Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1455/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X15 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “şəhid atası olaraq ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10266/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun şəhid X4 atası olaraq ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının oğlu X9 İİ Qarabağ müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixində gedən döyüşlərin birində şəhid olmuşdur. İddiaçı 2023-cü ilin dekabr ayından Suraxanı Rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. Hazırda o, müvəqqəti əsaslarla ünvan 1 ünvanında yaşayır. Suraxanı rayonuna yeni qeydiyyata düşdüyünə görə hazırda yaşadığı ünvan üzrə mənzil növbəsinə götürülməyi zərurəti yaranmışdır. Lakin cavabdeh imtina etmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Vətəndaş İddiaçı mənzil uçot-işinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan onun Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı müəyyən edildiyindən yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq bu iş üzrə iddiaçıya imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10266/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı ailəsi ilə birgə mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 2023-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyata alındığı, eyni zamanda Bakı şəhərində ardıcıl olaraq 5 il qeydiyyatda olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 10266/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir iddiaçının adına Lerik rayonu, Hovil kəndində yerləşən 0,0256 ha və 0,9035 hektar torpaq sahələri ümumi birgə payda qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Lerik rayon İcra Hakimiyyəti Başçısının 07 nömrəli, 16 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən şəhid ailəsi İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.3cü maddəsinin tələblərinə müvafiq olaraq yaşayış yerini dəyişərək digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsinə köçməsi ilə əlaqədar yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotundan çıxarılması, rayon icra hakimiyyəti başçısı yanında mənzil komissiyasına şəhid ailəsi İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində güzəştli mənzil uçotuna alınması və yaşayış yerinin dəyişməsi zərurəti ilə əlaqədar yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotundan çıxarılması ilə bağlı sənədlərin Suraxanı rayon İcra Hakimiyyətinə göndərilməsinin təmin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.2023- cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. - XVİİİ ЖГ seriyalı, 435823 nömrəli Doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1995-ci il tarixdə Lerik rayonunda doğulmuşdur. Atası İddiaçı, anası X5r. - AZ-İİ seriyalı, 087586 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində odlu silahla törədilmiş zədələnmə nəticəsində ölmüşdür - xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2020ci il tarixdə vəfat etmiş X4 vərəsələri: İddiaçı miras əmlakdan 1/3 hissədə irs almalıdır və X10 miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə verilən 1223 manat pul kompensasiyasından ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Lerik rayonu, Hovil kəndində 0.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (5 nəfər) X1 adı ilə bağlı JN-006 nömrəli xx.xx.1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Sonradan sözügedən torpaq sahəsinin 0.9035 ha hissəsinə dair ümumibirgə əsaslarla ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli, yerdə qalan 0.0256 ha hissəsi ilə bağlı ümumi birgə əsaslarla ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışlar tərtib edilmişdir. X1 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. - 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 1995-ci il təvəllüdlü X9 xx.xx.2020-ci il 44 günlük İİ Vətən müharibəsində çağrılana qədər ailəsi ilə birlikdə qonşuların aktına əsasən Bünyadzadə küçəsi, ev 14, mənzil 21 ünvanda qeydiyyatsız yaşamışdır. - xx.xx.2024-cü il tarixli Akta əsasən həqiqətən 1995-ci il təvəllüdlü X9 xx.xx.2020-ci il 44 günlük İİ Vətən müharibəsinə çağırılana qədər ailəsi ilə birlikdə Bünyadzadə küçəsi ev 14, mənzil 21-də qeydiyyatsız yaşamışdır. Akt ünvan 4 ünvanda yaşayan X6, mənzil 22-də yaşayan X2 və mənzil 12-də yaşayan X8 tərəfindən tərtib edilərək imzalanmışdır. - 2024-cü il tarixli Akta əsasən 1964-cü il təvəllüdlü İddiaçı və X10 xəstəlikləri ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdən Məktəbli küçəsi, ev 83 ünvanında qeydiyyatsız yaşamışdır. Akt Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, mənzil 79-da yaşayan X12, mənzil 23də yaşayan X11 və mənzil 60-da yaşayan X7 tərəfindən tərtib edilərək imzalanmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə mənzilə dair mülkiyyət hüququ yoxdur və qanunvericiliyə əsasən mənzil növbəsinə götürülmək hüquq vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir . 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hal-hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 5-ci bəndində göstərilmişdir ki, aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənziltikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Hazırkı işin hallarından görünür ki, iddiaçı ailəsi ilə birlikdə mənzil növbəsinə götürülməsi üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin ona Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı əsası ilə imtina cavabı verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır və həmin ev iddiaçının mülkiyyətində deyil. İddiaçının və ailə üzvlərinin mülkiyyətində və ya qanuni istifadəsində hər hansı yaşayış sahəsi yoxdur. Göründüyü kimi iddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxsdir və bu hal onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsinə əsas verir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “ 5 il daimi qeydiyyat” tələbi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Mənzil istismar səhəsinin arayışına əsasən müəyyən edilir ki, iddiaçı ailə üzvləri ilə 2020-ci ildən həmin ünvanda yaşayır. Kollegiya qeyd edir ki, “ 5 il daimi qeydiyyat” tələbinin şəhid ailəsi olan iddiaçıya tətbiq edilməsi məqsədəuyğun deyil. Belə ki, şəhid ailələri dövlət tərəfindən xüsusi müdafiə olunan sosial kateqoriyaya daxildir ki, onların mənzil təminatı məsələsində əlavə güzəştlərə ehtiyacı vardır. Şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir və bu zaman formallıqdan çox real ehtiyaclar əsas götürülməlidir. Bir sözlə, iddiaçının uzun müddət faktiki olaraq Bakı şəhərində yaşaması və başqa yaşayış sahəsinin olmaması onun mənzilə ehtiyacını sübut edir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda sırf qeydiyyat müddətinə görə müraciətin təmin edilməsindən imtina edilməsi sosial ədalət və bərabərlik prinsiplərinə ziddir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10266/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10266/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1455/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1455/2025
10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver