Məhkəmə qərarları › İş №2-1(103)-1454/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1454/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1454/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-1580/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı cavabdehin iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi (yəni xidmətdən xaric edilməsi) barədə 06.04.2019-cu il tarixli, 1000/414ş saylı əmrinin ləğv edilməsi, iddiaçının gömrük orqanlarında xidmətə və vəzifəyə bərpa edilməsi, iddiaçının xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddətin onun gömrük orqanlarında xidmət illərinə daxil edilməsi və bu müddət ərzində (xidmətə xitam verildiyi gündən bərpa olunma gününə qədər) iddiaçıya çatası olan əmək haqqının ona ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-1580/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həqiqətən də, 06.04.2019-cu il tarixli 1000/414ş saylı əmrin verilməsindən sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Onun işdən azad edilməyinə səbəb kimi göstərilən halla bağlı cinayət işi başlanmışdı və həmin vaxt ibtidai istintaq gedirdi. Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə aralarda olan danışıqlara görə onun işə bərpa olunmağı aparılan ibtidai istintaqın və həmin iş üzrə məhkəmənin hökmündən asılı olacaqdı. O da razılaşdı və məhkəmədən iddianı geri götürdü. İbtidai istintaq zamanı müəyyən edildi ki, onun hər hansı qaçaqmalçılıq cinayətinə əlaqəsi yoxdur. Cinayət işi üzrə o şahid qismində dindirildi, məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxs qismində cəlb edilən qadın barəsində ittiham hökmü çıxdı, lakin daha sonra o bəraət aldı. Beləliklə, onun işdən çıxmağına səbəb olan hal aradan qalxdı və onun təqsirsizliyi aşkar olundu. Məhkəmə hökmü qanuni qüvvəyə mindikdən dərhal sonra o işə bərpa edilməyi barədə müraciət etdi, lakin imtina cavabı aldı və dərhal sonra məhkəməyə müraciət etdi. Beləliklə, o hər hansı iddia müddətini ötürməmiş, obyektiv səbəbdən cinayət işinin nəticəsini gözləmək məcburiyyətində qalmışdır. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin rəis müavini vəzifəsində işləmiş İddiaçı 14 mart 2019-cu il tarixdə xidməti zərurətlə əlaqədar qeyd olunan İdarənin “Samur” gömrük postunda xidmət aparan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi “İtçilik klubu”nun təmsilçisi X2 Rusiya Federasiyasından gələn vətəndaş X1 idarə etdiyi “Daimler Chrysler” markalı “** LH ***” dövlət nömrə nişanlı minik avtomobilində gömrük nəzarətindən keçirilməli olan malların olduğunu bildiyi halda, həmin nəqliyyat vasitəsinin mümkün olduğu qədər qısa müddət ərzində ölkə ərazisinə daxil olmasına köməklik göstərməsi barədə Niyaməddin Cəfərovun xidməti vəzifəsinə aid olmayan qeyri-qanuni göstəriş vermiş, bu səbəbdən sözügedən nəqliyyat vasitəsində olan kommersiya xarakterli 710 ədəd müxtəlif adda kosmetik vasitələrin gömrük ödənişlərinə cəlb edilmədən və gömrük rəsmiləşdirilməsindən keçirilmədən Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmasına münbit şərait yaranmış, bununla da o, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur. Buna görə də, 06 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 1000/414 ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 66-cı maddəsinin 7-ci bəndinə və 120-ci maddəsinin 8-ci bəndinə əsasən İddiaçı gömrük orqanlarından xaric edilmiş və onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı 2019-cu ildə gömrük orqanlarında xidmətinə xitam verilməsi ilə əlaqədar olaraq ona 366,70 manat (üç yüz altmış altı manat yetmiş qəpik) son haqq-hesab hesablanmış və ödənilmişdir. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır, iddia ərizəsində göstərilənlər iddiaçının şəxsi mülahizəsinə əsaslanır və hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmir. İddiaçı 2019-cu il 30 aprel tarixində eyni məzmunlu iddia üzrə Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası tərəfindən iddiaya münasibətdə etiraz və sübutlar təqdim edilmiş, həmin iddia məhkəmədə hakim Miminat Hacıbəyovanın sədrliyi ilə mübahisələndirilmiş, nəticədə iddia ərizəsinin iddiaçının vəsatəti əsasında geri qaytarılması haqqında 2019-cu il 16 sentyabr tarixli 2-1(81 )-2486/2019 nömrəli qərardad çıxarılmışdır. İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı apellyasiya şikayətinin təmin edilmədən və Azərbaycan Respublikasının Bakı İnzibati Məhkəməsinin 2021-ci il 3 mart tarixli 2-1(112)-1580/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 06.04.2019-cu il tarixli, 1000/414ş saylı əmrini mübahisələndirir. İddiaçının mübahisələndirdiyi əmr onun xidmət etdiyi inzibati orqandan xaric edilməsi barədədir. Yəni ki, iddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmrin qanunsuz olduğuna istinad edərək onun ləğvini istəyir. İşə baxan məhkəmə iddianı mümkün saymamış və hesab etmişdir ki, iddiaçı mübahisələndirilən əmrin məzmunundan 06.04.2019-cu il tarixdə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə uzun müddət sonra, yəni 02.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisələndirilən əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati-Prosessual Məcəllədə müəyyət müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İstinad olunan İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” İddiaçı barəsində qəbul edilmiş 06.04.2019-cu il tarixli əmr gömrük orqanlarında xidmətinə xitam verilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq müddət ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Bundan başqa işdən görünür ki, İddiaçı 06.04.2019-cu il tarixli, 1000/414ş saylı əmrin ləğv edilməsi, müavinətlərin və digər ödənişlərin hesablanaraq ödənilməsi, snədlərin rəsmi şəkildə təqdim edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab eidlməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia ərizəsinin iddiaçının vəsatəti əsasında geri qaytarılması haqqında 2019-cu il 16 sentyabr tarixli 2-1(81 )-2486/2019 nömrəli qərardad çıxarılmışdır. Hazırki iş üzrə iddiaçının mübahisəli əmrdən məlumatlı olması təsdiq olunur. Lakin iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində həmin əmri mübahisələndirməmiş, hazırda isə belə hüququnu itirmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçı iddiasında 1) gömrük orqanlarında xidmətinə xitam verilməsi (yəni xidmətdən xaric edilməsi) barədə 06.04.2019-cu il tarixli, 1000/414ş saylı əmrinin ləğvini, 2) gömrük orqanlarında xidmətə və vəzifəyə bərpa edilməsini, 3) xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddətin onun gömrük orqanlarında xidmət illərinə daxil edilməsi və bu müddət ərzində (xidmətə xitam verildiyi gündən bərpa olunma gününə qədər) ona çatası olan əmək haqqının ödənilməsini istəyir. İddiaçının iddiasının ikinci və üçüncü hissələri birinci hissəyə bağlı olduğundan, birinci hissədə isə iddia mümkün sayılmadığından, tələbin digər hissələrinin mümkünlüyü və əsaslılığı üzrə dəyərləndirmə aparmaq zərurəti yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-1580/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar