Məhkəmə qərarları › İş №2-1(103)-1456/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1456/2019

14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1456/2019 14.08.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestridən çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-721/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 721/2019 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 204 F/T nömrəli bağ sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur (hakim R.Kərimli). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın xx xxxxxxxx 1991-ci il tarixli 13/585 saylı qərarına əsasən 218 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində 204F/T nömrəli 0,12 ha ölçüdə torpaq sahəsi ona ayrılmışdır. O, sözügedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi xx xxxx 2017-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina etmişdir. Həmin məktubla bildirilmişdir ki, iki bağ bir hasar daxilindədir və sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 26-cı, 29-cu, 60-cı, 71-ci maddələrinə, Azərbaycan Respbliasının Mülki Məcəlləsinin 152.1-ci ,154.1-ci, 157.1-ci və 157.8-ci maddələrinə, İPM-in 2-ci, 14-cü, 16.1-ci, 33-cü, 38.2-ci, 45-46-cı, 68.2-ci və 70.1-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən ümumi sahəsi 0,12 hektar olan 204F/T saylı bağ sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və nümayəndənin izahatı: Cavabdehin nümayəndəsi İ.Xanməmmədli apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı müvafiq bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Bundan başqa iki bağ sahəsi bir hasar daxilində yerləşir. Lakin müvafiq bağ sahələrinin ayrılmasına dair notarial qaydada təsdiq olunmuş bölgü-sxemi təqdim edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2, 7.1, 8, 9, 11.1, 12.1-ci maddələrinə əsaslanaraq nümayəndə apellyasiya şikayətini təmin edilməsini, qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi məhkəmə qeyd etmişdidir ki, Bakı Şəhər XDS İK-nın xx xxxxxxxx 1991-ci il tarixli 13/585 saylı qərarına 218 saylı BTK nəzdində Pirşağı bağlar sahəsində 0,12 hektar 204 F/T nömrəli 0,12 hektar ölçüdə bağ sahəsi İddiaçı ayrılmışdır və bu barədə order cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Həmin sənədin (məlumatların) həqiqətə uyğun olmadığı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sübuta yetirilmədiyindən, order mübahisələndirilmədiyindən, ləğv olunmadığından, etibarsız sayılmadığından, həmin sənəd sübut kimi mötəbər qiymətləndirilməlidir. Həmin order isə, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha ölçüdə 204 F/T nömrəli bağ sahəsinin qanuni istifadəçisi olduğunu sübut edir və o (İddiaçı), «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 25-ci maddələrinin tələblərinə əsasən həmin bağ sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtina ilə bağlı gətirdiyi dəlilə gəldikdə isə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iki bağ sahəsinin bir hasar daxilində olması hüquqların qeydiyyatından imtina üçün əsas deyil. Bağ sahəsinin bağların sxematik xəritəsində aşkar olunmaması bir tərəfdən iddiaçının iradəsindən asılı olan hal deyil, digər tərəfdən də sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir. Birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivindəki 204F/T saylı bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı üçün qanunvericiliklə nəzərdə tutulmuş əsas mövcud olduğundan, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşmır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********69 saylı məhkəməyə ünvanlındığı məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 204F/Q nömrəli bağa dair sxematik xəritənin arxiv qovluğunda aşkar edilmədiyi barədə bildirmişdir. Həmin məktuba əlavə olunan arxiv qovluğunda mövcud olan 218 nömrəli BTK-nin üzvlərinin siyahısında İddiaçı adı olmadığı müəyyən olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə kolleqiyası hesab edir ki, inzibati orqan dövlət qeydiyyatı barədə müraciət olunan hüququn adıçəkilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmadığı əsası ilə hüquqların qeydiyyatından imtina edərək haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 721/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 721/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar