan zabitlərin əlifba kitabında” (səh.14 s/s 27) xx.xx.1992-ci ildə hərbi xidmətə çağrılması və “ Azərbaycan Respublikası Silahlı Qüvvələrində yaralanan hərbi qulluqçuların kitabında” (səh.5 s/s 15) xx.xx.1992-ci il tarixdə yaralanması barədə məlumatlar vardır. Lakin hərbi xidmət keçməsi barədə zabitin arxiv şəxsi işində məlumat olmadığı üçün xx.xx.2022-ci il tarixdə 1610 nömrəli məktubla Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu edilmiş və alınmış cavabda “Zabit batalyonu” komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirinin katibliyi Mərkəzi Arxivə daxil olmadığından X3 xidməti və yaralanması barədə araşdırma aparıla bilmir.” Həmçinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, “1958-ci il təvəllüdlü mərhum X5 (ehtiyatda olan leytenant) keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağrılmışdır. “Zabit batalyonunda” hərbi xidmət keçərkən xx.xx.1992-ci il tarixdə yaralanmışdır.” Eyni zamanda Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 “Akademik M.Ə.Mirqasımov Adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “X5 ilə bağlı “Akademik M.Ə.Mirqasımov Adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsin Arxiv bölməsində baxış keçirilmiş və 1992-ci ildə tərtib edilmiş qəbul jurnalında vətəndaş haqqında məlumat aşkar edilmişdir. Qəbul jurnalından əldə edilmiş məlumata əsasən X5 xx.xx.1992- ci il tarixində, saat 17:30 radələrində “sağ çiynində qəlpə yarası diaqnozu ilə göndərilmiş, 12718 nömrəli xəstəlik tarixi- və xx.xx.1992-ci il tarixində, saat 15:30- radələrində “огнестрельный оскол сквозь раны щеки слева” diaqnozu ilə göndərilmiş, 15267 nömrəli xəstəlik tarixi tərtib edilmişdir. Məlumat üçün bildirmişlər ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 3/1 nömrəli, xx.xx.2016-cı il tarixli qərarına əsasər xəstəxanada stasionar müalicə alan xəstələrin xəstəlik tarixlərinin saxlanılma müddəti 25 (iyirmi beş) il göstərilmişdir. 1992-ci ildə olan xəstəlik tarixləri ləğv edildiyindən vətəndaş X5 barəsində xəstəlik tarixlərindən çıxarışın təkrar tərtib edilməsi mümkün olmamışdır.” Yuxarıda sadalanan sənədlərdən müəyyən edilir ki, iddiaçının mərhum atası X1 rayon hərbi komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağrılmış, “Zabit batalyonunda” hərbi əməliyyatlarda iştirak etmiş və xx.xx.1992-ci il tarixdə yaralanmışdır. Göründüyü kimi hazırkı iş üzrə X3 hərbi xidməti barədə məlumatın mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozulmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7632/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7632/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. X3 barəsində xidmətkeçmə haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar