Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1453/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bir növdən başqa növə keçirilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12254/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş yaşa görə əmək pensiyasının hüququnun yarandığı vaxtdan mərhum həyat yoldaşı X2 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməklə təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan mərhum həyat yoldaşı X2 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1960-cı il tarixində anadan olmuşdur. Həkim işləmiş, hazırda yaşa görə əmək pensiyasına çıxmışdır. Mərhum əri X5 16 il 10 ay 26 gün hakim vəzifəsində çalışmışdır. Onun 09 mart 2023-cü il tarixdə əmək pensiyası hüququ yaranmışdır. Həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. O, hüquqi biliyi olmadığından elə həmin vaxt yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilməsi ilə bağlı müraciət etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaçısının əmək pensiyasını bir növdən başqa növə keçirmək hüququ vardır. O, bununla bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən 20 iyun 2023-cü il tarixli 3-A- 1/2H-140050/2023 saylı məktubla imtina edilərək, ailə başçısını itirməyə görə əmək pensiyasının 02 may 2023-cü il tarixdən hesablanacağı bildirilmişdir. Halbuki, o, qanunvericiliyin tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasını onu almaq hüququ yarandığı vaxtdan almaq hüququna malikdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-12254/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(112)-12254/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi» barədə iddia tələbi təmin edilmiş, xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərarı ləğv edilməli, iddiaçının iddia tələbi isə təmin olunmamalıdır. İddiaçı 01 may 2023-cü il tarixdə cavabdehə müraciət edərək, sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resublikası Qanununun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün sözügedən Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Bununla əlaqədar iddiaçıya ümumi əsaslarla təyin edilmiş yaşa görə əmək pensiyası 01 iyun 2023cü il tarixdən dayandırılaraq 2 may 2023-cü il tarixdən hesablanmaqla sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X3 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat olmaqla orta aylıq əmək haqqısı 4224,50 manat təşkil edib. Bununla əlaqədar mərhuma ödənilməli olan şərti əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 10 ay 26 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4224,50 manat) 80 faizi-3379,60 manat məbləğində müəyyən edilib. Həmin Qanunun 20.7-1- ci maddəsinə əsasən əmək pensiyasının mərhuma ödənilməli olan şərti əmək pensiyasının (3379,60 manat) 80 faizi-2703,68 manat məbləğində müəyyən edilərək iddiaçının müvafiq kart hesabına köçürülür. Bundan sonra iddiaçı Ə.Hacıyevə məhkəməyə təqdim etdiyi iddia ərizəsində ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İnzibati orqana edilmiş xx.xx.2023-cü il tarixli rəsmi müraciətinin nəticəsi kimi ümumi əsaslarla təyin edilmiş pensiya xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanaraq aparılır. Hazırki iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə pensiya müraciət etdiyi tarixdən hesablanaraq ödənilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 iyun 2023-cü il tarixli məktubda qeyd edilir: Sizə sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar 2 may 2023-cü il tarixində Mərkəzi Filiala müraciətiniz daxil olub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün sözügedən Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Bununla əlaqədar ümumi əsaslarla yaşa görə pensiyanız 1 iyun 2023-cü il tarixindən dayandıraraq Sizə 2 may 2023-cü il tarixindən hesablanmaqla sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Mərhum həyat yoldaşınız X4 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat olmaqla orta aylıq əmək haqqısı 4224,50 manat təşkil edib. Bununla əlaqədar mərhuma ödənilməli olan şərti əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 10 ay 26 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4224,50 manat) 80 faizi-3379,60 manat məbləğində müəyyən edilib. Həmin Qanunun 20.7-1 -ci maddəsinə əsasən əmək pensiyanız mərhuma ödənilməli olan şərti əmək pensiyasının (3379,60 manat) 80 faizi-2703,68 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən 2703,68 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus pensiya işində olan ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»: 6.4. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34-cü maddəsinin şərtləri nəzərə alınmaqla yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının həyat yoldaşı X5 xx.xx.2020-ci ildə vəfat etmişdir (Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş AZ-İİ seriyalı 051254 nömrəli ölüm haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq iddiaçıya təyin edilmiş ümumi əsaslarla yaşa görə əmək pensiyası 01 iyun 2023-cü il tarixindən dayandıraraq iddiaçıya 02 may 2023-cü il tarixindən hesablanmaqla ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. Daha sonra iddiaçı ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən təyin edilməsi və yaranmış fərqin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır və bu hüquq əmək pensiyaçısının müvafiq ərizə verməsi ilə həyata keçirilir. Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi isə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün sənədlərin təqdim edildiyi tarixdən hesablanmaqla aparılır. Göründüyü kimi, qanunvericilik müxtəlif pensiya hüququ olan şəxslərə əmək pensiyasının bir növündən başqa növünə keçməyi əmək pensiyaçısının müraciəti ilə əlaqələndirir. Yəni hansı pensiya növünə keçməyi əmək pensiyaçısı özü öz istəyi ilə seçir və bu, onun müraciət ilə reallaşır. Hazırki halda iddiaçı cavabdehə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və onun müraciətinə uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü ildən əmək pensiyasının növü dəyişdirilərək iddiaçının yaşa görə əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəz edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, əmək pensiyasının ilkin təyin edilməsindən fərqli olaraq, əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ - pensiya hüququnun yarandığı tarixlə deyil, bu barədə əmək pensiyaçısının müraciət etdiyi tarixlə əlaqələndirilmişdir. Yəni əmək pensiyasının bir növünü alan əmək pensiyaçısı istədiyi vaxt əmək pensiyasının bir növündən başqa növünə keçirilmə üçün müraciət edə bilər, bu seçim hüququ əmək pensiyaçısına məxsusdur və o, bu seçimini müvafiq ərizə verməklə həyata keçirir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. İddiaçının bu barədə ərizə ilə müraciət etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli və həmin tarixdən ödənilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12254/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1453/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1453/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver