Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1451/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı iştirakı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2287/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciətinin rəsmi qaydada qəbul edilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2287/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikninti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış və hazırda onun tərəfindən iddia olunan torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına tərtib olunmuş A seriyalı 072513 №li “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşürmü? İddiaçı tərəfindən hazırda iddia olunan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə 3-cü şəxslərin adına hər hansı hüquqla (istifadə, icarə, mülkiyyət) qeydə alınmış torpaq sahəsinin koordinatları üst-üstə düşürmü? İddiaçı tərəfindən hazırda iddia olunan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin faktiki ölçüsü nə qədər təşkil edir? İddiaçı tərəfindən hazırda iddia olunan Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsi qaz xəttinin və ya yüksək gərginlikli elektrik xəttinin mühafizə zonalarına düşürmü? Ekspertizanın keçirilməsi üçün 1 (bir) ay müddət müəyyən olunmuşdur. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Məhkəmənin növbəti iclası keçirilmiş, Bakı İnzibati Məhkəməsində e-2-1(112)- 2287/2025 nömrəli işin dayandırılması barədə qərardad qəbul edilmişdir. Qeyd edilən qərardad vaxt uzadılmasına yönəldilmişdir. Məhkəmə işə qərəzli yanaşır və əsassız qərardad bunun bariz nümunəsidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müvafiq müddəaları tətbiq olunur . Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 271 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində fərdi yaşayış evi üçün ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciətinin rəsmi qaydada qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş, **********47 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının 271 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında iddiaçının adına fərqli ərazidə yerləşən torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmiş və həmin ərazi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonradan özgəninkiləşdirilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi həm qaz xəttinin, həm də yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzrədə tutulmayan ümumi ərazidə yerləşir. Eyni zamanda torpaq sahəsinə dair digər şəxsin müraciəti qeydə alınmışdır. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinə dair səlahiyyətli orqan tərəfindən verilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999- cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən məhkəmə tikinti-texniki ekspertizası barədə qərardaddan görünür ki, ekspert qarşısında qoyulmuş suallar yuxarıda qeyd edilən cavabdehin dəlillərinin, həmçinin işin obyektiv, hərtərəfli və tam həlli üçün əhəmiyyət kəsb edən hallarının araşdırılmasına yönəldilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti də kifayət qədər əsaslandırılmamaqla, qərardadın qanunsuz olması, habelə işin vaxtının uzadılması məqsədi daşıması barədə dəlilləri əsassız olmuşdur. Eyni zamanda işin birinci instansiya icraatı zamanı xx.xx.2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısından da göründüyü kimi iddiaçı məhkəmə tikninti-texniki ekspertizasını təyin edilməsinə etiraz etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2287/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1451/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1451/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver