Məhkəmə qərarları › İş №2-1(103)-1455/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1455/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1455/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9418/2023 nömrəli, 30 noyabr 2023- cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixindən cavabdeh tərəfindən dayandırılmış 1217.54 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı tarixdən (həmin məbləğdə) bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il tarixli 175 k saylı Əmrlə P.Montin adlı zavodda MTS No.4 xarrat köməkçisi vəzifəsinə qəbul olmuş, xx.xx.1973-cü il tarixli 554 saylı Əmrlə MTS No.4 frezerçi (2 dərəcəli), xx.xx.1974-cü il tarixli 173 saylı Əmrlə isə MTS No.4 frezerçi (3 dərəcəli) təyin olunmuşdur. xx.xx.1976-cı il tarixli 64 k saylı Əmrlə Sovet ordusuna çağırışla bağlı işdən azad edilmişdir. xx.xx.1976-cı il tarixli 84 saylı Əmrlə müvafiq zavod ştatında MTS No.4 frezerçi (3 dərəcəli) bərpa edilmişdir. xx.xx.1979cu il tarixli 117/k saylı Əmrlə Leyt.Şmidt ad.Zavodda Neft sənayəsi alətlərin hazırlanması sahəsinə xarrat köməkçi vəzifəsinə qəbul olunmuşdur. Həmin zavodda xx.xx.1979-cu il tarixli 258/k saylı Əmrlə 2-ci dərəcəli xarrat vəzifəsinə təyin edilmiş və öz istəyi ilə Azərbaycan SSR ƏHQ 37-ci maddəsinə əsasən, xx.xx.1980-ci il tarixli 164/k saylı Əmrlə vəzifəsindən azad edilmişdir. xx.xx.1980-ci il tarixli 32 saylı Əmrlə Valday turistik bazasına qəbul edilmiş və öz istəyi ilə RSFSR ƏHQ 31-ci maddəsinə əsasən, xx.xx.1981-ci il tarixli 2 saylı Əmrlə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixli 7k saylı Əmrlə Körpü tikinti müəssisəsində 3 dərəcə montajçı vəzifəsinə qəbul edilmiş və öz istəyi ilə RSFSR ƏHQ 31-ci maddəsinə əsasən, xx.xx.1981-ci il tarixli 8k saylı Əmrlə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixli 18 saylı Əmrlə Novqorod SZRP limanında sükan motorçuları kursuna qəbul edilmişdir. xx.xx.1981-ci il tarixli 40 saylı Əmrlə kurslar bitməsinə görə Sükan motorçuları kurslarından köçürülmüşdür (M-59). Öz istəyi ilə RSFSR ƏHQ 31-ci maddəsinə əsasən, xx.xx.1981-ci il tarixli 173 saylı Əmrlə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixli 9 saylı X3 Sahəsində 3 s/n C3-202 motorçu matros vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli 107 saylı əmrlə dalğıc vəzifəsinə keçirilmiş və öz istəyi ilə RSFSR ƏHQ 31-ci maddəsinə əsasən, xx.xx.1983-ci il tarixli 347 saylı Əmrlə işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixli 20/k saylı Əmrlə QVK k/s “Azərbaycan” 1 və 2-ci ixtisaslaşmış qrupa 3-cü dərəcəli dalğıc qəbul edilib. xx.xx.1984-cü il tarixli 237 saylı Əmrlə SQM 2 dərəcəli köməkçi işçi keçirilib. xx.xx.1985-ci il tarixli 34 saylı Əmrlə 1 nömrəli sahənin 3 dərəcəli dalğıc keçirilib. xx.xx.1988-ci il tarixli 101k saylı Əmrlə ixtisaslaşmanın 1 və 2-ci qrupların 2 dərəcəli dalğıc ixtisasına verilmişdir. xx.xx.1988-ci il tarixli 203 saylı X6 Nazirliyinin 29 aprel 1988-ci il tarixli 220 nömrəli əmrlə “Kaspineftqazflot” adı “Kaspnefteflot” adı ilə əvəz edilib. xx.xx.1993-cü il tarixli 24/k Əmrlə SUBTR ləğvi və yeni dalğıc, qəza-xilasetmə işlər Xəzər İdarəsinin yaradılması ilə bağlı 3 saylı ərazi qrupuna 2ci dərəcəli dalğıc keçirilmişdir. xx.xx.1996-cı il tarixli 51/k saylı Əmrlə Zərdab-4 2 saylı sahəyə 1-ci dərəcəli dalğıc keçirilmişdir. xx.xx.1996-cı il tarixli 175/M 1 saylı sahəyə 1-ci dərəcəli dalğıc keçirilib. xx.xx.2002-ci il tarixli 224/ İ saylı Əmrlə dalğıc peşələrinin yeni qaydada tarifləşdirilməsi ilə əlaqədar 6-cı dərəcəli dalğıc keçirilmişdir. ARDNŞ 31 mart 2003-cü il tarixli 25 saylı əmrinə müvafiq olaraq Quruda NQÇ və Dənizdə NQÇ İstehsalat birlikləri birləşdirilərək onların bazası əsasında “Azneft” İB-yi yaradılmışdır. ARDNŞ 14 mart 2007-ci il tarixli 59 nömrəli əmri ilə idarənin adı X5 işləri adlandırılmış və X7 Donanmasının tərkibinə verilmişdir. xx.xx.2009-cu il tarixli 13/İ saylı Əmrlə 5 nömrəli-X5 işləri sahəsinə (yer.əş.Pirallahı ad) 6-cı dərəcəli dalğıc vəzifəsinə keçirilmişdir. xx.xx.2012ci il tarixli 599/ İ saylı Əmrlə 4-li dalğıc və qəzaxilasetmə işləri sahəsinə (yer.ər.Qum.ad) keçirilmişdir. xx.xx.2012-ci il tarixli 1025/İ saylı Əmrlə struktur dəyişikliyi ilə əlaqədar 1 saylı istehsalat sahəsinə keçirilmişdir. ARDNŞ-nın xx.xx.2023-cü il tarixli 157 saylı əmrlə Dalğıc və qəza-xilasetmə işləri idarəsi X7 Donanmasının tərkibindən çıxarılaraq Azərbaycan Respublikası Dövlət Neft şirkətinin birbaşa tabeçiliyinə verilmişdir. xx.xx.2017-ci il tarixli SOCAR **********000Z0020B00168 saylı əmrli ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən (işçinin təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixli SOCAR **********00070020B00346 saylı Əmrilə SOCAR “Azneft” İB Dalğıc Xidməti 1 saylı sahəyə 6-cı dərəcəli dalğıc peşəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixli SOCAR **********00070020B0000B saylı əmrli ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən (işçinin təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Yuxarıda qeyd olunan çalışdığı illərə görə xx.xx.2008-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. Lakin xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-Y- 58345/2023 saylı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktubuna əsasən cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixindən xx.xx.2023cü il tarixinədək ödənilmiş 78969.82 (yetmiş səkkiz min doqquz yüz altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul vəsaitinin ondan geri qaytarılması tələb olunmuşdur. Belə ki, tərəfindən təqdim edilmiş bankdan çıxarışdan da görünür ki, cavabdeh tərəfindən ona məxsus pensiya məbləğindən tutulmalar həyata keçirilir. Bundan sonra cavabdeh tərəfindən həmin məktubla ona təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırılmasını onunla əsaslandırılmışdır ki, guya 52 yaşı tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olduğu halda, qanunvericiliyə zidd olaraq ona pensiya təyin edilməsi aşkar olunmuşdur. Ona xx.xx.2007-ci il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 50 yaşı tamam olduğu vaxtdan pensiya təmin edilmişdir. Lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduqdan sonra qüvvəyə minmiş və artıq uzun müddətdir ki qüvvədə olan bir qanunvericiliyin tələblərinin ona 2008-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyası ilə əlaqələndirilməsi, qanunun qüvvəyə minməsindən əvvəl təyin olunmuş pensiya məbləğinə təsir etməsi absurddur və qanunla yolverilməzdir. Bundan savayı, tərəfindən təqdim edilmiş 78 saylı, xx.xx.2009-cu il tarixli Arayışdan da aydın olur ki, ona həqiqətən də qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Odur ki, pozulmuş hüquqlarının müdafiəsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, cavabdeh tərəfindən pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa edilməsini qanunauyğun hesab edilmişdir. Sonradan iddia tələbi “Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. “Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəflərindən aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 31 il 7 ay 14 gün təşkil edir. Bununla əlaqədar onun xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 37,33 manat (31,62 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 57,85 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11198,88 manat sığorta kapitalına uyğun 77,77 (11198,88:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 210,62 (57,85+77,77+75,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 299,81 manat). Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay, xx.xx.2019-cu il tarixinə 64 yaş) arasındakı ayların sayı qədər artırılır. İddiaçının xx.xx.2017-ci il tarixli müraciətinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 41663,44 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında Qanunun” 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada (41663,44:118 ay (63 il 6 ay-59 il 8 ay=46 ay+(144 ay - 72)) =353,08 manat) yenidən hesablanaraq 652,89 (299,81+353,08) manat müəyyən edilib. (xx.xx.2019-cu il tarixinədək indeksləşdirilməklə 710,81 manat) Bundan başqa bildirilmişdir ki, xx.xx.2019-cu il tarixindən iddiaçının işləməyən əmək pensiyaçı kateqoriyasına keçməyilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 7251,12 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (7251,12:108 ay (64 il -61 il =36 ay+(144 ay - 72)) =67,14 manat) əmək pensiyası yenidən hesablanaraq 710,81 manatdan 777,95 (710,81+67,14) manata artırılmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2010-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində ona ödənilməli olan pensiya, qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilən pensiya məbləğindən çıxılaraq, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri də nəzərə alınaraq, nəticədə ona 78969,82 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 78969,82 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 121,75 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9418/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1118/2023 nömrəli qərarı ləğv edilmiş, 2023-cü ilin mart ayından etibarən iddiaçının əmək pensiyasından aparılan tutulma (hər ay 121,75 manat) qanunsuz hesab edilmiş və iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9418/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: xx.xx.2009-cu il tarixli 78 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı 567 №-li şəxsi dalğıc kitabçasına uyğun olaraq 1982-ci il tarixdən 2008-ci il tarixədək 7687 saat 57 dəq. su altında (təzyiq altında) işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, şəxsin həmin tarixə olan pensiya məbləği 3316,30 manat olmuş və yenidən hesablanmış pensiya məbləği 1061,51 manatdır. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1118/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərarlara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 3316,30 manat, hesablamadan sonra isə 1061,51 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda artıq ödənilmiş hesab edilən 78969,82 manat pensiya məbləği (inzibati akt və ya məhkəmə qərarı olmadan) faktiki xarakterli hərəkətlə hissə-hissə (hər ay 121,75 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir. Belə ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə təyin edilmiş pensiyanın məbləği məhz orta əmək haqqına istinadla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1997-ci il tarixədək 20 il ümumi stajı və xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 10 il stajının olması işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.1997-ci il tarixədək ümumi stajı 20 ildən çoxdur, vaxtilə işlədiyi vəzifə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar (12100000— 11465) vəzifəsinə uyğun gəlir. Belə ki, təqdim edilən arayışa əsasən iddiaçının dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti xx.xx.1997-ci il tarixədək ən azı 4303 saatdır. Cavabdehin apellyasiya şikayətinin, həmçinin imtina məktubunun əsasları kimi qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci ildən etibarən əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Cavabdehin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hal qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997- ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Məsələn, son dövrlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1573/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı da həmin təcrübəyə əsaslanaraq şəxsə 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməli olduğu qənaətinə gəlmişdir. Bu mənada, qeyd edilən işlər üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmuş, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrilmiş, həmçinin təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olmuşdur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli qərarları). Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur (“İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadı, 40-cı bənd). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum mövcud məhkəmə təcrübəsində təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsinə nail olmaq məqsədilə yeni dəlillərə istinadla əsaslandırmamışdır. Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası hesab edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh qurum faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: -inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: i) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli, ii) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; iii) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (i)və (ii) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin (iii) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Yenidən hesablamanın aparılması de fakto yüksək məbləğdə pensiya təyin olunması ilə bağlıdır və təyin olunmuş pensiya məbləği iddiaçının mülkiyyətidir (iddiaçı artıq 13 ildir həmin hesablama əsasında pensiya alır) və yenidən hesablama həmin mülkiyyətə müdaxilədir. Həmin müdaxilənin isə qanuni əsası yoxdur. Belə ki, müvafiq hesablama vaxtilə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilmişdir, yəni xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir və pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama əsasında pensiya məbləğinin yüksək olması onun pensiyasının azaldılmasına əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümümi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh iddiaçıya artıq ödənilmiş hesab edilən 78969,82 manat artıq pul vəsaiti 2023-cü ilin mart ayından etibarən hissəhissə (hər ay 121,75 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edildiyini bildirsə də, iddiaçının razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, tutulmanın həyata keçirilməsi maddi hüquq normasının prosessual aspektinə uyğun olmamışdır. Yuxarıda qeyd edilən əsaslandırma isə əmək pensiyasından tutulmanın maddi hüquq normalarına zidd olduğunu qeyd etməyə əsas verir. Bu səbəbdən həmin aparılmış tutulma qanunsuz hesab edilməli və tutulmuş vəsait iddiaçıya geri qaytarılmalıdır. Kollegiya hesab edir ki, cavabdehin İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1118/2023 nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin mart ayından etibarən iddiaçının əmək pensiyasından aparılan tutulmanın (hər ay 121,75 manat) qanunsuz hesab edilməsi və iddiaçıya geri qaytarılması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9418/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar