Məhkəmə qərarları › İş №2-1(103)-1448/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1448/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1448/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10417/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 02 aprel 2019-cu il tarixdən başlayaraq ona həmin pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10417/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən - 02 aprel 2019-cu il tarixdən başlayaraq həmin pensiyanın təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10417/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və "Bakı Metropoliteni” QSC-nin ona dair 15 aprel 2022-ci il tarixli A/116 nömrəli arayışında onun adıçəkilən müəssisədə xx.xx.1985-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində daşyonan, xx.xx.2011-xx.xx.2014-cü il və xx.xx.2015-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər ərzində yerüstü iş şəraitində üzlükçü vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi yerüstü iş şəraiti müvafiq qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Eyni zamanda onun işlədiyi daşyonan vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981 - xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 aprel 2022-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməyə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası tərəftar çxdığı beyəlxalq müqavilələri, Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamalarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmr və sərəncamlarını, X10 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəziflərin və göstəricilərin siyahısının” bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndinin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarımbəndində mərmərdən üzçəkənlər, lövhələrdən üzçəkənlər,pardaqlayıcı üzçəkənlər vəzifləri nəzərdə tutlmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz xx.xx.1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" QSC-nin Sizə dair 15 aprel 2022-ci il tarixli A/116 nömrəli arayışında Sizin adıçəkilən müəssisədə xx.xx.1985-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində daşyonan, xx.xx.2011-xx.xx.2014-cü il və xx.xx.2015-xx.xx.2017ci il tarixləri arasındakı dövrlər ərzində yerüstü iş şəraitində üzlükçü vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz yerüstü iş şəraiti yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Eyni zamanda işlədiyiniz daşyonan vəzifəsi yuxarıda qeyd olunan müvafiq Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" QSC-nin iddiaçıya dair 15 aprel 2022-ci il tarixli A/116 nömrəli arayışında göstərilmişdir: Verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə xx.xx.1984-cü il tarixində 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixindən 2-ci dərəcəli, xx.xx.1987-ci il tarixindən 3-cü dərəcəli, xx.xx.1991-ci il tarixindən 4-cü dərəcəli daşyonan peşəsində işləmişdir və xx.xx.1992-ci il tarixindən Soyuzmetrospetsstroy idarəsinin Bakı filialına keçirilmişdir. xx.xx.2011-ci il tarixindən 5-ci dərəcəli üzlükçü peşəsinə keçirilişdir. xx.xx.2014-cü il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X6 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixindən "xxxx" QSCnin Əsaslı Təmir xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixindən Tikinti Departamentinin Xüsusi X3 4-cü dərəcəli, xx.xx.2016-cı il tarixindən 5-ci dərəcəli üzlükçü (yerüstü iş şəraiti) peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli üzlükçü peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərara uyğun olaraq həmin siyahının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiti üzrə yeraltı işlər hissəsinin a) fəhlələr bəndinə əsasən İddiaçı Dəyyub oğlu güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzərtli şərtlərlə əmək stajı 37 il 10 ay 12 gün təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 641 saylı qərarına və “Aztunelmetrotikinti” DK-nın xx.xx.1993-cü il tarixli 91/H saylı əmrinə əsasən Soyuzmetrospetsstroy idarəsinin Bakı filialı “Aztunelmetrotikinti” DK-nın Xüsusi Tamamlama İşləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyətinin Xüsusi Tamamlama İşləri idarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 05 oktyabr 2022-ci il tarixli, 40N-10/3-1226 nömrəli məktubda qeyd edilir: İddiaçı xx.xx.1984-cü il tarixindən SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy idarəsində köməkçi fəhlə, daşyonan, üzlükçü peşələrində çalışmışdır. xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir xidmətinə 5-ci dərəcəli suvaqçı (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixindən Tikinti Departamentinin Xüsusi X3 yerüstü iş şəraiti ilə üzlükçü peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən yeraltı iş şəraiti ilə "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X3 üzlükçü peşəsində işləyir. İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək ağır və xüsusi zərərli əmək şəraitində çalışdığı daşyonan peşəsi üzrə əmək stajı 25 il 10 ay 03 gün (iyirmi beş il on ay üç gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.Dağ-mədən işləri maddəsinin 1.2.1-ci Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin a) fəhlələr (daşyonanlar) yarımbəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21 06.1993-cü il tarixli 320 saylı qərarın 10100000 1.Dağ-mədən işləri maddəsinin 20101000 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin 2010100a—12690 (daşyonanlar) koduna aiddir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 91/H №-li Fərmanına əsasən Soyuzmetrospecstroy İdarəsi "xxxx" Dövlət Şirkətinin Xüsusi bəzək işləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamına əsasən Xüsusi Tamamlama İşlər İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC- nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X4 Dövlət Qeydiyyatı İdarəsinin X4 Dövlət Qeydiyyatı İdarəsinin Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında müvafiq bildirişə əsasən “Azərtunelmetrotikinti" SC-nin Xüsusi Tamamlama İşlər İdarəsi ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası X4in dövlət reyestrindən çıxarılmışdır. Hazırda "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi Tamamlama İşləri dəstəsi adı altında fəaliyyət göstərir. "xxxx" QSC-nin struktur bölmələri tərəfindən eyni funksiyanı icra edən və optimallaşdırılması zəruri hesab olunan peşə və vəzifələrin təhlilinin həyata keçirilməsi zamanı Cəmiyyət üzrə ayrı-ayrı struktur vahidlərinin tərkibində eyni vəzifə və funksiyaların həyata keçirilməsi müəyyən edilmiş və onların ahəngdar işinin təşkil edilməsi məqsədilə bəzi dəyişikliklər edilmişdir. Belə ki, Xüsusi Tamamlama İşləri dəstəsinin ştat cədvəlində də daşyonan və üzlükçü peşələri birləşdirilərək üzlükçü peşəsi adlandırılmışdır. Üzlükçü peşəsinin əsas vəzifə və funksiyaları divar və döşəməyə mərmərdən, qranitdən və daş lövhələrdən üzlük daşlarının qoyulması, üzlük daşlarının yonulması, üzlüklərin çəkilməsi üçün divar səthinin hazırlanması, üzlüklərin vaxtlı vaxtında cilalanması, verilmiş dizayna uyğun təbii və süni üzlük materiallarının düzgün seçilməsi və s. işlərdən ibarətdir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəllərində göstərilən amillərə görə (toz, səsküy) əmək haqqına tarif maaşının 4% məbləğində əlavə ödəniş edilir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək peşə təhsili almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusunda xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı-3 Gəmi Təmiri Zavodunun mexaniki sexində birinci dərəcəli fəhlə işləmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 19 saylı şəhər orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1984-cü il tarixdən keçmiş SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun Soyuzmetrospetsstroy İdarəsinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixindən 2-ci dərəcəli, xx.xx.1987-ci il tarixindən 3-cü dərəcəli, xx.xx.1991-ci il tarixindən 4-cü dərəcəli daşyonan peşəsində işləmiş, xx.xx.1992-ci il tarixindən Soyuzmetrospetsstroy İdarəsinin Bakı filialına keçirilmiş, xx.xx.2011-ci il tarixindən 5-ci dərəcəli üzlükçü peşəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixindən işdən azad edilmiş, xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X6 5-ci dərəcəli üzlükçü peşəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdən "xxxx" QSC-nin Əsaslı Təmir Xidmətinə 5-ci dərəcəli suvaqçı peşəsinə keçirilmiş (xüsusilə ağır və zərərli iş şəraiti, tuneldə ancaq gecə işi), xx.xx.2015-ci il tarixdən Tikinti Departamentinin Xüsusi X3 4-cü dərəcəli, xx.xx.2016-cı il tarixdən 5-ci dərəcəli üzlükçü peşəsində işləmiş, xx.xx.2017-ci il tarixindən və hal-hazırda Tikinti Departamentinin Xüsusi X3 5-ci dərəcəli üzlükçü (yeraltı) peşəsində işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, xx.xx.2019-cu il tarixində onun 57 yaşı tamam olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsi əsası ilə ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda cavabdeh imtinasını mübahisələndirir. Göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İş materiallarında olan əmək kitabçası və digər sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Həmçinin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan çox müddətdə işləməsi əmək kitabçası və arayışlarla təsdiqlənir. Apellyasiya şikayətində cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının işlədiyi yerüstü iş şəraiti müvafiq qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Eyni zamanda onun işlədiyi daşyonan vəzifəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Belə ki, iddiaçının xx.xx.1985-xx.xx.2011-ci il tarixlərdə işlədiyi daşyonan peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: İ Bölmə Dağ-mədən işləri, “Açıqda dağ-mədən işlər və yer səthində işlər” bölümü, a) fəhlələr, kod 2010100a-12690 daşyonanlar. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının 57 yaşı xx.xx.2019-cu ildə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci ildə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10417/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar