Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1449/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2- 1(112)-1347/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2-1(112)-1347/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 fevral 1961-ci ildə anadan olmuşdur. 1979-cu ilədək Sumqayıt şəhər 41 №-li peşə məktəbində təhsil almış, əmək fəaliyyətinə 1980-ci ildə başlamış, buna dair əmək kitabçası açılmış və qeyd aparılmışdır. 15 sentyabr 1980-ci il tarixdən 16 oktyabr 1980-ci ilədək xxxx Dövlət Şirkətinin “Üzvü sintez” zavodunun divinil alınması sexində aparatçı işləmiş. 16 oktyabr 1980-ci ildən 28 noyabr 1982-ci ilə kimi ordu sıralarında hərbi xidmətdə olmuş. 28.01.1983-cü il tarixdən 05.07.1983-cü ilədək “xxxx” ASC-nin boruyayma sexində fəhlə işləmiş. 28.07.1983-cü ildən 06.02.1995-ci ilədək “xxxx” ASC-nin qolvanik və mexaniki sexlərində pardaxlayıcı (şlifovşik), termist, usta olaraq çalışmış. 16.06.1999-cu il tarixdən 23.11.2009-cu ilədək “xxxx” İB “Etilen-Polietilen” zavodunda 65 saylı texnoloji avadanlıqların təmiri sexində usta, sahə rəisi əvəzi, sexin şöbə rəisi, sex rəisi vəzifəsinin müvəqqəti icraçısı işləmiş, Azərbaycan Respublikası Prezidentinin 02.04.2010-cu il tarixli 825 nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir. Bundan sonra Dövlət Neft Şirkətinin 23.04.2010-cu il tarixli 58 nömrəli əmri əsasında “Sintezkauçuk” və “Etilen-Polietilen” zavodunun bazasında “xxxx” İstehsalat Birliyinin tərkibində “Etilen-Polietilen” zavodu yaradılmışdır. 26.07.2010-cu il tarixdən hal-hazıra kimi 39 nömrəli texnoloji avadanlıqların təmiri sexində rəis müavini vəzifəsində işləyir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi **********9 saylı, 19.06.2020-ci il tarixli məktubu ilə güzəştli şərtlərə yaşa görə pensiya təyin olunmasından imtina etmişdir İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin nümayəndəsinin izahatı: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı 16.02.1961-ci ildə anadan olmuşdur. 1976-cı ildən 1979-cu ilədək Sumqayıt şəhəri 41 nömrəli peşə məktəbində təhsil alaraq 1980-ci ildə əmək fəaliyyətinə başlamış və buna dair əmək kitabçası açılmaqla qeyd aparılmışdır. 06.08.1980-ci il tarixdən 16.10.1980-ci ilədək Azərkimya Dövlət Şirkətinin “Üzvü sintez”zavodunun divinil alınması sexində aparatçı işləmiş, 16.10.1980-ci ildən 28 noyabr 1982-cü il kimi ordu sıralarında hərbi xidmətdə olmuşdur. 28.01.1983-cü il tarixdən 05.07.1983-cü ilədək “xxxx” ASC-nin boruyayma sexində fəhlə işləmiş, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 nömrəli siyahısının 1-ci yarımbölməsinin 1753 şifrinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir) 28.07.1983-cü ildən 06.02.1995-ci ilədək “xxxx” ASC-nin qolvanik və mexaniki sexlərində pardaxlayıcı (şlifovşik), termist, usta və böyük usta olaraq çalışmışdır. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cii il tarixli, 320 nömrəli qərarının 1 nömrəli siyahısının Vİİİ bölməsinin 1-ci yarımbölməsinin 1080A010 şifrinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir) 16.06.1999-cu il tarixdən 23.11.2009-cu ilədək “xxxx” İB “Etilen-Polietilen” zavodunda 65 saylı texnoloji avadanlıqların təmiri sexində usta, sahə rəisi əvəzi, sexin şöbə rəisi, sex rəisi vəzifəsinin müvəqqəti icraçısı işləmiş, Azərbaycan Respublikası Prezidentinin 02.04.2010-cu il tarixli 825 nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir. Bundan sonra Dövlət Neft Şirkətinin 23.04.2010-cu il tarixli 58 nömrəli əmri əsasında “Sintezkauçuk” və “Etilen- Polietilen” zavodunun bazasında “xxxx” İstehsalat Birliyinin tərkibində “Etilen-Polietilen” zavodu yaradılmışdır. 26.07.2010-cu il tarixdən hal-hazıra kimi 39 nömrəli texnoloji avadanlıqların təmiri sexində rəis müavini vəzifəsində işləməkdə davam edir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, işlədiyi peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı” na; 01 yanvar 2006-cı ildən sonrakı vəzifə (peşə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunan siyahıya əsasən güzəştli şərtlərlə pensiya çıxmaq hüququ verən vəzifələrdir (peşələrdir). Lakin, inzibati orqanın məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmiş və inzibati orqanın qərarından verilən şikayət məhkəmə tərəfindən təmin olunmamışdır. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: - H3 № ******* saylı hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 26 oktyabr 1980-ci ildən 28 noyabr 1982-ci ilə gədər həqiqi hərbi xidmətdə olmuşdur. - № 538487 saylı diplomun surətindən görünür ki, İddiaçı 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili komitəsinin Sumqayıt 41 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1979-cu ildə məktəbin tam kursunu bitirərək nəzarət ölçü cihazları və avtomatika cilingəri peşəsi və ümumi orta təhsil almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 19 iyun 2020-ci il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 10 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan və ümumi iş stajı 25 ildən az təşkil təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. İşdə olan iddiaçının nömrəli ИT-İ № 06448208 əmək kitabçasıvə əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - 06.08.1980-ci il tarixindən - 16.10.1980-ci il tarixədək “Sumqayıt üzü sintez İstehsalat” Birliyində 4-cü dərəcəli qarışdırma aparatçısı vəzifəsində); 28.01.1983-cü il tarixdən – 05.07.1983-cü il tarixədək “Boru yayma zavodu” nasos-kompressor boruları ustasının 2-ci dərəcəli şagirdi vəzifəsində; 28.07.1983-cü il tarixdən – 06.02.1995-ci il tarixədək Sumqayıt Kompressorlar Zavodunda müxtəlif vəzifələrdə; 16.06.1999— 21.12.2012-ci il tarixədək Sumqayıt şəhəri “EP” zavodu “Təmir Quraşdırma İdarəsi” müxtəlif vəzifələrdə; 24.12.2012-ciil tarixdən “xxxx” İstehsalat Birliyi Təmir-Tikinti İdarəsində Avadanlıqların Təmir-xidməti sexinə rəis müavini vəzifəsinə qəbul edilmiş, 14.04.2014-cü ildə struktur dəyişikliyi ilə əlaqədar avadanlıqların təmiri və xidməti sahəsinə rəsi müavini keçirilmişdir. İddiaçı güzəştli arayışları iş materiallarına əlavə etmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı əsaslara görə iddianın əsaslı olmadığı qənaətinə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixdən sonrakı olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Şərh olunan maddənin normasından görünür ki, qanunverici «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Qanunun qəbul edildiyi vaxta qədər mövcud olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu nəzərdə tutur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 57 yaşı 16.02.2018-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının 57 yaşı qanuna dəyişiklik edildikdən sonra tamam olduğundan, hazırda qüvvədə olan qanunvericiliyin normasına əsasən iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün 23040,00 pensiya kapitalı tələb edildiyindən, tələb edilən pensiya kapitalı mövcud olmadığından, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə baxılarkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına istinad olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixi 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ var. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 26 iyun 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. Həmin vaxt pensiya yaşına çatmış iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilməsi üçün iki şərtin ödənilməsi tələb olunurdu: azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya alması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan işlərdə işləməsi. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub-oİmamasıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əmək kitabçasına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçının təhsil aldığı müddət də nəzərə alınmaqla 01 yanvar 2006-cı il tarixədək ümumi sığorta stajı 23 il 09 ay 12 gün təşkil edir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əmək kitabçasına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçının təhsil aldığı müddət də nəzərə alınmaqla 01 yanvar 2006-cı il tarixədək ümumi sığorta stajı 23 il 09 ay 12 gün təşkil edir. İddiaçının əyani təhsil aldığı tərəfindən məlum olmuşdur ki, İddiaçı 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili komitəsinin Sumqayıt 41 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1979-cu ildə məktəbin tam kursunu bitirərək nəzarət ölçü cihazları və avtomatika cilingəri peşəsi və ümumi orta təhsil almışdır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək təhsil müddəti sosial sığorta stajına əlavə edilməklə, ümumi iş stajı 25 ildən az olduğundan, bununla da, cavabdeh tərəfindən onun müraciətindən qanuni və əsaslı olaraq imtina edildiyindən, onun hazırki tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə düzgündür, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2-1(112)-1347/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Zəki Babayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1449/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1449/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver