Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1448/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinədairiş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3553/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış mənfəətin hesablanmış bazar dəyəri kimi (2010-2018-ci ilin noyabr ayına qədər) 164.917 manat, 2012-ci ilin may ayından 2018-ci ilin noyabr ayına qədər, 6 il 6 ay üçün ona ödənilməli pul vəsaitinin qanunsuz qaytarılmamasına görə hesablanmış faiz məbləği kimi 202.800 manat, mənəvi zərərin əvəzi kimi 100.000 manat, cəmi 467.717 manat pulun tutulması və ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Maliyyə Nazirliyinin cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində mövcud olmuş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva və Droqalnı küçələrinin kəsişməsində yerləşən 151 saylı pavilyon cavabdeh Bakı şəhər İcra hakimiyyəti tərəfindən qanunsuz olaraq, məhkəmə qərarı olmadan sökülmüş, ona külli miqdarda ziyan dəymişdir. Pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, lakin onun iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, onun apelyasiya şikayəti və iddia tələbi qismən təmin edilmişdir. Belə ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən onun xeyrinə 618.996 manat maddi zərərin və 5.000 manat mənəvi zərərin əvəzi kimi, ümumilikdə 623.996 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar qanuni qüvvəyə mindiyi gündən 2018-ci ilin noyabr ayına qədər cavabdeh Bakı şəhər İcra hakimiyyəti tərəfindən qərəzli olaraq ödənilməmişdir. Bu səbəbdən o, aidiyyatı qurumlara müxtəlif şikayətlər etmişdir. Həmin qərarın vaxtında icra edilməməsi isə onun 2012-ci ildə əldə etməli olduğu pulun dəyərinin itməsinə səbəb olmuşdur. Belə ki, ona 2012-ci ildə ödənilməli olan pul 2018-ci ilin noyabr ayından başlayaraq ödənilmişdir. Bu müddət ərzində isə 2 dəfə devalvasiya olmuş, manatın dəyəri azalmış, inflyasiya baş vermişdir. Hesab edir ki, bu səbəbdən də ona itirilən dəyər, əldən çıxmış fayda da cavabdehlər tərəfindən ona ödənilməlidir. Belə ki, həmin pavilyonun sökülməsi nəticəsində 2010-cu ildən 2018-ci ilə qədər dövr üçün əldən çıxmış mənfəətin hesablanmış bazar dəyəri 164.917 manat təşkil edirdi, həmin məbləğin hesablanması üçün pavilyonun illər üzrə orta illik icarə dəyəri və cari dəyər əmsalı əsas götürülmüş və qeyd olunan məbləğ alınmışdır. Bundan əlavə ona cavabdehlər tərəfindən ödənilməli olan məbləğə AR Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi nəzərə alınmaqla pulun ödənilmədiyi 6 il 6 ay üçün illik 5 faiz də hesablanmalı, əlavə olaraq onun pulun ödənilmədiyi dövrdə çəkdiyi iztirablar, mənəvi sarsıntı nəzərə alınmaqla 100.000 manat məbləğində mənəvi ziyan da ödənilməsi müəyyən edilməlidir. O, hazırkı iddia tələbi ilə bağlı cavabdehlərə müraciət etmiş, lakin onun tələbi təmin edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3553/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinədair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3553/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, məhkəmə qərarı əsasında iddiaçıya ödənilməli olan məbləğin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Bakı şəhər İcra hakimiyyətinə köçürülən kimi, sonuncu tərəfindən dərhal yəni müvafiq olaraq xx.xx.2018-ci il tarixdə 200.000 manat, xx.xx.2019-cu ildə 200.000 manat, xx.xx.2019cu il tarixdə isə 223.996 manat məbləğində olmaqla, qeyd olunan vəsaitləri iddiaçıya ödəməklə, məhkəmə qərarının tam icra olunduğunu nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək izahatında BakıApelyasiya Məhkəməsinin xx.xx.2011-ci il qətnaməsi ilə iddiaçıya kompensasiya ödənilməsi ilə əlaqədar Nazirliyin üzərinə hər hansı bir öhdəlik qoyulmadığına, buna baxmayaraq iddiaçı ilə əldə edilmiş razılığa əsasən həmin məbləğin hissə-hissə olmaqla ödənilməsi üçün, yəni xx.xx.2018-ci il tarixdə 200.000 manat, xx.xx.2019-cu il tarixdə 200.000 manat və xx.xx.2019-cu il tarixdə 223.996 manat məbləğdə vəsaitin dövlət büdcəsindən Bakı şəhər İcra hakimiyyətinə ayrıldığını göstərərək, qeyd olunanların nəzərə alınmaqla məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. xx.xx.1951-ci il tarixdə Naxçıvan MR. Şərur rayonunda İşin faktiki hallarından görünür ki, iddiaçı doğulmuş, Bakı şəhəri, Balandin-42 ünvanında qeydiyyatdadır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)- 5319/2011 №li qərarı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(009)-200/2008 №li qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən İddiaçı xeyrinə maddi zərərin əvəzi olaraq 618.996 manat və mənəvi zərərin əvəzi olaraq 5.000 manat, cəmi 623.996 manat məbləğində pul vəsaiti tutulmuş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)-1505/12 №li qərarı ilə cavabdeh Bakı şəhər İcra hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)- 5319/2011 №li qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh və üçüncü şəxsə müraciət etmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 15/05-08-114 №li və xx.xx.2020-ci il tarixli 15/05-08-48 №li məktubları ilə bildirilmişdir ki, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli qərarının icrası olaraq ona ödənilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə 200.000 manat məbləğində vəsait köçürülmüş, həmin qərarın icrası ilə bağlı müvafiq prosessual hərəkətlər həyata keçirilməkdədir. Bundan əlavə, ona komepansasiyanın ödənilməsi Bakı şəhər İcra hakimiyyətinə həvalə edilmiş, Maliyyə Nazirliyinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. İddiaçının razılığı və Maliyyə Nazirliyinin köməkliyi ilə həmin kompensasiya hissə-hissə olmaqla tam şəkildə ona ödənilmişdir. Bu səbəbdən onun hazırkı tələbi qanuni və əsaslı hesab edilə bilməz. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli R-5/3-016/3-T/2 №li məktubu ilə iddiaçının müvafiq müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən müvafiq kompensasiya iddiaçıya ödənilmişdir, bundan əlavə qaldırılan məsələyə dair əsaslandırıcı sənədləri təqdim edəcəyi təqdirdə, məsələyə yenidən baxıla bilər. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 15/03-210-2750 №li məktubunda göstərilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il qətnaməsi ilə iddiaçıya kompensasiya ödənilməsi ilə əlaqədar Nazirliyin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır, buna baxmayaraq iddiaçı ilə əldə edilmiş razılığa əsasən həmin məbləğ hissə-hissə olmaqla ödənilməsi üçün, yəni xx.xx.2018-ci il tarixdə 200.000 manat, xx.xx.2019-cu il tarixdə 200.000 manat və xx.xx.2019-cu il tarixdə 223.996 manat məbləğdə vəsait dövlət büdcəsindən Bakı şəhər İcra hakimiyyətinə ayrılmışdır. Lakin sözügedən məbləğlərin hansı tarixdə iddiaçıya ödənilməsi barədə Nazirlikdə hər hansı bir məlumat mövcud deyildir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2020-ci il tarixli 7-1411/17 №li məktubu ilə məhkəmə qərarı ilə iddiaçının xeyrinə tutulması qət edilmiş məbləğin iddiaçıya ödənilməsini təsdiq edən sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərə əsasən Bakı şəhər İcra hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə 200.000 manat, xx.xx.2019-cu ildə 200.000 manat, xx.xx.2019-cu il tarixdə isə 223.996 manat məbləğdə vəsait İddiaçı ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının hazırki tələbindən görünür ki, o, cavabdeh inzibati orqandan əldən çıxmış mənfəətin hesablanmış bazar dəyəri kimi ona ödənilməli pul vəsaitinin qanunsuz qaytarılmamasına görə hesablanmış faiz məbləğinin və mənəvi zərərin əvəzinin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyasl qeyd edir ki, işin araşdırılan halları ilə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də iş materialları ilə öz təsdiqini tapmır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqitəcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Məhkəmə kollegiyasl qeyd edir ki, İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia tələbinin bu hissədə də təmin olunmaması barədə birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə uyğun əsaslandırmış, birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, qərarın qanunsuzluğunun nədən ibarət olmasını apellyasiya şikayətində əsaslandıra bilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3553/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3553/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1448/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1448/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver