Məhkəmə qərarları › İş №2-1(103)-145/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-145/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-145/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edlməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15-21 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 01.12.1987-ci il tarixdən 21.11.1991-ci il tarixədək Laçın rayonu "Təsərrüfatlararası Təmir Tikinti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona əmək şəraitinə görə güzəştli şərtlə əmək pensiyası təyin olunması üçün 12.07.2019-cü il tarixdə rəsmi qaydada müraciət etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 28.08.2019-cu il tarixli **********5 saylı imtina məktubu göndərilmişdir. Həmin məktubda cavabdeh qeyd edir ki, idarəyə təqdim etdiyiniz 16.10.1977-ci il tarixində açılmış İT-Q ******* nömrəli əmək kitabçanızın 48-49-cu səhifələrində Laçın rayon "Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə 01.12.1987 - 21.11.1991-ci il tarixləri arasındakı işlədiyiniz dövr qeyd olunan tarixdən əvvəlki dövrlərdə işlədiyiniz "Baytarlıq Stansiyası”nın möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda əmək kitabçanızın 44-45 və 48-49-cu səhifələrində sonradan düzəlişlər olunduğu aşkar görünür. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli Şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Ona görə də hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin nəzərinə çatdırır ki, əmək kitabçasından da göründüyü kimi, ümumilikdə onun 29 il 5 ay 23 gün əmək stajı mövcuddur. Həmin iş stajının 13 il 9 ay 4 günü məhkəmə qaydasında müəyyən edilmişdir. Həmçinin, cavabdeh onun 15 il 09 ay əmək stajını mübahisələndirməmiş və qəbul etmişdir. Belə ki, həmin fakt Azərbaycan Respublikası Alı Məhkəməsinin İnzibati Kollegiyasının 14.05.2019-cu il tarixli 2-1(102)-511/2019 saylı qərarında öz təsdiqini tapır. Hazırda cavabdeh əmək stajı kimi qəbul etmədiyi 01.12.1987-ci il tarixdən 21.11.1991-ci il tarixədək Laçın rayonu "Təsərrüfatlararası Təmir Tikinti idarəsi”ndə işlədiyi müddət cavabdehin mübahisələndirmədiyi 15 il 9 ay əmək stajına daxildir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1715/2019 saylı 24.10.2019-cu il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 19.08.1980-ci il tarixdən 26.12.1981-ci il tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, 01.12.1987-ci il tarixdən 21.11.1991-ci il tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya 01.07.2012-ci il (57 yaşdan) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/2020 saylı 12.03.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/2020 saylı 05.06.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmək stajını təsdiqləyən sübut qismində 16 oktyabr 1977-ci il tarixdə açılmış İT-İ seriyalı, ******* saylı əmək kitabçasına istinad edir. Halbuki, əmək kitabçasının 48-49-cu səhifələrində “Laçın rayon” Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə 01.12.1987-21.11.1991-ci il tarixləri arasında işlədiyi dövr qeyd edilən tarixdən əvvəlki dövrlərdə işlədiyi “Baytarlıq Stansiyasının möhürü ilə təsdiqlənmişdir. Digər tərəfdən, iddiaçıya məxsus əmək kitabçasının 44-45 və 48-49-cu səhifələrində sonradan düzəlişlər edilmişdir. Həmin düzəlişlərin aparılması səbəbi və əsası qeyri-müəyyəndir. İddiaçının ümumi iş stajının müəyyənləşdirilməsi məqsədilə idarə təqdim etdiyi sənədəki-əmək kitabçasındakı qeydlərin mötəbərliyi şübhə altındadır. Həmin qeydlər ümumi əmək stajını təsdiqləmək baxımından etibar ediləsi qeydlər deyil. İddiaçının güzəştli iş stajı ilə bağlı da təqdim etdiyi sənəd qeyri-mötəbərdir. Belə ki, iddiaçı əl yazısı ilə doldurulmuş bir arayış təqdim edir və həmin arayış güzəştli iş stajının təsdiqləndiyini iddia edir. Halbuki - arayış standart blank üzərində əl yazısı ilə doldurulub; lakin həmin arayışın hansı şəxs tərəfindən doldurulduğu bəlli deyildir; İmzaların da hansı şəxslər tərəfindən edildiyi qeyri-müəyyəndir; arayışda tarix və nömrə yoxdur; arayışdaki möhürün həqiqətən də onu verən, daha doğrusu, verdiyi iddia olunan təşkilata məxsus olub-olmadığı qeyrimüəyyəndir. Fərz edilsə ki, iddiaçı, tələb edilən ümumi və güzəştli əmək stajına malikdir. Bu halda belə, ona 2012-ci il tarixdən müraciət etdiyi tarixə qədər olan dövr üzrə toplanmış pensiya məbləğinin, özü də birdəfəlik ödənilməsi ƏPQ-nin tələblərinə ziddir. Belə ki, ƏPQnin 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2021 saylı, 05.02.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021ci il 05 fevral tarixli, 2-1(103)-113/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsi 2020-ci il 05 iyun tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, iddiaçının 1980-ci il 19 avqust tarixdən 1981-ci il 26 dekabr tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya 2016-cı il 12 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2021 saylı, 05.02.2021-ci il tarixli qərarın ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-725/2021 saylı, 20.04.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2021 saylı, 05.02.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı iddiaçının vəkili X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun 19.08.1980-ci il tarixdən 26.12.1981-ci il tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, 01.12.1987-ci il tarixdən 21.11.1991-ci il tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya 01.07.2012-ci il (57 yaşdan) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 16.05.1974-cü il tarixdən 24.05.1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli 16.10.1977-ci il tarixli Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 16.10.1977-ci il tarixdən 15.08.1979-cu il tarixədək və 01.12.1979-cu il tarixdən 16.08.1980-ci il tarixədək Baytarlıq stansiyasında sürücü, 19.08.1980-ci il tarixdən 26.12.1981-ci il tarixədək X4 sürücü, 12.01.1982-ci il tarixdən 16.11.1987-ci il tarixədək Yük Avtomobili parkında 3-cü dərəcə üzrə sürücü, 01.12.1987-ci il tarixdən 21.11.1991-ci il tarixədək Laçın Rayon Təsərrüfatlararası Təmir Tikinti İdarəsində 3-cü dərəcəli elektrik qaynaqçı, 14.01.1992-ci il tarixdən 28.10.2005-ci il tarixədək 1 №-li Təmir Tikinti Quraşdırma İdarəsində 4-cü daha sonra 5-ci dərəcə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12.06.2018-ci il tarixli 2-1(85)-1749/2018 saylı qərarından görünür ki, İddiaçı iddiası təmin edilərək, iddiaçının 14.01.1992-cü il tarixdən 28.10.2005-ci il tarixədək 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı işlədiyi müddətin əmək stajı kimi müəyyən edilməklə sığorta stajına daxil edilməsi öhdəliyninin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.09.2018-ci il tarixli 2-1(105)-560/2018 saylı qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin apelyasiya şikayətinin təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 1.06.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.05.2019-cu il tarixli 2-1(102)-511/2019 saylı qərarından görünür ki cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.09.2018ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin arayışında göstərilmişdir ki, iddiaçı 14.01.1992-ci il tarixdən 28.10.2005-ci il tarixədək 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi vəzifə (elektrik qaynaqçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı ilə (kod 23200000—19906) güzəştli şərtlərlə pensiya hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının müraciətinə verilən 28.08.2019-cu il tarixli imtina məktubunda göstərmişdir: “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyiniz 16 oktyabr 1977-ci il tarixində açılmış ИТ-İ ******* nömrəli əmək kitabçanızın 48-49-cu səhifələrində Laçın rayon “Təsərrüfatlararası Təmir Tikinti idarəsi”ndə 01.12.1987- 21.11.1991-ci il tarixləri arasındakı işlədiyiniz dövr qeyd olunan tarixdən əvvəlki dövrlərdə işlədiyiniz “Baytarlıq Stansıyası”nın möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda əmək kitabçanızın 44-45 və 48-49-cu səhifələrində sonradan düzəlişlər olunduğu aşkar görünür. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 01.07.2012 tarixdə tamam olmuşdur və o, 16.05.1974-cü il tarixdən 24.05.1976-cı il tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş (2 il 8 gün), əmək kitabçasına əsasən 16.10.1977-ci il tarixdən 15.08.1979-cu il tarixədək və 01.12.1979-cu il tarixdən 16.08.1980ci il tarixədək Baytarlıq stansiyasında sürücü (2 il 6 ay 14 gün), 19.08.1980-ci il tarixdən 26.12.1981-ci il tarixədək X4 sürücü (1 il 4 ay 7 gün), 12.01.1982-ci il tarixdən 16.11.1987ci il tarixədək Yük Avtomobili parkında 3-cü dərəcə üzrə sürücü (5 il 10 ay 4 gün), 01.12.1987-ci il tarixdən 21.11.1991-ci il tarixədək Laçın Rayon Təsərrüfatlararası Təmir Tikinti İdarəsində 3-cü dərəcəli elektrik qaynaqçı (3 il 11 ay 20 gün), əmək kitabçasına, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən 14.01.1992-ci il tarixdən 28.10.2005-ci il tarixədək 1 №-li Təmir Tikinti Quraşdırma İdarəsində 4-cü, daha sonra isə 5-ci dərəcə elektrik qaynaqçısı vəzifəsində işləmişdir (13 il 9 ay 14 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 29 il 6 ay 7 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı 14.01.1992-ci il tarixdən 28.10.2005-ci il tarixədək 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi vəzifə (elektrik qaynaqçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı ilə (kod 23200000—19906) güzəştli şərtlərlə pensiya hüququ verir (13 il 9 ay 14 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 13 il 9 ay 14 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh orqan imtina məktubunda, həmçinin apelyasiya şikayətində bildirmişdir ki, əmək kitabçasının 44-45 səhifələrində sonradan düzəlişlər olunmuşdur, əmək kitabçasının 48-49-cu səhifələrində qeyd olunan Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə 01.12.1987-21.11.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi müddət ondan əvvəlki dövrlərdə işlədiyi “Baytarlıq Stansiyası”nın möhürü ilə təsdiqlənmişdir. Əmək kitabçasının 44-45 səhifələrində sonradan düzəlişlər olunması barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən düzəliş, yəni “уволить” sözü iddiaçının iş yerindən azad olunmasını göstərir, həmin səhifədə qeyd edilən tarixlərdə hər hansı düzəlişin edilməsi aşkar görünmür. Həmçinin, düzəliş olunan “уволить” sözü iddiaçıya iş stajı vermir, əksinə iddiaçının işdən azad olunmasını göstərir. Bununla yanaşı, İddiaçı məxsus ИT-İ ******* nömrəli əmək kitabçasının 48 və 49-cu səhifələrində olan möhürün hansı idarə və ya müəssisəyə məxsus olduğunun müəyyən edilməsi məqsədi ilə sənədlərin məhkəmə texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/769 saylı, 11 noyabr 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş İddiaçı verilmiş ИТ-1№ ******* saylı əmək kitabçasının 48-49-cu səhifələrində olan möhür əksləri sənəd üzərinə bir başa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş əmək kitabçasının 48-49-cu səhifələrində olan möhür əkslərinin məzmunlarını müəyyən etmək üçün Leica M 205 C” mikroskopu, «Foster-Freeman» firmasının istehsalı olan VSC-6000/HS markalı video komporator (ultrabənövşəyi, infraqırmızı şüaları) vasitəsilə tədqiqatlar aparıldı. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olundu ki, möhür əkslərinin və onların üzərlərindəki əlyazma mətnin rəngləyicilərinin intensivliyi eyni olduğu üçün möhür əkslərinin məzmunlarını müəyyən etmək mümkün olmadı. Əmək kitabçasının 48 və 49-cu səhifələrində iddiaçının 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyinə dair qeydlərin olduğu, iddiaçının digər tələblərlə yanaşı ona məhz həmin müddətin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsini tələb etdiyi nəzərə alındıqda, həmin müddətə dair qeydlərin mötəbərliyi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Deməli, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla bağlı məhkəmə tərəfindən iddiaçının Laçın rayon İcra Hakimiyyətində saxlanılan arxiv məlumatlarına əsasən İddiaçı 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın rayonu "Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işləməsinin mötəbərliyini müəyyən etmək üçün Laçın rayon İcra Hakimiyyətinə sorğu verilmiş və sorğuya cavab olaraq Laçın rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə daxil olmuş 5/204 nömrəli 12.11.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 01.12.1987-ci il tarixdən 21.11.1991-ci il tarixədək Laçın şəhərində yerləşmiş Laçın rayonu "Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə 3-cü dərəcəli elektrik-qaynaqçısı işləmişdir. 18.05.1992-ci il tarixdən Laçın şəhəri erməni silahlı quldur dəstələri tərəfindən işğal edildiyi üçün həmin idarənin sənədləri işğal zonasında qalmışdır. Nəzərə alınması xahiş olunmuşdur. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsinin də istinad etdiyi 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasında isə iddiaçının vəzifəsi “elektrik qaynaqçısı” göstərilmişdir və həmin vəzifə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Siyahıda göstərilən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) müddəasını tam təmin etmir. Apelyasiya instansiyası məhkəməsinin yardımçı sübutetmə vasitəsi kimi istinad etdiyi 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin arayışı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin arayış da (onun əli ilə və ya çap üsulu ilə tərtib olunmasından asılı olmayaraq) iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlədiyini aşkar müəyyən və təsdiq etmir. Bununla bağlı məhkəmə tərəfindən İddiaçı 14.01.1992-ci il tarixdən 28.10.2005-ci il tarixədək 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi elektrik qaynaqçısı peşəsinin əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə aid olub-olmaması, həmçinin həmin peşələrin əmək funksiyalarının eyni olub-olmamasını müəyyən etmək üçün 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsinə sorğu verilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin sorğuya cavab olaraq 31 nömrəli 14.07.2021-ci il tarixli arayışından və 32 nömrəli məktubundan görünür ki, İddiaçı 14.01.1992-ci ildən 28.10.2005-ci il tarixinədək 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. Belə ki, 14.01.1992-ci il tarixli 6 №-li əmrə əsasən 4-cü dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı işinə qəbul edilmiş. 26.08.1996-cı il 69 № li əmrlə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə keçirilmiş və 28.10.2015-ci il 74 №-li əmrə əsasən 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı işindən azad edilmişdir. Yuxarıda göstərilənlər əsas verir ki, İddiaçı işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatın, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısının XXXİİİ. Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı (23200000-19906) peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Odur ki, İddiaçı 14.01.1992-ci ildən 28.10.2005-ci ilədək 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi elektrik qaynaqçısı peşəsi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə aid olmaqla əmək funksiyaları eynidir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdehin imtinası iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdehin apelyasiya şikayətində əsaslandığı daha bir dəlil ondan ibarət olmuşdur ki, iddiaçıya 2012-ci il tarixdən müraciət etdiyi tarixə qədər olan dövr üzrə toplanmış pensiya məbləğinin, özü də birdəfəlik ödənilməsi ƏPQ-nin tələblərinə ziddir. Bununla əlaqədar cavabdeh ƏPQ-nin 37.7 və 32.1-1-ci maddələrinə istinad etmişdir. Belə ki, Qanunun adı çəkilən 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası cavabdehin qeyd dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadında göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, bu hissədə cavabdehin bildirdiyi dəlil qanunvericiliyin tələblərinə uyğundur. Yəni, iddiaçının pensiya hüququ 2012-ci il tarixdə yaransa da o 2017-ci il 01 iyul tarixədək yaranmış pensiyanın təyin olunması üçün 12.07.2019-cu ildə cavabdehə müraciət etmişdir. Bu halda iddiaçı ödənilməmiş pensiya məbləğini hüququnun yarandığı gündən deyil, cavabdehə müraciət etdiyi vaxtdan əvvəlki üç il daxil olmaqla ödənilməsini tələb edə bilər. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunda ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə müddəa yoxdur. Yeni qanunvericilik pensiya fərqinin aylara bölünməklə aylıq pensiyaya əlavə şəklində ödənilməsini nəzərdə tutumuşdur. Belə olan halda da iddiaçının pensiya fərqinin birdəfəlik ödənilməsi barədə tələbi qanuni hesab edilə və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 05 iyun 2020-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 61.52 manat məbləğində ekspertiza xərci müştərək qaydada tərəflərə aid edilməli və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/20 saylı 05 iyun 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı 19.08.1980-ci il tarixdən 26.12.1981-ci il tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, 01.12.1987-ci il tarixdən 21.11.1991-ci il tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya 30.08.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Ekspert tədqiqatına görə 61.52 manat xərc iddiaçıdan və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə (VÖEN **********, Hesab AZ34CTRE**********00********) ödənilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar