Məhkəmə qərarları › İş №2-1(103)-1452/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1452/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1452/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5876/2022 nömrəli, 24.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5876/2022 nömrəli, 24.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(112)-5876/2022 saylı inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5876/2022 nömrəli, 24.02.2022-ci il tarixli qərardadının ləğv edilməsini, inzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək inzibati işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5876/2022 nömrəli, 24.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan müəyyən olunur ki, xx.xx.1979-cu ildə Laçın rayonu, Pircahan kəndində doğulmuş İddiaçı Laçın rayonu, Qayğı qəsəbə Ərazi Dairəsi, Qayğı qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 16.16-cı bəndinə əsasən Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hazırki inzibati işin aidiyyəti üzrə baxılması üçün Şivan İnzibati Məhkəməsinə göndərilməsi qərarına gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5876/2022 nömrəli, 24.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar