Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-145/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X7 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X16) “bağ sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4457/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar X5, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən iddiaçılara ayrılmış 2 və 70 saylı bağ sahələri üzərində onların mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X5 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işdən İddiaçı aid hissə müstəqil icraata ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Şabandağ” bağçılıq-yoldaşlıq kollektivinin üzvü olmuş və Şabandağ sahəsində sahəsi 12 sot olan 70 saylı bağ sahəsi ayrılmış X1 vərəsəsidir. Bakı şəhər X6 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq- bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. "Bağçının üzvlük kitabçası"na əsasən X4 1991-ci ildə "Şabandağ” bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv.metr olan 70 nömrəli bağ sahəsi verilmişdir. 11 yanvar 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmişdir. Cavabdeh orqan 17 fevral 2022-ci il tarixli, **********99 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi, kollektivin siyahısında iddiaçının adının olmaması və həmçinin "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin İdarənin arxivinə təhvil verilməməsi göstərilmişdir. İddiaçının bu əsaslarla bağlı arqumentləri belədir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 330 №-li Sərəncamı ilə X12 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınıb. Azərbaycan Respublikasının Dövlət Torpaq va Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X12 adına X13 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış "Torpaq sahəsinin planı və ölçüsü" tərtib olunub. Ancaq iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi X14 qeyri-qanuni yolla verilib, onların adına torpaq sahəsinin ayrılmasına dair 07 avqust 1991-cı il tarixli, 11/546 saylı protokol ləğv edilməyib ki, bu da torpaq sahəsilərinə dair digər qurumun adına verilmiş kadastr planının qanunsuz olduğunu təsdiq edir. Kollektivin siyahısında iddiaçının adının olmaması ilə bağlı iddiaçı qeyd edir ki, Cəmiyyətin torpaq sahəsi ilə 50 nəfərlik siyahısında Qulu Qələnədov isə 35 nəfərlik siyahıda 16-ci yerdə qərarlaşıb. Bağ sahələrinin bölgü sxeminin İdarənin arxivinə təhvil verilməsi ilə bağlı məlumatların aşkar olunmaması isə torpaq sahəsinin iddiaçının istifadəsinə verilməməsi anlamına gəlmir. 1991-ci ildən iddiaçının istifadəsinə verilmiş bağ sahəsinin arxiv sənədlərinin cavabdeh qurumun arxivində olmamasının məsuliyyəti və nəticələri də iddiaçının üzərinə qoyulmamalıdır. Oxşar iddialar üzrə artıq yerli məhkəmələrin qərarları ilə iddiaçıların cavabdeh quruma qarşı iddiaları təmin edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək tələbin Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində yerləşən "Şabandağ" bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış 70 saylı bağ sahəsi üzərində hüquqların X2 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində yerləşən “70” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022- ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarədə mövcud arxiv məlumatlarına əasasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Həmçinin, bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qeyd edilən ümumi ərazidə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin (X16) adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) mövcuddur. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********99 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7 və 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4457/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim T.Məlikov) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən istinad etdiyi əsaslardan biri iddiaçının atasının adının səlahiyyətli orqanın arxivində saxlanılan "Şabandağ" bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmamasıdır. Məhkəmə bu qənaətə gələrkən cavabdehin təqdim etdiyi "Qaradağneft" NQÇİ-nin bağçılıq- yoldaşlıq təsərrüfatına daxil olan işçilərinin siyahısına və həmin siyahıda X1 adının olmamasına istinad edib. Halbuki, iddiaçının atası "Qaradağneft" NQÇİ-nin yox, Ə.Əmirov adına "26 Bakı Komissarı" adına NQÇİ-nin işçisi olub və orada neft ustası işləyib. Məhkəməyə təqdim edilmiş "Şabandağ" bağçılıq- bostançılıq kollektivinin sədri L.Mirəliyeva tərəfindən imzalanaraq kollektivin möhürü ilə təsdiq edilmiş kollektiv üzvlərinin ümumi siyahısından isə görünür ki, iddiaçının atası X1 adı 64-cü sırada qeyd olunub. Belə olan halda, məhkəmənin iddiaçının atasının adının "Şabandağ" bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmamasına dair gəldiyi nəticə tamamilə qanunsuz və əsassız olub. Bakı İnzibati Məhkəmə iddianın təmin edilməməsinin ikinci səbəbi kimi sözügedən bağ sahəsinin X12 daimi istifadəsinə verilməsinə dair BŞİH başçısının xx.xx.2005-ci il tarixli, 330 nömrəli sərəncamının hər hansı qaydada mübahisələndirilməməsi və hazırda qüvvədə olmasını göstərib. Həmin sərəncama əsasən X12 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin fondun daimi istifadəsinə verilib. Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 319656 N°-li (xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə qeydə alınmış) Torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, BŞİH Başçısının xx.xx.2005-ci il tarixli 330 saylı sərəncamı ilə X14 Binəqədi rayonu Xocasən kəndinin şərq hissəsində yerləşən Xocasən gölünün ətrafında 17276776 kv. metr torpaq sahəsi universitet kampusunun tikintisi üçün daimi istifadəyə ayrılıb. Ancaq hazırkı iş üzrə BŞİH-nin 330 nömrəli sərəncamını aşağıdakı səbəblərdən iddiaçının mübahisələndirmək öhdəliyi yoxdur. Əvvəla, BŞİH-in sərəncamından 14 il əvvəl XDS İKnin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli 11/546 nömrəli protokolu ilə iddiaçının atası da daxil olmaqla onlarla bağçıya torpaq sahəsi ayrılıb.Həmin qərar yə protokol hazırda da qüvvədədir. BŞİH, XDS İK-nin 11/546 nömrəli 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli 11/546 nömrəli protokolunu ləğv etmədən həmin torpaq sahəsini eydər Əliyev Fonduna verə bilməzdi. BŞİH bu kobud qanunsuzluğa yol versə də, onun iddiaçının atasının istifadəsinə torpaq sahəsinin verilməsini təmin edən yuxarıda qeyd edilmiş sənədləri ləğv etmədən 330 saylı sərəncamı qəbul etdiyi üçün iddiaçıya 70 saylı bağ sahəsi üzərində istifadə hüququ verən aktlar da eyni zamanda qüvvədə qalıb. "İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsində göstərilir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, BŞİH başçısı 330 nömrəli inzibati aktı qanunvericiliyin tələblərini pozaraq qəbul edib. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Əlavə olaraq izahatlarında bildirdilər ki, birinci instansiya məhkəməsində araşdırma zamanı iddia tələbində dəqiqləşdirmə apararaq, bağ sahəsinin mərhuma məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdirlər. Həmçinin, hazırki icraat zamanı da iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu dəqiqləşdirmə ərizəsi təqdim edərək, icraata qəbul edilməsini və iş materiallarına əlavə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı "Şabandağ” bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna istinad edərək, bağ sahəsinin mərhum atasına məxsus olmasına dair dövlət reyestrindən arayışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: İş materiallarında olan Bağçının üzvlük kitabçasının və “26 Bakı komissarı” adına neft və qaz çıxarma idarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışın surətlərindən görünür ki, 1991-ci ildən Ə.Əmirov adına NQÇİ-də neft ustası işləyən X4 xx.xx.1991-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Bakı Hacı Həsən şossesində bağçılıq cəmiyyəti bağının sahəsindən xx.xx.1991-ci il tarixli qərarla sahəsi 1200 kv. metr olan 70 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinin onun mərhum atası X2 məxsusluğu barədə arayışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, mövcud qanunvericilikdə daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatının əsaslarının dairəsi, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələblər və hüquqların dövlət qeydiyyatından imtina üçün əsaslar konkret müəyyən edilmişdir. Qanunverici 2007-ci il mayın 22-dək yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını həmin bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışla şərtləndirmişdir. Hazırkı işdə iddiaçı mərhum atasının adına mülkiyyət hüquqlarının tanınmasını istədiyi bağ sahəsinə dair üzvlük kitabçasını təqdim etsə də, onun adı səlahiyyətli orqanın arxivində saxlanılan “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında yoxdur. Belə ki, məhkəmənin sorğusu ilə cavabdeh tərəfindən “Şabandağ” bağçılıqyoldaşlığının üzvlərinin siyahısı və arxiv qovluğundakı digər sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, “Qaradağneft” NQÇİnin bağçılıq-yoldaşlıq təsərrüfatına daxil olan işçilərinin siyahısında X1 adı yoxdur. Qanunvericiliyin isə birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının atasına ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin bağ sahəsinin naturada yeri müəyyənedildikdən sonra başqa şəxslərə (hüquqi şəxs) məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və 3-cü şəxs X12 daimi istifadəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, daha sonra Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş xidmət haqqının ödənilməsi ilə bağlı iddiaçıya məktub ünvanlanmış, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş xidmət haqqı ödənilmədiyi və nəticədə mütəxəssis rəyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmədiyi üçün məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. AR İPM-in 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. AR MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İş materiallarından, cavabdehin imtina və etirazından, iddiaçının apellyasiya şikayətinin dəlillərindən, həmçinin məhkəmələrin icraatında olan oxşar işlərdən aydın olur ki, sözügedən ərazidə yerləşən torpaq sahələri, həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşmə koordinatları üzrə hazırkı iş üzrə üçüncü şəxsin daimi istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli, 330 nömrəli sərəncamı mövcuddur və həmin sahə ilə bağlı 2011-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü (17276776 kvm torpaq sahəsi ilə bağlı) tərtib edilmişdir. Sözügedən sərəncam hər hansı qaydada mübahisələndirilməmiş, hazırda qüvvədədir. Bu halın əksini göstərən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır (Ali Məhkəmənin 2-1(102)-1210/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı). Kollegiya hesab edir ki, hazırkı halda iddiaçı hüquqlarının rəsmiləşdirilməsini iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən, həmin torpaq sahəsinə dair 3-cü şəxsin adına sərəncam və plan və ölçü sənədi mövcud olduğundan onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yaranmır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4457/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4457/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-145/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-145/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver