Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1452/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəza çəkməkdən azad edilməsi ilə əlaqədar ona birdəfəlik pul müavinətinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayədəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəza çəkməkdən azad edilməsi ilə əlaqədar ona birdəfəlik pul müavinətinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7551/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 14 avqust 1964-cü il təvəllüdlüdür. Rusiya Federasiyasının Tomsk şəhərinin Leninski rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli hökmü ilə İddiaçı RF Cinayət Məcəlləsinin 228-1-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş və 17 avqust 2021-ci il tarixdə RF X5 Penitensiar Xidmətinin PKU İK-4-də cəzasını çəkdikdən sonra azadlığa buraxılmışdır. Bundan sonra məhkəmənin 2a-2948/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Tomsk vilayəti üzrə İdarəsinin inzibati iddiası təmin edilərək, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan SSR-də anadan olmuş, xx.xx.1964-cü il təvəllüdlü Mİddiaçı Azərbaycan Respublikasına deportasiya edilməsi haqında qərarın icrasını təmin etmək üçün onun xx.xx.2021-ci ilə qədər Tomsk vilayəti, Karsk döngəsi, ev 23a "X10 Nazirliyinin Tomsk vilayəti üzrə Xarici Vətəndaşlar üçün X4 xüsusi müəssisəsinə yerləşdirilməsi qərara alınmışdır. Sonradan İddiaçı Azərbaycan Respublikası gəlmiş və cavabdeh inzibati orqana müraciət edərək ona penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik ödənişin verilməsini tələb etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə-Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 3.1-ci maddəsinə müvafiq olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində -Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 3.1-ci maddəsinə əsasən üç ay müddətində Azərbaycan Respublikasına qayıtmadığı üçün iddiaçıya həmin Qanunun 14.1-ci maddəsində müəyyən edilən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cəza çəkməkdən azad edilməsi ilə əlaqədar adaptasiyaya ehtiyacı olan şəxs kimi ona birdəfəlik pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 avqust 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Rusiya Federasiyasının Tomsk şəhərinin Leninski Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli hökmü ilə RF Cinayət Məcəlləsinin 228-1-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş və 17 avqust 2021-ci il tarixdə RF X5 Penitensiar Xidmətinin PKU İK-4-də cəzasını çəkdikdən sonra azadlığa buraxılmışdır. Bundan sonra, «Rusiya Federasiyasındakı xarici vətəndaşların hüquqi vəziyyəti haqqında» 25 iyul 2002-ci il tarixli 115-FZ nömrəli Federal Qanunun 31-ci maddəsinin 9-cu bəndinin müddəalarına əsasən məhkəmənin 17 avqust 2021-ci il tarixli qərarına əsasən 17 noyabr 2021-ci il tarixədək onun Tomsk Vilayəti üzrə Xarici Vətəndaşlar üçün “X4” xüsusi müəssisəsinə yerləşdirilməsi qərara alınmışdır. Lakin pandemiya ilə əlaqədar olaraq onun 17 noyabr 2021-ci il tarixdə deportasiya edilməsi mümkün olmadığından, “X4” xüsusi müəssisəsinə saxlanılmağının müddəti artırılmış və 3 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına deportasiya edilmişdir. Bundan sonra, şəxsiyyət vəsiqəsinin alınması üçün “ASAN Xidmət” mərkəzinə müraciət etmiş, 24 yanvar 2022-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi alandan sonra cəza çəkməkdən azad edilmiş şəxslərə sosial yardım verilməsi üçün hazırkı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh təşkilat qanunla müəyyən edilmiş üç ay müddətin buraxdığını bildirərək, ona sosial yardım ödəməkdən imtina etmişdir. Qeyd edildiyi kimi, o, 3 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış, şəxsiyyət vəsiqəsinin verilməsi üçün müəyyən müddət keçmiş və cavabdehə şəxsiyyət vəsiqəsini alandan sonra müraciət etmişdir. Göründüyü kimi, buraxılmış müddət onun təqsiri üzündən baş verməmiş və üzürlü hesab edilməklə onun qanunla qorunan hüququ bərpa edilməlidir. «Penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası DSMF-nun SÖTMF tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı 2 fevral 2022-ci il tarixdə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi ona birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış və sözügedən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. Bu barədə iddiaçıya “Sosial müavinətin təyin edilməsindən imtina edilməsi haqqında” 2 mart 2022-ci il tarixli **********9 nömrəli məktubla məlumat verilmişdir. Mərkəzi Filial hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanununa əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Sadalanan normaların məzmunundan göründüyü kimi, digər dövlətin – Rusiya Federasiyasının penitensiar müəssisəsində 17 avqust 2021-ci il tarixdə (RF Ədliyyə Nazirliyinin 002254 saylı arayışına əsasən) cəza çəkməkdən azad edilmiş iddiaçıya sözügedən birdəfəlik pul müavinətinin təyin edilib ödənilməsi üçün o, cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmalı idi. Halbuki, iddiaçı 03 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və 02 fevral 2022-ci il tarixdə inzibati orqana müavinət təyini üçün müraciət etmişdir. Beləliklə, «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən üç ay müddətində Azərbaycan Respublikasına qayıtmadığından ona Qanunun 14.1-ci maddəsində müəyyən edilən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən inzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol verilmir. Qeyd olunmalıdır ki, iddiaçı buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməmişdir. Buna görə də qeyd olunanları nəzərə alaraq hesab edilir ki, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7551/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı penitensiar müəsssələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair etirazla eynilik təşkil edir. Əlavə olaraq “İnzibati İcraata haqqında” Azərbaycan Respublikası Qanununa və İnzibati Prosessual Məcəlləyə istinad edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayədəsi X7 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “cəza çəkməkdən azad edilməsi ilə əlaqədar ona birdəfəlik pul müavinətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ona cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə müvafiq məbləğində birdəfəlik pul müavinətinin ödənilməsi ilə bağlı hazırkı cavabdeh inzibati orqana müraciətinin gec təqdim edilməsinin onun iradəsindən asılı olmayaraq müəyyən obyektiv hallarla (müvafiq dövrdə cəzaçəkmə müəssisəsindən gec buraxılması, şəxsiyyət vəsiqəsinin alınması) bağlı olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Qanunun 3.1-ci maddəsinə görə bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 5.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Qanunun 5.4-cü maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfındən əlaqələndirilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: (6.1.1) cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; (6.1.2) sosial adaptasiya mərkəzləri yaratmaq; (6.1.3) daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; (6.1.4) cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; (6.1.5) təhsil almalarına şərait yaratmaq; (6.1.6) şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; (6.1.7) cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; (6.1.8) cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 14.1-ci maddəsinə görə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Hazırkı işdən görünür ki, iddiaçı 15 mart 2016-cı il tarixli hökmlə RF Cinayət Məcəlləsinin 228-1-ci maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş və 17 avqust 2021-ci il tarixdə RF X5 Penitensiar Xidmətinin PKU İK-4-də cəzasını çəkdikdən sonra azadlığa buraxılmışdır. Lakin məhkəmənin 2a-2948/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasına deportasiya edilməsi haqında qərarın icrasını təmin etmək üçün onun xx.xx.2021-ci ilə qədər Tomsk vilayəti, Karsk döngəsi, ev 23a X10 Nazirliyinin Tomsk vilayəti üzrə Xarici Vətəndaşlar üçün X4 xüsusi müəssisəsinə yerləşdirilməsi qərara alınmışdır. Beləliklə, iddiaçı cəzasını çəkdikdən sonra məhkəmə qərarı əsasında xx.xx.2021-ci ilə qədər X10 Nazirliyinin Tomsk vilayəti üzrə Xarici Vətəndaşlar üçün X4 xüsusi müəssisəsinə yerləşdirildiyi üçün həmin tarixədək iradəsindən asılı olmayaraq adı çəkilən müəssisədə qalmışdır. Lakin cavabdeh orqanın da bildirdiyi kimi, sonradan iddiaçı 03 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və 02 fevral 2022-ci il tarixdə inzibati orqana müavinət təyini üçün müraciət etmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş sənədlərlə də öz təsdiqini tapır. Odur ki, iddiaçı cəza çəkməkdən azad edildikdən sonra yuxarıda adı çəkilən qanunun normasına görə üç ay müddətində Azərbaycan Respublikasına qayıtmış və cavabdeh inzibati orqana müraciət edərək həmin müddət daxilində ona sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik ödənişin edilməsini tələb etmişdir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ona cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə müvafiq məbləğdə birdəfəlik pul müavinətinin ödənilməsi ilə bağlı hazırkı cavabdeh inzibati orqana müraciətinin cavabdehin istinad etdiyi kimi gec təqdim edilməsi onun iradəsindən asılı olmayaraq müəyyən obyektiv hallarla (müvafiq dövrdə cəzaçəkmə müəssisəsindən gec buraxılması, şəxsiyyət vəsiqəsinin alınması) bağlı olmuşdur. Bu barədə məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, əslində iddiaçı müvafiq məhkəmə qərarı ilə xx.xx.2021-ci il tarixədək Xarici Vətəndaşlar üçün X4 xüsusi müəssisəsində olduğundan, Azərbaycana xx.xx.2021-ci il tarixdə qayıdıb, cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən onun cavabdeh orqana müraciəti vaxtında, yəni yuxarıda adı çəkilən qanunda nəzərdə tutulan 3 ay müddətində olmuşdur ki, bu da onun hazırki tələbinin təmin olunmasından cavabdeh orqanın göstərdiyi əsasla imtina olunması üçün əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7551/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7551/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1452/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1452/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver