Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1450/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC və "xxxx" MTK) “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 5 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m. 34.1) Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən "xxxx" MMC və "xxxx" MTK üçüncü şəxslər qismində inzibati icraata cəlb edilmişlər. İddiaçı iddia tələbini aşağıdakılarla əsaslandırmışdır: “…"xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 16 may 2015-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının İV mərtəbəsində, 2 otaqlı, 5 №-li, 90 kvm mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər kv.m üçün 1700 manat həcmində müəyyənləşdirilmiş, müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 153.000 manat olmaqla, dəyişilməz qalır. Mənzilin dəyəri İddiaçı tərəfindən tam 16 may 2015-ci il tarixli kassa mədaxil orderi ilə "xxxx" MMC-nin hesabına ödənilmiş, kassa mədaxil orderi verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı ("xxxx" MMC) mənzili tikib sifarişçiyə (İddiaçı) təhvil verilməsini öhdəsinə götürmüş, həmin müqavilə şərtlərinə uyğun olaraq podratçı mənzili tikib sifarişçiyə təhvil verilmişdir. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 529 saylı, 19 fevral 2019-cu il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyət orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələri əsasında istismara hazırlığı barədə müsbət rəy yerilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMMC-nin adına Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına sadələşdirilmiş formada icazə verilmiş yaşayış obyekti kimi icazə verilmiş və həmin bina tikintilərin dövlət reyestrinə daxil edilmişdır. Odur ki, həmin mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 29 dekabr 2020-ci il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmiş və bunun iəsası kimi göstərilmişdir ki, istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" MTK ("xxxx" Məzil Mülkiyyətçilərinin Müştərək” Cəmiyyəti) göstərilmişdir. İmtina əsassızdır. Belə ki, çoxmənzilli binaların istismarına icazə verilməsini müəyyən edən qanunvericilik aktlarında, o cümlədən, istismarı məhz,onun əsasında həyata keçirilmiş Azərbaycan Respublikası Prezidentinin 529 saylı, 19 fevral 2019-cu il tarixli Fərmanında hər bir mənzilin fərdi qaydada istismarına, o cümlədən, mənzil sahibinin adına istismarına icazənin alınması nəzərdə tutulmamışdır. Binanın istismarına hər bir mənzil üzrə fərdi qaydada deyil, bütövlükdə bina üzrə verilir. Cavabdeh xx.xx.2021-ci il tarixli iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK göstərilmişdir. Vətəndaşın idarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 5 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. Üçüncü şəxs "xxxx" apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün təfsir etməmiş və hazırkı düzgün tətbiq etməmişdir. Belə ki, yaşayış binası bütövlüklə "xxxx" MTK-ya məxsusdur. 05 mart 2006-cı il tarixdə "xxxx" MTK (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Müqavilənin 3.1.14-cü bəndinə əsasən, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilədə birmənalı olaraq göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın mənzillərin satılması iş üzrə 3-cü şəxs "xxxx" MTK tərəfindən bağlanmalıdır. "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binaya, binanın yaşayış və qeyri-yaşayış sahələrinə sərəncam, sahiblik, istifadə hüququ yoxdur. "xxxx" MMC-nin mübahisəli mənzilə dair bağladığı müqavilə tam əhəmiyyətsizdir. Buna baxmayaraq məhkəmə mübahisəli mənzilə dair iddiaçının podratçı "xxxx" MMC ilə bağlanılmış müqaviləni əsas götürmüş, səhv nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs apellyatorun, habelə, digər üçüncü şəxsin və cavabdehin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X.Sadıqov üçüncü şəxsin şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj kooperativinin və başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. İş materiallarına əlavə olunmuş Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 dekabr 2019-cu il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına icazə sənədindən görünür ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə verilmiş və bina tikintiləri dövlət reyestrinə daxil edilmişdır. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, iddiaçıya məxsus mənzilin yerləşdyi yaşayış binası icazə sənədi əsasında qanuni əsaslarla inşa edilmiş və istismara qəbul edilmişdir. Konkret halda iddiaçının həmin yaşayış binasından əldə etdiyi mənzilinə mülkiyyət hüququnun qeyd alınaraq reyestrdən çıxarış verilməsini tələbi üzrə mənzil üzərində hüquqları aşağıdakı sənədlərlə təsdiq olunur: -"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 138 saylı notarial qaydada təsdiq edilmiş «çoxmçnzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» müqaviləsinə 1.1-ci bəndinə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 5 nömrəli mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür - "xxxx" MMC-nin AXU № 06 saylı kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli 138 saylı müqavilə üzrə iddiaçı tərəfindən "xxxx" MMC-yə 153.000 manat məbləğində pul vəsaiti ödənilmişdir Görüdüyü kimi, İddiaçı mənzili "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə əldə olunmuşdur. Lakin, işdən görünür ki, iddiaçı cavabdeh qeydiyat orqanına müraciət edərək həmin mənzilə mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, çıxarış verilməsini xahiş etsə də, sonuncu binanın istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK-nın olması, mənzilə dair müqavilənin isə iddiaçının idarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlandığı əsas gətirilməklə imtina cavabı verilmişdir (İşə əlavə olunmuş, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 9 dekabr 2019-cu il tarixdə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 246 nömrəli icazə sənədində həqiqətən də tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir). Hər bir halda, işin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin iddianın təmin olunmsı barədə qərarı ilə razılaşmış, ondan apellyasiya şikayəti verməmişdir. Belə olan təqdirdə, İPM-in 82-ci maddəsinin tələbi nəzərə alınmaqla, işə üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri həddində baxılmalıdır. Üçüncü şəxs "xxxx" MTK isə apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 4cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 5 nömrəli mübahisəli mənzilə dair "xxxx" MMC-nin İddiaçıla müqavilə bağlamaq səlahiyyəti olmamış, "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında 05 mart 2006-cı il tarixdə bağlanmış müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 3.1.14-cü bəndinə əsasən mənzillərin satılması hüququ MTK-ya məxsus olmuşdur. Bu baxımdan apellyator iddiaçı ilə MMC arasında bağlanmış müqaviləni etibarsız müqavilə kimi qiymətələndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, 5 mart 2006-cı il tarixldə "xxxx" MTK ilə (yaşayış binasının sifarişçisi) "xxxx" MMC (binanın podradçısı) arasında “müştərək fəaliyyət üçün razılaşdırma” müqaviləsi bağlanmışdır. Həmin müqavilə şərtlərində isə tərəflər aşağıdakı razılığa gəlmişlər: 1.1. “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717- ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12. Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; 3.1.14. mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən müəyyən olunur ki, həmin müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsini bağlayan tərəflər arasında müqavilə şərtlərindən irəli gələn ixtilafları mövcud olmuş və bununla bağı onlar arasında məhkəmə çəkişmələri üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTKya qarşı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 vmanat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilən hissədə ləğv edilərək, həmin hissədə iddia təmin edilməmiş, iddianın rədd olunan hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Eyni zamanda, hazırkı apellyasiya mərhələsində məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırkı iş üzrə üçüncü şəxs "xxxx" MTK mübahisəli mənzillə bağlı əvvələr, həmin yaşayış binasının mənzil mülkiyyətçilərinə (və s.), o cümlədən, hazırkı iş üzrə İddiaçı qarşı məhkəmə çəkişmələri mövcud olmuş və son nəticədə iddia rədd olunmuşdur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(113)-731/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə - iddiaçı "xxxx" MTK-nın cavabdehlər "xxxx" MMC, X27 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X2, İddiaçı, X5, X16, X6, X25, X17, X37, X1, X11, X12, X18, X10, X19, X3, X7, X8, X13, X14, "xxxx" MMMC olmaqla) qarşı “cavabdeh X15 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsüliyyətli Cəmiyyətinin "xxxx" Mənzil Tikinti Kooperativinin keçmiş rəhbəri X27 ilə bağlanılmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və digər 3-cü şəxslər tərəfindən iddiaçı "xxxx" MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması barədə” tələbinə dair - iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 783/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılaraq iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-619/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə icraata qəbul edilməsindən imtina edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmış və iş üzrə digər kassasiya şikayəti verilməmişdir. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı "xxxx" MTK-nın sifarişi əsasında podratçı "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasından mübahisəli əldə edərkən, hüquqa zidd hərəkətləri mövcud olmamış və onun həmin mənzil üzərində mülkiyyət hüquqları binanın sifarişçisi "xxxx" MTK ilə podratçı "xxxx" MMC arasındakı məhkəmə mübahisələri üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə məhdudlaşdırılmamış, əksinə, faktiki olaraq onun MTK binasından əldə etdiyi mənzil onun qanuni sahibliyində və istifadəsində olduğu müəyyən olunmuşdur. Belə olan halda, onun hazırkı tələbinə münasibətdə qanvericiliyin aşağıdakı normalarının qanuni əsaslar kimi tətbiq edilməsi məhkəmə kolegiyasının qənaətincə tamamilə əsaslıdır. Belə ki, Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1.1.6-cı və «Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) həmin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Eyni zamanda, məhkəmə kolegiyası hesab edir ki, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə "xxxx" MTK-nın İddiaçı qarşı iddia tələbi rədd edildiyi halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinin də hazırkı mübahisəli hüquq münasibətlərin tətbiq edilməsini mümkün sayır. Qanunun sözügedən 8.0.4-cü maddəsi isə nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. İşin sübutlarla müəyyən olunan faktiki şərtləri və qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, İddiaçı cavabdeh qeydiyyat orqanından mübahisəli mənzilə mülkiyyət hüqununun qeydə alınıb çıxarış verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası üçüncü şəxs "xxxx" MTK-nın apellyasiya şikayətinin “Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 5 nömrəli mübahisəli mənzilə dair müqavilə bağlamaq hüququnun "xxxx" MMC-yə deyil, MTK-ya məxsus olduğunu qeyd edərək iddiaçı ilə bağlanmış müqavilənin əhəmiyyətsiz olduğunu mübahisələndirən dəlilləri iddiaçının həmin mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni Əsasnaməsinin 3.0.6-cı bəninə əsasən hüquqları dövlət qeydiyyatına almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlrinə daxildir (Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Xidmətin tərkibinə onun apparatı və tabeliyində olan yerli qürumlar daxildir). Lakin cavabdeh qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından əsassız olaraq boyun qaçırmış, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda İPM-in 73.1-ci maddəsinin tələbində isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin iddianın təmin olunması bğarədə gəldiyi nəticə faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası "xxxx" MTK-nın apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu və səhv tətbiq edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1450/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1450/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver