Məhkəmə qərarları › İş №2-1(103)-1455/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1455/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1455/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Bublik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7043/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən və digər sənədlərdən də göründüyü kimi, xx.xx.1973-cü il tarixindən əmək fəaliyyətinə başlamışdır. Hal-hazırda da əmək fəaliyyətimi davam etdirir. Ümumi əmək stajı 47 ildən çoxdur. Həmin əmək stajının 31 ildən çoxunu güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləmişdir. Belə ki, xx.xx.1980-ci il tarixindən xx.xx.2011-ci il tarixinə qədər Azərbaycan Respublikasında vətəndaşların "X6" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən dənizdə neftçıxarma sahəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləmişdir. 2013-cü ildə 57 yaşı tamam olduğu üçün, yəni xx.xx.2013cı il tarixindən ona güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Lakin dəfələrlə şifahi şəkildə aidiyyəti dövlət orqanlarına etdiyi müraciətlərin heç bir nəticəsi olmamışdır. Ancaq etdiyi çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "X5 "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin məsul vəzifəli şəxsləri tərəfindən xx.xx.2020-ci il tarixində əmək fəaliyyətinin 31 il 3 ay 16 gününü əhatə edən bir arayış verilmişdir. Həmin arayışda iş stajı aşağıdakı kimi göstərilmişdir: 1) xx.xx.1980-ci il tarixindən xx.xx.1980ci il tarixinə qədər "Artyomneftqaz" NQÇİ-nin Avtonəqliyyat sexində traktorların təmiri üzrə çilingər peşəsində işləmişdir. 2) xx.xx.1980-ci il tarixindən xx.xx.1988-ci il tarixinə "Artyomneftqaz" NQÇİ-nin Avtonəqliyyat sexində traktorlar, qaldırıcılar mexanik vəzifəsində işləmişdir. 3) xx.xx.1988-ci il tarixindən xx.xx.1993-ci il tarixinə qədər "Artyomneftqaz" NQÇİ-nin nəqliyyat traktor sexində mexanik vəzifəsində işləmişdir. 4) xx.xx.1993-ci il tarixindən xx.xx.1994-cü il tarixinə qədər "Artyomneftqaz" NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmir sexində mexanik vəzifəsində işləmişdir. 5) xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinə qədər Xüsusi texnika sexində böyük mexanik vəzifəsində işləmişdir. 6) xx.xx.1998-ci il tarixindən xx.xx.2011-ci il tarixinə qədər "Abşeronneft" NQÇİ-nin Xüsusi texnika sexində böyük mexanik vəzifəsində işləmişdir. Arayışda həm də göstərilmişdir ki, "dəniz şəraitində iş stajı 31 il 3 ay 16 gün təşkil edir". Məlumat üçün onu da bildirir ki, arayışda onun həmin müəssisədə işlədiyi 6 il 1 ay 15 gün iş stajı qeyd olunmamışdır. Belə olan halda onun həmin müəssisədə iş stajı 37 il 5 ay 1 gün olur. Ərizəyə əlavə etdiyi Əmək kitabçasının və zərərli işdə işlədiyi müəssisə tərəfindən verilən arayışla da təsdiq olunur ki, zərərli müəssisədə topladığı 37 il 5 ay 1 gün əmək stajının 18 ildən çoxu güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün əsas verən iş sahələrindən topladığı üçün, ona 57 yaşında, yəni 2013-cü ildə əmək pensiyası təyin olunmalı idi. Lakin güzəştli şərtlərlə işlədiyi müəssisə müvafiq sənədləri ona və aidiyyəti dövlət orqanlarına təqdim etmədiyi üçün həmin pensiya indiyə qədər ona təyin olunmamışdır. Halbuki qanunla 2013-cü ildə həmin güzəştli şərtlərlə onun üçün əmək pensiyanın təyin olunması üçün, cəmi 25 il iş stajı və həmin 25 ilin 12 il 6 ayının zərərli iş şəraitində olması kifayət edirdi. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarın 10.1 maddəsinin "b" bəndinin 12-ci abzasına əsasən, "quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər" güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərəcilərin Siyahısına daxil edilmişdir. İş yerindən verilən arayışda da göstərilənlərə əsasən də, o, xx.xx.1993-cü il tarixindən xx.xx.2011-ci il tarixinə qədər olan 18 il müddətində quyuların əsaslı və yeraltı təmir sexində və xüsusi texnika sexində mexanik və baş mexanik vəzifəsində işləmişdir. n yuxanda göstərilənlərlə təsdiq olunur ki, onun 25 iyun 2013-ci ildə 57 yaşı tamam olanda ümumi iş stajı 25 ildən çox olmuşdur. Həmin stajın da 20 ildən çoxu Azərbaycan Respublikasında vətəndaşların "X6" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər) əsasən güzəştli şərtlərlə əmək pensiyanın təyin olunmasına əsas verən sahələrdə işləmişdir. Ona görə də, qanunla ona 25 iyun 2013-cü il tarixindən həmin şərtlər daxilində pensiya hesablanmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7043/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: O.Həsənov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, apelyasiya şikayətinə əlavə etdiyi və əmək fəaliyyətini təsdiq edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" istehsalat "Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində verilən BB-03/391 saylı "Arayış - Məlumat”la və işin faktiki halları ilə də təsdiq olunur ki, məhkəmə qərar verərkən tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir edərək böyük yanlışlığa yol vermişdir. Qanunun da səhv təfsir ediİməsi birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi üçün əsasdır. Qanunun səhv təfsir edilməsi o deməkdir ki, məhkəmə tətbiq edilməli olan qanunu tətbiq elsə də, onun məzmununu düzgün başa düşmür və bunun nəticəsində tərəflərin hüquq və vəzifələri barəsində yanlış nəticəyə gəlir. Belə ki, o, iddia tələbini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarın 10.1 maddəsinin "b" bəndinin 12-ci abzasında göstərilən maddi hüquq normaları ilə əsaslandırmışdır. Apelyasiya şikayətinə əlavə etdiyi həmin Qərarın neftçilərə aid olan sahəni tənzimləyən həmin maddi hüquq normasında göstərilmişdir ki, quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında məşğul olan mexaniklər və böyük mexaniklər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərəcilərin siyahısına daxil edilmişdir. İşə baxan məhkəmə iddia tələbində göstərdiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə 23 yanvar 2007-çi il tarixli 12 №-1i Qərarının aidiyyətli normalarını tətbiq edib qərar verməli idi. Lakin məhkəmə qərar verərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarının adını göstərsə də, əsasən həmin sahəni 2007-ci ilə qədər tənzimləyən və hal-hazırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş siyahını əsas götürərək qərar vermişdir. Məhkəmə qərarı ilə həm də təsdiq olunur ki, məhkəmə müəssisə tərəfindən sorğuya verilən cavabın qanunsuzluğunu və əsl vəzifə saxtakarlığına yol verilməsi ilə bağlı cinayət tərkibli əməllər olduğunu bilsə də, bu barədə onlara heç bir xəbərdarlıq etmədən sonradan da müəssisəyə iki dəfə sorğu vermiş və hər dəfə də obyektivlikdən uzaq və saxtalaşdırılmış fərqli cavablar verilmişdir. Məhkəmə tərəfindən istinad olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ’’Azneft" istehsalat "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində verilən BB-03/391 saylı "Arayış-Məlumat"ında gostərilənlərdən də göründüyü kimi, xx.xx.1978-ci il tarixindən xx.xx.2011-ci il tarixinə qədər olan 34 il müddətində fasiləsiz olaraq eyni müəssisədə eyni işdə işləmişdir (məhkəmə qərarında səhvən göstərilmişdir ki, guya o, müxtəlif fasilələrlə həmin müəssisədə işləmişdir). Həmin Arayış-Məlumatla həm də təsdiq olunur ki, o, xx.xx.1979-cu il tarixindən xx.xx.2011-ci il tarixinə qədər eyni müəssisədə eyni şəraitdə, eyni vəzifədə, yəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının" təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarın 10.1 maddəsinin "b" bəndinin 12-ci qrafasında göstərilən vəzifələrin göstəricilərinə uyğun gələn vəzifədə işləmişdir. Bütün yuxarıda göstərilənlərlə təsdiq olunur ki, işlədiyi müəssisə tərəfindən verilən "Arayış-Məlumatda" iş stajı ilə bağlı aparılan qeydlər aidiyyəti vəzifəli şəxslər tərəfindən bilərəkdən və yaxud bilməyərəkdən təhrif olunmuşdur. Məqsəd də hakimin bu iş barəsində qanunsuz qərarın verilməsinə nail olmaqdır. Dəhşətlisi odur ki, 35 ildən çox güzəştli şərtlərlə mexanik və baş mexanik kimi iş stajına malik olduğum halda, təqdim olunan arayışda isə güzəştli şərtlərlə iş stajının cəmi 2 il 4 ay 7 gün olması göstərilmişdir. Halbuki yuxanda göstərdiyi kimi, onun arayışda göstərilən mexanik və baş mexanik kimi işlədiyi 35 ilin hamısı güzəştli şərtlərlə iş stajına daxildir. Necə olur ki, eyni iş stajının 2 il 4 ayı güzəştli hesab olunur, qalan 32 ili güzəştli hesab olunmur? Bütün yuxanda göstərilənlərlə təsdiq olunur onun 25 iyun 2013-cü ildə 57 yaşı tamam olanda ümumi iş stajı 37 ildən çox olmuşdur. Apelyasiya baxışı zamanı İddiaçı və iddiaçının vəkili X3 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X6” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “X6” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2017-ci il tarixədək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2013-cü il tarixdə tamam olmuşdur və o, əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Quyuların yeraltı təmiri sexində avtotəmirçi-çilingər peşəsində, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-ci il tarixə kimi Neft Sənayesi Nazirliyinin “Xəzərdənizneft” X9 istehsalat Birliyinin 3 Saylı Avtonəqliyyat kontorunda avtotəmirçiçilingər peşəsində, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci İl tarixə kimi Birliyin Texnoloji nəqliyyat idarəsində traktorların təmiri üzrə 1-ci dərəcəli çilingər peşəsində, xx.xx.1978-ci İl tarixdən xx.xx.1978-ci il tarixə kimi Birliyin texnoloji nəqliyyat idarəsində qaldırıcıların maşinisti peşəsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi Birliyin Texnoloji nəqliyyat idarəsində traktorların təmiri üzrə 3-cü dərəcəli çilingər peşəsində, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə kimi “Birliyin Texnoloji nəqliyyat idarəsində mexanik vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixə “Artemneftqaz’' neft və qazçıxarma idarəsinin Texnoloji nəqliyyat idarəsində traktorlar, qaldırıcılar üzrə mexanik vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər NQÇİ-nin Nəqliyyat traktor sexində mexanik vəzifəsində, xx.xx.1993-cü i| tarixdən xx.xx.1994-cü il tarixə qədər NQÇİnin Quyuların əsaslı və yeraltı təmiri və xüsusi texnika sexində mexanik vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixə qədər NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri və xüsusi texnika sexində böyük mexanik vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi NQÇİ-nin Avtonəqliyyat Traktor sexində böyük mexanik vəzifəsində, xx.xx.1998-cü il tarixdən xx.xx.2011-ci il tarixə qədər “Abşeronneft" NQÇİ-nin Xüsusi texnika sexində 13-cü dərəcəli böyük mexanik vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə qədər ARDNŞ “Azneft” X1 departamentində 1 saylı Xüsusi texnika sexində 13-cü dərəcəli mexanik vəzifəsində, xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-də Pirallahı rayon Sukanalı Departamenti Energetik mexanika və avtomatika şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə işə qəbul olunmuş və hal-hazırda da işləyir. (xx.xx.2017-ci il tarixədək 42 il 5 ay 1 gün). “X6” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «X6» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlara əsasən isə iddiaçının güzəştli iş stajının olmaması müəyyən olunmuşdur. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 15 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, müəssisə iddiaçının xx.xx.1980-ci il tarixdən başlayan iş stajı 31 il 3 ay 16 gün olaraq müəyyən etmiş və həmin stajın dəniz şəraitində iş stajı olduğunu göstərmişdir. Lakin, həmin arayışda qüvvədən düşmüş və ya hal-hazırda qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajı kimi nəzərə alınmalı olan peşələrə istinad müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən həmin arayış güzəştli iş stajını müəyyən edən arayış kimi təsbit etməmiş və aidiyyəti üzrə sorğular müəssisəyə göndərilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmənin sorğusuna uyğun olaraq müəssisə tərəfindən cavab məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi xx.xx.2020-ci il tarixli arayışda qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda heç bir peşə ilə uyğunluq təşkil etmir. Birinci instansiya məhkəməsi müəssisənin qeyd olunan məktubunda nəzərdə tutulan məlumatlarla kifayətlənməmiş, məhkəmə araşdırmasının davamı kimi yenidən xx.xx.2021-ci il tarixdə həmin müəssisəyə sorğu göndərmişdir. Sorğuya xx.xx.2021-ci il tarixli cavab məktubu ilə iddiaçının yalnız xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinə qədər mexanik vəzifəsinin “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş vəzifəyə uyğun olduğu qeyd edilmiş, dolayısı ilə digər vəzifələr üzrə stajın güzəştli iş stajı kimi qəbulundan imtina edilmişdir. Eyni zamanda surəti təqdim olunan xx.xx.2021-ci il tarixli idarə tərəfindən verilmiş arayışda da qeyd edilmişdir ki, iddiaçının yalnız xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixinə kimi qaldırıcı maşinist peşəsi və xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixinə qədər böyük mexanik vəzifəsi güzəştli peşə kimi nəzərdə tutulur. Lakin, birinci instansiya məhkəməsi yenə də müəssisənin qeyd olunan məktubunda nəzərdə tutulan məlumatlarla kifayətlənməmiş, eyni zamanda iddiaçı tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş iddiaçının əmək stajının hesablanması, həmin illərdən neçə ilinin güzəştli iş stajına daxil olması, hansı müddətin güzəştli iş stajı hesab edilməməsi vəsatətini təmin edərək yenidən müəssisəyə müvafiq sorğu ilə müraciət etmişdir. Təkrarən aparılmış araşdırma nəticəsində müəssisə tərəfindən sorğuya cavab verilərək bu dəfə iddiaçının xx.xx.1994-cü il tarixədək yox, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək böyük mexanik vəzifəsinin güzəştli iş stajına aid olduğu qeyd edilmişdir. Təqdim edilən məlumatlardan da göründüyü kimi sorğuya cavab məktublarında müddətlə bağlı qismən ziddiyyətli məqam olmuş, həmin məlumatların dəqiqləşdirilməsi məqsədi ilə sonda konkret olaraq İdarənin rəisi Ramin Quliyevə sorğu ilə müraciət edilmiş, İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi arayışda qeyd olunan peşələrin güzəştli iş stajına aid edilib-edilməməsi barədə müvafiq sorğu ilə ilk olaraq xx.xx.2021-ci il tarixdə müraciət edilmiş müraciətə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi peşələrin güzəştli olmadığı qeyd edilmişdir. Daha sonra növbəti dəfə xx.xx.2021-ci il tarixli sorğu ilə müraciət edilmiş, sorğuya xx.xx.2021-ci il tarixli cavab məktubunda iddiaçının yalnız xx.xx.1993-xx.xx.1994cü il tarixdə çalışdığı mexanik vəzifəsinin güzəştli vəzifə olduğu göstərilmişdir. Beləliklə analoji sorğuya cavab məktublarında üst-üstə düşməyən məlumatlar qeyd edildiyindən, eyni zamanda sorğuda fərqli məlumatların əks olunmasının iddiaçının güzəştli iş stajına malik olub-olmamasının müəyyənləşdirilməsində çətinlik yaratdığından birinci instansiya məhkəməsi tərəfindən "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin rəisi Ramin Quliyevə sorğu verilərək İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi arayışda qeyd olunan peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləməsi barədə (hər bir peşə üzrə kod ayrılıqda göstərilməklə və peşə üzrə əmək funksiyaları göstərilməklə), eləcə də iddiaçının ümumilikdə hansı dövrlər üzrə ümumi güzəştli iş stajına malik olması barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq təqdim olunan xx.xx.2021ci il tarixli məktub və qoşma kimi 10 vərəqdən ibarət sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2011-ci il tarixləri arasında qısa fasilələrlə müxtəlif vəzifələrdə çalışmış, həmin peşələrdən yalnız xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixədək qaldırıcı maşinist peşəsi (4 ay 7 gün) və xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasında müvafiq olaraq mexanik və böyük mexanik vəzifələrinin (2 il 4 ay 7 gün) güzəştli vəzifələrlə bağlı siyahiya uyğundur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçının güzəştli iş stajının hansı tarixlər arasında mövcud olması barədə əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən aparılmış araşdırılma nəticəsində onun xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək işlədiyi qaldırıcı maşinist peşəsi (4 ay 7 gün) və xx.xx.1993xx.xx.1995-ci il tarixləri arasında işlədiyi mexanik və böyük mexanik vəzifələri (2 il 4 ay 7 gün) güzəştli vəzifələrlə bağlı siyahiya uyğun olması qənaətinə gəlinərək, cəmi 2 il 8 ay 14 gün güzəştli iş stajının olması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının 12 il 6 aydan çox olması zəruri şərt olan güzəştli şərtlərlə pensiya təyini üçün əsas olan tələbin yerinə yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıların arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7043/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar