Məhkəmə qərarları › İş №2-1(103)-1451/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1451/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1451/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-9689/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu nəzərə almaqla dayandırılmış əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş məbləğin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunması və ödənilməmiş pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra, ona məktubla pensiyanın dayandırılması bildirilmişdir. Səbəb kimi isə onun ümumi iş stajı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş şərtin ödənilmədiyi göstərilmişdir. O, hesab edir ki, cavabdehin pensiyanın dayandırılması ilə bağlı hərəkətləri qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 07 ay 18 gün) təşkil edir. Bu hal ona səbəb olur ki, iddiaçının ümumi iş stajı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş şərti ödəməmişdir. Bu səbəbdəndə pensiya dayandırılmış və artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə bağlı tədbirlər görülmüşdür. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-9689/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet ordusunda xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdə Vano Sturua adına XəzDənGəmTəm İBB Mexaniki sexinə təmirçidülgərin şagirdi qəbul olunmuş, xx.xx.1983-cü ildə 1-ci dərəcəli təmirçi-dülgər keçirilmiş, xx.xx.1984-cü il tarixdə 2-ci dərəcəli təmirçi-dülgər keçirilmiş, xx.xx.1985-ci il tarixdə 3-cü dərəcəli təmirçi-dülgər keçirilmiş, xx.xx.1996-cı il tarixdə 4-cü dərəcəli təmirçi dülgər keçirilmiş, xx.xx.1996-cı il tarixdə İ.Allahverdiyev aına GTZ-ya keçirilmiş, xx.xx.1997-ci il tarixdə 5-ci dərəcəli təmirçi-dülgər keçirilmiş, xx.xx.1998-ci il tarixdə usta vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə mexaniki sexin baş ustası vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə mexaniki sexin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə Plan istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2009- cu il tarixdə baş mühəndis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə zavodun baş mühəndis vəzifəsini təyin edilmiş, xx.xx.2014-cü il tarixdə “Bibiheybət –Gəmi təmiri” zavodunda iş icraçısı təyin edilmiş, xx.xx.2014-cü il tarixdən 1 saylı İstehsalat sahəsinə İDŞ-nin rəis müavini-sahə rəisi təyin edilmiş, xx.xx.2015-ci il tarixdə İstehsalat-dispetçer şöbəsinə rəis keçirilmiş, xx.xx.2018-ci il tarixdə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə İstehsalat-dispetçer şöbəsində 18-ci dərəcəli şöbə rəisi vəzifəsinə keçirilmiş və hal-hazırda işləyir. İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdehin etirazından, o cümlədən iş materiallarında olan məktublardan görünür ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılması əsası İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması ilə bağlıdır. «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq hərbi və əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 24 il 07 ay 22 gün olması müəyyən olunur. Təkzib olunmaz haldır ki, sözügedən stajı nəzərə aldıqda iddiaçının ümumi iş stajı ilə bağlı şərt ödənilməmiş olur. Lakin, nəzərə alınmalıdır ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının kolxozda işləməsi barədə məlumat əks olunmasa da, həmin dövr mövcud olan arxiv arayışında və əmək haqqı cədvəllərində öz əksini tapmışdır Birinci instansiya məhkəməsi tərəfindən ünvanlanmış sorğuya cavab məktubundan və təqdim olunmuş arxiv arayışından müəyyən olunur ki, Mirzəyev X2 rayonu Dünymalılar kənd “Gəray Əsədov” adına kolxozda 1979-1982-ci illərdə işləmiş və əmək haqqı almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1.Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Beyləqan rayon İcra Hakimiyyəti Beyləqan rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arayışdan və əlavə olunmuş əmək haqqı cədvəlləri əsasında müəyyən olunur ki, iddiaçı 1979-1982ci illəri əhatə edən dövrlərdə Beyləqan rayonu Dünymalılar kənd “Gəray Əsədov” adına kolxozda işləmişdir. Beyləqan rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı “Gəray Əsədov” adına kolxozda 1979-cu ildə 45 gün, 1980-cı ildə 91 gün, 1982-ci ildə 104 gün işləmişdir. Bundan başqa, arxiv arayışında qeyd olunmuşdur ki, “Gəray Əsədov” adına kolxozda və digər kolxozlarda kişilər üçün “minimum əmək iştirakı norması” barədə məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Lakin, nəzərə alınmalıdır ki, “Gəray Əsədov” adına kolxoz və Beyləqan rayonu ərazisində yerləşən digər kolxozlarda minimum əmək iştirakı norması ilə bağlı məlumatın aşkar olunmaması, iddiaçının iradə ifadəsində asılı olmayan bir haldır və bu səbəbə görə pensiya ödənişinin verilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Bunun əsasında məhkəmə aidiyyəti üzrə 1979-1982-ci illər ərzində pambıqçılıq sahəsində fəaliyyət göstərmiş rayon ərazisində yerləşən oxşar təyinatlı kolxozda kişilər üçün minimum əmək iştirakı norması barədə məlumatın təqdim olunması ilə arxivlərə sorğular vermiş və müəyyən etmişdir ki, mübahisələndirilən dövrlərdə normativə görə Ağcabədi rayonu ərazisində yerləşən kolxozlarda minimum əmək iştirakı norması kişilər üçün 240 gün, İmişli rayonu ərazisində yerləşən kolxozlarda isə 260 gün təşkil etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Beyləqan rayonu ərazisində yerləşən kolxozlarda kişilər üçün nəzərdə tutulmuş minimum əmək iştirakı norması ilə bağlı məlumat olmadığından, həmin norma Ağcabədi rayonu ərazisində yerləşən kolxozlarda nəzərdə tutulan norma əsasında müəyyən edilir. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (45+91+104) x 12 = 2880/ 240 =12 ay (01 il) Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1979-1982-cı illərdə kolxozlarda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 01 il iş stajına malik olduğu müəyyən edilir. İddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət, kolxozda və əmək kitabçasında göstərilən iş yerlərində işlədiyi müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox (24 il 07 ay 22 gün + 01 il =25 il 07 ay 22 gün) ümumi iş stajı mövcuddur İddiaçının kolxozda işlədiyi dövr İmişli rayonu ərazisində yerləşən kolxozlarda nəzərdə tutulmuş minimum əmək iştirakı norması əsasında müəyyən edilsə belə, iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı ilə bağlı şərti ödəmiş olur. (Hesablama qaydası: Kolxoz dövrü - (45+91+104) x 12 = 2880/ 260 =11,07 = 11 ay 21 gün; 24 il 07 ay 22 gün + 11 ay 21 gün = 25 il 7 ay 13 gün) Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı əsas şərtlərdən biri kimi ümumi iş stajının 25 ildən çox olması tələb edilir ki, cavabdeh əksini iddia etsə məhkəmə araşdırması nəticəsində həmin şərtin yerinə yetirildiyi öz təsdiqini tapmış, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən yeganə imtina əsası qismində çıxış edən ümumi iş stajının olmaması barədə halın mövcud olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılmaması ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən inzibati icraatın prinsiplərinə əməl edilməmişdir. Belə ki, inzibati orqan kimi cavabdeh inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, sübutları tələb etməli, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı idi. Lakin, cavabdeh formal mülahizələrə əsaslanaraq əlavə araşdırma aparmadan iddiaçının ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gəlmiş və iddiaçıya təyin olunmuş pensiyanın ödənilməsini əsassız olaraq dayandırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının pensiya ödənişi dayandırılarkən yalnız ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsinə qiymət verilmişdir. Bunun müqabilində iddiaçı tərəfindən güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi mübahisə predmetini təşkil etmədiyindən, həmin hissə də əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Lakin iddiaçıya pensiyanın hansı tarixdən pensiyanın bərpa edilməsini qeyd etməmişdir. Məhkəmə kollegiyası pensiyanın dayandırıldığı tarixin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, artıq ödəmə kimi cavabdehin müəyyən etdiyi pensiya ödənişləri xx.xx.2020-ci il tarixədək həyata keçirilmiş, 2020-ci ilin avqust ayından isə pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsi dayandırıldığı 2020-ci ilin avqust ayından bərpa edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 2020-ci ilin avqust ayından bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-9689/2021 saylı qərarı dəyişdirilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 2020-ci ilin avqust ayından bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar