Məhkəmə qərarları › İş №2-1(103)-1453/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1453/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1453/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı “işsizlikdən sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9843/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 17.04.2020-ci ildən etibarən layiqli həyat yaşayışının təmin edilməsi üçün işlə təmin olunana qədər işsiz kimi hər ay orta aylıq 727 manat əmək haqqı səviyyəsində, yəni 727 manat sosial müavinətlə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etirazda göstərilmişdir ki, işsiz və işaxtaran şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin (bundan sonra MEİS) “Məşğulluq" altsistemindən (bundan sonra MAS) qeydiyyat keçərək işaxtaran və işsiz şəxslər üçün məşğulluq siyasəti çərçivəsində nəzərdə tutulan imkanlardan yararlanırlar. Əlavə olaraq həm iddia icraatı, həm də müvəqqəti xarakterli müdafiə icraatı üzrə tələb olunan aylıq kompensasiya ödənişi də qanunvericilikdə tənzimlənməməkdədir. İddiaçının işsiz olduğu müddətdə aylıq kompensasiya tələbi əsasızdır və bu məsələ Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” qanununun müvafiq müddəaları ilə tənzimlənir. Buna görə də iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı 18.10.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 21.10.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9843/2021 saylı, 20 dekabr 2021-ci il qərarı (hakim S.Salahova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işsizliyə görə sosial müavinət almaq hüququnun təmin olunmasını tələb kimi qoyduğu halda birinci instansiya məhkəməsində işə baxılan zaman təklif olunan hüququ yardımla onun iddiası işsizlikden sosial sığorta ödənişlər almağa yönəldilibdir. Bu isə onun sosial müavinət almaq hüququna heç aidiyyatı olmayan bir başqa hüquqdur. Burada əsas haqlı iddia işsizlikdən yana sosial sığorta ödənişi almaq yox işsizlikdən yana Azərbaycan Respublikası Konstitusiyasının 38ci maddəsində tesbit olunduğu kimi sosial müavinət almaq hüququnun təmin olunmasıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının məhkəmə tərkibinə etiraz etməsi barədə ərizəsi baxılmamış saxlandığı və iddiadan imtina etməsi ilə bağlı ərizəsi təmin olunmadığı üçün o iclas zalını tərk etdi. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı 05 may 2017-ci il tarixdə işə başlamış, 23 may 2017-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (a) tərəflərdən birinin təşəbbüsü) işdən çıxmışdır. O, 17.04.2020-ci il tarixdə işsiz kimi X7 qeydiyyatdan keçmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işsizliyə görə müavinətlə təmin olunmasını xahiş etmiş, Nazirlik müraciəti baxılması üçün aidiyyəti üzrə tabeliyində olan X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialına göndərmiş, Filial iddiaçının müraciətini təmin etməkdən imtina edərək ona ünvanlanmış 30 iyul 2021-ci il tarixli **********0 nömrəli məktubunda bildirmişdir ki, işsizlikdən sığorta ödənişi əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. Bu Qanun 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun tələbi işsizliyə görə müavinətin ödənilməsi olduğu halda birinci instansiya məhkəməsində qanunvericlik normaları pozularaq işsizlikdən sığorta ödənişi ilə bağlı qanun normaları tətbiq edilmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar 01 yanvar 2018-ci il tarixdən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq ödəniş almaq hüququna malikdirlər. Belə ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən qüvvəyə minən qərarı ilə “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı və “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 76 nömrəli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən, Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 1.3cü bəndinə əsasən həm əsas, həm də əlavə iş yerləri olan işçinin əmək münasibətlərinə müxtəlif zamanlarda xitam verildiyi halda, onun sığorta ödənişini almaq hüququ sonuncu iş yeri üzrə, eyni gündə xitam verildiyi halda isə əsas iş yeri üzrə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla əmək münasibətlərinə xitam verildiyi halda yaranır. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən, sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə tənzimlənir. Belə ki, 01 yanvar 2018-ci il tarixdən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 13.1-ci maddəsinə görə sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən. Həmin qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. Həmin Qanunun 17.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir. Həmin Qanunun 25-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş işsizlik müavinətinin ödənişi həmin müavinətin ödənilməsi müddəti başa çatanadək davam etdirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minənə qədər işdən çıxmış, lakin 17.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyatdan keçmişdir və həmin Qanunun 13-cü maddəsində göstərilən əsaslarla işdən azad olunmadığından onun işsizlikdən sığorta ödənişini almağa hüququ yaranmamışdır. Bununla da Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətdəki tələbinin əslində işsizliyə görə müavinət verilməsi ilə bağlı olması ilə əlaqədar dəlili əsassızdır. Yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olduğu kimi 01 yanvar 2018-ci il tarixindən etibarən işsiz kimi qeydiyyatdan keçmiş şəxslərə işsizliyə görə müavinətin ödənişi həyata keçirilmir. Qanun normalarında sadalanan tələblərə cavab verən və işsiz kimi qeydiyyatdan keçmiş şəxslərə işsizlikdən sığorta ödənişləri həyata keçirilir. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçının iradə ifadəsinin məhz işsiz kimi qeydiyyatdan keçməsi ilə əlaqədar işlə təmin olunana kimi maddi vəsaitin alınması ilə bağlı olduğunu, hazırda qüvvədə olan qanunvericlik normalarına əsasən müvafiq tələblərə cavab verildiyi halda işsizlikdən sığorta ödənişinin aparıldığını nəzərə alaraq yuxarıda sadalanan qanunvericilik normalarını tətbiq etməklə inzibati işə baxmışdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9843/2021 saylı, 20 dekabr 2021-ci il qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar