Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1454/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-9356/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi zərər olaraq 10.000 manatın cavabdehdən alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə əmək pensiyasının yenidən hesablanması, nəzərə alınmayan stajının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Lakin, müraciəti müsbət həll edilməmişdir. Daha sonra, o, məcbur olub, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun iddiası tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1613/2021 saylı, 09 iyul 2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/21 saylı iş üzrə qəbul etdiyi 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddiası qismən təmin edilmişdir. Daha sonra onun tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(102)-2209/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə qalmışdır. Yəni onun iş stajının bir qismi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Göründüyü kimi, İdarənin ona qarşı qanunsuz hərəkəti məhkəmə qərarı ilə tam təsdiq edilir. Cavabdeh inzibati orqanın hərəkəti nəticəsində ona mənəvi ziyan dəymişdir. O, uzun müddət iztirablar, əsəb keçirmişdir. Nəticədə məcbur olub cavabdehin qanunsuz hərəkətinə görə məhkəməyə müraciət etmişdir, sonra apellyasiya, daha sonra Ali Məhkəməyədək müraciət etməli olmuşdur. Bütün bu hadisələr ona mənəvi cəhətdən pis təsir etmişdir. Stajı nəzərə alınmaqla, ona əmək pensiyasının düzgün hesablanması vəzifəsi cavabdehin idi. Lakin, o, incidilmiş, məhkəmələrə düşmüşdür. Cavabdehin hərəkəti nəticəsində o, vaxtında dərman əldə edə bilərdi, yatağa xəstə düşmüş, tək qadındır, 2-ci qrup əlildir. Cavabdeh pensiyasını düzgün hesablamadığından illərdir dərmanına pul tapa bilmirdi. Cavabdehin hərəkətləri nəticəsində onun pensiya pulu onların hesabında qalmışdır, həmin pulları o, dövr etdirib, pul qazana bilərdi. Lakin, cavabdeh onun pulunu işlədib, xeyrini götürmüşdür. O, isə burada xəstə qalmışdır. Pulu cavabdehdə ola-ola, özünün sağlamlığına pul xərcləyə bilməmiş, pul tapa bilməmişdir. Məhkəmə qətnaməsi ilə iddiası təsdiq edilmişdir. Bununla da, cavabdeh ona mənəvi zərər vurmuşdur. Ona cavabdehin hərəkətləri nəticəsində 10.000 manat mənəvi zərər olaraq dəymişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş iddiaçının müvafiq ərizəsi (iddiaçı eyni ərizə ilə xx.xx.2022-ci ildə Fonda müraciət etmiş, müraciəti ********** nömrəli altında qeyd edilmişdir) “mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair” başlığı altında yazılsa da, iddiaçı sosial pensiyasının yenidən hesablanması ilə bağlı müəyyən halları sadalamaqla kifayətlənmiş, konkret tələbini ifadə etməmişdir (vurulmuş ziyana görə mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun ödənilməsi). Vətəndaşın həmin müraciətinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli cavab məktubu ünvanlanmışdır. Qeyd edilməlidir ki, həmin məktub imtina xarakterli deyil. İddianın mahiyyəti ilə bağlı qeyd etməyi zəruri hesab edirlər ki, iddia əsassızdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayət verilmiş, qərar yenidən mübahisələndirilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının işirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmüş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Yəni, göründüyü kimi, tərəfin əsassız hesab etdiyi məhkəmə aktlarından şikayət vermək hüququ qanunvericilikdə öz təsbitini tapmış obyektiv hüquqdur. Buna görə iddiaçının uzun müddət davam edən məhkəmə prosesləri nəticəsində ona dəymiş ziyana görə kompensasiya tələbi əsassızdır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə proseslərinin uzun müddət davam etməsi cavabdehin təqsiri deyil, digər səbəblərlə bağlı olmuşdur. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir ki, bu da, yuxarıda qeyd olunduğu kimi onun hüququ olmuşdur. Həmçinin, apellyasiya şikayəti qismən təmin edilmişdir. Bu da, onu göstərir ki, cavabdeh əsaslı olaraq apellyasiya şikayəti vermişdir. İddiaçı, həm də, cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, qərar əsaslı hesab edilərək qüvvədə qalmışdır. Eyni zamanda, iddia ərizəsində qeyd edildiyi kimi, həmin qərar artıq icra olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddələrin məzmunundan göründüyü kimi mülki hüquqi məsuliyyətin yaranması üçün ilk öncə zərər vurulması faktı mövcud olmalı, həmin dəymiş zərər bilavasitə təqsirli hərəkətin nəticəsi olmalı, zərərlə nəticə arasında səbəbli əlaqə olmalıdır. Göründüyü kimi hazırki iş üzrə qeyd olunan halların heç biri mövcud olmamışdır. Həmçinin, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərara əsasən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin, qeyd olunan hallardan heç birinin təzahürü vətəndaşda mövcud olmamış və mövcud olsa belə sübuta yetirilməmişdir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-9356/2022 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9356/2022 saylı, 17 noyabr 2022-ci il tarixli Qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq göstərilmişdir ki, məhz cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçı qəbul etdiyi dərmanları ala bilməmişdir. Fakt olaraq onun iddiası da təmin edilmişdir, məhz bunun nəticəsində vətəndaşlar əsassız olaraq süründürməçiliklərə məruz qalırlar. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddursa, bu məgər mötəbər sübut deyilmi? Mənəvi zərər çəkməyi bütün qərarlarda da öz əksini tapmışdır. Uzun müddət xəstə yatmış, dərman ala bilməmişdir. Bundan sonra məhkəmələrə düşmüş, iztirablar keçirmiş və sair. Cavabdeh iddia ərizəsinə yazılı etirazın məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9356/2022 saylı, 17 noyabr 2022-ci il tarixli Qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən işin hallarının aşağıdakılardan ibarət olduğu müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş epikriz, stasionar xəstənin tibbi kartasından çıxarış və digər müayinə aktlarından görünür ki, iddiaçının bel nahiyyəsindən aşağı ətraflarda 2014-cü il tarixdən etibarən hərəkətlə bağlı məhdudiyyətlər və digər problemlər mövcud olmuş, bununla bağlı müxtəlif dövrlərdə müalicələr almışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi tərəfindən verilmiş 001918 nömrəli əlillər üçün vəsiqənin surətindən görünür ki, iddiaçıya ikinci qrup əlil olduğu üçün xx.xx.2016-cı il tarixdən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmasını təsdiq edən vəsiqə verilmişdir İşdə olan məhkəmə qərarlarından müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" və "xxxx" müəssisələrində işlədiyi illərin nəzərə alınması ilə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1114/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı "xxxx" və "xxxx" Kiçik Müəssisələrində işlədiyi dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017-ci ilin mart ayından) dövr üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1613/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1114/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı "xxxx" və "xxxx" Kiçik Müəssiələrində işlədiyi dövrlər, "xxxx" KM-də xx.xx.1993-xx.xx.1993-cü illər, "xxxx" Firmasında xx.xx.1993-xx.xx.1999-cu illər olmaqla nəzərə alınaraq, yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş (2017-ci ilin mart ayından) dövr üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2209/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1613/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazırda məhkəmə qərarlarına əsasən onun iş stajına daxil edilmiş illərin, cavabdeh tərəfindən vaxtında iş stajına daxil edilməməsi, cavabdeh tərəfindən verdiyi şikayətlərə əsasən uzun müddət çəkən məhkəmə çəkişmələri nəticəsində keçirdiyi iztirablar səbəbindən ona dəymiş mənəvi ziyan olaraq 10000 manat kompensasiya məbləğinin ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsi öz qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1100 və 1115-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Sadalanan qanunvericilik normalarının təhlili ilə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmişdir. İddiaçının sağlamlıq vəziyyətini əks etdirən tibb sənədlərinə əsasən müəyyən edilmişdir ki, onun sağlamlığında olan problemlər 2014-cü il tarixdən etibarən mövcud olmuş, sağlamlığında olan həmin problemlərlə əlaqədar iddiaçıya 2016cı il tarixdən İİ qrup əlillik dərəcəsi verilmiş, onun fiziki və psixoloji sağlamlığına cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər vurulmasına dair hər hansı bir sübut iş materiallarında müəyyən edilməmişdir. Belə olan təqdirdə iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. İddiaçı apellyasiya şikayətində və apellyasiya baxışı zamanı çıxışında məhkəmə qərarlarına əsasən onun iş stajına daxil edilmiş illərin, cavabdeh tərəfindən vaxtında iş stajına daxil edilməməsi, cavabdeh tərəfindən verdiyi şikayətlərə əsasən uzun müddət çəkən məhkəmə çəkişmələri nəticəsində keçirdiyi iztirablar səbəbindən ona dəymiş mənəvi ziyan olaraq 10000 manat kompensasiya məbləğinin ona ödənilməsini xahiş edir. Halbuki, cavabdehin müvafiq məhkəmə qərarlarından şikayət verməsi onun subyektiv hüququdur və cavabdeh bu hüququndan istifadə edərək yuxarı instansiya məhkəmələrinə şikayət vermişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının işirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmüş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Beləliklə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar araşdırmanın nəticəsində təsdiqlənmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-9356/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-9356/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1454/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1454/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver