Məhkəmə qərarları › İş №2-1(103)-1451/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1451/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1451/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 dekabr N23-cü il tarixli 2-1(112)- 11279/N23 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ailə üzvlərilə birlikdə “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdən xx.xx.N22-ci il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, AR X10-X6 xx.xx.N22-ci il tarixli 029 gm saylı əmrinə əsasən gizir hərbi rütbəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin olunmamışdır. AR Müdafiə Nazirliyində N il və daha çox qüsursuz xidmət keçmiş hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul olunmuşdur. Lakin hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi 4 nəfər ailə tərkibilə (özü, həyat yoldaşı və 2 uşağı) mənzil növbəsinə qəbul edilməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsinə dair sərəncam verilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavabdeh tərəfindən mənzil növbəsinə dayanmaq üçün tələb olunan bütün sənədləri (cavabdeh tərəfindən verilmiş sənədlərin siyahısına uyğun olaraq) əlavə etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.N23-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüş və hal-hazırda mənzil növbəsindədir. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə tələb iddiaçının ailə üzvlərilə birlikdə “Hərbi Qulluqçuların Statusu Haqqında” AR Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün müraciət etdiyi xx.xx.N22-ci il tarixdən kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 dekabr N23-cü il tarixli 2-1(112)-11279/N23 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının adı dövlət vəsaiti həsabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeyd olunduğundan, onun yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməsi mümkün olmamışdır. Belə ki, Rayon İcra Hakimiyyəti iddiaçıya kirayə pulu ödəmək üçün ilk olaraq vətəndaşı mənzil növbəsinə götürməlidir. Bir vətəndaşın isə iki qurum tərəfindən mənzillə təmin olunması qanunvericiliyə uyğun deyildir. Belə ki, yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülmüş vətəndaşlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunurlar. Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüş şəxslər isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunur. Bir vətəndaş bir dövlət qurumu tərəfindən mənzillə təmin olunur. Bu səbəbdən də, bir şəxs iki qurum tərəfindən mənzil növbəsinə götürülə bilməz. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iddiçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə xərclərinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N12-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. - 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, İddiaçı1 xx.xx.1997-ci il tarixdən xx.xx.N22-ci il tarixədək Azərbaycan Ordusunda hərbi xidmət keçmiş, xx.xx.N22-ci il tarixdə müvafiq əmrlə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Hərbi qulluqçu kimi 25 ilə yaxın xidmət ili vardır. N22-ci ilin iyun ayından Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 89 ünvanında yerləşən 18 saylı mənzilə pasport qeydiyyatına alınmış, hazırda ailəsi ilə birlikdə həmin mənzildə kirayədə yaşayır. Özünün və ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin olmadığı da işin mübahisəsiz hallarını təşkil edir. Ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, qanunvericilik normaların birgə təhlinindən aydın olur ki, müvafiq kateqoriya hərbi qulluqçuların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunubolunmaması (torpaq sahəsi verilib-verilməməsi), əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. Yuxarıda sadalanan qanunvericilik normalarında mənzillə təmin edilmək hüququna malik olan hərbi qulluqçuların kateqoriyası aşağıdakı kimi təsbit edilmişdir:

1. 15 təqvim ili və daha çox xidmət edən və xidmətini davam etdirən hərbi qulluqçular;

2. 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular;

3. Xidmət müddətindən asılı olmayaraq yaşa, xəstəliyə, ştatların ixtisarına (5 il xidmət etməsi şərtilə) və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə özünün hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçununöz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət 4 hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” İş materiallarında olan: -Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.N22-ci il tarixli və xx.xx.N23-cü il tarixli məktublarından görünür ki, iddiaçının mənzil növbəsinə qəbul olunması və müvəqqəti kirayə xərclərinin ödənilməsi ilə bağlı müraciətinə baxılaraq ona Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfində mənzil növbəsinə götürülməsi və hal-hazırda mənzil növbəsində olması əsası ilə imtina verilmişdir. -ASAN 3 tərəfindən xx.xx.N22-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1979-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək AR SQda əsgər, xx.xx.N00-ci il tarixdən xx.xx.N02-ci il tarixədək Azərbaycan Respublikası SQda ATU HT fakültəsində kursant, xx.xx.N02-ci il tarixdən xx.xx.N22-ci il tarixədək Azərbaycan Respublikası SQ-da gizir qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N22ci il tarixdən Xidmətin Binəqədi rayon İdarəsində qeydiyyatdadır. AR MNM-QQKom-un xx.xx.N22-ci il tarixli 029gm saylı əmrinə əsasən “HXH” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə)və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N saylı hərbi hissə komandirinin N (nizami hissə üzrə) nömrəli xx.xx.N22-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. -Qusar rayon İHB-nın X16 İnzibati Ərazi Dairəsi tərəfindən verilən AZ-İİ № 480984 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X12 xx.xx.N07-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Sərkərova” soyadı verilmişdir. -ASAN 3 tərəfindən xx.xx.N17-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1982-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır. -ASAN 3 tərəfindən xx.xx.N16-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.N08-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır. -ASAN 3 tərəfindən xx.xx.N16-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.N13-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatdadır. -Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına bələdiyyənin hüdudları daxilində torpaq sahəsi yoxdur. -Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına Bələdiyyədə mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında mülkiyyətlərində və icarələrində torpaq sahəsi yoxdur. -Binəqədi rayonu Xocasən qəsəbə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına bələdiyyə tərəfindən onların icarəsinə, istifadəsinə, mülkiyyətinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. -Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına bələdiyyənin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. -Binəqədi rayonu Biləcəri qəsəbə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli arayışdan görünür ki, iddiaçı və həyat yoldaşı X4 adına bələdiyyə tərəfindən hər hansı məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.N23-cü il tarixli məktubdan görünür ki, Sərkərova (Məcidova) Səbinə Alik qızının adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.N23-cü il tarixli məktubdan görünür ki, iddiaçının adına Qusar rayonu, Xürel kəndində yerləşən 4.37 ha kənd təsərrüfatı təyinatlı (ümumi birgə) torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-215 nömrəli, xx.xx.N00-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddiaçının adına sözügedən torpaq sahəsinin 1.67 ha hissəsi (ümumi birgə) xx.xx.N22-ci il tarixdə, 2.697 ha hissəsi (ümumi birgə) xx.xx.N22-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmiş və və hazırda mülkiyyətindədir. İddiaçı1 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.N22-ci il tarixli, 3888 №-li arayışdan görünür ki, ehiyatda olan baş gizir İddiaçı1 Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.N11ci il tarixli 569 nömrəli Fərmanına əsasən ehtiyatda olan baş gizir İddiaçı1 adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. -xx.xx.N19-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən görünür ki, X2 ünvan 3 ünvanında yerləşən 18 nömrəli mənzili X1 vermişdir. -877 №li hərbi hissə komandirinin N aprel N22-ci il tarixli 126-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı1, N nömrəli hərbi hissənin 1-ci sülhməramlı qüvvələr taborunun (əməliyyat imkanları konsepsiyasının) tibb məntəqəsinin feldşeri "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, X10-Quru Qoşunlar komandanının 24 fevral N22-ci il tarixli 029gm nömrəli əmri ilə geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N aprel N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon idarəsinə göndərilməsi, baş gizir İddiaçı1 Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi əmr edilmişdir. Baş gizir İddiaçı1 ehtiyata buraxılma ilə əlaqədar 5 (beş) misli miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. Habelə N22-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, N22-ci ilin məzuniyyətindən tam istifadə edib və məzuniyyət pulu ödənilmişdir. -Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş, xx.xx.N22-ci il tarixli, 396 №-li xəstəlik haqqında şəhadətnamənin 8-ci bəndindən görünür ki, İddiaçı1 xx.xx.NNci il tarixdən özünü xəstə hesab edir. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda yanına düşən mərminin partlaması nəticəsində “Partlayış nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. Sol qastrocnemius əzələsinin medial başının cırılması. Əzələarası hematoma” xəsarəti almışdır (təsdiqedici sənəd: N nömrəli hərbi hissə komandirinin xx.xx.N21-ci il tarixli 3142 nömrəli travma haqqında arayışı). xx.xx.N21-xx.xx.N21-ci ildə və xx.xx.N21-ci il tarixdən hal-hazıradək MN BKH-da stasionar müayinə və müalicədədir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” müəyyən edilmişdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və.s. yararlılıq haqqında qərarı ilə “Xəstəliklər cədvəli”nin 23b, 14b maddələri İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edən kollegiya qeyd edir ki, istinad olunan qanunvericilik normalarına əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış “yaşayış sahəsi olmayan” hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilməsi üçün mənzil növbəsinə götürülməsi və müvəqqəti kirayə xərclərinin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələb üzrə iddiaçı xəstəliyinə görə, yəni öz iradəsindən asılı olmayan səbəbdən hərbi xidmətdən ehtiyata buraxılmış və 15 ildən artıq xidmət ili olan hərbi qulluqçu olduğundan, özünün və ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsi təyinatlı daşınmaz əmlak aşkar edilmədiyindən, beləliklə də, sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olduğundan yuxarıda sadalanan normaların təsir dairəsinə düşür və bu səbəbdən onun ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün “qanuni gözləntisi” vardır. Cavabdeh inzibati orqanın imtinasının və hazırda da apellyasiya şikayətinin yeganə dəlili iddiaçının adının dövlət vəsaiti həsabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında olması təşkil edir. Apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülsə də, onun hazıradək mənzillə təmin edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması ilə də bu hal təsdiqini tapmamışdır. Belə olan halda, kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqanın göstərdiyi dəlillər iddiaçının 4 nəfər ailə tərkibi ilə mənzil uçotuna götürülməsindən imtina üçün əsas ola bilməz. Həmçinin məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, cavabdehin apellyasiya şikayətindəki dəlili onu “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı irəli müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. İddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn tələb hüququ vardır. Qanunda qadağanedici norma nəzrədə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar mübahisələr üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi məhz yuxarıda qeyd edilən kimi olmuşdur (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.N23-cü il tarixli, 2-1(102)- 2569/N23 saylı qərarı). Belə ki, həmin məhkəmə qərarının məzmunundan da göründüyü kimi, kollegiyanın qənaəti o istiqamətdə olmuşdur ki, mövcud vəziyyətdə sosial müdafiəyə ehtiyacı olan şəxsin bir inzibati orqan tərəfindən mənzil növbəsinə götürülməsi digər inzibati orqanı qanunla müəyyən edilmiş öhdəliklərdən azad etmir. Beləliklə, Məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarının məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı işin hallarından da göründüyü kimi, iddiaçı həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxsdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir, bu səbəbdən, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 05 dekabr N23-cü il tarixli 2-1(112)-11279/N23 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 dekabr N23-cü il tarixli 2-1(112)-11279/N23 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar