Məhkəmə qərarları › İş №2-1(103)-1450/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1450/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1450/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əlavə dəyər vergisindən qaytarılan məbləği ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vəzifə borcunun yerinə yetirilməsi və ƏDV-dən vətəndaşa qaytarılan məbləğin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 9Pih3HtiYmKn, 96Rz56KZQgaV, 7etnEnGJi6RB, 9SSSpu4bXi7N nömrəli fiskal yaddaşlı çeklər əsasında alınmış məhsullar üzrə ƏDV-nin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o FBDC MMC-dən xx.xx.2023-cü il tarixdə, SİNTEKS MMC-dən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində aldığı məhsulların QR kodunu ƏDV geri al sistemində oxutduğu zamanı “Malların topdansatış ticarət məqsədi üçün istifadə olunması ehtimalı” səbəbi ilə ləğv edilən statusun verilməsi halı ilə rastlaşmışdır. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə yazılı ərizə ilə müraciət etmiş, Dövlət Vergi Xidməti rəsmi cavabında əsassız səbəblər gətirərək ƏDV-dən vətəndaşa qaytarılan məbləği ödəməkdən boyun qaçırtmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: "xxxx" MMC-nin məktubundan görünür ki, MMC luks brendlərin istehal etdiyi geyim əşyalarını bağlanmış müqavilələr əsasında Azərbayan Respublikasına rəsmi idxalı və pərakəndə satışını həyata keçirir. "xxxx" MMC-nin məktubundan görünür ki, MMC dünya brendlərin istehal etdiyi geyim əşyalarını bağlanmış müqavilələr əsasında Azərbayan Respublikasına rəsmi idxalı və pərakəndə satışını həyata keçirir. İş materiallarından olan: - xx.xx.2023-cü il tarixli 9Pih3HtiYmKn fiskal İD malik olan 986 nömrəli satış çekindən görünür ki, ümumilikdə 11575 manat məbləğində məhsul alınmış, ƏDV 1765.68 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli 96Rz56KZQgaV fiskal İD malik olan 5876 nömrəli satış çekindən görünür ki, ümumilikdə 4700 manat məbləğində məhsul alınmış, ƏDV 716.95 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli 7etnEnGJi6RB fiskal İD malik olan 982 nömrəli satış çekindən görünür ki, ümumilikdə 3145 manat məbləğində məhsul alınmış, ƏDV 479.75 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli 9sssPU4bXi7N nömrəli fiskal İD malik olan 983 nömrəli satış çekindən görünür ki, ümumilikdə 2700 manat məbləğində məhsul alınmış, ƏDV 411.86 manat təşkil etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-155/2024 nömrəli məktubundan görünür ki, İddiaçı ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən baxılmışdır. İddiaçı tərəfindən elektron portala daxil edilən 6MwS9y7Strba, 9Pih3HtiYmKn, 9y92dv9SH1 Yt, 71xZoYx4bJ7t, 96Rz56KZQgaV, 7etnEnGJi6RB və 9sssPU4bXi7N nömrəli fiskal yaddaşlı çeklərin təhlili zamanı sui-istifadə halının olması ilə bağlı əsaslı şübhələrin olması səbəbindən adıçəkilən çeklər riskli kateqoriyasına aid edilmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədilə 7 noyabr 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasında iddiaçı ilə görüş keçirilərək iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların) araşdırmaya təqdim edilməsi tövsiyə edilmişdir. Həmçinin görüş zamanı İddiaçıya elektron portala daxil etdiyi fiskal yaddaşlı çeklər üzrə malların alışının fərqli bir şəxs tərəfindən nağdsız qaydada ödənilərək həyata keçirildiyi bildirilmişdir. Lakin buna baxmayaraq görüşdə tələb edilən müvafiq məlumat və sənədlərdən yalnız qoşmada təqdim edilən alışların həyata keçirildiyi vergi ödəyicilərindən fəaliyyət sahəsinə dair arayışlar və bank hesabından çıxarış təqdim edilmişdir. Lakin bank hesabından çıxarışda vətəndaşın yalnız 9y92dv9SH1Yt nömrəli fiskal yaddaşlı çeki üzrə nağdsız alışı əks olunduğundan ancaq bu çek üzrə ƏDV-nin bir qisminin geri qaytarılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Portala daxil edilmiş digər çeklər riskli çeklər statusunda saxlanılmışdır. İşin hallarından aydındır ki, iddiaçının məhkəmədən tələbi 9Pih3HtiYmKn, 96Rz56KZQgaV, 7etnEnGJi6RB, 9SSSpu4bXi7N nömrəli fiskal yaddaşlı çeklər əsasında alınmış məhsullar üzrə ƏDV-nin qaytarılması olmuş, birinci instansiya məhkəməsi tələbi əsassız hesab edərək iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul etmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə görə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarətkassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasına əsasən: - 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması qaydasını tənzimləyir. - 1.2. ƏDV-nin istehlakçıya qaytarılması bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir. - 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: - 2.0.1. satıcı – Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə, tibb fəaliyyəti göstərən və özəl tibbi praktika ilə məşğul olan, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində gecələmə və qalma xidmətləri göstərən (mehmanxanalar və hotellər) ƏDV ödəyicisidir. 2.0.2. istehlakçı – satıcıdan malı və ya xidməti alan fiziki şəxsdir. - 5.1. İstehlakçı alınmış malların və ona göstərilmiş xidmətlərin dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Satıcı mal alışına və xidmətlərin göstərilməsinə dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarətkassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların və ona göstərilmiş xidmətlərin dəyərini nağdsız qaydada POSterminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir. -5.2. İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir. Ödənilmiş ƏDV-nin bu Qaydanın 5.6-cı bəndi ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. -5.4. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılaraq istehlakçı məlumatlandırılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. - 5.5. Bu Qaydanın 5.3-cü bəndi nəzərə alınmaqla, qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 (beş) gün müddətində müvəkkil banka ötürülür. Göründüyü kimi, istehlakçı o şəxs hesab edilir ki, şəxsi tələbatını ödəmək məqsədi satıcıdan malı alsın. Yuxarda qeyd olunan qaydalara əsasən pərakəndə ticarət zamanı alınmış mallara görə ödənilmiş ƏDV-nin müəyyən məbləği alan şəxsə, yəni istehlakçıya geri qaytarılır. Hazırkı işin hallarından isə satış çeklərində nəzərdə tutulan malların şəxsi tələbatını ödəmək məqsədi ilə iddiaçı tərəfindən satıcıdan alınması müəyyən edilməmiş, eyni zamanda iddiaçı da bunun əksini iddia etməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, nə qədər ki, iddiaçı müvafiq malları alan şəxs, həmin məhsulların əsas dəyəri ilə yanaşı ƏDV hissəsini ödəyən şəxs, yəni istehlakçı deyil, həmin məhsullara görə digər şəxs tərəfindən ödənilmiş ƏDV-dən qaytarılmalı məbləğin ona verilməsini tələb edə bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarda qeyd edilənlərdən də görünür ki, cavabdeh iddiaçının müraciətindəki tələbin təminindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı bununla razılaşmasa da, bu imtinanın qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassızdır və cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar