Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1452/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı və vəkili X5, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 68/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək maddi ziyana görə 490.000 manat və mənəvi ziyana görə 50.000 manat alınıb ona verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2.000 kv.m torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin X2 ilə onun (iddiaçının) mərhum atası X7 arasında bağlanmış “Stasionar xidmət obtektinin təşkili haqqında” xx xxxx 2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə Zahir Heydərovun icarəsinə verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi ilə Zahir Heydərovun həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin onun mərhum atası Zahir Heydərov həmin qətnamə əsasında 2.000 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış almalı olduğu halda, hüqüqi savadsızlığından bu çıxarışı almamışdır. Zahir Heydərov qeyd edilən torpaq sahəsində 200.000 manat dəyərində sahəsi 277 kv.m və 85.000 manat dəyərində sahəsi 27 kv.m olan dəmir məmulatların istehsalı sexləri tikdirmiş və vergi orqanlarında qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. X12 eyni zamanda həmin 2.000 kv.m torpaq sahəsinin yanındakı ərazidə RİH rəhbərliyinin razılığı ilə əlavə olaraq 150.000 manat dəyərində sahəsi 74 kv.m olan və 55.000 manat dəyərində sahəsi 21 kv.m olan dəmir məmulatlarını istehsal edən digər sexlər də inşa etdirmiş və həmin obyektlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Zahir Heydərov x xxx 2015-ci il tarixdə vəfat etmiş və o ( iddiaçı), bundan sonra vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı Notariat Kontoruna müraciət etmişdir. Onun müraciəti əsasında notariat kontorunda vərəsəlik işi açılmışdır. Eyni zamanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ( hazırkı Nərimanov rayon İcra və Probasiya şöbəsinə) göndərilmişdir. X11 məxsus olan dəmir məmulatları sexlərində sahibkarlıq faəliyyəti ilə o (iddiaçı), məşğul olmuşdur. 2017-ci ilin oktyabr ayından isə hazırki cavabdeh Sabunçu RİH tərəfindən 74 kv.m sahəsi olan sex sökülmüş, sexlər də daxil olmaqla 2.000 kv.m torpaq sahəsi isə qanunsuz olaraq hasara alınmışdır. Nəticədə o, həmin torpaq sahəsinə, sexlərə sahiblikdən və sahibkarlıq fəaliyyətindən məhrum olunmuşdur. Hansı ki, sexlərin fəaliyyəti ilə ayda 7.000 – 8.000 manat qazanc əldə olunurdu. Qazancın əldən çıxması nəticəsində ona bu günədək 30.000 manat maddi ziyan dəymişdir. Vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə o, cavabdeh Sabunçu RİH-ə ərizə ilə müraciət etmiş və dəmir hasarın sökülməsi, torpaq sahəsinin, tikililərin onun sahibliyinə qaytarılması və manelərin aradan qaldırılması tələbi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin bundan sonra da cavabdeh Sabunçu RİH-in nümayəndələri qanunsuz hərəkətləri davam etdirərək 2.000 kv.m torpaq sahəsində tikilmiş sexləri də sökmüşlər. Beləliklə, cavabdeh Sabunçu RİH qeyd olunan sexləri sökməklə 290.000 mant məbləğində, qazancının əldən çıxması ilə əlaqədar 30.000 manat zərər vurmuşdur. Cavabdehin bu hərəkətləri nəticəsində onun işgüzar nüfuzu aşağı düşmüş, o, mənəvi sarsıntılar keçirmiş və əlacsız vəziyyətdə qalmışdır. Bununla da cavabdeh tərəfindən ona 50.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. O (iddiaçı), vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdeh Sabunçu RİH-ə müraciət etmiş, lakin bir aydan artıq vaxt keçsə də, ona cavab verilməmişdir. Yəni, cavabdeh maddi və mənəvi ziyanı ödəməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdeh Sabunçu RİH onun mərhum atası Zahir Heydərova məxsus, onun istifadəsində olan Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2.000 kv.m torpaq sahəsində və onun yanındakı ərazidə X12 tərəfindən tikilmiş dəmir məmulatları istehsal edən sexləri qanunsuz olaraq sökmüş, onu vərəsəlik hüququ üzrə mülkiyyət, sahiblik, istifadə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edib maddi və mənəvi zərər vurmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 157 , 164, 165.1, 1097.1-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Göstərilənlərə əsaslanaraq, cavabdeh Sabunçu RİH-dən maddi ziyana görə 490.000 manat və mənəvi ziyana görə 50.000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-68/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-474/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-68/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)-1052/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-474/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə baxılmasının davam etdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə baxılmasının davam etdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərardadı ləğv edilməli,iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından görünür ki, Bakı ŞİH X2 ilə X7 arasında Bakı şəhəri, Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, 4a saylı evin yanm tərəfində yerləşən 2.000 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxx 2006-cı il tarixli müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri 39 saylı Notariat Konturunun AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - X1 miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 39 saylı Notariat Kontoruna müraciət edilmişdir. X6 x xxx 2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında notariat kontoru tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə Sizə (DƏDRX Bakı şəhər Ərazi İdarəsinə) məlumat verilir. Bakı şəhəri, Sabunçu rayonu, İİ Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində 0,20 ha torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsi xahiş olunur. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1140/2016 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4 “a” saylı evin yan tərəfində yerləşən 2.000 kv.m torpaq sahəsinə X6 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Sabunçu RİH-in apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1140/2006 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7518/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi məhrum X6 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yanındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1140/2016 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5514/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və sonuncu qətnamə qanuni qüvvəyə mindiyindən (AR Ali Məhkəməsinin müvafiq qərarı ilə dəyişdirilmədən saxlanılmışdır), habelə hazırkı İddiaçı mərhum X6 vərəsəsi kimi müəyyən edilsə də adına vərəsəlik şəhadətnaməsi verilmədiyindən (hal-hazıradək), İddiaçı müvafiq torpaq sahəsində tikilinin sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ yaranmadığı qənaətinə gəlib iddianı qeyri-mümkün saymışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, ümumi mənada subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv mənada iddia vermək hüququ bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iş üzrə birinci instansiya instansiya məhkəməsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yanındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1140/2016 saylı xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5514/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilməsinə, eyni zamanda həmin aktın qəbul edilməsində əsas kimi istinad olunmuş icarə müqaviləsinin müvafiq torpaq ayırma qaydalarına uyğun olmadan verilməsinə istinad etsə də, 2006-cı ildən 2018-ci ilədək sözügedən torpaq sahəsinin iddiaçının mərhum atasının və özünün mülkiyyətində olduğunu, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq tikililər tikdiyini, tikililər qeydiyyatdan keçməsə də, iddiaçının atasının və özünün sahibliyində olduğunu nəzərə almamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının tələbinə münasibətdə əsassız olaraq hesab etmişdir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüquqları müəyyən olunmur. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-68/2019 saylı qərardadı ləğv edilərək iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 68/2019 saylı qərardadı ləğv edilsin və və inzibati iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1452/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1452/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver