Məhkəmə qərarları › İş №2-1(103)-1447/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1447/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1447/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12672/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay üçün hesablanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı kimi ödənilməsi məcburi olan ancaq ödənilməmiş pulun iddiaçıya müəyyən olunmuş son əmək haqqı məbləğində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində çalışmış, xx.xx.2008-ci il tarixdə həmin baş idarənin rəisi öz ərizəsilə təqaüdə çıxmış və İddiaçı həmin tarixdən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını yerinə yetirmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək tutduğu vəzifənin, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəis müavininin tarif (vəzifə) maaşı məbləğində əmək haqqı almışdır. İddiaçı Azərbaycan Respublikası ədliyyə nazirinin xx.xx.2024-cü il tarixli, 248-K nömrəli əmrinə əsasən xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilərək onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı arasında son haqq-hesabın hesablanması zamanı İddiaçı hüquqları pozulmuşdur. Belə ki, İddiaçı əmək haqqı natamam ödənmişdir. Ona yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəis müavininin tarif (vəzifə) maaşı məbləğində əmək haqqı ödənilmişdir. Lakin İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəis müavininin tarif (vəzifə) maaşından əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməli idi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə görə boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Son haqq-hesabın düzgün hesablanmaması İddiaçı ödənilməli pulun ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 15 iyul 2024-cü il tarixində müraciət etsə də, heç bir müzakirə aparılmamış, cavab və ya müraciətlə bağlı məlumat verilməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-12672/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi İddiaçı Şirməmmməd oğluna xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək hər ay üçün hesablanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı kimi ödənilməsi məcburi olan ancaq ödənilməmiş pulun müəyyən olunmuş son əmək haqqı məbləğində ödənilməsi hissəsində mümkün sayılmamışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)- 12672/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi İddiaçı Şirməmmməd oğluna xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay üçün hesablanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı kimi ödənilməsi məcburi olan ancaq ödənilməmiş pulun müəyyən olunmuş son əmək haqqı məbləğində ödənilməsi hissəsində təmin edilməmişdir. Hazırda iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi 26 noyabr 2024-cü il tarixdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay üçün hesablanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin boş vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı kimi ödənilməsi məcburi olan ancaq ödənilməmiş pulun müəyyən olunmuş son əmək haqqı məbləğində ödənilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin qeyd edilən qərarı əsassız olduğundan ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsi 26 noyabr 2024-cü il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası ədliyyə nazinin xx.xx.2007-ci il tarixli 8-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi haqqında” Əsasnamənin 20.8-ci maddəsinə əsasən Baş idarənin rəisi vəzifənin həyata keçirilməsi bilavasitə baş idarənin rəis müavininin vəzifələrinə aid edildiyindən, rəsmiləşmə aparılmamaqla müvafiq əmr verilmədiyindən həmin əlavənin ödənilməsi üçün (hüquqi) əsas mövcud olmamışdır (yaranmamışdır). Bakı İnzibati Məhkəməsi iş üzrə araşdırmanı tam ətraflı aparmamış və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməyərək iddia tələbimin rədd edilməsi barədə yanlış qərar qəbul etmişdir. Məhkəmə maddi və prosessual normalara istinad etməklə iddia müddətinin tətbiq edilməsini “əsaslandırmaqla” qərar qəbul edib. Lakin bu normaların tətbiqi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin mümkünlüyü şərtlərinə əməl edilməsi (mərhələsində) zamanı qəbul edilməli olduğu halda, məhkəmə mahiyyəti üzrə yekun qərarı qəbul edərkən həmin normaları tətbiq etmişdir. Ədliyyə nazirinin xx.xx.2024-cü il tarixli 248-K nömrəli əmri ilə Qanunvericilik baş idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri İddiaçı xx.xx.2024-cü il tarixdən 2024-cü ilin hesabına 36 təqvim günü müddətində növbəti əmək məzuniyyəti verilmiş, məzuniyyət müddətinin qurtardığı xx.xx.2024-cü il tarixdən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.1.1 maddəsi - öz arzusu ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, “məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, İddiaçı digər şəxsin vəzifəsini icra etməsinə görə əlavə əmək haqqı almadığını yalnız 2024 ildə son haqqhesab zamanı müəyyən etmişdir”. Məhkəmə qərarı qanunvericiliyin tələbinə zidd olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanmışdır. Belə ki, Ədliyyə Nazirliyinin əvvəlki rəhbərliyi ilə aparılan müzakirələrdən irəli gələrək xx.xx.2013-cü il tarixədək bir neçə ay üçün bu fərq nazirlik tərəfindən ödənilib. Bu işəgötürən olan nazirliklə iddiaçı arasında inzibati praktikanın mövcud olması deməkdir. Başqa sözlə aralarında əmək münasibətlərinin davam etdiyi bir dövrdə əmək haqqı natamam yaxud yarımçıq ödənildiyinə görə qalıq pul vəsaiti cavabdehin iddiaçıya (işəgötürənin işçiyə) borcu olaraq ildən-ilə keçərək “pozulmuş hüquq” kimi deyil, ödənilməmiş məbləğ kimi yığılıb qalıb. Qərarın 12-ci bəndində “Digər tərəfdən məhkəmə qeyd edir ki, müvafiq tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş müddətlər də ötürülmüşdür” cümləsində məhkəmə hansı əsasla bunu qeyd etdiyini yazmır. Məhkmənin mövqeyi adlı 4-cü hissənin 19 bəndində qeyd edilir: “19. İddiaçı hüquqlarının pozulması anı kimi son haqq-hesabın aparılması vaxtını nəzərə alınmalı olduğunu bildirsə də, məhkəmə həmin dəlili qəbul etmir. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.” Məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi günün anlayışını hansı səbəbdən qəbul etmədiyinə və bu səlahiyyətin hansı qanuna əsaslandığına aydınlıq gətirməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli 119-İİİQ nömrəli Qanununun 3.2-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Nazirliyin təsdiq etdiyi Qanunvericilik baş idarəsinin əsasnaməsi normativ hüquqi akt olmadığına, yəni Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən ümumiyyətlə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olmadığına görə sözügedən iddia predmeti ilə bağlı həmin əsasnamənin bəndinə edilən istinad əsassızdır. Cavabdehin nümayəndəsi məhkəmədəki çıxışında iddianın qanunauyğun olduğunu, tələbin əsaslı olmasını etiraf etmiş və təsdiq etmişdir ki, iddiaçıya boş vəzifənin icrasına görə əmək haqqının ödənilməsi olan 50%-i miqdarında əlavə ödənilməmişdir, lakin həmin dövrdə ödənilməli idi. Başqa sözlə, cavabdeh boş vəzifə üzrə iddiaçının vəzifə səlahiyyətlərini icra etdiyini və bunun müqabilində Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən boş vəzifə üzrə əmək haqqının yarısını almaq hüququnu tanıyır və etiraf edir ki, bu borc mövcuddur və realdır. Qeyd olunmalıdır ki, həmin dövrə aid iddiaçının Qanunvericilik baş idarəsinin rəisi vəzifəsini icra edən kimi müxtəlif dövlət orqanları ilə rəsmi yazışmaları var. Cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edərək təsdiq və qəbul etdiyi borcu ödəməkdən imtina edir. Halbuki, elə həmin Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü və 5-ci hissələrində təsbit edilib ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Burada işdən çıxan gün ödənclər üzrə mübahisə yaranarsa şikayət üçün müddətin hesablanmasının başlanma günüdür. Həm cavabdeh qurum, həm də məhkəmə hesab edir ki, 2010-cu ilin aprel ayının maaşını işçi 2011-ci ilin may ayının 1-nədək mübahisələndirə bilər. Bu müddətin hesablanması Əmək Məcəlləsində göstərildiyi halda, məhkəmə və nazirlik hansı hüquqi əsasa görə qanundan fərqli tənzimləməni əsaslandırmır. Əsaslandırıla bilinməyən belə davranış fərqli qanunvericiliklə tənzimlənir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində işçinin “hüququnun pozulmasını aşkar etdiyi gün” aşağıdakı kimi müəyyən edilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bu maddədə göstərilən heç bir hadisə cari iş aylarında əmələ gəlmir. İddiaçı əmək kitaabçasını dəfələrlə etdiyi müraciətlərə baxmayaraq yalnız 2024-cü ilin 02 iyul tarixində kadr idarəsindən sabiq işçisi vasitəsilə ala bilmişdir. Bu o deməkdir ki, nazirlik gün təyin edib kadr kitabçasını, haqq-hesab sənədlərini vermək vəzifəsini icra etməmişdir. Göründüyü kimi, hüquqların pozulmasının aşkar edildiyi gün, yəni Əmək Məcəlləsinin 296cı maddəsinə əsasən 1 (bir) illik iddia müddəti hesablanmağa başlanan ilk gün 02 iyul 2024-cü il tarixidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanununun 1.18.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 83-cü maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib: “4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.” Qanunvericiliyin dispozisiyasından görünür ki, işçinin hüququnun pozulduğu halda iddia müddətinin hesablanmasının başlanıldığı tarix müqaviləyə xitam verilən gündür. Yəni işçi ilə işəgötürən arasında son haqq-hesab edilən gün təyin edilib. Bu dəyişiklik sadəcə əmək qanunvericiliyində tamamlayıcı, dəqiqləşdirici bir normadır. Keçmiş 1960-cı illərdən fərqli olaraq Əmək Məcəlləsinin ilk redaksiyasında da (1999-cu il iyulun 1-dən) 144-cü maddəsinin 2-ci hissəsində təsbit edilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 172-ci maddənin 4-cü hissəsində də qeyd edilmişdir ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Cavabdehin qanunla iddiaçının xeyrinə öhdəliyini könüllü icra etmədiyni nəzərə alaraq, Mülki Məcəllənin 443.3-cü maddəsinə əsasən tələb, məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınmaqla hesablanmalı və bu zaman cavabdehin Qanunvericilik baş idarəsinin rəisi olduğu zaman aldığı sonuncu əmək haqqının məbləği əsas götürülməlidir. Qeyd edildiyi kimi, xx.xx.2024cü il tarixdə iddiaçının qulluq keçməsinə xitam verilmiş, 02 iyul 2024-cü il tarixdə isə əmək kitabçası əşya olaraq gecikmə ilə təqdim edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdən hüququn pozulduğu gün qəbul edilə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 11 aprel tarixli Qərarının 1-ci hissəsinə əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Qeyd olunanları nəzərə alaraq, Bakı İnzibati Məhkəməsi Qanunvericilik baş idarəsinin əsasnaməsinin normalarına yanlış istinadları olan, Əmək Məcəlləsinin 83-cü, 172-ci və 294 və 296-cı maddələrini düzgün təfsir edilmədiyi, şəxsi mülahizə əsasında məntiqsiz və əsassız qənaətə gəldiyi qərar ləğv edilməlidir. Nazirlik bir neçə ay üzrə boş vəzifə üzrə əmək haqqının 50 faizini ödəmişdir. Göstərilən hüquq normalarına əsasən 2024-cü ilin iyun ayının 13-dən etibarən hər gecikdirilmiş gün üçün ödənişin tam məbləğinə 1 faiz hesablanmalıdır. Bakı İnzibati Məhkəməsi 26 noyabr 2024-cü il tarixli qərarında maddi hüquq normalarının düzgün tətbiq olunmaması halı mövcud olduğundan həmin qərar ləğv edilməlidir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı sabiq ədliyyə qulluqçusu İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qanunvericilik baş idarənin rəis müavini işlədiyi xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək həmin baş idarənin vakant olan rəisi vəzifəsini icra etməsinə görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən müvafiq ödənişin verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iş üzrə 26 noyabr 2024-cü il tarixli qərardad və qərar qəbul etmişdir. Qərardada əsasən iddiaçının xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək hər ay üçün hesablanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı kimi ödənilməsi məcburi olan ancaq ödənilməmiş pulun müəyyən olunmuş son əmək haqqı məbləğində ödənilməsi hissəsində mümkün sayılmamışdır. Qərara əsasən isə iddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay üçün hesablanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisinin əmək funksiyasını icra etməsinə görə əvəz etdiyi həmin vəzifənin əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı kimi ödənilməsi məcburi olan ancaq ödənilməmiş pulun müəyyən olunmuş son əmək haqqı məbləğində ödənilməsi hissəsində təmin edilməmişdir. Hər iki nəticə maddi və prosessual hüquq normalarına uyğun olaraq qəbul edilmişdir. Apellyasiya şikayətini əsassız hesab edirlər. Şikayətdə qeyd olunur ki, “Qanunvericlik baş idarəsinin Əsasnaməsi” normativ hüquq akt olmadığına görə ona istinad oluna bilinməz. Baş idarənin Əsasnaməsi Azərbaycan Respublikası ədliyyə nazirinin 9 mart 2007-ci il tarixli 8-T №-li əmri ilə təsdiq edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Qanun isə 21 dekabr 2010-cu il tarixdə qəbul edilmişdir. Həmin Qanun xx.xx.2011-ci il tarixdə dərc olunmuş və qüvvəyə minmişdir. Bu baxımdam həmin dövr üçün Əsasnamə norma yaradan sənəd olmuşdur. Eyni zamanda qeyd olunur ki, hazırda da həmin əsasnamə baş idarənin fəaliyyətini tənzimləyən əsas sənəddir və fəaliyyəti həmin əsasnamədə nəzərdə tutumuş müddəalara uyğun olaraq qurulur. İddiaçı tərəfindən “iddianın qanunauyğun olması barədə etiraf edilməsi (pulun ödənilməsi barədə)” isə həqiqəti əks etdirmir. Şikayətdə “hüququn pozulduğunu aşkar etdiyi gün” anlayışını iddiaçının işdən çıxan zaman onunla son haqqhesab edildiyi zamanı müəyyən etdiyini bildirilir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab sonuncu iş günü ödənilməlidir. Maddədə hansı ödənişlərin verilməsi açıq aşkar qeyd olunur. Bura istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələrdir. Digər ödəmələrin içərisində isə Məcəllənin 61-ci maddəsində qeyd olunan ödəmə yoxdur. Çünki Məcəllənin 61-ci maddəsinin 4-cü hissəsində qeyd olunur ki, işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əmək haqqı ödənilir. Qanunun mənasından görünür ki, bu əlavə hər ay əmək haqqı ilə birlikdə ödənilməlidir. Ümumilikdə isə bu məsələ ilə bağlı bildirilir ki, iddiaçıya müvafiq vəzifənin icrası hər hansı bir əmrlə rəsmi tapşırılmamışdır və bu halda ona hər hansı bir ödənişin verilməsi mümkün deyildir. Belə bir ödəniş həyata keçirilsəydi, maliyyə pozuntusu olmaqla məsuliyyətə səbəb olardı. Eyni zamanda ilkin iddiada Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə (əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir) istinad edilmədiyi halda, apellyasiya şikayətində bu müddəaya uyğun tələb qoyulması qəbuledilən deyil. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024cü il tarixli, 248-K nömrəli əmrinə əsasən Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri İddiaçı xx.xx.2024-cü il tarixdən 2024-cü ilin hesabına 36 təqvim günü müddətində növbəti əmək məzuniyyəti verilmiş, İddiaçı məzuniyyət müddətinin qurtardığı xx.xx.2024-cü il tarixdən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1-ci maddəsinə müvafiq olaraq öz arzusu ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. 3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 294-cü maddəsinin birinci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294-cü maddəsinin ikinci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 296-cı maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin dördüncü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı 1998-ci ildən ədliyyə orqanlarında çalışmışdır. O, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdən həmin baş idarənin rəisinin pensiyaya çıxması ilə əlaqədar baş idarədə ən yüksək vəzifəli şəxs olmuş, xx.xx.2014-cü il tarixdə baş idarənin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə nazinin xx.xx.2007-ci il tarixli 8-T nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi haqqında” Əsasnamənin 20.8-ci maddəsinə əsasən Baş idarənin rəisi vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini yerinə yetirmək Baş idarənin rəis müavininin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, qeyd edilən vəzifənin həyata keçirilməsi bilavasitə Baş idarənin rəis müavini kimi iddiaçının vəzifələrinə aid edilmişdir və iddiaçı həmin Baş idarənin rəis müavini və daha sonra rəisi olduğundan qeyd edilən Əsasnamənin müddaəları ona bəlli olmuşdur. Bu səbəbdən rəsmiləşmə aparılmamaqla müvafiq əmr verilmədiyindən həmin əlavənin ödənilməsi üçün (hüquqi) əsas mövcud olmamışdır (yaranmamışdır). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsində müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilə bilməsi və boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilə bilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə qeyd olunan hallar mövcud olmamış, Baş idarənin rəisi vəzifələrini icra edə bilmədikdə bu müddətdə onun vəzifələrini yerinə yetirmək iddiaçının Baş idarənin rəis müavini kimi birbaşa yerinə yetirməli olduğu vəzifələrinə daxil olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12672/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar