Məhkəmə qərarları › İş №2-1(103)-1456/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1456/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1456/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə. İddiaçı və onun vəkili Vəkil (Bakı şəhəri 4 saylı Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1957-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, ünvan 1 mən. 167 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1302/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyy ən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti X4 ekspedisiya bölməsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1980-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində vəzifəsi bölmə rəisi vəzifəsi olmuşdur. Xidmət müddəti 38 il 08 ay 10 gün təşkil edir. İmtiyazlı hesabla isə 44 il 08 ay 28 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx xxxxxx 2016-cı il tarixli Fərmanının 10-cu bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi və onun səlahiyyətlərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 12.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Həmin Fərmanın 12.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx xxxxxx 2016-cı il tarixli Fərmanının 12.3 və 12.4-cü bəndlərinin Nazirlər Kabineti tərəfindən 2 ay müddətində icrasının təmin edilməsinədək, yəni xx xxxxxx 2017-ci il tarixdə xidmət illərinə görə ona əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyasının təyin edilməsindən sonra göstərilən Fərmanın icrası təmin edilərək Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələr Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Dövlət Feldyeger Xidmətində ona əmək pensiyası təyin edilərək tutmuş olduğu vəzifə hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində bölmə rəisi ilə eyni vəzifədir. Lakin, əmək haqqında kifayət qədər fərq vardır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 3771 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.14cü maddəsinə əsasən, bu qanunun 20.1.11 -ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, xx xxxxxx 2017-ci ilə tarixdə xidmətdən tərxis olunaraq ona əmək pensiyasının təyin edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx xxxxxx 2016-cı il tarixli Fərmanının 12.3 və 12.4-cü bəndlərinin icrası qaydasında Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktlarının bu Fərmana uyğunlaşdırılması nəticəsində onun xidmətdə olduğu zaman tutmuş olduğu vəzifəyə uyğun ödənilən vəzifə maaşı xeyli dərəcədə artırılmışdır. Həmçinin göstərdiyi kimi, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 3771 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1- dən orta hesabla 10 faiz artırılması qərara alınmışdır. Odur ki, ona xidmətdən tərxis olunduğu zaman təyin edilmiş əmək pensiyası hazırda Dövlət Mühafizə Xidmətində bölmə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun hesablanmalıdır. Lakin, ona təyin edilmiş əmək pensiyasının Dövlət Mühafizə Xidmətində bölmə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun hesablanması həyata keçirilməmişdir. Göstərilənlərə və “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 26-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx xxxxxx 2016-cı il tarixli Fərmanının 10, 12-ci bəndlərinə və Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 3771 saylı Sərəncamının 1-ci bəndinə əsaslanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsinə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində bölmə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanmasını və ödənilməsini xahiş etmiş, lakin nəticəsi olmamışdır. Bu səbəbdən də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1302/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətinin X4 ekspedisiya bölməsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsinə həvalə olunmuşdur. Qərardan narazı qalan cavabdeh xx.xx.2019-cu il tarixində apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1302/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.5, 9.5, 9.6, 22.4-cü maddələrinə istinad olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sədri İ.Nağıyev tərəfindən qəbul edilmiş xx.xx.2019cu il tarixli qərardada əsasən iddiaçının məhkəmə tərkibinə edilmiş etirazının təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1550/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər V.Məmmədov, S.Seyidova, İ.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1302/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş,iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. İddiaçının kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-119/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov, S.Hüseynova, B.Məmmədli) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(103)-1550/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) sonuncu məhkəmə iclasına gəlməmiş, AR İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1302/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iş üzrə Ali Məhkəmənini hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “hər iki tərəfin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının uyğunlaşdırılması haqqında” 170-7 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən aydın olur ki, apellyasiya instansiyası məhkəməsinin araşdırılan qərarı qəbul edildiyi zaman cavabdeh İdarənin imtinası üçün gətirdiyi əsas, yəni adı çəkilən qərarın olmaması, artıq öz əhəmiyyətini itirmişdir. Belə ki, həmin qərar apellyasiya instansiyası məhkəməsinin qərarından xeyli əvvəl Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Qərarın 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına bu Qərarın Əlavəsinə müvafiq olaraq uyğunlaşdırılması nəzərdə tutulmuşdur. X8 Dövlət Feldyeger Xidmətinin şöbə rəisi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin şöbə rəisi vəzifəsinə və onun vəzifə maaşı uyğunlaşdırılan vəzifə maaşına 29,0 % nisbətində uyğunlaşdırılmışdır. Eyni zamanda Qərarın 2-ci bəndi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Qərarın 1-ci hissəsində göstərilən şəxslərin pensiyalarının 2018-ci il martın 1-dən hesablayaraq ödənilməsi tapşırılmışdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən vəzifə borcu bunu tələb etsə də, zəruri araşdırmalar aparmamış və yanlış qərar qəbul etmişdir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx xxx 1980-ci il tarixdən, xx xxxxxx 2017-ci il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmişdir. İş materiallarında olan iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti tərəfindən xx xxxxxx 2017-ci il tarixdə iddiaçı barəsində məlumat vərəqəsi tərtib edilmiş, məlumat vərəqəsinə əsasən iddiaçı polkovnik-leytenant hərbi rütbəsi ilə bölmə rəisi olaraq, öz təşəbbüsü və pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə pensiyaya çıxmış, iddiaçının təqvim illəri üzrə iş stajı 38 il 8 ay 10 gün, güzəştli xidmət illəri isə 44 il 8 ay 28 gün, ümumi təminat xərcliyi 869,80 manat təşkil etmişdir. İddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, xx xxxxxx 2016-cı il tarixli Fərmanının 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi və onun səlahiyyətlərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçı əmək pensiyasının təyin edilməsindən sonra göstərilən Fərmanın icrası təmin edilərək Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələr Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Dövlət Feldyeger Xidmətində İddiaçı əmək pensiyası təyin edilərkən tutmuş olduğu vəzifə hazırda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində bölmə rəisi ilə eyni vəzifədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5–ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5–ci maddəsinə əsasən bu Qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Eyni Qanunun 20.1.11-ci maddəsinə əsasən bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə— 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin-3 faizi miqdarında əlavə olunmaqla təyin edilir. Həmin Qanunun 20.14.2-ci maddəsinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla təyin edilir. Həmin Qanunun 20.14.3-cü maddəsinə əsasən hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla təyin edilir. Həmin Qanunun 20.14.4-cü maddəsinə əsasən hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanın ikinci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırlıması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 170-7 nömrəli, xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının uyğunlaşdırılması haqqında” qərarının surətinə əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına bu Qərarın əlavəsinə müvafiq olaraq uyğunlaşdırılması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərin pensiyalarını 2018-ci il martın 1-dən hesablayaraq təmin etməsi qərara alınmışdır. Qərara Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması barədə cədvəl də əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən qərar işin kassasiya instansiya icraatı materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamış, mövqeyi etirazla bildirilmiş və əsaslandırılmamış, iddiaçının pensiyasının XDMX-nin X4 ekspedisiya bölməsinin rəisi vəzifəsinə uyğun hesablanmasını konkret halda istisna edən faktiki şərtlər göstərilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1.). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdrılmasından və nərəzə alınmasından imtina edə bilməz (24.2.). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4.). Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1302/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 68, 69, 87, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1302/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar