Məhkəmə qərarları › İş №2-1(103)-1449/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1449/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1449/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8965/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi Gürcüstan Bolnisi rayonunda Faxralı kəndində yerləşən üzümçülük sovxozunda fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı ilə kimi Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində suvaqçı, xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin 4 saylı tikinti idarəsində suvaqçı işlədiyi müddətin ümumi iş stajına daxil etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi Gürcüstan Bolnisi rayonunda Faxralı kəndində yerləşən üzümçülük sovxozunda fəhlə işləmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixə kimi Gürcüstan Bolnisi rayonunda Faxralı kəndində yerləşən taxta sexində fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi Gürcüstan Bolnisi rayonunda Təmir Tikinti idarəsində suvaqçı, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi Sumqayıt təmir evində çilingər, xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı ilə kimi Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində suvaqçı, xx.xx.1990-cı il tarixdən xx.xx.2000- ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin 4 saylı tikinti idarəsində suvaqçı, xx.xx.2021-ci il tarixdən Bakı 5 saylı Yol İstismar İdarəsində fəhlə işləmişdir və hazırda da həmin idarədə işləyir. İddiaçının hazırkı vaxta kimi 25 ildən çox iş stajı vardır və bu illərin hamısı əmək kitabçasında qeyd olunmuşdur. Belə ki, 1990-cı illərlə 2000-ci illərin sənədlərinin arxivə verilməməsində iddiaçının günahı yoxdur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası üçün qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən onun ümumi sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 14 il 2 ay 11 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 11 il 3 ay 11 gün sığorta stajına uyğun olaraq 10447,45 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3799,11 manat olmaqla ümumilikdə 14246,56 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı ərizəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Gürcüstan Bolnisi rayonunda Faxralı kəndində yerləşən üzümçülük sovxozunda fəhlə işlədiyi dövrlərin sığorta stajına daxil edilməsini tələb etsə də, sözügedən dövrlər onun sığorta stajına inzibati icraat qaydasında hesablanmışdır. Məhkəməyə təqdim olunan inzibati icraat materiallarında sığorta stajının hesablanmasına dair cədvəldən də bu aydındır. Odur ki, bu hissədə iddia tələbi mümkün hesab olunmamalıdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində suvaqçı işlədiyi dövrlə bağlı qeyd edirik ki, Dövlət Arxivinin Bakı filialına təhvil xx.xx.2024-cü il tarixli 3-48-Sf/2- 615/2024 nömrəli arxiv arayışından 1984-cü il üzrə 12 ay, 1985-ci il üzrə 12 ay, 1986-cı il üzrə 11 ay, 1987-ci il üzrə 11 ay, 1988-ci il üzrə 12 ay, 1989-cu il üzrə 11 ay əməkhaqqı hesablandığı aşkar edilmişdir. 1981-1983, 1990-cı illər üzrə əməkhaqqı cədvəlləri aşkar edilməmişdir. Həmçinin 1990-cı il üzrə əmr kitabları da arxivə təhvil verilməmişdir. Sözügedən əsaslarla əməkhaqqı ödənilməyən dövrlər onun sığorta stajına daxil edilməmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində suvaqçı işlədiyi dövrlərə dair Dövlət Arxivinin Bakı filialına təhvil xx.xx.2024-cü il tarixli 3-48-Sf/2-615/2024 nömrəli arayışından 1990-2000-ci illər üzrə arxiv sənədlərinin, həmçinin həmin dövrlər üzrə əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi müəyyən olunmuşdur. Odur ki, qeyd olunan əsaslarla xx.xx.1990-xx.xx.2000ci illər onun sığorta stajına daxil edilməmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün onun itirdiyi əməkhaqqı və yaxud digər gəliri olmalıdır. Lakin iddiaçının əmək kitabçasında qeyd edilmiş dövrlər üzrə Dövlət Arxivinin Bakı filialına təhvil xx.xx.2024-cü il tarixli 3-48-Sf/2-615/2024 nömrəli arxiv arayışında adına əməkhaqqı hesablanmayan dövrlərin olduğu aydın olur ki, həmin dövrlərin onun sığorta stajına daxil edilməsi qeyd olunan əsasa görə mümkün deyildir. Həmçinin əməkhaqqının hesablanmaması həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi anlamına gəlir ki, bu da həmin dövrlərin sosial sığorta stajına daxil edilməsini istisna edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8965/2024 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 izahatında məhkəməyə bildirdi ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 14 il 2 ay 11 gün təşkil edir. İddiaçının 1981-ci ildən 1990-cı ilədək Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində suvaqçı işlədiyi dövrlə bağlı qeyd edilməlidir ki, Dövlət Arxivinin Bakı filialının arxiv arayışında həmin dövrlər üzrə əmək haqqının hesablandığı aşkar edilmiş və həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilmişdir. Lakin 1981-1983, 1990-cı illər üzrə əməkhaqqı cədvəlləri aşkar edilməmişdir. Bu səbəbdən sözügedən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin 1990-cı ildən 2000-ci ilədək Bakı Baş Tikinti İdarəsinin 4 saylı tikinti idarəsində suvaqçı işlədiyi dövrlə bağlı əmək haqqı cədvəllərinin arxivə təhvil verilməsi müəyyən olunmadığı üçün həmin dövr də iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya məxsus əmək kitabçası öz mötəbərliyini qoruyur, lakin digər hallar işin mübahisələndirilən hallarıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, 1958-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, əmək fəaliyyətinə 1975-ci ildən üzümçülük sovxozunda başlamış, 1977-ci il tarixdən 1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən həmin 2 illik müddət onun sosial sığorta stajına daxil edilməmişdir. 1981-ci ildən etibarən Bakı Baş Tikinti İdarəsinin 304 saylı tikinti idarəsində işləməyə başlamış, 1981-ci ildən 1990-cı ilədək həmin müəssisədə işləmişdir. 1990-cı il tarixdən 2000-ci ilə kimi Bakı Baş Tikinti İdarəsinin 4 saylı tikinti idarəsində işləmiş, hətta həmin idarədən ev də almışdır. Cavabdeh inzibati orqan həmin dövrləri də nəzərə almır. Lakin Sovet höküməti dövründə işləməyən insana ev vermirdilər. Ona ev verilməsi ilə bağlı təsdiqedici sənədləri birinci instansiya məhkəməsinə təqdim etmişdir. İddia tələbinin təmin olunmasına münasibətdə məhkəmə tərəfindən qərar çıxarılan zaman da həmin hal nəzərə alınmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, onun 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. - İddiaçıya məxsus ******* nömrəli, xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə Faxralı üzümçülük sovxozunda fəhlə, xx.xx.1979-xx.xx.1980-ci illərdə Faxralı taxta sexində fəhlə, xx.xx.1980-xx.xx.1980-ci illərdə X1 rəngsaz-suvaqçı, 15.07.190-xx.xx.1981-ci illərdə Sumqayıt ixtisaslaşdırılmış tikinti quraşdırma idarəsinə quraşdırıcı, xx.xx.1981- xx.xx.1990-cı illərdə 304 nömrəli Tikinti İdarəsində suvaqçı, xx.xx.1990-xx.xx.2000-ci illərdə 4 nömrəli Tikinti İdarəsində suvaqçı vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC İdarəsinə 4-cü dərəcəli fəhlə qəbul edilmişdir, hazırda həmin müəssisədə işləyir. - xx.xx.1977-ci il tarixli, ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-84776/2024 nömrəli iddiaçıya ünvanlanan məktubunda bildirilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ümumi sığorta stajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət və xx.xx.1981-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək adınıza əmək haqqı hesablanan aylar da nəzərə alınmaqla) 14 il 2 ay 11 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 11 il 3 ay 11 gün sığorta stajına uyğun olaraq 10447,45 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3799,11 manat olmaqla ümumilikdə 14246,56 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda sözügedən müəssisənin 1990-cı ilə dair əmr kitabları və 1990-2000-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən adına əmək haqqı hesablanmayan dövrlərin və 1990-2000-ci illərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Sosial Müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət-əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən iddiaçının aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" MMC) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, əmək müqavilənizə xitam verildikdən sonra təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər”. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-H-12xx-xx-1502/2024 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, “7 saylı Bakı Asan Xidmət Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətinizə əsasən verilir ondan ötəri ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 304 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1958-ci il təvəllüdlü vət. İddiaçı xx.xx.1981-cı il tarixli, 154/k saylı əmrlə xx.xx.1981-ci ıl tarixdən 3-cü dərəcəli “штукатур” kimi işə qəbul olunması və 1984, 1985. 1986, 1987, 1988, 1989-cu illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. BBTİ 304 saylı Tikinti İdarəsinin 1990-cı ilə dair əmr kitabları və 4 saylı Tikinti İdarəsinin 1990-2000-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. BBTİ 304 saylı Tikinti İdarəsinin 1990-cı ilə dair əmək haqqı cədvəllərində barəsində heç bir məlumat yoxdur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur ...”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-130182/2024 nömrəli məktubunda bildirilmişdir ki, “... İddiaçı 3T-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarxindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981 -ci il tarixinədək əmək fəaliyyəti dövrləri, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-615/2024 saylı arayışına əsasən, 1984-cü il üzrə əmək haqqı aldığı 12 ay, 1985-ci il üzrə 12 ay, 1986-cı il üzrə 11 ay, 1987-ci il üzrə 11 ay, 1988-ci il üzrə 12 ay, 1989-cu il üzrə 11 ay və xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 11 il 3 ay 11 gün və bu sığorta stajına münasibətdə hesablanmış pensiya sığorta kapitalı 11366,82 manat təşkil edir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixindən pensiya yaşına çatdığı xx.xx.2023cü il tarixinədək 3799,06 manat pensiya sığorta kapitalı qeydə alınmışdır”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-H-62448/2024 nömrəli qərarı ilə vətəndaş İddiaçı əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbləri kimi göstərilmişdir ki, tələb olunan sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığından yaşa görə pensiya hüququ yaranmır, sosial müavinət almır. - Oktyabr rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 004225 saylı xx.xx.1992-ci il tarixli orderdən görünür ki, Bakı şəhəri, 6-cı mikrorayonŞ 324750-ci məhəllə, 20 saylı evin 16 saylı mənzili 4 nömrəli Tikinti İdarəsində işləyən İddiaçı istifadəsinə verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2023 - 30 iyun 2024-cü il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 65 yaşdır. Apellyasiya şikayətinin pensiya kapitalı ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixə (*iddiaçının 65 yaşı tamam olduğu tarix) kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 65 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İdiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi xx.xx.2023-cü ildə onun artıq 65 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və topladığı əmək stajının kapitala çevrilməsi nəticəsində əldə edilən pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə 25 ildən çox, cəmi 26 il 10 ay 25 gün iş stajı olmuş, bununla da iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərti ödəmişdir. Lakin işdən görünür ki, cavabdeh bu halı qəbul etməyərək, əməkhaqqı cədvəllərinin aşkar edilməməsi və əmr kitablarının arxivə təhvil verilməməsi əsası ilə iddiaçının 1981- 1983-cü illər, 1990-cı ildən xx.xx.2000-ci il tarixədək olan iş dövrünü sığorta stajına daxil etməmişdir. Birinci instansiyası məhkəməsi cavabdehin bu mövqeyi ilə raılşmayaraq, qərarında göstərmişdir ki, mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə müvafiq olaraq, əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu və Oktyabr rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 004225 saylı xx.xx.1992-ci il tarixli orderi ilə iddiaçının 304 və 4 nömrəli Tikinti idarələrində işləməsi faktını təsdiq edilir. Həmin dövrlərə dair əmək haqqı cədvəllərinin saxlanılmamasına gəldikdə, məhkəmə qeyd edir ki, həmin dövrdəki arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa, cavabdeh əmək kitabçasında qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq belə qənaətə gəlmişdir ki, mübahisə olunan dövrlər qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8965/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8965/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar