Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1450/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16422/2023 saylı 27 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının xx.xx.2023cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həmin Akademiyada əyani təhsil almışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən “əsgər” hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, hal-hazırda da xidmətini davam etdirməkdədir. X4 (iddiaçının atası) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə “oğlunun ehtiyata buraxılma” tələbi ilə bağlı müraciətlər etmiş, lakin cavabdeh tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçı (atası) hazırki tələblə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, həmin müraciətlə bağlı cavabdeh qurumun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xüsusi təyinatlı təhsil müəssisəsindən xaric edilərək hərbi xidmətə göndərilməsi və təhsil aldığı dövrün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.4-cü maddəsinə uyğun olaraq (4 günü 1 gün sayılmaqla) müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması ilə əlaqədar müraciətinə baxılmışdır. Müraciətə əlavə olunmuş sənədlərdən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının xx.xx.2023-cü il tarixli 3-13- 32/2-3034/23 nömrəli məktubundan müəyyən olunmuşdu ki, İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əyani fakültəsinin kursantları sırasında təhsil almış, təhsil aldığı müddətdə “Hərbi hazırlıq fənləri” blokuna daxil olan hərbi fənləri tam həcmdə mənimsəmiş, təhsildə müvəffəqiyyətsizliyə görə Polis Akademiyasından xaric edilərək, xx.xx.2023-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsi tərəfindən “əsgər” hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 739 nömrəli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hərbi kafedra yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 465 nömrəli Fərmanı ilə edilən dəyişikliklərə əsasən Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hərbi kafedranın mövcud olmasını, məzunlarına ilkin zabit hərbi rütbəsinin verilməsini və İddiaçı “Hərbi hazırlıq fənləri” blokuna daxil olan hərbi fənləri tam həcmdə mənimsədiyini nəzərə alaraq onun təhsil aldığı dövrün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq (4 günü 1 gün sayılmaqla) müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması qanunamüvafiqdir. Lakin sonradan cavabdeh orqanın N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bu məsələ ilə əlaqədar əlavə araşdırma aparılması zərurəti yarandığından, əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının müvəqqəti dayandırılması barədə göstəriş verilməsi xahiş edilmişdir. Beləliklə, iddiaçının tələbi cavabdeh orqan tərəfindən təmin olunmamışdır. Bununla bağlı iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsinə əsasən İddiaçı təhsil aldığı müddətin 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanaraq vaxtından əvvəl ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı X4 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X3 əsl İddiaçı ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, əsl olmayan iddiaçı X4 əsl İddiaçı ilə, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi isə əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı Polis Akademiyasında 2014-cü ildən “hərbi kafedra” yaradılaraq fəaliyyət göstərir. 5 illik tədris müddəti ərzində polis kursantlarına hərbi dərslər keçilməklə, Akademiyanı bitirmiş polis kursantlarına polis rütbəsindən əlavə ilkin “hərbi leytenant” rütbələri də verilir. Azərbaycan Respublikasının Polis Akademiyasında təşkil edilmiş xidmət sahəsi, hərbi xidmətin xüsusi bir növü kimi dəyərləndirilir və polis kursantları Polis Akademiyasını bitirdikdən sonra, hər bir polis əməkdaşı, hərbi xidmətdən azad olunmuş sayılır. Polis Akademiyası ilə hərbi qulluqçu hazırlayan ali təhsil müəssisələrinin gündəlik qulluq və təlim keçmə qaydaları bir birindən heç də fərqlənmir. Hər iki təhsil müəssisəsində kursantlar qapalı kazarma şəraitində yaşamaqla, gündəlik təlimlər keçir, özlərinin fiziki hazırlıqlarını möhkəmləndirirlər. Polis Akademiyasında qeyd edilən dövrdən hal-hazıra kimi “hərbi kafedra” fəaliyyət göstərir ki, polis kursantları hərbi kafedranın mütəxəssisləri tərəfindən hərbi biliklərə yiyələnmişlər. Elə qeyd olunan səbəbdən də, Polis Akademiyasını bitirmiş kursantlar, hərbi xidmətə getməkdən azad olunurlar. Bu baxımdan iddiaçının həmin xüsusi təyinatlı təhsil müəssisəsindəki 4 gün qanunvericiliyin tələbinə görə həqiqi hərbi xidmətdəki 1 günə bərabərləşdirilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazı təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16422/2023 saylı 27 dekabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil aldığı müddətin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsinə əsasən 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərarın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia ərizəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən onun Azərbaycan Respublikasının Polis Akademiyasında təhsil aldığı müddətin 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanaraq vaxtından əvvəl ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsi hesab edilib-edilməməsi və Polis Akademiyasından xaric edilərək Azərbaycan Ordusunda xidmət keçən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinin müddəalarının tətbiq edilməsinə dair rəy verilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 25 oktyabr 2023-cü il tarixdə sorğular göndərilmişdir. Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin 7 noyabr 2023-cü il tarixli 3-16/2-22387/2023 nömrəli cavab məktubunda Daxili İşlər Nazirliyinin X1 və digər hüquqi aktlarda Akademiyanın kursantlarının həqiqi hərbi xidmətdə olmasının öz əksini tapmadığı, bununla əlaqədar qanunvericilik aktlarında kursantların Polis Akademiyasında təhsil aldığı müddətin 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanması ilə bağlı müddəaların aşkar ediİmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 20 noyabr 2023cü il tarixli 3-13/2-88111/2023 nömrəli cavab məktubunda isə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən Akademiyanın əsas məqsədinin Daxili İşlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaqdan ibarət olduğu göstərilmişdir. Həmin Nizamnamənin 9.15-ci bəndinə görə Akademiyaya qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmayan və ya çağırılan, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməyən kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Akademiyadan xaric edildikdə, qanunla müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilirlər. Məktubda həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38-ci maddəsinə istinad edilərək dinc dövrdə həqiqi hərbi xidmət müddətinin ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün 1 il, ali təhsili olmayanlar üçün 1 il 6 ay müəyyən edilməsi və nəticə etibarı ilə Polis Akademiyasından xaric edilərək müddətli həqiqi hərbi xidmətə cəlb edilən kursantların həqiqi hərbi xidmət müddətinin ali təhsili olmayan şəxslər üçün qanunla müəyyən edilmiş müddətdə sayılması qeyd olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, müvəffəqiyyətsizliyinə görə Polis Akademiyasından xaric edilən və hazırda ordu sıralarında xidmət edən iddiaçı əsgər İddiaçı ümumi əsaslarla, yəni ali təhsili olmayan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün nəzərdə tutulan müddətdə həqiqi hərbi xidmət keçməlidir. Məhkəmə qeyd olunan qərarında İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil aldığı müddəti və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsini əsas götürərək iddianı təmin etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssəsələrinin təsis edilməsi Qaydalar”na əsasən Daxili işlər Nazirliyinin Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsidir. Bununla belə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun dispozisiyasının ikinci zəruri şərti xüsusi təyinatlı təhsil müəssisəsinin hərbi qulluqçu hazırlamasıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsinin 2.2-ci bəndinə əsasən akademiyanın fəaliyyətinin əsas istiqaməti daxili işlər orqanlarında xidmət etmək üçün ali hüquq təhsilli kadrlar hazırlamaqdan ibarətdir. Beləliklə, İddiaçı təhsil aldığı Daxili işlər Nazirliyinin Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsi olsa da, hərbi qulluqçu hazırlayan təhsil müəssisəsi hesab edilmədiyindən iddiaçının hərbi xidmət müddəti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən hesablana bilməz. Belə ki, İddiaçı müvəffəqiyyətsizliyinə görə Polis Akademiyasından xaric olunduğdan sonra "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilməmişdir. O, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən hərbi qeydiyyata alınaraq 2023-cü ilin iyul ayında çağırışa cəlb edilərək (ümumi əsaslarla) hərbi xidmət keçmək üçün Azərbaycan Ordusuna göndərilmişdir. Beləliklə, İddiaçı Qanunun 38.1.1-ci maddəsinə əsasən (ali təhsili olmayan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün nəzərdə tutulan müddətdə) həqiqi hərbi xidmət keçməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Hüseynov Bəxtiyar tərəfindən vəsatət verilərək işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan əvvəlcə müsbət cavab versə də, sonradan hərəkətsizlik göstərərək tələbin təmin olunmasından imtina etmişdir. İPM-nin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası 39-cu maddəsinə əsasən hərəkətsizliklə bağlı iddianın 35 gün keçdikdən sonra verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı tələbi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil aldığı müddətin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsinə əsasən 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərarın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından hərəkətsizlik göstərilməklə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 3.2ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 28.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 23 sentyabr 2014-cü il tarixli, 739 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən Akademiyanın fəaliyyətinin əsas məqsədi Daxili İşlər Nazirliyi üçün ali hüquq təhsilli kadrlar hazırlamaq və daxili işlər orqanları əməkdaşlarının əlavə təhsil almalarını təşkil etməkdən ibarətdir; 9.15-ci bəndinə əsasən Akademiyaya qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmayan və ya çağırılan, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməyən kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Akademiyadan xaric edildikdə, qanunla müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilirlər; 9.18-ci bəndinə görə Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan keçməmiş kursantlar bu Nizamnamənin 9.15-ci bəndində müəyyən olunmuş qaydada həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilirlər. Bu bənddə nəzərdə tutulmuş şəxslər hərbi xidmətlərini başa vurduqdan sonra dövlət attestasiyası sınaqlarına buraxılırlar; 9.21-ci bəndinə əsasən dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş kursantlara daxili işlər nazirinin əmri ilə “polis leytenantı” ilk zabit xüsusi rütbəsi verilir. Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş və nümunəvi nizamintizama malik məzunlar birbaşa “polis baş leytenantı” xüsusi rütbəsinin verilməsi üçün təqdim olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” Əsasnaməsinin 5.3.13-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanların və daxili qoşunların şəxsi heyətini vəzifəyə təyin və vəzifədən azad edir, sıravi, kiçik, orta və böyük rəis heyətlərinə xüsusi rütbələr, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi və daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, xüsusi və hərbi rütbələrdən məhrum edir, ali hərbi və ali heyət rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin baş idarə və idarələrinin, ərazi və ixtisaslaşmış polis idarə və şöbələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir. Hazırkı işdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında əyani təhsil almış, təhsildə müvəffəqiyyətsizliyə görə Polis Akademiyasından xaric edilərək, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən “əsgər” hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir ki, hal-hazırda da xidmətini davam etdirməkdədir. İddiaçının hazırki tələbi onun Polis Akademiyasında aldığı təhsil müddətinin hər 4 gününün həqiqi hərbi xidmətdəki 1 günə bərabərləşdirilərək ehtiyata buraxılması ilə bağlıdır. Cavabdeh inzibati orqan həmin tələbin təmin olunmasından imtina edərək ona istinad edir ki, İddiaçı təhsil aldığı Daxili işlər Nazirliyinin Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsi olsa da, hərbi qulluqçu hazırlayan təhsil müəssisəsi hesab edilmədiyindən iddiaçının hərbi xidmət müddəti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 28.4cü maddəsinə əsasən hesablana bilməz. Cavabdeh orqanın gətirdiyi arqumentlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 23 sentyabr 2014-cü il tarixli 739 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılmışdır. Hər iki Akademiya xüsusi təyinatlı təhsil müəssisələri siyahısındadır. Adı çəkilən sərəncamın tətbiqi ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə “Polis Akademiyasının məzunlarına “ilkin zabit hərbi rütbəsi verilməsi” ilə bağlı müddəa əlavə edilmişdir. Lakin bundan sonra X1 bu dəyişiklik aparılmamış və indiyənədək həmin Nizamnamədə (9.21-ci bənddə) “polis leytenantı ilk zabit xüsusi rütbəsi” verilməsi göstərilmişdir. X9 bitirmiş kursantlar həqiqi hərbi xidmətə çağırılmırlar, başqa sözlə, bu Akademiyanı bitirmiş kursantlar hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları kimi həqiqi hərbi xidmət keçmiş sayılır və “ilkin zabit hərbi rütbəsi” əldə edirlər. Təsadüfi deyildir ki, iddiaçının təhsil aldığı Polis Akademiyasında təşkil edilmiş xidmət sahəsi, hərbi xidmətin xüsusi bir növü kimi dəyərləndirilir və polis kursantları Polis Akademiyasını bitirdikdən sonra, hər bir polis əməkdaşı hərbi xidmətdən azad olunmuş sayılır. Polis Akademiyası ilə hərbi qulluqçu hazırlayan ali təhsil müəssisələrinin gündəlik qulluq və təlim keçmə qaydaları bir- birindən demək olar ki, fərqlənmir. Hər iki təhsil müəssisəsində kursantlar müvafiq şəraitində yaşamaqla, gündəlik təlimlər keçir, özlərinin fiziki hazırlıqlarını möhkəmləndirirlər. Polis Akademiyasının kursantları “hərbi kafedra”da hərbi biliklərə yiyələnir və məhz buna görə də həmin Akademiyanı bitirmiş kursantlar hərbi xidmətə getməkdən azad olunurlar. Sözügedən sərəncamın tətbiqi ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edildikdən sonra X2 də “kursantların təhsil dövrünün həqiqi hərbi xidmət kimi sayılmasına dair” dəyişikliyin edilməməsi və qanunvericiliyin bu barədə dəqiqləşməni tam aparmaması hazırkı iş üzrə iddiaçının ziyanına şərh oluna bilməz. Qeyd edilməlidir ki, xüsusi təyinatlı ali təhsil müəssisələrindən biri olan Polis Akademiyası ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da 2014-cü ildən hərbi kafedralar yaradılmışdır. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsinin 9.5-ci bəndində göstərilmişdir ki, kursantlar həqiqi hərbi xidmətdə hesab edilirlər. Odur ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyası Nizamnaməsinə görə, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən ali təhsil müəssisəsi olsa da və onun Nizamnaməsində “hərbi qulluqçu” hazırlayan xüsusi təyanatlı təhsil müəssisəsi olması birbaşa göstərilməsə də, göründüyü kimi, həmin Akademiyada təhsil alanlar həqiqi hərbi xidmətdə sayılırlar və onu bitirən məzunlar hərbi xidmətə cəlb edilmirlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhz bu mənada Polis Akademiyasını digər xüsusi təyinatlı təhsil müəssisəsi olan Fövqəladə Hallar Nazirliyinin Akademiyasından fərqləndirmək olmaz. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı işdə iddiaçının tələbi onun Polis Akademiyasında təhsil aldığı dövrün 4 gününün həqiqi hərbi xidmətdəki 1 gün kimi hesablanması və ehtiyata buraxılması ilə bağlıdır. Yuxarıda adı çəkilən normaların tələbinə görə, iddiaçı müvəffəqiyyətsizliyə görə xüsusi təyinatlı təhsil müəssisəsindən xaric edildiyi üçün qanunla müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmətini keçmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsi tərəfindən “əsgər” hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətə çağırılmış və hazırda da xidmətini davam etdirməkdədir. İddiaçının “məzun olmadığı üçün “ilkin zabit hərbi rütbəsi”ni də əldə edə bilmədiyi” hal, onun həmin “təhsil aldığı dövrün 4 gününün cəlb olunduğu həqiqi hərbi xidmətdəki 1 gün kimi hesablanmasına mane olan” hal kimi qiymətləndirilə bilməz. Bu qənaətini məhkəmə kollegiyası onunla əsaslandırır ki, iddiaçı Polis Akademiyasında təhsilə başlayarkən Akademiyanın xüsusi təyinatlı ali təhsil müəssisəsi olub, onun “hərbi hazırlıq fənləri” blokuna daxil olan hərbi fənləri tam həcmdə mənimsədiyi halda, təhsil aldığı müddətin gələcəkdə həqiqi hərbi xidmət müddətinə hesablanacağına və məzun olacağı təqdirdə “ilkin zabit hərbi rütbəsi”ni alacağına ümid etmişdir. Aydındır ki, “ilkin zabit hərbi rütbəsi” məhz Akademiyanın məzunlarına verilir. Ona görə də iddiaçının təhsil aldığı Polis Akademiyasında hərbi kafedranın mövcudluğunu, Akademiyanın məzunlarına ilkin zabit hərbi rütbəsinin verildiyini və iddiaçının təhsil aldığı 5 ilə yaxın müddət ərzində “hərbi hazırlıq fənləri” blokuna daxil olan hərbi fənləri tam həcmdə mənimsədiyini, analoji xüsusi təyinatlı təhsil müəssisəsi kimi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil dövründə kursantların hərbi xidmətdə hesab olunduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Polis Akademiyasında təhsil aldığı dövrün 4 gününün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.4-cü maddəsinə uyğun olaraq həqiqi hərbi xidmətdə 1 gün kimi hesablanmasını tələb etməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, iddiaçının Polis Akademiyasından xaric edildiyinə görə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçməli olmasına dair cavabdehin mövqeyi də əsassız olmaqla yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulan “mütənasiblik” prinsipinə uyğun və şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli hesab edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki işə baxılarkən oxşar işlər üzrə məhkəmə təcrübəsi də öyrənilmiş və müəyyən olunmuşdu ki, bundan öncə də hazırki iddiaçının iddiası ilə eynilik təşkil edən- X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “vaxtından əvvəl ehtiyata buraxılması” ilə bağlı verdiyi bir iddia olmuşdur, hansı ki, inzibati məhkəmə icraatı nəticəsində həmin iddia təmin olunmuş və qəbul edilmiş məhkəmə qərarından apellyasiya şikayəti verilmədiyi üçün qərar qüvvəyə minmiş, onun icrası ilə bağlı verilmiş icra vərəqəsi icra olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə iddiaçının Polis Akademiyasında təhsil aldığı dövrdə 4 günün həqiqi hərbi xidmətdəki 1 gün kimi hesablanması ilə bağlı tələbinin əsaslılığı həm də onun yuxarıda da qeyd olunduğu kimi, Polis Akademiyasına daxil olarkən əldə edə biləcəyi güzəştlərə ümid etməsinə dəlalət edir. Bir daha qeyd olunması zəruridir ki, burada söhbət iddiaçının məzun olmadığı üçün “ilkin zabit hərbi rütbəsi”ni də əldə edə bilmədiyi halda digər məzun olan şəxslərə münasibətdə “bərabərlik hüququ“nun pozulmasından deyil, onun həmin təhsil aldığı dövrün 4 gününün cəlb olunduğu həqiqi hərbi xidmətdəki 1 gün kimi hesablanmasına ümid etməsindən, belə ki, məhz bu halda təhsil aldığı dövrün həqiqi hərbi xidmət dövründə qismən (4 günün 1 günə bərabərləşdirilməsi) nəzərə alınması ilə bağlı digər kursantlara münasibətdə “bərabərlik hüququ”nun pozulmasından gedir. İddiaçının məzun ola bilmədiyi üçün “ilkin zabit hərbi rütbəsini” almadığı halı onun həmin təhsil aldığı dövrün 4 gününün cəlb olunduğu həqiqi hərbi xidmətdəki 1 gün kimi hesablanmasına heç bir halda mane ola bilməz. Bu halda da məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın davranışı “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan “bərabərlik” prinsipinə zidd və şəxsin hüquqlarının məhdudlaşdırılması zəminində sərgilənmişdir, ona görə də həmin mövqeyi də ədalətli hesab olunmur. Odur ki, hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsinin “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsini tətbiq etməsinə dair qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılması və hazırkı günə kimi 6 ay xidmət etməsi nəzərə alındıqda, təhsil aldığı dövrün 4 günü hərbi xidmətdəki 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmətinə hesablanarsa onun ehtiyata buraxılmalı olduğu vaxt ötmüş olduğundan cavabdeh inzibati orqanın iddiaçının tələbini təmin etməkdən imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər yuxarıda göstərilənlərə görə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16422/2023 saylı 27 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16422/2023 saylı 27 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1450/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1450/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver